Məhkəmə qərarları › İş №1(037)-44/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-44/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-44/2023 13.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs İsmayıllı rayonu Zərnava bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 13 iyun 2023-cü il tarixdə saat 17:32-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1964-cü ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Zərnava kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Zərnava bələdiyyəsinin mülkiyyətində olan, rayonun Zərnava kəndinin ərazisində, kəndə gedən yolun sağ kənarında yerləşən meşə fonduna daxil olmayan ağacları kəsmək məqsədilə 2021-ci ilin dekabr ayının sonlarında, dəqiq tarixləri istintaqla müəyyən olunmayan vaxtlarda, saat 09 radələrində özünə məxsus motorlu mişarı götürüb həmin əraziyə getmiş və yolun sağ və sol kənarında vələs cinsindən olan diametri 28 santimetr, dəyəri 250 (iki yüz əlli) manat təşkil edən 1 ədəd, vələs cinsindən olan diametri 8 santimetr, dəyəri 100 (yüz) manat təşkil edən 4 ədəd, fıstıq cinsindən olan diametri 24 santimetr, dəyəri 200 (iki yüz) manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan diametri 20 santimetr, dəyəri 180 (yüz səksən) manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan diametri 18 santimetr, dəyəri 180 (yüz səksən) manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan diametri 16 santimetr, dəyəri 150 (yüz əlli) manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan diametri 14 santimetr, dəyəri 150 (yüz əlli) manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan diametri 10 santimetr, dəyəri 120 (yüz iyirmi) manat təşkil edən 1 ədəd yaş kök üstə ağacları, yəni cəmi 11 (on bir) ədəd müxtəlif cinsli ağacları tamah niyyəti ilə qəsdən motorlu mişarla kəsib götürməklə qanunsuz ağac kəsərək İsmayıllı rayonunun Zərnava bələdiyyəsinə xeyli miqdarda, ümumilikdə 1630 (min altı yüz otuz) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonun Zərnava kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təsərrüfatla məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhərində yaşayan dayısı oğlu Şahid anasını və ruhi xəstə olan bacısını ziyarət etmək üçün Zərnava kəndindəki ata evinə gəlmiş və o da həmin gün Vasiflə görüşmək üçün onların evinə getmişdir. Həmin gün Vasif ondan evlərində odunun az olmasını bildirərək özü getdikdən sonra anası və bacısının evdə üşüməməsi üçün onların evlərinin alt hissəsində yerləşən ərazidən iki-üç eşşək yükü qədər quru odun gətirməyini xahiş etmişdir. Vasifə etiraz etməmiş və Vasif növbəti gün çıxıb getdikdən təxminən 1-2 həftə sonra, 2022-ci ilin dekabr ayının sonlarında saat 09 radələrində Vasifin evinin alt hissəsində yerləşən 11 ədəd vələs və fıstıq cinsli kök üstə yaş ağacları onda olan motopila ilə kəsib odun halına gətirib eşşəyə yükləyərək hamısını Vasifin evinin həyətinə gətirmişdir. O, həmin ərazinin Vasifgilin evinin həyəti olmasını düşündüyü üçün oradakı ağacları kəsmiş, oradakı ağacların kəsilməsinin qanunsuz olduğunu bilməmişdir. 2022-ci ilin təxminən yanvar ayında günorta saatlarında Vasifin evinin yanından keçən zaman evin alt hissəsində Arzu Mirabbaslını və yanında doğranmış odunların olmasını görüb sonuncunun orada ağac kəsdiyini başa düşmüşdür. Ona görə də mobil telefonundan Vasifin nömrəsinə zəng edib Arzunun onun evinin alt hissəsində ağacları kəsdiyini demiş, Vasif isə bununla bağlı tədbir görəcəyini demişdir. Ağacları kəsməkdə ona heç kim göstəriş verməmiş, Şahid ondan anası və bacısının soyuqdan qorunmaları üçün quru odun gətirməyini xahiş etmiş, lakin o, quru odun tapa bilmədiyindən kök üstə yaş ağacları kəsərək onların evinə gətirmişdir. Onun ağacları kəsmək üçün müvafiq icazə bileti olmamışdır. O, ağacları tək kəsmiş, maddi imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilməmişdir. Əlavə olaraq bildiri ki, onların kəndində təbii qaz olmadığı üçün bütün əhalı ancaq odunla tələbatlarını qarşılayır. Eyni zamanda o həmin ağacları imkansız, tək və ruhi xəstə olan dayısının yoldaşının evini isitmək üçün kəsmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəхs İsmayıllı rayonu Zərnava bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, 2015-ci ildən etibarən hazıradək İsmayıllı rayon Zərnava kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Onun bələdiyyə sədri vəzifəsində işləməsi ilə əlaqədar olaraq həyat yoldaşı X1 işlərinə köməklik edir. 21 fevral 2022-ci il tarixdə günorta saatlarında əri Haqverdi ilə evdə olan zaman Haqerdiyə kimsə zəng etmiş və sonuncu zəng edən şəxslə danışıb qurtardıqdan sonra ona 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin adını bilmədiyi əməkdaşı ilə danışdığını, həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən İsmayıllı rayonun Zərnava kəndində qanunsuz olaraq ağacların kəsilməsini demişdir. Haqverdi zəng etmiş şəxslə görüşüb ağacların kəsildiyi yerə baxmaq üçün gedəcəyini deyərək çıxıb getmişdir. Bundan sonra isə Haqverdi ilə əlaqə saxlayaraq İsmayıllı rayonunun Zərnava kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 32 ədəd qanunsuz olaraq kəsilmiş ağacların əşkar edilməsini öyrənmişdir. Həmçinin Haqverdi ona həmin ağacların müəyyən hissəsini Arzu Mirabbaslının və Təqsirləndirilən şəxs kəsdiyini demişdir. Təqsirləndirilən şəxs vurduğu zərəri ödəməmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cinayət işi üzrə Şahid barəsində qeydiyyatda olduğu İsmayıllı rayon İcra hakimiyyəti başçısının İsmayıllı rayonu Zərnava İnzibati Ərazi Bölgüsü üzrə nümayəndəliyi tərəfindən arayış təqdim edilərək sonuncunun bir müddət əvvəl Rusiya Federasiyasına getdiyi və halhazırda orada yaşaması bildirilmişdir. Bu səbəbdən məhkəmə iclasında Şahid ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonunun Zərnava kəndində 1938-ci il təvəllüdlü anası Tamara İsmiyeva və ruhi xəstə olan bacısı Gülbəniz İsmiyeva ilə birlikdə yaşayır. Özü Bakı şəhərində evlərin təmiri ustası işlədiyindən çox zaman Bakıda olur. Tez-tez Zərnava kəndinə gəlib anasını və bacısını ziyarət etmiş, 14 dekabr 2021-ci il tarixdə Bakı şəhərindən Zərnava kəndinə gəlmiş, evdə odunun olmadığını görüb, evin isidilməsi evinə onunla görüşmək üçün gəlmiş bibisi oğlu Təqsirləndirilən şəxs evlərinin aşağı hissəsində olan ərazidən iki-üç eşşək yükü qədər quru ağac kəsərək evə gətirməsini xahiş etmişdir. Rasim odun gətirəcəyini demiş və növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə qayıtmışdır. Təxminən 2022-ci ilin yanvar ayının sonlarında Rasimlə telefonla danışan sonuncu, ona evinin aşağı hissəsində həmkəndlisi Arzu Mirabbaslının yaş ağacları kəsərək doğradığını demiş, həmin ərəfələrdə kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs əri Haqverdi ona zəng edərək evinin yaxınlığında bələdiyyə mülkiyyətinə aid torpaqda ağacların kəsilməsini bildirib onun Zərnava kənd bələdiyyəsinə gəlməyini xahiş etmişdir. O, çox zaman Bakı şəhərində olduğundan Zərnava kəndində evinin yaxınlığında hansı ağacların və necəsini Rasim tərəfindən, neçəsin isə Arzu tərəfindən kəsilməsini bilməmişdir. Rasimə yaş ağac kəsməsini deməmiş, o, sonuncudan quru ağac kəsərək gətirməsini xahiş etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş 21 fevral 2022-ci il tarixli 66632 nömrəli aktdan görünür ki, 6 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli “0008” saylı sərəncamına əsasən xidməti ərazidə reyd keçirilərkən İsmayıllı rayonunun Yuxarı Zərnava kəndinin giriş hissəsində, kəndə gedən yolun sağ tərəfində ağacların kəsilməsi faktı aşkar olundu. Araşdırma müddətində məlum oldu ki, ağacların kəsildiyi ərazi Yuxarı Zərnava bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsidir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diametrləri 28 sm olan 2 ədəd, diametrləri 36 sm, 46 sm və 26 sm olan 3 ədəd vələs cinsli, diametrləri 36 və 25 sm olan 2 ədəd palıd cinsli, habelə diametrləri 20 sm və 28 sm olan 2 ədəd fıstıq cinsli ağaclar qanunsuz olaraq kəsilmişdir. Həmin akta əlavə olunmuş yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, təbiətə dəymiş ziyan 2830 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş 21 fevral 2022-ci il tarixli 66633 saylı aktdan görünür ki, 6 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli “0008” saylı sərəncamına əsasən xidməti ərazidə reyd keçirilərkən İsmayıllı rayonunun Yuxarı Zərnava bələdiyyəsinin mülkiyyətinə məxsus ərazilərdə reyd keçirilərkən İsmayıllı rayonunun Yuxarı Zərnava kəndinə giriş hissəsində yolun sağ və sol tərəflərində müxtəlif cinsli ağaclar, kök üstə yaş halda kəsilərək oduncaq hissəsinin aparılması faktı aşkar olundu. Belə ki, kəndin giriş hissəsinə yaxın yolun sağ hissəsində diametrləri 14 sm, 18 sm, 16 sm, 24 sm, 10 sm, 20 sm və 10 sm olan 7 ədəd fıstıq cinsli, diametri 27 sm olan 1 ədəd quş armudu cinsli, diametrləri 8 sm, 12 sm, 20 sm, 14 sm, 24 sm, 10 sm, 16 sm, 24 sm və 6 ədədinin isə 8 sm olan ümumilikdə 14 ədəd vələs cinsli, habelə diametri 40 sm olan 1 ədəd qoz cinsli ağaclar qanunsuz olaraq kəsilmişdir. Həmin akta əlavə olunmuş yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, təbiətə dəymiş ziyan 3870 manat təşkil edir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 yanvar 2022-ci il və 29 mart 2022-ci il tarixli protokollardan görünür ki, İsmayıllı rayonunun Zərnava kəndi ərazisində rayonun Zərnava bələdiyyəsinin mülkiyyətində olan ümumilikdə 32 ədəd müxtəlif cinsli ağacların ağacların kəsilməsi müəyyən edilmişdir. “İfadənin yerində yoxlanması haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Zərnava kəndi ərazisində rayonun Zərnava bələdiyyəsinin mülkiyyətində olan 6 ədəd fıstıq və 5 ədəd vələs cinsindən ibarət olan ümumilikdə 11 ədəd ağacı kəsdiyi yeri göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 iyun 2022-ci il tarixli 9/3906 nömrəli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən tədqiqatına təqdim edilmiş xx.xx.2022-ci il tarixli 66632 və 66633 №-li aktlara əsasən kök üstə yaş olmaqla müxtəlif diametrli ümumilikdə 32 ədəd ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 6700,00 (2830+3870) manat müəyyən edilr. Həmin ağacların ayrı ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyin tədqiqi hissəsində qeyd olunmuş cədvələ əsasən vələs cinsli, 28 santimetr diametrli ağacın qiyməti 250 (iki yüz əlli) manat, vələs cinsli, 8 santimetr diametrli ağacın qiyməti 100 (yüz) manat, fıstıq cinsli, 24 santimetr diametrli ağacın qiyməti 200 (iki yüz) manat, fıstıq cinsli, 20 santimetr diametrli ağacın qiyməti, 180 (yüz səksən) manat, fıstıq cinsli, 18 santimetr diametrli ağacın qiyməti, 180 (yüz səksən) manat, fıstıq cinsli, 16 santimetr diametrli ağacın qiyməti, 150 (yüz əlli) manat, fıstıq cinsli, 14 santimetr diametrli ağacın qiyməti, 150 (yüz əlli) manat, fıstıq cinsli, 10 santimetr diametrli ağacın qiyməti, 120 (yüz iyirmi) manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin 18 mart 2023-cü il tarixli qərarından müəyyən edilir ki, həmin tarixdə icraatında olan ********* nömrəli cinayət işindən 13 ədəd ağacın qanunsuz kəsilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 10 may 2023-cü il tarixli qərarından görünür ki, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 259-cu maddəsində nəzərdə tutulan qanunsuz ağac kəsmə cinayətinin tərkib əlaməti olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, İsmayıllı rayonunun Zərnava kəndi ərazisində rayonun Zərnava bələdiyyəsinin mülkiyyətində olan quş armudu cinsindən olan diametri 27 santimetr, dəyəri 250 (iki yüz əlli) manat təşkil edən 1 ədəd, qoz cinsindən olan diametri 46 santimetr, dəyəri 700 (yeddi yüz) manat təşkil edən 1 ədəd, ümumilikdə 950 (doqquz yüz əlli) manat dəyərində 2 ədəd ağacın kəsilməsi faktı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, həmin ağacların kəsilməsi faktı üzrə Azərbaycan Respublikası İXM-nin 253-cü maddəsi ilə inzibati araşdırma aparılmasından ötrü qəbul edilmiş qərarının surəti İsmayıllı RPŞ-nin İTB-nə verilmişdir. Müstəntiqin 12 aprel 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 18 mart 2023-cü il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X3 X5 Poliklinika şöbəsindən alınmış 20 aprel 2023-cü il tarixli PHŞ- 6-47/2-63/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. 31 mart 2023-cü il tarixli 81 və 82 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Zərnava kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X2, 2003 və 2005-ci il təvəllüdlü övladları Azərdən və Səbinədən ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, ümumilikdə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Zərnava kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut və müsadirə edilməli əmlak yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 1 (bir) il 3(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Zərnava kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs оğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs оğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar