Məhkəmə qərarları › İş №1(037)-45/2020

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-45/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-45/2020 22.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Cəfərzadə İlham Nizami oğlunun, Müdafiəçi, X1, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1977-ci il tarixdə İsmayıllı rayonu İvanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, İsmayıllı rayonu “Nikitin” adına kolxozda fəhlə işləyən, İsmayıllı rayonu İvanovka kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2020-ci tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu İvanovka kəndi Stepnaya küçəsi 74 saylı ünvanda yerləşən Məmmədov Əlövsət Suliddin oğlunun mülkiyyətində olmaqla faktiki Zərərçəkmiş şəxs sahibliyində və istifadəsində olan yaşayış evinin saxlanc yeri hesab edilən həyətinə hasarının üzərindən keçməklə qanunsuz daxil olmuş və evə bitişik olan bir otaqlı tikilinin pəncərəsindən qanunsuz olaraq saxlanc yeri hesab edilən tikilinin içərisinə daxil olub oradan 50 manat dəyərində bir ədəd “Marquis” markalı su motorunu, 30 manat dəyərində bir ədəd “Marquis” markalı hidroforu və 120 manat dəyərində 7 litrlik tutuma malik bir ədəd odun samovarını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 200 manat (iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, о, İsmayıllı rayonu İvanovka kəndində yaşamaqla Nikitin adlı kolxozda fəhlə işləyir. 2020-ci ilin iyul ayının ortalarında ailəsinin maddi vəziyyəti pisləşmiş və buna görə də oğurluq etməyə qərar vermişdir. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində kəndin küçəsi ilə gəzərkən heç kəsin yaşamadığı bir evə rast gəlmişdir. Evin həyətinə sol tərəfindəki hasardan keçməklə daxil olmuşdur. Evin və evə bitişik olan tikilinin qapısının qıfılla bağlı olduğunu görmüşdür. Tikilinin pəncərəsinin şüşəsinin aşağı hissəsi sınmış vəziyyətdə olduğundan həmin yerdən əlini salmaqla pəncərəni açmış və içəri daxil olmuşdur. Sol tərəfdə hidroforla birlikdə su motorunu görmüşdür. Su motoru plastik boruya birləşdirilmiş vəziyyətdə olmuşdur. O, su motorunu plastik borudan ayırmışdır. Orada əlavə olaraq bir ədəd samovar da görmüşdür. Əvvəl samovarı, sonra isə üzərindəki hidroforla birlikdə su motorunu pəncərədən çölə qoymuşdur. Pəncərədən çölə çıxmış və pəncərəni bağlamışdır. Oğurladığı əşyaları hasardan çölə qoymuş, daha sonra özü də hasardan keçib əşyaları evinə aparmışdır. Oğurladığı əşyaları evin həyətyanı sahəsində gizlətmişdir. Bu barədə heç kimə deməmişdir. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında kəndin çıxışında tanımadığı metal alan şəxslərlə rastlaşmış və üzərində hidrofor olan su motorunu 8 manata həmin şəxslərə satmışdır. Bundan sonra isə o yaşadığı evə gəlmişdir. Samovarı satmaq istəsə də sata bilməmişdir. O, törətdiyi oğurluq əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Onun himayəsində iki azyaşlı uşağı var. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, bir neçə il bundan öncə İsmayıllı rayonu İvanovka kəndi Stepnaya küçəsi ev 74 ünvanınında yerləşən yaşayış evini həyətyanı sahəsi ilə birlikdə Əlövsət Məmmədovdan alaraq faktiki olaraq mülkiyyətinə keçirmiş və onun istifadəsindədir. Bakı şəhərində yaşadığı üçün az hallarda həmin evinə gəlir. Son dəfə 2020-ci ilin mart ayının əvvəllərində evində olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində evinə gəlmiş, evin və həyətindəki tikililərin qapılarının qıfıllarını yoxlamışdır. Qıfılların yerində və bağlı vəziyyətdə olduğunu görmüşdür. Əlini yumaq üçün suyu açmış, bu zaman suyun gəlmədiyi görmüşdür. Su motorunu qoyduğu tikiliyə daxil olduqda isə motorun və üzərindəki hidroforun olmadığını görmüşdür. Motoru Bakı şəhəri, 8-ci kilometr bazarından 50 manata, hidroforu isə 30 manata almışdır. Bilmişdir ki, su motoru və hidrofor oğurlanmışdır. Əşyaları yoxladıqda daha bir ədəd 120 manat dəyərində samovarın da orada olmadığını görmüşdür. Bundan sonra oradan çıxıb evə, qaraja və həyətyanı sahəyə göz gəzdirmiş, digər hər hansı bir əşyanın oğurlanmadığını müəyyən etmişdir. Növbəti gün İsmayıllı rayon Polis şöbəsinə gedərək baş vermiş hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Təqdimetmə, əşyaya baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd samovarı araşdırmaya təqdim etmişdir. Məhkəmə -əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/3066 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd təxminən 7 litr su tutumlu odun samovarının istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 120,0 manat müəyyən edilir. Qərarda göstərilən bir ədəd su motorunun və bir ədəd hidrofor haqqında kifayət qədər məlumat (markası, modeli, istismar müddəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İsmayıllı rayon “Şahdağ” firması tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 435 nömrəli məktubdan görünür ki, 2020-ci ilin iyul ayında “Marquis” firmasına məxsus, 60 kilovattlıq gücə malik, dəqiqədə 40 litr miqdarında su vura bilən, 40 metrə qədər hündürlüyə suyu qaldıra bilən 1 (bir) ədəd su motorunun qiyməti 50 (əlli) manat və “Marquis” firmasına məxsus 1 (bir) ədəd hidroforun qiyməti 30 (otuz) manat təşkil etmişdir. İsmayıllı RMX-nın Publik hüquqi şəxsi Poliklinika şöbəsindən alınmış xx xxxxxx 2020-cu il tarixli 270 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “Ruhiəsəb” və “narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. xx xxxxxxxx 2020-ci il tarixli 577 və 578 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu İvanovka kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X3, uçaqları 2003-cü il təvəllüdlü Serqey, 2004-cü il təvəllüdlü Viktor, 2008-ci il təvəllüdlü Vasiliy və 2011-ci il təvəllüdlü Svetlanadan ibarətdir, yaşadığı yer üzrə mənfi xarakterizə olunur. xx xxxxxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müstəntiqinin 12 avqust 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 12 avqust 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 12 avqust 2020-ci il tarixdə saat 10:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 17:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə 01 ədəd samovar maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllırayonu İvanovka kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllırayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut - saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş bir ədəd samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllırayonu İvanovka kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllırayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut - saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş bir ədəd samovarın Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar