Məhkəmə qərarları › İş №1(037)-44/2020

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-44/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-44/2020 22.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Cəfərzadə İlham Nizami oğlunun, Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xxxxxxx 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1979-cu ildə İsmayıllı rayonu 2-ci Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkum edilməmiş, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi İ/B, ev 1-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 3-cü mədən, Korpus 112, ev 15-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 12 radələrində keçmiş arvadı X4 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xoşqədəm Piriyevanı qəsdən itələyib yerə yıxmış və sağ baldır nahiyəsindən təpiklə qəsdən vurub ona sağ dirsək oynağının bağların gərilməsi və oynağın hematrozu ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sağ bazunun və sağ baldırın qançırları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, Xoşqədəm Piriyeva onun keçmiş arvadıdır. Onların birgə nikahlarından iki övladı var. O, 2016-cı ildən etibarən Bakı şəhərində yaşayır, Xoşqədəm isə İsmayıllı rayonu Cülyan kəndindəki atasına məxsus evə gələrək uşaqları ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Həmin evin bir otağında Xoşqədəm və uşaqları, digər otağında isə atası Əmirxan qalır. 2018-ci ilin sentyabr ayından Xoşqədəmlə münasibətləri pisləşmişdir. Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə nikahı pozulmuş, birgə nikahdan olan uşaqlar Xoşqədəmin himayəsində saxlanılmışdır. xx xxxx 2019-cu il tarixdə “Novruz bayramı” ilə əlaqədar yaşadığı evə gəlmiş və pandemiya ilə əlaqədar Bakı şəhərinə qayıda bilməmişdir. Həmin vaxt o atası ilə bir otaqda yaşamışdır. Bu müddətdə mütəmadi Xoşqədəmlə mübahisələri baş vermişdir. Xoşqədəm evin qapılarını hər dəfə açıb bağlayanda möhkəm çırpdığından mətbəxin plastik qapısının zədələnməməsi üçün çıxarıb evin dəhlizinə qoymuşdur. xx xxx 2020-ci il tarixdə 12:00 radələrində Xoşqədəm uşaqlarının yanında ona kobud şəkildə mətbəxin qapısını yerinə salmağını bildirmişdir. O Xoşqədəmə ondan kənar durmağını deyib öz otağına keçmişdir. Bundan sonra qapını bağlayıb həyətə düşmüşdür. Bu zaman atası həyətdə stolda oturub mürgüləmişdir. Xoşqədəm də həyətə düşmüş, bu zaman evin dəmir qapısını möhkəm çırpmışdır. Xoşqədəmin bu hərəkəti onu əsəbiləşdirdiyindən həmin qapını da yerindən çıxarıb divara söykəmişdir. Bu zaman Xoşqədəm atasının ayaqqabısını götürüb ona tərəf atmış, ayaqqabı pəncərə şüşəsinə dəyərək şüşəni sındırmışdır. Şüşə hissələri onun üstünə çilənmişdir. Şüşə qırıntısının biri onun gözünə düşsə də hər hansı xəsarət almamışdır. Gözündə qaşıntı hiss etdiyindən əli ilə gözünü tutub evdəki güzgüyə baxmaq üçün evə qalxmışdır. Bu zaman Xoşqədəm onun əlindən tutub əlini gözündən çəkmək istəmiş, uşaqlarına “soruşsalar deyin ki, atanız yalan edir” sözünü demişdir. Xoşqədəm ona evin qapısını açmağa imkan verməmiş, o Xoşqədəmi özündən kənarlaşdırmaq üçün sol əlini onun əlindən dartıb çıxartmışdır. Bu zaman Xoşqədəm özünü yerə atmışdır. O, otağa daxil olub mobil telefonu ilə 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və bacısıgilə getmişdir. Həmin gün saat 14:00 radələrində evə qayıtdıqda atasının burun nahiyəsinin zədələndiyini görmüşdür. Nə baş verdiyini soruşduqda atası ona evə polis əməkdaşlarının gəldiyini, onlar getdikdən sonra Xoşqədəmin sillə ilə burun nahiyəsindən vurduğunu və nəticədə xəsarət aldığını bildirmişdir. O, Xoşqədəmi vurmamış və ona heç bir xəsarət yeritməmişdir. Xoşqədəm özünü yerə atmış və ola bilsin ki, bu zaman xəsarət almışdır. Xoşqədəmin onun döyülməsi barəsində söylədikləri yalandır. Özünü təqsirli saymır və bəraət verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun cinayət əməli törətməməsi, təqsirli olmaması barədə söylədikləri özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, üzləşdirmə protokolları, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəхs Xoşqədəm Piriyeva ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onların birgə nikahından iki övladı var. Ədil Bakı şəhərində işlədiyindən onlar bir müddət orada yaşamışlar. Ədillə yaşadıqları müddətdə aralarında mübahisələr baş vermiş, buna görə də qayıdaraq uşaqları ilə qayınatası Əmirxana məxsus evdə yaşamağa başlamışdır. Onun tələbinə əsasən məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə iki uşağın maddi təminatı üçün aliment təyin olunmuşdur. Həmin vaxtdan etibarən Ədillə münasibətləri pisləşmişdir. Məhkəmənin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Qayınatasına məxsus evin bir otağında o və uşaqları, digər otağında isə qayınatası Əmirxan Piriyev qalır. Ədil də kəndə gələrkən atası ilə birlikdə yaşayır. Ədil 2019-cu ilin mart ayında “Novruz bayramı” ilə əlaqədar evə gəlmiş və Bakı şəhərinə qayıtmamışdır. xx xxx 2020-ci il tarixdə saat 12:00 radələrində Ədil evin qapılarını sökdüyü üçün mübahisələri olmuş və o Ədildən qapılarını yerinə qoymasını tələb etmişdir. Ədil qapılarını yerinə qoymayacığını, onları evdən çıxaracağını demişdir. Bu zaman əsəbiləşdiyindən pilləkəndəki ayaqqabını Ədilə tərəf atmış, ayaqqabı pəncərəyə dəydiyindən pəncərənin şüşəsi sınmışdır. Ayaqqabı Ədilə dəyməmiş və sınan şüşə də Ədilə hər hansı xəsarət yetirməmişdir. Ədil onun və uşaqların ünvanına nalayiq ifadələr işlətmiş və əli ilə üzünü tutub “indi gör sizin başınıza nə oyun açacam” demişdir. O, Ədilin əlini tutaraq üzundən çəkməyə çalışmış və uşaqlara “görün onun üzündə zədə var yoxsa yox” demişdir. Uşaqlar atalarına üzündə heç bir xəsarət olmadığını demişlər. Ədil hər iki əli ilə onu sərt şəkildə itələmiş, o, müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. Həmin vaxt sağ dirsək nahiyəsi döşəməyə dəydiyi üçün həmin nahiyəsindən xəsarət almışdır. O, yerdə olarkən Ədil təpiklə sağ baldır nahiyəsindən də bir dəfə vurmuşdur. Uşaqlar Ədilin bütün hərəkətlərini görmüşlər. Qayınatası Əmirxan həmin vaxt evin giriş qapısında olmuş və baş verənləri o da görmüşdür. O, mobil telefonu ilə 102 xidmətinə zəng edərək Ədilin onu döydüyü barədə məlumat vermişdir. Ədillə barışmamış və onu bağışlamamışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Qanuni nümayəndəsi Xoşqədəm Piriyeva və Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Bəhruz Xələfovun iştirakı ilə dindirilən xx xxxxxx 2006-cı il təvəllüdlü X10 X7 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayon Cülyan tam orta məktəbinin 8-ci sinif şagirdidir. Xoşqədəm Piriyeva onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Valideynləri boşanmışlar, onlar Cülyan kəndində babası Məbudun, bəzi vaxtlarda isə atası Ədilin və babası Əmirxanın yaşadığı evdə yaşayırlar. xx xxx 2020-ci il tarixdə 12:00 radələrində atası və anası mübahisə etməyə başlamışlar. Anası atasına yaşadıqları evin qapılarını sökdüyünü irad tutmuş və ondan evin qapılarını yerinə qoymasını tələb etmişdir. Atası isə evin qapılarını yerinə qoymayacığını, onları evdən çıxaracağını bildirmişdir. Anası əsəbiləşmiş və pilləkəndəki ayaqqabını götürərək atasına tərəf atmışdır. Ayaqqabı evin pəncərəsinə dəyib pəncərəni sındırmışdır. Ayaqqabı atasına dəyməmiş və ona xəsarət yetirməmişdir. Atası anasının ünvanına nalayiq ifadələr işlətmiş, “indi gör səni necə şərləyəcəm” deyərək öz yaşadığı otağa tərəf getmişdir. Anası da onun dalınca getmiş, atası həmin vaxt əli ilə üzünü tutub “indi gör sizin başınıza nə oyun açacam” demişdir. Anası atasının əlini üzündən çəkib onlara göstərərək “görün onun üzündə zədə var yoxsa yox” deyə soruşmuşdur. Onlar atalarının üzündə heç bir xəsarət olmadığını görmüşlər. Atası həmin vaxt hər iki əli ilə anasını möhkəm itələyib yerə yıxmışdır. Anası yerdə olarkən atası təpiklə də anasını vurmuşdur. Qanuni nümayəndəsi Xoşqədəm Piriyeva və Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Bəhruz Xələfovun iştirakı ilə dindirilən xx xxxx 2011-ci il təvəllüdlü X7 şahid Nigar Piriyeva ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. X1 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun Cülyan kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, Xoşqədəm Piriyeva ilə keçmiş gəlinidir. Onun arvadı 2015-ci ildə vəfat etmiş, həmin vaxtdan etibarən oğlu və ailəsi onunla birlikdə yaşamışlar. xx xxx 2020-ci il tarixdə saat 12:00 radələrində səhhətində olan narahatlıqla bağlı həyətdəki stulda oturaraq mürgüləmişdir. Bu vaxt evdən mübahisə səslərini eşitmiş və oğlu həyətə düşmüşdür. Onun arxasınca gəlini çıxmış və pilləkəndən onun ayaqqabısını götürərək oğluna tərəf atmışdır. Ayaqqabı evin pəncərəsinə dəymiş və pəncərə şüşəsi sınaraq yerə tökülmüşdür. Bu zaman oğlu əli ilə gözünü tutmuş və evə tərəf qalxmışdır. Gəlini isə oğlunun əlini onun üzündən çəkməyə çalışmışdır. Oğlu Xoşqədəmi özündən kənarlaşdırmaq istəmiş, bu zaman sonuncu yerə yıxılmışdır. Oğlunun Xoşqədəmə təpik vurmasını, yaxud başqa hansısa bir vasitə ilə ona xəsarət yetirməsini görməmişdir. Xoşqədəm 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məlumatla əlaqədar polis əməkdaşları gəlmiş, onlar getdikdən sonra həmin gün saat 14:00 radələrində Xoşqədəm quraqlıqda olan pərdələri yerindən dartıb çıxartdığını görüb ona irad bildirmişdir. Bu zaman Xoşqədəm ona yaxınlaşaraq burun nahiyəsindən sillə ilə vuraraq xəsarət yetirmişdir. Bu barədə İsmayıllı rayon Polis şöbəsinə məlumat vermişdir. Hadisə yerində baxış keçirilməsi haqqında xx xxx 2020-cu il tarixli protokoldan görünür ki, hadisə İsmayıllı rayonunun Cülyan kəndində X3 məxsus evdə baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli 155 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sağ dirsək oynağının bağların gərilməsi və oynağın hemartrozu ilə müşayət olunan sağ dirsək oynağınının sıyrığı, sağ bazunun və sağ baldırın qançırları küt əşya (alət) təsirindən törənmişdir, xx xxx 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 155/13 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ dirsək oynağının bağların gərilməsi və oynağın hemartrozu ilə müşayət olunan sağ dirsək oynağınının sıyrığı, sağ bazunun və sağ baldırın qançırları küt əşya (alət) təsirindən törənmişdir, xx xxx 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Dərəcəsinə görə ayrı-ayrılıqda sağ dirsək oynağının sıyrığı dirsək oynağının bağların gərilməsi və oynağın hemertrozu ilə müşayət edildiyindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya, sağ bazunun və sağ baldırın qançırları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmaya xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2 (037)-156/2019 nömrəli qətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında bağlanmış nikah pozulmuşdur. xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Konsultativ şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 311 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Müstəntiqin xx xxxxxxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin sübutların qiymətləndirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, X3 xəsarət yetirdiyi üçün X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti İsmayıllı rayon Polis şöbəsi İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli 279 və 280 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi İ/B, ev 1-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 3-cü mədən, Korpus 112, ev 15-də yaşayır, ailə tərkibi özündən, 1941-ci il təvəllüdlü atası X5, keçmiş arvadı X4, 2006 və 2011-ci il təvəllüdlü uşaqları Nigar və Ramildən ibarətdir. xx xxxxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, müsbət xarakterizə edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan islah işləri cəzasının təyin edilməsini, cəzanın aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını iş yerində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar