Məhkəmə qərarları › İş №1(037)-43/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-43/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-43/2023 22.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 22 iyun 2023-cü il tarixdə saat 16:15-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 18 avqust 1986-cı ildə İsmayıllı rayonunun Talıstan kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, ailəli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, оrtа təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 04 mart 2023cü il tarixdən 05 mart 2023-ci il tarixə keçən gecə, saat 01 radələrinədə İsmayıllı şəhəri, M.Əsədov küçəsi 51 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab olunan fərdi yaşayış evinə plastik pəncərəni fiziki qüvvə tətbiq edərək sıxıb açmaq yolu ilə qanunsuz daxil olmuş və evin yataq otağında yerləşən paltar dolabının alt rəfində olan çəhrayı rəngli əl çantasından 451 (dörd yüz əlli bir) manat nağd pulu, sonra isə qonaq otağına keçərək həmin otaqda yerləşən kamotun üzərində açıq vəziyyətdə qoyulmuş, dəyəri 110 manat təşkil edən 1 ədəd gümüş boyunbağını, dəyəri 20 manat təşkil edən 1 ədəd elektron qol saatını, dəyəri təxminən 500 (beş yüz) manat təşkil edən üzərində çoxsaylı ağ qaşları olmuş 583 əyarlı 1 ədəd qızıl üzüyü və dəyəri təxminən 250 (iki yüz əlli) manat təşkil edən “Versacee” nişanlı, qaşsız, 585 əyarlı 1 cüt qızıl sırğadan ibarət qızıl-zinət əşyalarını götürərək aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə təxminən 1331 (bir min üç yüz otuz bir) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə İsmayıllı rayon Talıstan kəndində yaşayır. İsmayıllı şəhəri M.Əsədov küçəsi ev 51 ünvanında yaşayan Zərərçəkmiş şəxs tanımamışdır. Onun istifadəsində “Toyota Prius” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, əvvəllər Bakı şəhəri daxilində taksi kimi fəaliyyət göstərmişdir. Sonradan işi olmadığndan İsmayıllı rayonuna qayıtmışdır. 04 mart 2023-cü tarixdə saat 23 radələrində istifadəsində olan avtomobillə rayon daxilində gəzintiyə çıxmışdır. Gecə olduğundan yolda heç kim olmamış, bir müddət avtomobillə gəzdikdən sonra Şamaxı- İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı şəhəri ərzisindən keçən hissəsində hərəkət etməyə başlamışdır. Sonra həmin yoldan sağ tərəf, yəni üzü yuxarı istiqamətdə dönərək yoluna davam etmişdir. Bir qədər sonra yol kənarında olan evlərdən birinin işıqlarının sönülü halda olduğunu görüb evdə heç kimin olmadığını düşünmüşdür. Onun maddi imkanı aşağı olduğundan və şəxsi tələbatları üçün pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə avtomobili evdən bir qədər aralıda saxlayıb yerə düşmüş, ilk öncə ətrafda bir qədər dayanaraq evdə kiminsə olmayacağına və onu kiminsə görüb-görməyəcəyinə əmin olmaq istəmişdir. Bir neçə dəqiqə ətrafda gəzişdikdən sonra evdə heç kəsin olmadığına tam əmin olub, həyətin giriş qapısının üzərində qıfıl olmasını görüb və bağlı olmasını başa düşmüş, buna görə də qapıya yaxınlaşmamış, həyətin ətrafını əhatə edən mişar daşından ibarət olan hasardan dırmanıb tullanmaqla həyətə daxil olmuşdur. Daha sonra evə tərəf yaxınlaşmış, evin giriş qapısını yoxlamış, bağlı olduğunu gördükdən sonra evin ön tərəfində olan plastik materialdan pəncərələri yoxlamış, həmin zaman pəncərələrdən birinin açıq vəziyyətdə olmasını görüb, əli ilə bir qədər fiziki güc tətbiq edərək pəncərəni açmış və içəri keçərək evin salon hissəsinə daxil olmuşdur. Oradan qonaq otağına keçərək otaqda olan komot-dolabın üstündə açıq vəziyyətdə qoyulmuş 01 ədəd qara qulplu elektron qol saatı, 01 cüt qızılı rəngli sırğa və 01 ədəd gümüşü rəngli boyunbağı görərək həmin əşyaları daha sonra satıb pul əldə etmək məqsədilə götürüb cibinə qoymuşdur. Daha sonra evin digər otaqlarına baxmış, lakin başqa hər hansı qiymətli əşya, vasitə, həmçinin pul tapmamışdır. Götürdüyü əşyalarla kifayətlənib gəldiyi yolla geri qayıdaraq evdən çıxmış, bir qədər kənarda saxladığı avtomobilinə əyləşərək evinə getmişdir. Oğurluq etməyi ilə bağlı heç kəsə bildirməmişdir. Ertəsi günü işləri olduğu üçün oğurladığı əşyaları satmağa imkanı olmamış və həmin əşyaları əynində olan qış gödəkcəsinin cibində saxlamışdır. 11 mart 2023-cü il tarixdə saat 17 radələrində İsmayıllı rayonu Təzəkənd kəndinin ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və bir oğurluq hadisəsi ilə bağlı sorğu-sual edilməyindən ötrü onu İsmayıllı rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən onunla sorğu sual olunmuş və ona Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edilməsində şübhəli olduğu bildirilmişdir. Bundan sonra o, polislərin onun oğurluq etdiyini bildiklərini düşünərək törətdiyi hadisəni etiraf etmiş, oğurluq hadisəsi törətdiyini, yəni qeyd edilən evdən oğurluq etdiyini bildirmiş və oğurladığı əşyaların üzərində olduğunu qeyd edərək həmin əşyaları araşdırmaya təqdim etmişdir. O, etdiyi əməlindən peşman olmuş və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. O, Zərərçəkmiş şəxs məxsus evdən 01 cüt qızıl sırğa, 01 ədəd elektron qol saatı və 01 ədəd gümüşü rəngli boyunbağı oğurlamışdır. Məqsədi həmin əşyaları satıb pul əldə etmək və həmin pulu da maddi ehtiyaclarına sərf etmək olmuşdur. O, həmin evdən oğurluğu tək etmiş, ona heç kim köməklik etməmiş və yanında kimsə olmamış, həmçinin ondan kimsə şübhələnməmişdir. Həmin qızıl-zinət əşyası bir cüt dəyərini və çəkisini bilmədiyi qaşsız, halqaşəkilli, iki parçalı hər halqanın üzərində “Versace” firmasına aid nişan olmuş qızılı rəngli sırğa, 01 ədəd dəyərini bilmədiyi qızılı çərçivəsi rəngli, qulpları qara rezin materiallı elektron qol saatı və 01 ədəd dəyərini və çəkisini bilmədiyi gümüşü rəngli boyunbağı olmuşdur. Hadisə zamanı da hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Lakin o, həmin evdən 451 manat pul və digər 01 ədəd qızıl üzükdən ibarət qızıl-zinyət əşyasını oğurlamamışdır. O, bundan başqa heç bir yerdən oğurluq etməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ümumi 1331 manat maddi ziyandan cəmi 270 manatının ödənilmiş, qalan hissə isə maddi imkanı olmadığından, habelə hazırda həbsdə olduğundan tam olaraq ödəyə bilməmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri M.Əsədov küçəsi ev 51 ünvanında yaşayır, rəsmi olaraq işləmir. X10 birlikdə hər həftə sonu İsmayıllı rayonu Gəndov kəndinə, Samirin valideynlərinə baş çəkməyə gedir. 04 mart 2022-ci il tarixdə saat 10 radələrində həmişə olduğu kimi ailəliklə İsmayıllı rayonu Gəndov kəndinə getmişlər. Getdikləri zaman özü ilə qızıl-zinyət əşyalarını və ya nağd pulunu götürməmişdir. O, nağd pulunu yataq otağındakı dolabda ona məxsus əl çantasının içərisində, qızıl-zinyət əşyalarını isə adətən qonaq otağında yerləşən komotun üzərində saxlayır. Gecəni İsmayıllı rayonu Gəndov kəndində keçirmişlər. Növbəti gün, yəni 05 mart 2023-cü il tarixdə saat 08 radələrində yaşadıqları İsmayıllı şəhəri M.Əsədov küçəsi ev 51 ünvanında yerləşən evlərinə qayıtmışlar. Həyətin giriş qapısını açıb içəri daxil olduqları zaman evin plastik materialdan olan iki ədəd pəncərəsinin yarı açıq halda olmasını görmüşlər. Evdə oğurluq olmasını anladıqdan sonra Samir bu barədə DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmişdir. Bundan sonra Samirlə birlikdə evə baxmağa başlamışlar. Bu zaman yataq otağında olan dolaba qoyduğu çəhrayı rəngli əl çantasının içərisində saxladığı 04 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlıq, 01 ədəd 1 manatlıq əskinazlardan ibarət ümumilikdə 451 manat pulunun yerində olmadığını görmüşdür. Daha sonra evin digər yerlərinə baxdığı zaman isə qonaq otağında televizor qoymaq üçün nəzərdə tutulan komotun üzərində açıq halda 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğanın yerində olmadığını görmüş, həmin 01 cüt qızıl sırğa “Versacee” markalı, qaşsız, 585 əyarlı qızıl olmaqla təxminən dəyəri 250 manat, 01 ədəd qızıl üzük üzəri çoxsaylı ağ qaşdan ibarət 583 əyarlı qızıl olmaqla təxminən dəyəri 500 manat olmuşdur. Daha sonra polis əməkdaşları gələrək araşdırma aparmışlar. O, evindən baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə verərək müraciət etmişdir. Polis şöbəsində aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evinə daxil olaraq oğurluq edən şəxs İsmayıllı rayon Talıstan kənd sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Belə ki, Təqsirləndirilən şəxs gecə vaxtı yaşadığı ünvana gələrək, kimsənin olmadığı vaxtı evinə qanunsuz daxil olaraq həmin oğurluq hadisəsini törətmiş, evindən əlavə olaraq 01 ədəd gümüşü boyunbağını və 01 ədəd elektron qol saatını da oğurlamışdır. Bundan sonra evə ətraflı baxaraq 01 ədəd gümüşü boyunbağının və 01 ədəd elektron qol saatın da həmin televizor olan komotun üzərində olmadığını aşkar etmişdir. Həmin gümüşü boyunbağlı gümüş materialdan və dəyəri təxminən 110 manat olan çərçivəsi qızılı rəngli, qulpları qara remendən elektron qol saatının dəyəri isə təxminən 20 manat olmuşdur. Həmin oğurluq hadisəsi 04 mart 2023-cü il tarixdə saat təxminən 10 radələrindən 05 mart 2023-cü il tarixdə saat 08 radələrinədək olan müddət ərzində baş vermişdir. Evindən oğurlanmış əşyalar - təxminən dəyəri 250 manat olan, 01 cüt “Versacee” markalı, qaşsız, 585 əyarlı qızıl sırğa, 01 ədəd təxminən dəyəri 500 manat olan üzəri çoxsaylı ağ qaşdan ibarət 583 əyarlı qızıl üzük, 01 ədəd dəyəri təxminən 110 manat olan gümüşü rəngli, gümüşü boyunbağlı və dəyəri təxminən 20 manat olan çərçivəsi qızılı rəngli, qulbları qara remenli elektron qol saatı olmuş, baş vermiş oğurluq hadisəsi zamanı qızıllara görə 750 manat, həmçinin yataq otağımda olan dolaba qoyduğu çəhrayı rəngli əl çantasının içərisində saxladığı 451 manat nağd pulunun, dəyəri 110 manat olan 01 ədəd gümüşü boyunbağının və dəyəri 20 manat 01 ədəd elektron qol saatın oğurlanması nəticəsində ona ümumilikdə 1331 manat maddi ziyan vurulmuşdur. O, kompleks məhkəmə-fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 aprel 2023-cü il tarixli 6/1759-9/2142 nömrəli rəyi ilə tanış olmuş və həmin rəylə razı olmamışdır. Belə ki, ekspertiza rəyində ona məxsus əmlakın dəyəri daha aşağı qiymətlərlə qeyd olunmuş, lakin ona dəymiş ziyan isə ümumilikdə 1331 manat təşkil etmişdir. Ona vurulmuş ümumi 1331 manat maddi ziyandan cəmi 270 manatının ödənilmiş, qalan hissə ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuni cəzasının verilməsini xahiş edir. Şahid X4 ifadə verərək zərərçəkmiş şəxs olan arvadı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi üzrə Şahid məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə baxışı iclasına gələ bilmədiyini və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında Şahid ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayır, hazırda “ANC Group MMC”-də satıcı işləyir. İstifadəsində “Toyota Prius (Hibrid)” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Belə ki, o, hazırkı vəzifəsində işləməzdən əvvəl həmin nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə Bakı şəhər sakini X2 baş etibarnamə əsasında pulunu tam ödəməklə almış, lakin həmin avtomobili adına rəsmi qeydiyyata keçirməmişdir. Heç bir yerdə işləmədiyi üçün nəqliyyat vasitəsini “Uber” şirkətində qeydiyyatdan keçirərək taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs söhbət zamanı ona sürücülük hüququnun olduğunu, taksi sürücüsü kimi fəaliyyət göstərmək istədiyini, lakin avtomobilinin olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs özündə “Toyota Prius (Hibrid)” markalı nəqliyyat vasitəsinin olduğunu, etibarnamə əsasında ona verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən o, nəqliyyat vasitəsini günlük 25 manat müqabilində Təqsirləndirilən şəxs icarəyə vermişdir. Onlar razılaşdıqdan sonra o, nəqliyyat vastiəsini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə gündəlik olaraq ona 25 manat pul vermişdir. 2023-cü ilin mart ayının təxminən 11-də Təqsirləndirilən şəxs valideyni ona zəng edərək Təqsirləndirilən şəxs İsmayıllı rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını, günlük icarə haqqı hesablanmasın deyə nəqliyyat vasitəsini götürüb apara biləcəyini bildirmişdir. Bundan sonra o, maraqlanmış və Təqsirləndirilən şəxs İsmayıllı rayonu ərazisində oğurluq etdiyini və bu səbəblə polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. O, Təqsirləndirilən şəxs haradan və hansı üsulla oğurluq etməsindən məlumatsızdır. O, “Uber” şirkəti ilə müqavilə bağlayaraq, həmin şirkət üçün taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün isə “Uber” şirkətinin rəsmi icazəsi vardır. O, “Toyota Prius (Hibrid)” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini taksilik fəaliyyəti ilə məşğul olması üçün Təqsirləndirilən şəxs icarəyə verərkən onunla icarə müqaviləsi bağlamamışdır. O, nəqliyyat vasitəsini ona aralarında olan şifahi razılaşma əsasında vermişdir. Təqsirləndirilən şəxs aldığı icarə pulu ilə isə “Uber” şirkətinə olan icarə haqqını ödəmişdir. Təqsirləndirilən şəxs ona İsmayıllı şəhəri ərazisində oğurluq etməsi barədə heç bir məlumat verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs valideyni ona zəng edərək Təqsirləndirilən şəxs İsmayıllı rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. O özü maraqlandığı zaman isə Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində oğurluq hadisəsi törətdiyini və bu səbəblə polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində başqa haradan və ya hansı cinayət hadisəsi törətməsindən heç bir məlumatı yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 mart 2023-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, hadisənin baş verdiyi yer İsmayıllı şəhəri, M.Əsədov küçəsi, 51 saylı ünvanda yerləşən evdir. Həmin yaşayış evi İsmayıllı şəhəri M.Əsədov küçəsində, asfalt yolun kənarında yerləşir. Həyətyanı sahənin giriş hissədən dəmir materialdan boz rəngli iki laylı qapısı vardır və ətrafı mişar daşından ibarət hasarla hasarlanmışdır. Giriş qapısı çöl hissədən asma qıfıl ilə bağlanır. Qapı açıldıqda isə bilavasitə həyətyanı sahə yerləşmişdir. Həyətyanı sahədə isə birmərtəbəli, kürsülü fərdi yaşayış evi vardır. Evin divarları suvaqla əhatə olunmuş, dam hissəsi isə dəmir şiferlə örtülmüşdür. Evin ön hissəsində sağ və sol tərəflərdə cəmi iki ədəd plastik materialdan olan pəncərə və orta hissədə isə qəhvəyi rəngli bir laylı dəmir materialdan giriş qapısı yerləşmişdir. Evin yerləşdiyi sahə açıqlıqdan ibarətdir, ətrafda xırda ağacları və əkin yerinin olması müşahidə olunur. Baxış zamanı həmin evə, evin ön hissəsində, üzü giriş qapısı ilə dayandıqda solda yerləşmiş plastik pəncərənin sıxıb açılması yolu ilə evə daxil olunması və həmin oğurluq hadisəsinin başverməsi, həmin hadisə zamanı evin yataq otağında yerləşən paltar dolabının alt rəfində olan çəhrayı rəngli əl çantasından 451 (dörd yüz əlli bir) manat nağd pulun, qonaq otağına yerləşən kamotun üzərində açıq vəziyyətdə qoyulmuş, bir ədəd qızıl üzüyün, bir cüt qızıl sırğanın, bir ədəd gümüş boyunbağının və bir ədəd elektron qol saatının oğurlanması müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilən zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində bir ədəd uzunqol, qara rəngli qış gödəkcəsi, qış gödəkcəsinin altından bir ədəd qara rəngli uzunqol yun köynək, bir ədəd göy rəngli cins şalvar və bir cüt qara rəngli, üzərində bağları olan idman ayaqqabısı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya vasitə, eləcədə hər hansı bir qiymətli əşya və ya vasitə vardırsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd qol saatı və sol yan cibindən isə 01 cüt sırğa çıxardaraq təqdim etdi. Həmin qol saata baxış keçirən zaman məlum oldu ki, həmin saatın çərçivə hissəsi qızılı rəngli, alt hissəsi gümüşü rəngli, qulpları qara rəngli olmaqla rezin materiallı, qulpların bir-birinə bağlanan hissəsi gümüşü rəngli, saatın üzəri, yəni ekran hissəsi şüşə olmaqla elektron olması, alt qapağı üzərində “STAİNLESS STEEL BACK, Made in China, JSS:2990G” yazıları yazılması və işlək halda olması, həmçinin 01 cüt sırğaya baxış keçirən zaman sırğanın qızılı rəngli, iki parçadan ibarət, üzərində “versace” firmasına aid nişan olan əşya olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən üzərində qanunla qadağan olunmuş əşya və ya vasitə, eləcədə hər hansı bir qiymətli əşya və ya vasitə vardırsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs isə üzərində başqa qanunla qadağan edilmiş əşya və ya vasitə, eləcədə hər hansı bir qiymətli əşya və ya vasitə olmadığını bildirdi. Buna baxmayaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qiymətli əşya və ya vasitə, həmçinin başqa heç bir qanunla qadaşan edilmiş əşya və ya vasitə aşkar edilmədi. Baxışda iştirak edən İsmayıllı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X5 tərəfindən şəxsi axtarış prosesi videokamera vasitəsilə videogörüntüyə aldı. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə vidoçəkiliş aparılmaqla protokol tərtib edilmişdir. “Avtomobilinə baxış keçirilməsi haqqında” 12 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Pirus markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus olan avtomobil Yaponiya istehsallı, 2006-ci il buraxılışlı, Toyota Pirus markalıdır, üzərində **-DF-*** dövlət qeydiyyat nişanlı vardır, avtomobil boz metalikağ rənglidir, rəngi solğundur, avtomobilin arxa sağ tərəf puferində və arxa sağ stopu üzərində zədələr vardır, avtomobilin digər hissələrində zədələr müşahidə edilmir, həmçinin avtomobil istifadəyə yararlıdır, lakin enerji qidalandırıcısında nasazlıq olduğundan avtomobili çalışdırmaq və hərəkətə gətirmək üçün enercisi olmamışdır, avtomobil bir qədər köhnəlmiş vəziyyətdə olmasına baxmayaraq istifadəyə yararlı və saz vəziyyətdədir, avtomobilin üzərində xüsusi əlaməti olaraq üzərində üzərində “UBER” yazısı olması müşahidə olundu. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan olunmuş əşya və ya vasitə, eləcədə hər hansı bir qiymətli əşya və ya vasitə vardırsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs avtomobildə oğurluq hadisəsi zamanı istifadə etdiyi bir cüt əlcək olmasını, başqa qanunla qadağan edilmiş əşya və ya vasitə, eləcədə hər hansı bir qiymətli əşya və ya vasitə olmadığını bildirdi. Buna baxmayaraq avtomobilə baxış keçirildi. Baxış zamanı avtomobilin qapılarını açdıqda salon hissəsində oturacaqların və digər hissələrinin yerində olması, baxış zamanı avtomobilin ön tərəf oturacaqlar arasında olan qolaltı cib hissəsindən 01 ədəd Samsung markalı və 01 ədəd Katel markalı mobil telefonlar aşkar edildi. Həmin Samsung markalı mobil telefon üst hissəsi qara sensr ekranlı, üzərində üst tərəfdə samsung sözü yazılmış, aşağı tərəfində orta hissəsində bir ədəd knopka olan və arxa hissəsi telefon çərçivə hissəsindən, batareya yerindən, yuxarı hissəsində bir ədəd kamera və bir ədəd işıq sensri, ondan aşağıda Samsung yazısı və ondan aşağı hissədə isə DUOS sözü yazılmış mobil telefondan ibarətdir, Katel markalı mobil telefon isə üst hissəsi ekran və knopka rəqəmlərdən, üzərində Katel sözü yaılmış, arxa hissəsi isə telefon çərçivə hissəsindən, batareya yerindən ibarət mobil telefondur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin mobil telefonların ona aid olmasını bildirdi. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən götürüldü. Həmçinin həmin cib hissədən digər əşyalar da aşkar edilsə də, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən götürülmədi. Bundan sonra avtomobilin arxa salon hissəsinə baxış keçirildi, salon hissədən bir ədəd şəkilli sellofan torba aşkar edildi. Həmin sellofan torbaya baxış keçirilərkən içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin torbada 01 cüt əlcək, 01 ədəd vintaçan aləti və 01 ədəd vakum aləti olmasını, həmin vakum, vintaçan və əlcəyi inşaat işlərində istifadə etmək üçün aldığını, lakin həmin bir əlcəkdən törətdiyi oğurluq hadisəsi zamanı istifadə etdiyini bildirdi. Baxış zamanı həmin torbada 01 cüt inşaatda istifadə edilən narıncı rəngli əlcək, 01 ədəd qulp hissəsi qara və ağızlıq hissəsi metal olan vintaçan formalı (mismar çıxardan ağızlığı olan alət) alət və 01 ədəd sarı rəngli, sarı tutacaq qulpu olan, üst hissəsi qara rəngli rezindən vakum aləti olması müşahidə edildi. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən götürüldü. Bundan başqa avtomobilin arxa yük yerinə də baxış keçirildi, baxış zamanı yük yerindən bir ədəd iri qara rəngli çanta (çemodan) və 01 ədəd ağ rəngli bel çantası aşkar edildi. Həmin bel çantasına baxış keçirən zaman içərisində avtomobilə aid təkər açan, avtomobili qaldırıcı alətlər və təkər qaraldan əşyalar olması, iri çantaya baxış keçirilən zaman içərisində Təqsirləndirilən şəxs məxsus paltarlar, geyim və məişət əşyalarının olması müşahidə olundu. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən götürülmədi və avtomobildə yerinə yerləşdirildi. Bundan başqa baxış zamanı avtomobildən qadağan edilmiş başqa hər hansı bir əşya və yaxud vasitə aşkar edilmədi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi ilə bağlı heç bir etirazının və vəsatətinin olmadığını bildirdi. Baxış zamanı 01 ədəd samsung markalı və 01 ədəd kalet markalı mobil telefonlar, 01 cüt əlcək, 01 ədəd vintaçan və 01 ədəd vakum aləti iş üçün əhəmiyyət kəsb etdiyindən, 02 ədəd mobil telefonlar 01 ədəd zərfdə və 01 cüt əlcək, 01 ədəd vintaçan və 01 ədəd vakum aləti 01 ədəd seloffan torbada qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən İsmayıllı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X5 tərəfindən baxış prosesini videokamera vasitəsilə videogörüntüyə alındı. Baxış zamanı zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla portokol tərtib olundu, videoçəkiliş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 12 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini haradan, hansı üsulla və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. Üzləşdirmədə dindirmə istintaqı hərəkətinin aparılması haqqında 12 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs həmin oğurluq hadisəsi zamanı Təqsirləndirilən şəxs ona məxsus evdən 451 manat pulu, 01 ədəd üzük və 01 cüt sırğadan ibarət qızıl-zinət əşyaları, 01 ədəd gümüşü boyunbağı və 01 ədəd elektron qol saatından ibarət əşyaları oğurlamasını sonuncunun üzünə qarşı söyləmişdir. Məhkəmə kompleks məhkəmə-fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 aprel 2023-cü il tarixli 6/1759-9/2142 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş -1 ədəd sarı rəngli metaldan, halqa formalı sırğa cütü - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1.85 qramdır; -1 ədəd sarı-gümüşü rəngli metal korpusu, qara rəngli sverpladı və qara rəngli rezin materialdan qolbağı olan elektron qol saatı – metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 48.78 qramdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim edilən məlumatların 2023-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimin müəyyən edilir: 1. 1 cüt 585 əyarlı, çəkisi 1.85 qram olan, halqa formalı sırqa - 157.25 (1.85 qram x 85 man) manat; 2. 1 ədəd sarı-gümüşü rəngli metal korpusu, qara rəngli sverpladı və qara rəngli rezin materialdan qolbağı olan, elektron metalı dəmir əsaslı ərintidən hazırlanmış qol saatı – 10.0 manat müəyyən edilmişdir. Tədqiqata təqdim edilməyən 01 ədəd 15 qram çəkidə gümüş boyunbağının 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 75.0 manat müəyyən edilir. Digər 01 ədəd üzərində çoxsaylı sadə xırda ağ qaşları olan 583 əyarlı, təxminən 6 qram çəkidə qızıl üzüyün üzərindəki qaşların istehsal yeri, keyfiyyəti, ölçüsü, mənşəyi, növü və s. haqqında məlumat olmadığından həmin qızıl-zinət əşyası ərinti kimi 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 390.0 (6 qram x 65 man) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə- kompyuter-texniki ekspertizasının 13 aprel 2023-cü il tarixli 5/418 nömrəli rəyindən görünür ki, təqdim edilmiş "KGTEL markali arxa malumat lövhəsinə görə "KG2160" modelli proqram təminatına görə "**********33810, **********33828" imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş sensor ekran və "Android 5.1.1" əməliyyat sistemi ilə təhciz edilmiş "Samsung Galaxy J3" markalı "SM-J320H modelli "**********20561, **********20568 imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. 2.Təqdim edilmiş "KGTEL" markalı arxa məlumat lövhəsinə görə "KG2160"modelli mobil telefonun proqram təminatında olan "imei" kodla arxa tərəfində məlumat lövhəsinə olan "imer" kod fərqlidir. 3.Rəyin "Tədqiqi hissəsi'nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "KGTEL" markalı arxa məlumat löhvəsinə görə "KG2160 modelli mobil telefonun yaddaşında olan məlumatlar üzrə tədqiqat işinin aparılması mümkün olmadı. 4.Təqdim edilmiş "KGTEL" markalı arxa melumat löhvəsinə görə "KG2160" modelli mobil telefonun yaddaşında hər hansı bir məlumatın olmasını müəyyən etmək üçün tədqiq olunan mobil cihazın əsas menyusunun müvafiq bölmələrinə baxış keçirildi. Beləliklə, tədqiq olunan "KGTEL" markalı arxa melumat lövhəsinə görə "KG2160" modelli mobil telefonun əsas menyusunun "Soobheniə (SMS mesajlar)/Vxodəhie (Gələnlər Qutusu)" bölməsində 32 (otuz iki) ədəd, "Soobheniə (SMS mesajlar)/Çernoviki (Qaralama)" bölməsində 01 (bir) ədəd "SMS" mesaj, Jurnal vızovov/Propuşennıe" bölməsində 11 (on bir) ədəd, Jurnal vızovov/İsxodəşie bölməsində 20 (iyirmi) ədəd, "Jypnan vızovov/Vjodəşie" bölməsində 15 (on beş) ədəd zəng qeydləri müəyyən olundu, lakin rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. 5.Təqdim edilmiş "KGTEL" markalı arxa m’lumat lövhəsinə görə "KG2160" modelli mobil cihazın daxilindəki üzərində "Micro SD 2 GB" yazısı olan xarici yaddaş kartı halhazırda işlək vəziyyətdədir və həmin xarici yaddaş kartında olan məlumatlar "Ekspertiza 5- 418" adlı iş çantasında "DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə edildi. 6.Tədqiq olunan "KGTEL" markalı arxa melumat lövhəsinə görə "KG2160" modelli mobil cihazın daxilindəki üzərində "Micro SD 2 GB yazısı olan xarici yaddaş kartı yaddaşında pozulmuş məlumatları bərpa etmək üçün xüsusi bərpaedici proqram teminatı vasitəsilə pozulmuş məlumatlar bərpa olunaraq, "DVD-R tipli optik diskdə ekspert rəyinə əlavə olunmuşdur. 7.Təqdim edilmiş "Samsung Galaxy J3" markalı "SM-J320H" modelli mobil telefonun yaddaşından (Micro SD 4GB daxil olmaqla) toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat "Ekspertiza 5-418" adlı iş çantasında iki ədəd üzərində "Verbatim" yazısı olan DVD-R tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. 8.Təqdim edilmiş "Samsung Galaxy J3" markalı "SM-J320H" modelli mobil smartfonun daxilində olan "Nar" mobil operatoruna məxsus "**********734758026" (İCCİD) seriya nömrəli və "Azercell" mobil operatoruna məxsus ******************** (İCCİD) seriya nömrəli "SİM" danışıq kartları hal-hazırda işlək vəziyyətdədir və istifadəyə yararlıdırlar. 8.1.Təqdim edilmiş "Samsung Galaxy J3" markalı "SM-J320H modelli mobil smartfonun daxilindəki "Nar mobil operatoruna məxsus **********734758026" (İCCİD) seriya nömrəli "SİM" danışıq kartının yaddaşından (06 ədəd kontakt və 30 ədəd zəng qeydi) və "Azercell" mobil operatoruna məxsus "******************** (İCCİD) seriya nömrəli "SİM" danışıq yaddaşından (51 ədəd kontakt və 06 ədəd SMS mesaj) məlumat müəyyən olundu ve həmin müəyyən edilmiş məlumatlar "Ekspertiza 5-418" adlı iş çantasında "DVD- R tipli diskə köçürülərək ekspert rəyinə əlavə edildi. Aparılmış ekspertiza tədqiqatının dəyəri 53 (əlli üç) manat 65 (altmış beş) qəpik təşkil edir. İsmayıllı rayon X3 Hüquqi Şəxsindən alınmış 27 mart 2023-cü il tarixli PHŞ-6-47/2- 271/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun X6 Filialından alınmış 02 may 2023-cü il tarixli 3-17-1/2-96093/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik yanında Dövlət Sosial Müdafiə X7 Şəxsin X6 Filialından heç bir növ pensiya, müavinət və Prezident təqaüdü almır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsi tərəfindən verilmiş tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-75/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 7(008)-767/2021 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 11 gün hissəsi 6 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək azad edilmiş, hazırda məhkumluğu ödənilməmişdir. İsmayıllı RİHB-nin Talıstan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Talıstan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, əvvəllər məhkum olunmuşdur, evlidir, himayəsində bir yetkinlik yaşına çatmamış övladı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Talıstan kənd İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Müstəntiqinin 11 mart 2023-cü il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 4(037)-7/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılmanın əvvəli 11 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən təqsirli bilməsinə dair ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair, yəni Zərərçəkmiş şəxs məxsus evdən 451 manat pul və 01 ədəd qızıl üzüyün oğurlamadığını bildirərək özünü qismən təqsirli hesab etməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 04 mart 2023-cü il tarixdən 05 mart 2023-ci il tarixə keçən gecə, saat 01 radələrinədə İsmayıllı şəhəri, M.Əsədov küçəsi 51 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab olunan fərdi yaşayış evinə plastik pəncərəni fiziki qüvvə tətbiq edərək sıxıb açmaq yolu ilə qanunsuz daxil olmuş və evin yataq otağında yerləşən paltar dolabının alt rəfində olan çəhrayı rəngli əl çantasından 451 (dörd yüz əlli bir) manat nağd pulu, sonra isə qonaq otağına keçərək həmin otaqda yerləşən kamotun üzərində açıq vəziyyətdə qoyulmuş, dəyəri 110 manat təşkil edən 1 ədəd gümüş boyunbağını, dəyəri 20 manat təşkil edən 1 ədəd elektron qol saatını, dəyəri təxminən 500 (beş yüz) manat təşkil edən üzərində çoxsaylı ağ qaşları olmuş 583 əyarlı 1 ədəd qızıl üzüyü və dəyəri təxminən 250 (iki yüz əlli) manat təşkil edən “Versacee” nişanlı, qaşsız, 585 əyarlı 1 cüt qızıl sırğadan ibarət qızıl-zinət əşyalarını götürərək aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə təxminən 1331 (bir min üç yüz otuz bir) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən vurulmuş ziyann qismən ödənilməsi, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-75/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 7(008)-767/2021 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 11 gün hissəsi 6 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək azad edilmiş, hazırda məhkumluğu ödənilməmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin tələbinə əsasən onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 11 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan “Toyota Pirus” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman götürülmüş, 01 ədəd zərfdə qablaşdırılmış 01 ədəd "KGTEL" markalı arxa məlumat löhvəsinə görə "KG2160 modelli mobil telefon, 01 ədəd "Samsung Galaxy J3" markalı "SM-J320H" modelli mobil smartfon, "Samsung Galaxy J3" markalı "SM-J320H" modelli mobil smartfonun daxilində olan 01 ədəd "Narmobile" mobil operator və 01 ədəd "Azercell" mobil operator şəbəkələrinə məxsus "SİM" danışıq kartları və "KGTEL" markalı arxa məlumat lövhəsinə görə "KG2160" modelli mobil cihazın daxilində olan 01 ədəd üzərində "Micro SD 2 GB yazısı olan xarici yaddaş kartından ibarət əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan 01 ədəd sellofan torbada qablaşdırılmış 01 cüt əlcək, 01 ədəd vintaçan və 01 ədəd vakum alətindən ibarət əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd elektron qol saatı və 01 cüt qızıl sırğanın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza xərci ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ekspertiza xərci olan 153 (bir yüz əlli üç) manat 65 (altmış beş) qəpik hökm tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 11 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan “Toyota Pirus” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman götürülmüş, 01 ədəd zərfdə qablaşdırılmış 01 ədəd "KGTEL" markalı arxa məlumat löhvəsinə görə "KG2160 modelli mobil telefon, 01 ədəd "Samsung Galaxy J3" markalı "SM-J320H" modelli mobil smartfon, "Samsung Galaxy J3" markalı "SM-J320H" modelli mobil smartfonun daxilində olan 01 ədəd "Narmobile" mobil operator və 01 ədəd "Azercell" mobil operator şəbəkələrinə məxsus "SİM" danışıq kartları və "KGTEL" markalı arxa məlumat lövhəsinə görə "KG2160" modelli mobil cihazın daxilində olan 01 ədəd üzərində "Micro SD 2 GB yazısı olan xarici yaddaş kartından ibarət əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan 01 ədəd sellofan torbada qablaşdırılmış 01 cüt əlcək, 01 ədəd vintaçan və 01 ədəd vakum alətindən ibarət əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar – 01 ədəd elektron qol saatı və 01 cüt qızıl sırğanın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 153 (bir yüz əlli üç) manat 65 (altmış beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar