Məhkəmə qərarları › İş №1(037)-45/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-45/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-45/2021 13.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi Müdafiəçi iştirakı ilə, 13 iyul 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum edilməmiş, işsiz, İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 1 (037) - 45/2021 nömrəli qərarı ilə barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mətləb Hüseynzadə müəyyən olunmamış vaxtda və məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 207,44 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 9, ev 5 ünvanda yerləşən yaşadığı evə daşıyaraq yataq otağındakı çarpayının altında, sellofan bağlamada gizlədərək saxlamış, 01 mart 2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı evin giriş darvazasının önündə olduğu zaman İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq yaşadığı evə baxış keçirilərkən evin birinci mərtəbəsində yataq otağında olan çarpayının altından göy rəngli sellofan torbanın içərisində olan bir ədəd ağ rəngli sellofanda satış məqsədi olmadan qanunsuz olaraq öz şəxsi istifadəsi üçün saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda- 207,44 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə(kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Mətləb Hüseynzadə ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 01 mart 2021-ci il tarixdə saat 15:00 radələrində İsmayıllı şəhərində yerləşən evinin giriş qapısının önündə olarkən İsmayıllı RPŞ-nin əməkdaşları özlərini təqdim edərək yaşadığı evində narkotik vasitələrin qanunsuz saxlamağından şübhələndiklərini bildirmişlər. Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O, müdafiəçi ilə təmin edilmiş və onun, müdafiəçisinin, dəvət olunmuş iki nəfər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evin yerləşdiyi həyətə və evə baxış keçirilmişdir. Baxış zamanı evin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağında olan çarpayının alt hissəsindən bir ədəd üzərində qırmızı hərflərlə “Mələk” sözü yazılmış sellofan torba aşkar edilmişdir. Torba açıldıqda içərisindən bir ədəd üzərində qırmızı hərflərlə “Mustafa Market” sözləri yazılmış ağ rəngli sellofan torba çıxmış, həmin torba da açıldıqda içərisindən saxladığı marixuana kütləsi aşkar edilmişdir. Sorğu zamanı o, həmin marixuananı 2019-cu ilin sentyabr ayının sonlarında İsmayıllı rayon Cülyan kəndi ərazisində yerləşən meşə sahəsindən tapdığını və arada narkotik vasitələrdən istifadə etdiyi üçün yaşadığı evinə gətirərək yataq otağında gizlətdiyini etiraf etmişdir. Aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkilərək kütləsi müəyyən edilmiş, torbaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra evin digər yerlərinə, o cümlədən həyətyanı sahəyə də baxış keçirilmiş, həmin yerlərdən narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. Daha sonra birlikdə İsmayıllı RPŞ-nə gəlmiş və şöbənin növbətçi hissəsinin qarşısında polislərin, iki nəfər hal şahidinin və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən narkotik maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Protokolun doğruluğu imzaları ilə təsdiq etmişlər. Yaşadığı evdə narkotik vasitə saxladığını ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində daimi qayğıya ehtiyacı olan xəstə anası vardır, ailəsində ondan başqa işləyib evə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Mətləb Hüseynzadənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X13 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəifəsində işləyir. Şöbəyə daxil olmuş məlumat əsasında İsmayıllı şəhər sakini Mətləb Hüseynzadənin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və qərarın icrası ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. 01 mart 2021-ci il tarixdə saat 15:00 radələrində Mətləb Hüseynzadənin yaşadığı İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 9 ev 5 ünvanına gəlmiş və Mətləbin həyət qapısının önündə dayandığını görmüşlər. Mətləbə yaxınlaşıb özlərini təqdim etmiş və evə və həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Mətləb Hüseynzadə müdafiəçi ilə təmin edilmiş və qərar Mətləbə elan edildikdən sonra polis əməkdaşlarının, dəvət olunmuş iki nəfər hal şahidinin, Mətləbin və müdafiəçisinin iştirakı ilə Mətləbin yaşadığı evinə və həyətyanı sahəyə baxış keçirmişdir. Baxış zamanı evin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağında olan çarpayının alt hissəsindən bir ədəd üzərində qırmızı həriflərlə “Mələk” sözü yazılmış sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba açıldıqda oradan bir ədəd üzərində qırmızı hərflərlə “Mustafa Market” sözləri yazılmış ağ rəngli sellofan torba çıxmış, torba da açıldıqda içərisindən yaşımtıl rəngli rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilmişdir. Sorğu zamanı Mətləb Hüseynzadə həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, həmin kütləni 2019-cu ilin sentyabr ayının sonlarında İsmayıllı rayon Cülyan kəndi ərazisində yerləşən meşə sahəsindən tapdığını, marixuana narkotik vasitəsini qəbul etdiyi üçün özünün şəxsi istifadəsi üçün yaşadığı evinə gətirərək gizlətdiyini etiraf etmişdir. Aşkar edilmiş qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilmişdir. Kütlə torbaya qoyularaq qablaşdırılmış və götürülmüşdür. Evin digər yerlərinə və həyətyanı sahəyə baxış keçirilsə də cinayət xarakterli başqa iz, əlamət, əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmiş, protokolun doğruluğu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Daha sonra birlikdə İsmayıllı RPŞ-nə gəlmiş və növbətçi hissənin qarşısında Mətləb Hüsenyzadənin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Mətləb Hüseynzadənin üzərindən narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Protokolun doğruluğu imzaları ilə təsdiq etmişlər. Mətləb Hüseynzadənin narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması və ya kimlərləsə birlikdə narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X15, X9 və X6 da şahid Müşviq Soltanov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. X2 ifadə verərək göstərdi ki, 01 mart 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan bir nəfər şəxsin yaşadığı evinə baxış keçiriləcəyini bildirmiş və onun həmin proses zamanı hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, etiraz etməyərək keçiriləcək baxışda iştirak etməyə razılıq vermiş və baxış keçiriləcək yerə getmişdir.Orada dəvət edilmiş digər hal şahidinin, polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə qonşusu Mətləb Hüseynzadənin yaşadığı evinə baxış keçiriləcəyi bildirilmişdir. Mətləb Hüseynzadə yaşadığı ünvanda baxış keçirilməsinə etiraz etməmiş və bundan sonra onun, dəvət edilmiş digər hal şahidinin, polis əməkdaşlarının, müdafiəçinin və Mətləb Hüseynzadənin iştirakı ilə Mətləbin yaşadığı evinə və həyətə baxış keçirmişdir. Baxış zamanı evinin giriş qapısından sağ tərəfdə yerləşən, yataq otağında olan çarpayının alt hissəsindən bir ədəd üzərində qırmızı həriflərlə “Mələk” sözü yazılmış sellofan torba aşkar edilmiş, həmin sellofan torba açıldıqda içərisindən bir ədəd üzərində qırmızı həriflərlə “Mustafa Market” sözləri yazılmış ağ rəngli sellofan torba çıxmışdır. Həmin torba da açılmış və içərisindən yaşımtıl rəngli quru halda ot kütləsi aşkar edilmişdir. Sorğu zamanı Mətləb Hüseynzadə həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, 2019-cu ilin sentyabr ayının sonlarında İsmayıllı rayon Cülyan kəndi ərazisində yerləşən meşə sahəsindən tapdığını, marixuana qəbul etdiyi üçün şəxsi istifadəsinədn ötrü yaşadığı evinə gətirərək yataq otağında gizlətdiyini bildirmişdir. Aşkar edilmiş kütlənin çəkisi müəyyən edilmiş, qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Evin digər yerlərinə, o cümlədən həyətyanı sahəyə də baxış keçirilmiş, cinayət xarakterli başqa iz, əlamət, əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarl ilə təsdiq etmişlər. Bundan sonra onlar birlikdə İsmayıllı RPŞ-nə getmişlər və şöbənin növbətçi hissəsinin qarşısında Mətləb Hüseynzadənin üzərinə şəxsi axtarış keçirilmişdir. Mətləbin üzərindən narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, protokolun doğruluğunu imzamları ilə təsdiq etmişlər. Şаhid qismində dindirilmiş X14 da şahid Ceyhun Umudov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə-bioloji ekspertizasının 02 mart 2021-ci il tarixli 17/162 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “... vət X3 yaşadığı...fərdi yaşayış evindən aşkar edilərək götürülmüş.....” sözləri yazılmış göy rəngli sellofan torbanın içərisindəki, 01 (bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi – 207.44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına narkotik vasitədən 0,05 qram sərf edilmiş, qurudulmuş marixuananın tədqiqatdan sonra ümumi təmiz çəkisi 207,39 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli 390 saylı rəyindən görünür ki, Mətləb Hüseynzadənin narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. 10 mart 2021-ci il тariхli tələbnamədən görünür ki, Mətləb Hüseynzadə əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X12 Hüquqi Şəxsi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli 02-02- 325/21 nömrəli arayışdan görünür ki, Mətləb Hüseynzadə RMP-nın narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 16 mart 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 207,39 qram qram təşkil edən narkotik vasitə iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 01 mart 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 01 mart 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Mətləb Hüseynzadə 01 mart 2021-ci il tarixdə saat 15:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 03 mart 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Mətləb Hüseynzadə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 1 (037) -45/2021 nömrəli qərarından müəyyən edilir ki, Mətləb Hüseynzadə barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. 30 mart 2021-ci il tarixli 813 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Mətləb Hüseynzadə İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən və 1961-ci il təvəllüdlü atası X11 və 1966-cı il təvəllüdlü anası X18 qızıdan ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Mətləb Hüseynzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Mətləb Hüseynzadənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Mətləb Hüseynzadəyə cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Mətləb Hüseynzadənin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Mətləb Hüseynzadəyə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək səmimi peşman olmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, cəzanın 02 (iki) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Mətləb Hüseynzadənin 01 mart 2021-ci il tarixdən 03 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün və 29 iyun 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 15 (on beş) gün, cəmi 17 (on yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) ay 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 10(on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Mətləb Hüseynzadə 01(bir) il 10(on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5 ünvanındakı evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Mətləb Hüseynzadənin cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Mətləb Hüseynzadə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Mətləb Hüseynzadə barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 207,39 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Mətləb Hüseynzadədən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 01 mart 2021-ci il tarixdən 03 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün və 29 iyun 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 15 (on beş) gün, cəmi 17 (on yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) ay 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 10(on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X7 01(bir) il 10(on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5 ünvanındakı evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X3 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. X5 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. X7 narkoloji kabinetdə qeydiyyata alınsın. X7 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. X7 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 207,39 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar