Məhkəmə qərarları › İş №1(037)-45/2025

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-45/2025

23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-45/2025 23.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 23 dekabr 2025-ci il tarixdə saat 11:35-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1996-cı ildə İsmayıllı rayonunun Sədiyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun Sədiyan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 20025-ci il tarixli 1(037)-45/2025 nömrəli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq xeyli miqdar təşkil edən 68,24 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək 22 iyul 2025-ci il tarixə kimi üzərində daşıyaraq saxlamış, göstərilən tarixdə, saat 19:12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Nizami Səmədov küçəsində saxlanılaraq üzərinə baxış keçirilərkən əynindəki cins şalvarın sağ cibində, şəffaf sellofan torbada gizlədərək saxladığı ümumi təmiz çəkisi xeyli miqdar təşkil edən 68,24 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İsmayıllı rayonunun Sədiyan kəndində yaşayır. 19 iyul 2025-ci il tarixdə günorta saatlarında İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən yaşadığı kəndə gedərkən yolun kənarındakı kolluqda şəffaf sellofan torba görmüş, həmin sellofan torba diqqətini cəlb etdiyindən yerdən götürmüş və içərisində narkotik vasitəyə bənzər bitki kütləsinin olduğunu görmüşdür. Arabir marixuana istifadə etdiyi üçün həmin bitkini marixuanaya bənzətmiş, tapdığı sellofan torbadakı bitki kütləsini gələcəkdə istifadə etmək məqsədilə əynindəki şalvarın cibinə qoymuş və üzərində gəzdirmişdir. 22 iyul 2025-cü il tarixdə saat 19 radələrində İsmayıllı şəhərinin “Bazar” adlanan ərazisində olarkən bir neçə şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu, bu barədə əməliyyat məlumatının olduğunu və qərar qəbul olunduğunu bildirib, üzərinə videoçəkilişlə yoxlama həyata keçirəcəklərini bildirmişlər. O, etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməyini təlkif etmişlər. O, əynindəki şalvarın cibində saxladığı şəffaf sellofan torbanı polislərə təqdim etmişdir. Ondan torbadakı bitki kütləsi barədə soruşulduqda həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, yaşadığı kəndə gedərkən yolun qırağından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Kütlə xüsusi elektron tərəzidə çəkilməklə çəkisi müəyyən olunmuş, sonra isə zərfə qoyuluş, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları ona məxsus mobil telefonu da götürmüşlər. Bu barədə protokol tərtib edilmiş, o protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə İsmayıllı rayon Polis şöbəsinə gəlmişdir. Şöbənin xidməti otağında polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş kütləyə yenidən videoçəkilişlə baxış keçirilmiş, ondan təkrarən həmin kütlə barədə soruşulmuşdur. Baxış yekunlaşdıqdan sonra kütlə yenidən qablaşdırılmış və zərfə qoyulmuşdur. Zərfin üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra o, öz istəyi ilə müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Gəncdir, tapdığı marixuananı öz şəxsi istifadəsi üçün üzərində daşıyaraq saxlamış, narkotik vasitəni kiməsə satmaq, bağışlamaq fikri olmamışdır. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. X2 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin PPXB-nin komandiri vəzifəsində işləyir, polis mayorudur. İsmayıllı rayonunun Sədiyan kənd sakini, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə xx.xx.2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında dərhal əməliyyat qrupu yaradılmış, qrupun tərkibinə o, İsmayıllı RPŞnin NMQ-nin baş əməliyyat müvəkkili X3 və şöbənin polis nəfəri, polis kiçik serjantı X7 daxil edilmiş, qrupa rəhbərlik Rahib İmamverdiyevə həvalə edilmişdir. Təxirəsalınmaz əməliyyat tədbiri olduğundan elə həmin gün, saat 19:12 radələrində Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, N.Səmədov küçəsində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər və üzərinə videçəkilişlə yoxlanış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və ona üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki cins şalvarın cibində saxladığı içərisində bitki kütləsi olan sellofan torbanı təqdim etmişdir. Həmin bükülü onlar tərəfindən açıldıqda içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli, kəskin iyi ola bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda sonuncu, həmin kütlənin marixuana olduğunu, Diyallı kəndində yolun qırağındakı kolluqdan tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sellofan büküm xüsusi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmış, üzəri imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon da qablaşdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. Təqsirləndirilən şəxs üzərindən bundan əlavə qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. İstintaq bölməsində onun və digər polis əməkdaşlarının, habelə Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun üzərindən aşkar edilərək qablaşdırılmış zərfə baxış keçirilmiş, həmin kütlə yenidən elektron tərəzidə çəkilmiş, digər zərfə qoyulub qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş, protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. Şahidlər - İsmayıllı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X3 və İsmayıllı RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X7 eyni məzmunlu ifadələr verərək şahid Qurban Səfərlinin ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şəxsin üstünün yoxlanılmasına və əşyaların götürülməsinə dair” 22 iyul 2025-ci cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videogörüntüləri olan diskdən görünür ki, Təqsirləndirilən şəxs salxanıldığı və üzərinə baxışın keçirildiyi yer İsmayıllı şəhəri, N.Səmədov küçəsidir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya saxlayıb-saxlamaması, vardırsa təqdim etməsini bildirilir. O, üzərində şəxsi istifadəsi üçün qurudulmuş marixuana saxladığını və təqdim edə biləcəyini bildirir və əynindəki şalvarın sağ yan cibində gizlədib saxladığı 1 ədəd sellofan bağlamada olan bükülünü cibindən çıxarıb təqdim edir. Sellofan bağlama açıldıqda içərisində kəskin iyi olan yaşıl rəngli narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilir, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin marixuana olduğunu, Diyallı kəndində kolluqdan tapdığını və şəxsi istifadəsi üzərində saxladığını bildirir, həmin bağlama elektron tərəzidə çəkilir və sellofan bağlama ilə birlikdə çəkisinin 65 qram olması müəyyən edilir, bağlama 1 ədəd zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülür, daha sonra Təqsirləndirilən şəxs cibində olan özünə məxsus olduğunu dediyi Samsung Galaxy A 12 markalı mobil telefon da 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülür. “Əlavə edilmiş baxış keçirilmə və götürmə haqqında” 22 iyul 2025-ci cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videogörüntüləri olan diskdən görünür ki, 1 ədəd zərfin üzərində “Təqsirləndirilən şəxs üzərinin yoxlaması zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri adlar, imzalar və İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü vardır. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu, özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan büküm xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin 73,8 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm təqdim edildiyi zərflə birlikdə digər zərfə qoyulub üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra təqdim edilmiş digər zərfə baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, 1 ədəd zərfin üzərində “Vətəndaş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung A12” markalı mobil telefon” sözləri adlar, imzalar və İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olduğunu, mobil telefonun içərisində 2 ədəd ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə olduğunu bildirmişdir. Mobil telefonun şarjı olmadığından baxış keçirmək mümkün olmamış, həmin mobil telefon təqdim edildiyi zərflə birlikdə digər zərfə qoyulub üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/544 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən... aşkar edilərək götürülmüş...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) sellofan torbada, təmiz çəkisi- 68,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiq edilən bioloji ekspertiza rəyinin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi - 68,24 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq çəki 68,19 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35(otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 21 avqust 2025-ci il tarixli 1319 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 26 iyul 2025-ci il tarixli qərardan görünür ki, 22 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 68,19 qram çəkidə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün İsmayıllı RPŞnin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq xeyli miqdar təşkil edən 68,24 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək 22 iyul 2025-ci il tarixə kimi üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq xeyli miqdar təşkil edən 68,24 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək 22 iyul 2025-ci il tarixə kimi üzərində daşıyaraq saxlamış, göstərilən tarixdə, saat 19:12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Nizami Səmədov küçəsində saxlanılaraq üzərinə baxış keçirilərkən əynindəki cins şalvarın sağ cibində, şəffaf sellofan torbada gizlədərək saxladığı ümumi təmiz çəkisi xeyli miqdar təşkil edən 68,24 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmalıdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Sözügedən qərara əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Məcəllənin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir Adıçəkilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yəni təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Ramil Səfərova təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İsmayıllı RİHB-nin Diyallı kənd İƏD-si üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Sədiyan kəndində qeydiyyatdadır, yaşadığı müddət ərzində icra nümayəndəliyinə şikayət daxil olmamışdır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış xx.xx.2025-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X4 Hüquqi Şəxsindən alınmış xx.xx.2025-ci il tarixli 18-1-47/2- 979/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabietlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halın mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Ramil Səfərov barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2025-ci il saat 19:12-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 iyul 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 12:58-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli 1(037)-45/2025 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmənin həmin tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tutulub məhkəmə iclasına gətirilənədək onun barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən 27 noyabr 2025-ci il tarixli 84/2-24087/25 nömrəli məktubdan və həmin tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2025-ci tarixdə saat 09:30 radələrində özü könüllü olaraq İsmayıllı rayon Polis şöbəsinə gəlmiş və aidiyyatı üzrə şöbənin müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli 1(037)-45/2025 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnərək məhkəmə baxışı iclası təyin edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ümumilikdə 1(bir) ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1(bir) ay müddəti nəzərə alaraq hesab edir ki, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 2(iki) ay müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi təmiz çəkisi 68,19 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 iyul 2025-ci il tarixdə saat 19:12-dən 24 iyul 2025-ci il tarixə saat 12:58-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və 27 noyabr 2025-ci tarixdə saat 09:30-dan 23 dekabr 2025-ci il tarixə saat 11:15-dək həbsdə saxlanıldığı 28 (iyirmi səkkiz) gün-ümumilikdə 1(bir) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 2 (iki) ay müddət ona təyin edilən 2(iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 10(on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 10(on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, bu müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı rayonunun Sədiyan kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 68,19 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35(otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi və müsadirə edilməsi təklif olunan əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar