Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-45/2024 03.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 03 oktyabr 2024-cü il tarixdə saat 12:17-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1981-ci ildə İsmayıllı rayonun Müşkəmir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, İsmayıllı rayonu Müşkəmir kəndində qeydiyyatda olmaqla hazırda İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, bu məqsədlə o, 2024-cü ilin aprel ayının əvvəllərində, dəqiq tarixi müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində, kartof bitkilərinin arasında torpaq sahəsini kol-kosdan təmizləyib şumlamaqla əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirib 7 santimetrdən 19 santimetrədək hündürlüklərə çatdırmaqla kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, ümumi təmiz çəkisi 1,76 qram olan, xeyli miqdar təşkil edən ümumilikdə 10 (on) ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birgə İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) yaşayır. Vaxtı ilə atdan yıxılaraq ağır kəllə-beyin travması almış, bu xəsarətin qalıq əlamətləri olaraq mütəmadi baş ağrıları olur. Ağrılarını azaltmaq üçün arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitədən istifadə etməsindən heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. Xatırlamadığı tarixdə İsmayıllı rayonu ərazisində yaşadığı kəndə yaxın meşə sahəsindən çətənə bitkisi toxumlarını tapmış, həmin toxumıları özü ilə yaşadığı evinə gətirərək 2024cü ilin aprel ayının əvvəllərində gizli şəkildə torpağa basdıraraq onlara qulluq edib yetişdirməyə başlamışdır. 15 may 2024-cü il tarixdə saat 11:30 radələrində yaşadığı evin yaxınlığında olarkən İsmayıllı RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etməklə həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-yetişdirdiyindən şübhələndiklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini və bu səbəbdən ona məxsus həyətyanı sahədə və fərdi yaşayış evində baxış keçirəcəklərini bildirmişlər. Ona hüquq və vəzifələri izah olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan etmişlər. O, polis əməkdaşlarının həyətyanı sahəsində və fərdi yaşayış evində baxış keçirmələrinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları onun, dəvət olunmuş mütəxəssisin iştirakı ilə yaşadığı ünvana və həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı həyətyanı sahəsinin bağ hissəsi tərəfdə şəxsi istifadəsi üçün narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirərək həmin bitkiləri göstərəcəyini demişdir. Fərdi yaşayış evinin sağ tərəfində məftil toru ilə əhatələnmiş bağ hissəsinin solunda və sağında dəmir hasarın kənarında torpaqda digər kartof və kişniş bitkilərinin arasında narkotik xassəli bitkilərə bənzər bitkilərin olması müəyyən edilmişdir. O, həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu və şəxsi istifadəsi üçün özü əkdiyini, bundan ailə üzvlərinin xəbəri olmadığını demişdir. Baxışda iştirak edən aqronom mütəxəssis həmin narkotik xassəli bitkilərə bənzər bitkilərə aqrotexniki qaydada qulluq edildiyini qeyd etmişdir. Həmin narkotik xassəli bitkilər torpaqdan çıxarılaraq sayılmış və ümumi sayın 10 (on) ədəd olması müəyyən edilmişdir. Həmin bitkilər müvafiq qaydada qablaşdırılaraq İsmayıllı RPŞ-nin 74 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə onun razılığı ilə həyətyanı sahəsinin digər yerlərinə, yaşadığı evə baxış, həmçinin daha sonra İsmayıllı RPŞ-də üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir cinayət xarakterli iz, əlamət, əşya və ya predmet, eləcə də narkotik vasitə, yaxud psixotrop maddə aşkar edilməmişdir. Baxış və axtarış zamanı videogörüntü çəkilərək sonda protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O bir daha qeyd edir ki, narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkmiş, satış məqsədi olmamışdır. Narkotik tərkibli bitkiləri əkdiyini, ümumiyyətlə həmin vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. Hazırda əməlindən peşmandır. Onun oğlu Məhərrəm Mehdiyev 44 günlük Vətən müharibəsinin veteranıdır, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Himayəsində bir azyaşlı uşağı vardır, qeyd etdiyi halların nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş, həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonu İsmayıllı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz kultivasiyası ilə məşğul olması barədə RPŞ-nə məlumat daxil olduğundan İsmayıllı RPŞ-nin rəisinin əmrinə əsasən əməliyyat-təhqiqat qrupu yaradılmışdır. 15 may 2024-cü il tarixdə saat 11:30 radələrində qrupun digər üzvləri birlikdə Təqsirləndirilən şəxs məxsus olmaqla İsmayıllı rayonu İsmayıllı kəndindəki evinə getmişlər. Onlar giriş qapısını döydükdə ev sahibi Təqsirləndirilən şəxs qapıya çıxaraq nə baş verdiyini soruşmuş, onlar xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz kultivasiyasında şübhəli olduğunu, buna görə də yaşadığı həyətyanı sahəyə baxış keçiriləcəyini demişlər. Sonuncu yaşadığı ünvana və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs razılığından sonra elə onun özünün və dəvət edilmiş aqronomun iştirakı ilə həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində kartof və digər tərəvəz bitkiləri əkilmiş şum yeri olmuşdur. Həmin şum yerində kartof və kişniş bitkiləri ilə dəmir hasar arasında əkilib becərilmiş 10 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Aqronom aşkar edilmiş 10 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, həmin bitkilər özünə məxsusdur və tək özü əkib becərmişdir. Bundan ailə üzvləri və başqa hər hansı kənar şəxslərin xəbəri olmamışdır. Bundan sonra isə aşkar edilmiş həmin çətənə bitkiləri götürülüb 1 ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri özü və digər iştirakçılar tərəfindən imzalanmış, İsmayıllı rayon polis şöbəsinin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs başqa hər hansı yerdə narkotik vasitə əkib-əkmədiyini soruşulduqda sonuncu başqa hər hansı yerdə narkotik tərkibli bitki əkmədiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış davam etdirilmiş və başqa hər hansı narkotik vasitə və s qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmaqla protokol ucadan oxunmuş və protokola özü, eləcə də digər iştirakçılar imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs İsmayıllı Rayon Polis şöbəsinə dəvət etmişlər. Sonuncu onlarla birlikdə Polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçdiyi vəkil ona təqdim olunmuş, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən hər hansı narkotik vasitə və sairə aşkar edilməmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, Bəxtiyar və digər iştirakçılar tərəfindən protokol imzalanmışdır. Üzürlü səbəblərdən, yəni xidməti fəaliyyəti ilə bağlı ezamiyyətdə olduğu üçün məhkəmə baxışı iclasına gələ bilməmiş şahid X5 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan edilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Həyətyanı sahəyə və fərdi yaşayış evinə baxış keçirilməsi” 15 may 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində yerləşən evinin həyətindən 10 ədəd çətənə bitkisinin şitilləri aşkar edilmiş, həmin 10 ədəd çətənə bitkisinin şitilləri kağız zərfə qoyulub üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs razılığı ilə həyətyanı sahəsinin digər yerlərinə, yaşadığı evə baxış keçirilmiş, həmin yerlərdən başqa heç bir cinayət xarakterli iz, əlamət, əşya və ya predmet, eləcə də narkotik vasitə, yaxud psixotrop maddə aşkar edilməmişdir. Aqronom-mütəxəssis, X14 X6 Sektorunun müdiri vəzifəsində işləyən X9 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış zamanı evin qərb divarına bitişik hasarlanmış ərazidə ölçüləri 7-19 sm aralığında olan 10 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilər bellənmiş ərazidə əkilmiş, su verilmiş və narkotik tərkibli bitkiyə oxşar bitkilərin dibləri alaq otlarından təmizlənmiş və beləliklə narkotik tərkibli bitkiyə oxşar 10 ədəd bitkilər aqrotexniki qaydada qulluq edilib becərilmişdir. Məhkəmə-bioloji ekspertizasının 16 may 2024-cü il tarixli 17/448 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs məxsus həyətdən aşkar edilmiş bitki kolları” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki uzunluqları 7 sm-dən 19sm-dək nəm halda ümumi çəkiləri 1,76 qram olan 10(on) ədəd bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronom(mütəxəssis) Paşa Məmmədovun 15 may 2024-cü il tarixli rəyinə əsasən çətənə(kannabis) bitkisinin ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. çətənə(kannabis) bitkisinin ştilləri erkən inkişaf fazasında olduğundan (ştil mərhələsində olduğu üçün) onların bir-biri ilə müqayisəli tədqiqatını(eynilik) aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 01 avqust 2024-cü il tarixli 1306 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 18 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1,76 qram təşkil edən ümumilikdə 10(on) ədəd çətənə bitkisinin şitilləri maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan 10(on) ədəd çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə və kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, bu məqsədlə o, 2024-cü ilin aprel ayının əvvəllərində, dəqiq tarixi müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində, kartof bitkilərinin arasında torpaq sahəsini kol-kosdan təmizləyib şumlamaqla əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirib 7 santimetrdən 19 santimetrədək hündürlüklərə çatdırmaqla kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, ümumi təmiz çəkisi 1,76 qram olan, xeyli miqdar təşkil edən ümumilikdə 10 (on) ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının və onunla bir ailədə yaşayan oğlu X11 müharibəsinin veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış 27 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İsmayıllı RİHB-nin Zərnava kənd İƏD üzrə nümayəndəliyindən alınmış 21 may 2024-cü il tarixli 98 və 99 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Müşkəmir kəndində qeydiyyatda olmaqla hazırda İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) yaşayır, ailəlidir, ailə tərkibi özündən, 1985-ci il təvəllüdlü arvadı X10, xx.xx.2002-ci il, xx.xx.2003cü il və xx.xx.2016-cı il təvəllüdlü övladlarə Məhərrəm, Şəfəq və Fidandan ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İ-42173, İ-19885, İ-9052 və İ-22190 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu X4 Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İsmayıllı rayon X8 Hüquqi Şəxsindən alınmış 29 may 2024-cü il tarixli 18-1-47/2- 677/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il saat 16:25-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 may 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 11:40-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd kağız paketdə üzəri ştampla möhürlənmiş vəziyyətdə olan ümumi çəkiləri- 1,76 qram olan 10(on) ədəd çətənə (kannabis) bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 may 2024-cü il saat 16:25-dən 17 may 2024-cü il saat 11:40-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonun İsmayıllı kəndində) yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd kağız paketdə üzəri ştampla möhürlənmiş vəziyyətdə olan ümumi çəkiləri- 1,76 qram olan 10(on) ədəd çətənə bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-45/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-45/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver