Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-43/2025 08.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1967-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs barəsində 08 oktyabr 2025-ci il tarixdə saat 15:38-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törəmişdir. Belə ki, o məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qəsdən qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdar təşkil edən 51,67 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib xx.xx.2025-cü il tarixədək yaşadığı İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) yerləşən evinin həyətyanı sahəsindəki təsərrüfat alətlərini yığmaq üçün istifadə etdiyi yardımçı tikilidə gizlədərək saxlamış, həmin tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı evinin qarşısında saxlanılaraq evin həyətyanı sahəsindəki təsərrüfat alətlərini yığmaq üçün istifadə etdiyi yardımçı tikiliyə baxış keçirilərkən həmin yardımçı tikilidə 01 ədəd sellofan torbada gizlədərək saxladığı, ümumi təmiz çəkisi 51,67 qram olan və xeyli miqdar təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birgə İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində yaşayır. Musiqiçisdir, dəvətli toylarda müğənnilik edir. Əvvəllər narkotik vasitə marixuanadan istifadə etmişdir. 2025-ci ilin fevral ayının sonlarında səhər saatlarında yaşadığı evin yaxınlığındakı meşəlik əraziyə getmiş, orada yerdə şəffaf sellofan torba görmüşdür. Torba diqqətini cəlb etdiyindən yerdən götürmüş və içərisində narkotik vasitəyə bənzər bitki kütləsinin olduğunu görmüşdür. Əvvəllər marixuana istifadə etdiyi üçün həmin bitkini marixuanaya bənzətmiş, tapdığı kütləni gələcəkdə istifadə etmək məqsədilə gödəkçəsinin cibinə qoyaraq evə gətirmişdir. Həmin kütləni evdə heç kimin görməməsi üçün yaşadığı evin həyətindəki təsərrüfat alətləri yığmaq üçün istifadə etdiyi yardımçı tikilidə gizlətmiş, lakin kütlədən istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısında olarkən mülki geyimdə və polis formasında olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və yaşadığı evdə narkotik vasitə saxlamağı ilə bağlı onlarda əməliyyat məlumatı olduğunu bildirmişlər. Əməkdaşlar əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla onun tanış etdikdən sonra videoçəkiliş aparılmaqla evinə baxış keçirmələrinə, habelə üzərinə şəxsi axtarış keçirmələrinə etirazının olmaması bildirmiş və bununla bağlı ərizə təqdim etmişdir. Baxış zamanı polislər ona yaşadığı evdə narkotik vasitə olub olmadığı soruşmuşlar. O, həyətdəki yardımçı tikilidə gizlədib saxladığı marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polislər həmin kütlənin nə olduğu və haradan əldə edilməsini soruşduqda o, həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu və meşədən tapdığını bildirmişdir. Kütlə xüsusi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, qablaşdırılmış və zərfə qoyulmuş, zərfin üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 3 qutu Argo markalı siqaret, 1 kibrit qutusu və 50 manat pul onun özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş, o protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə İsmayıllı rayon polis şöbəsinə gəlmiş, üzərindən aşkar edilmiş marixuana ilə əlaqədar istintaq bölməsində araşdırma aparılmış, onun və əməliyyat tədbirində iştirak edən polis əməkdaşlarının iştirakı ilə həmin aşkar edilərək qablaşdırılmış zərfə baxış keçirilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, bu barədə protokol tərtib edildikdən sonra o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan sonra ona müdafiəçi təqdim edilmiş və ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra müdafiəçi ona təqdim edilmiş və şübhəli şəxs qismində tutularaq ilkin izahatı alınmışdır. Polis şöbəsində ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. O, hazırki vaxta qədər heç kimdən narkotik vasitə almamış, kiməsə narkotik vasitə verməmiş və satmamışdır. Hazırda əməlindən peşmandır. Ailəsində yeganə işləyərək evə gəlir gətirən şəxsdir, özü hepatit və paralel olaraq bir neçə xəstəlikdən əziyyət çəkir. Qeyd etdikləri nəzərə alınaraq ona həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X10 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2025-ci il tarixdə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmiş, əməliyyat-axtarış tədbirinə dair qərar qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Əməliyyat qrupu yaradılmış, qrupun tərkibinə o, RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı X4, RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X11, RPŞ-nin fiziki və döyüş hazırlığı üzrə kiçik inspektor təlimatçı, polis baş serjantı X8 daxil edilmişdir. Həmin gün saat 17 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Sonuncunu yaşadığı evin qarşısında gördüklərindən onlar Şahinə yaxınlaşıb xidməti vəsiqələrini göstərib İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və yaşadığı evdə narkotik vasitə saxlamağı ilə bağlı əməliyyat məlumatı əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edildiyini bildirərək qərarla Şahini tanış etmişlər. Şahin videoçəkilişlə evinə baxış keçirmələri, habelə üzərinə şəxsi axtarış keçirmələri ilə bağlı etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə təqdim etmişdir. Baxış zamanı Şahindən yaşadığı evdə, evin həyətyanı sahəsində və ya həyətyanı sahədə olan yardımçı tikililərdə narkotik vasitə olub olmadığı soruşulmuşdur. Bu zaman Şahin yaşadığı evin həyətindəki yardımçı tikilidə gizlədib saxladığı bir ədəd sellofan torbada narkotik vasitə marixuananı onlara təqdim etmişdir. Həmin kütlənin nə olması, kimə məxsus olması, haradan əldə edilməsi barədə Şahindən soruşulduqda sonuncu, həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu və meşədən tapdığını bildirmişdir. Kütlə xüsusi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, qablaşdırılmış və zərfə qoyularaq həmin zərfin üzəri İsmayıllı rayon PŞ-nin 74 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra videoçəkiliş aparılmaqla Şahinin üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 3 qutu Argo markalı siqaret, 1 kibrit qutusu və 50 manat pul onun özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha Şahin polis şöbəsinə dəvət olunmuş, sonuncu etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müstəntiqin xidməti otaqda Şahinin yaşadığı evin həyətindəki yardımçı tikilidən aşkar edilərək götürülmüş kütləyə videoçəkilişlə baxış keçirilmiş, təkrarən ondan həmin kütlənin nə olması, kimə məxsus olması soruşulmuş, Şahin həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu və meşədən tapdığını bildirmişdir. Baxış yekunlaşdıqdan sonra kütlə yenidən qablaşdırılmış və zərfə qoyulmuşdur. Zərfin üzəri İsmayıllı rayon PŞ-nin 74 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra Şahinə müdafiəçinin iştirakından istifadə etmək hüququnun olduğu izah edilmiş, Şahin ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçi təyin olunmasını istəmişdir. Təqdim edilmiş vəkillərin siyahısından seçdiyi vəkil qısa müddət ərzində ona təqdim edilmiş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin FDH üzrə kiçik inspektor təlimatçı, polis baş serjantı X8 və İsmayıllı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı X4 eyni məzmunlu ifadələr verərək X5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən sənədlər : İsmayıllı rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən 02 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanımışdır. “Yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi barədə” 01 mart 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş istintaq hərəkətlərini əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev İsmayıllı rayonu İsmayıllı kəndində yerləşir. Ev kürsülüdür. Evin giriş qapısı tünd qırmızı rəngli, dəmir materialdan olmaqla əl qapısıdır. Evin giriş qapısının sağ və solu mişar daşı ilə hasarlanmışdı. Evin həyətyanı sahəsinə daxil olduqda evə bitişik təsərrüfat alətləri yığmaq üçün istifadə edilən yardımçı tikilinin olması müşahidə edildi. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə və digər hər hansı yerdə narkotik vasitə saxlayıb saxlamaması, vardırsa təqdim etməsini bildirildikdə o, yaşadığı evin həyətindəki təsərrüfat alətləri yığmaq üçün istifadə edilən yardımçı tikili qurudulmuş marixuana saxladığını və təqdim edə biləcəyini bildirmiş, baxış iştirakçıları Təqsirləndirilən şəxsla birlikdə həmin yardımçı tikiliyə daxil olmuş, Təqsirləndirilən şəxs yardımçı tikilidə gizlədib saxladığı 1 ədəd ağ rəngli sellofan torbanı təqdim edərək içərisində özünə məxsus marixuana olduğunu bildirmiş və həmin sellofan torbaya baxış zamanı narkotik vasitəyə bənzər quru halda bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlələrin nə olması və kimə məxsus olması soruşulduqda o, həmin bitki kütlələrin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin sellofan torba 01 ədəd zərfdə qablaşdırılmış və elektron tərəzi ilə çəkildikdə çəkisinin 65,6 qram olması müəyyən edildi və üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür, bu barədə protokol tərtib edilmiş və o, da tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. « Baxış keçirilmə və götürmə haqqında” 01 mart 2025-ci il tarixli protokoldan görünür ki, 1 ədəd zərfin üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi” sözləri adlar, imzalar və İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü vardır. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olmasını, özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün yaşadığı evin həyətindəki yardımçı tikilidə gizlədərək saxladığını bildirdi. Həmin sellofan büküm xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin 72,0 qram olması müəyyən edildi. Həmin sellofan büküm təqdim edildiyi zərflə birlikdə digər zərfə qoyulub üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. “Şübhəli şəxsin tutulma haqqında” protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2025-ci il saat 17:43-də İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, o, həmin gün saat 19:51-də şübhəli şəxs qismində tutulmuşdur. X1 03 mart 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 mart 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 12:18-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Müstəntiqin xx.xx.2025-ci il tarixli qərarı əsasında həmin tarixdən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2025-ci il tarixdə cinayət işçinin icraatı təzələnərək istintaqı davam etdirilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/178 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar edilmiş...bitki kütləsi...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) sellofan torbada, təmiz çəkisi- 51,67 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert rəyinin Qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi - 51,67 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 51,67 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məcburi ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1210 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gənçə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 3 ay 17 gün hissəsindən çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X13 alınmış xx.xx.2025-ci il tarixli 18-1-47/2-286/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-sı PHŞ-nin Poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs Poliklinika şöbəsinin “Narkoloji” kabinetində xx.xx.2013-cü il tarixindən narkoman diaqnozu ilə qeydiyyatda olmuş, sonradan “Narkoloji” kabinetinə müraciət etmədiyinə görə xx.xx.2023cü il tarixində qeydiyyatdan çıxarılmışdır. xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuş, lakin sonuncunun yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış zamanı 1 ədəd sellofan torbada aşkar edilmiş narkotik vasitə olan 51,67 qram çəkidə marixuananı haradan əldə etməsi, əvvəllər narkotik vasitəni haradan əldə etməsi və ya narkotik vasitələrin satışı ilə məşğul olması, eləcə də onunla kimlərinsə cinayət əlaqələrində olmalarını müəyyən etmək mümkün olmamışdır. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri, İƏD-si üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli 590 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X3 və 1993 və 1995-ci il təvəllüdlü övladları Zəkadan və Babadan ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. “Maddi sübut kimi tanınma haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış keçirilərkən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 51,62 qram kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən məhkəmənin mövqeyi : Məhkəmə ilk növbədə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Sözügedən qərara əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Məcəllənin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir Adıçəkilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yəni təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun l siyahısının 109-cu bəndində marixuananın (qurudulmuş) məsuliyyətə cəlb etməyə imkan verən çəkisi xeyli miqdar olaraq 5 qramdan (daxil olmaqla) 500 qramadək müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarda psixotrop maddəni əldə edib, daşımaqla saxlamışdır. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Belə ki, Məcəllənin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin: Maddə 8.1. cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.2. cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 52-1.1. azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 52-1. azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə islah olunmasına kömək edən qanundan irəli gələn vəzifələr qoyulur. Belə ki, aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Təqsirləndirilən şəxsin əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin bununla yanaşı məhkəmə onuda vurğulayır ki, təqsirləndirilən şəxsin əvvəllər də anoloji cinayət əməlini törədərək cinayət məsuliyyətinə cəlb edilməsi onun tam olaraq islah edilməməsi, həmçinin şəxsiyyətini mənfi xarakterizə edən neqativ hal kimi qiymətləndirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinin 2-ci abzasına əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, Məcəllənin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnə bilər. Plenum Qərarında göstərildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmənin yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də Məcəllənin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Məhkəmə eyni zamanda diqqətə çatdırır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” ölkə Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə müvafiq olaraq məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar və cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə işin yuxarıda göstərilən obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun islah olunmalı şəxs olmasını, cəzanın yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan xüsusatları, törədilmiş cinayətdə narkotik vasitə olan qurudulmuş marixuananın miqdarının qanunla müəyyən olunmuş aşağı həddi təşkil etməsini, şəxsin sabit yaşayış yerinin olmasını Təqsirləndirilən şəxs barəsində cəzanın fərdiləşdirilməsi prinsipini rəhbər tutaraq məhkəmə hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi həm şəxsin islah olunmasına, həm də dövlətin cəza siyasətinin həyata keçirilməsi baxımından adekvat hesab edilməlidir. Həmçinin CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2025-ci il saat 17:43-dən 03 mart 2025-ci il saat 12:18-dək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı İsmayıllı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertizanın tövsiyyəsinə uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.Eyni zamanda hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Belə ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 9(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 01 mart 2025-ci il saat 17:43-dən 03 mart 2025-ci il saat 12:18-dək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilən cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 8(səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı İsmayıllı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqatdan sonrakı qalan 51,62 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №1(037)-43/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-43/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver