Məhkəmə qərarları › İş №1(037)-47/2020

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-47/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-47/2020 19.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Cəfərzadə İlham Nizami oğlunun, Müdafiəçi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1985-ci ildə İsmayıllı rayonu Basqal qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum edilməmiş, işsiz, İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumilikdə 16,905 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 3,902 qram, 3,015 qram, 2,791 qram, 3,427 qram və 3,770 qram olmaqla 5 ədəd kibrit qutusuna doldurub üzərində daşıyaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb bölgəsinin Regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün saat 18:30 radələrində üzərində şəxsi axtarış aparılarkən üzərindən həmin 5 ədəd kibrit qutusunda qanunsuz olaraq satış məqsədi ilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il il tarixdə saat 14:00 radələrində yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən meşə sahəsinə getmişdir. Meşədə gəzərkən qurumuş vəziyyətdə bir ədəd yabanı şəkildə bitmiş çətənə bitkisi görmüş, onun yarpaqlarını yığaraq əynindəki gödəkçəsinin ciblərinə doldurmuşdur. Bundan sonra kəndə qayıtmış və mağazadan 5 ədəd kibrit almışdır. Kibrit qutularının içərisindəki çöpləri yerə tökərək topladığı marixuana yarpaqlarını əzərək qutularının içərisinə doldurmuşdur. Narkotik vasitə istifadəçisi olduğundan kibrit qutularını cibində saxlamış və arabir ondan siqaretə doldurarqaq çəkmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində yaşadığı kənddə küçədə olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş X1 Qərb bölgəsinin Regional şöbəsinin əməkdaşları olduğunu demişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağı barədə əməliyyat məlumatı daxil olduğunu deyərək əməliyyat-axtarış tədbilərinin keçirilməsi barədə qərarı göstərmişlər. Onlar üzərində narkotik vasitə olub-olmadığını soruşduqda üzərində marixuana olduğunu etiraf etmişdir. Əməkdaşlar ona İsmayıllı rayon Polis şöbəsinə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. O, etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, orada hüquqları izah edildikdən sonra ona seçdiyi müdafiəçi təqdim olunmuşdur. Müdafiəçinin iştirakı ilə tərtib olunmuş sənədləri oxuyub tanış olmuşdur. Ona videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirildikdə etiraz etməmişdir. Polis əməkdaşları ona üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişlər. O, əynində olan gödəkçəsinin cibindən işərisində marixuana olan 5 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Əməkdaşlar tərəfindən kibrit qutularının hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, içərisindəki marixuana aşkar edilmiş, çəkiləri müəyyən olunmuşdur. Ondan narkotik vasitəni haradan əldə etməsi barədə soruşulduqda meşədə yabanı şəkildə bitmiş çətənə bitkisinin üzərindən yığaraq saxladığını bildirmişdir. Kibrit qutuları zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri onun və müdafiəçisinin, həmçinin baxış zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış davam etdirilsə də hər hansı digər narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Axtarış barədə protokol tərtib olunaraq oxunmuş, o, müdafiəçisi ilə birlikdə tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. O, üzərindən aşkar edilmiş kibrit qutularında olan quru halda marixuananı satış məqsədi ilə saxlamamış, ozü narkomaniya xəstəliyindən əziyyət çəkdiyi və mütəmadi həmin vasitədən istifadə etdiyi üçün üzərində saxlamışdır. Narkotik vasitələri hissələrə ayıraraq kirbit qutularında yerləşdirməkdə məqsədi cibində rahat şəkildə saxlamaq və ailə üzvərini şübhələndirməmək olmuşdur. Həmin narkotik vasitəni evində gizlədərək saxladığı barədə heç kimə deməmiş, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Narkotik vasitəni heç kimin sifarişi ilə əldə etməmiş və saxlamamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Himayəsində bir azyaşlı uşağının və ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. X6 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində regional şöbənin baş əməliyyat müvəkkili vəifəsində işləyir. İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə Baş X1 Qərb bölgəsində regional şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbilərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərarın icrası ilə əlaqədar şöbənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün İsmayıllı rayonuna gəlmişlər və saat 16:00 radələrində Təqsirləndirilən şəxs Basqal qəsəbəsinin giriş hissəsində olması barədə məlumat əldə edərək həmin yerə getmişlər. O və əməliyyat qrupunun üzvləri olan Ceyhun İsmayılov və X14 Mirzəyevə yaxınlaşaraq xidməti vəsiqlərini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Elvindən üzərində narkotik vasitə olub-olmadığını soruşduqda sonuncu üzərində marixuana olduğunu etiraf etmişdir. Onlar üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək Elvinə İsmayıllı rayon polis şöbəsinə getməyi təklif etmişlər. Elvin onlarla birlikdə İsmayıllı rayon polis şöbəsinə gəlmişdir. Şöbəsdə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona seçdiyi müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Elvin tərtib edilmiş sənədləri müdafiəçisinin iştirakı ilə oxuyaraq tanış olmuş və ona videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etməmiş, Elvinə üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 5 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutularının hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, həmin qutuların içərilərindən yaşıl rəngli kəskin iyi olan narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Elvindən həmin kütlələrin nə olması və haradan əldə etməsi soruşulduqda o, kütlələrin marixuana olduğunu, meşə ərazisindən qurumuş halda gördüyü çətənə bitkisinin üzərindən yığaraq əldə etdiyini bildirmişdir. Həmin kütlələrin ayrı ayrılıqda çəkiləri müəyyən edilmiş, zərfə qoyularaq üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də onu üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və qanunlıa dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şаhid qismində dindirilmiş DİN-nin BNMİ-nin bilavasitə tabe olan Qərb bölgəsində regional şöbənin digər əməkdaşları X2, X12, X3 və X10 da şahid Anar Seyidov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb bölgəsinin Regional şöbəsinin baş əməliyyat müvəkkili X13 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 18:35-dən saat 18:50-yə dək İsmayıllı RPŞ-nin inzibati binasında növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan öncə Təqsirləndirilən şəxs videokameradan istifadə etməklə videoçəkiliş aparılacağı və fotoşəkillərin çəkiləcəyi bildirilərək razılığı alınmış və Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 5 ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin qutular açıldıqda içərisində yaşıl rəngli kəskin iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Axtarış davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, üzərindən aşkarlanmış narkotik vasitəni qurumuş halda meşədən tapdığı koldan yığaraq kibrit qutularında öz istifadəsi üçün saxladığını və satmaq niyyətinin olmadığını bildirmişdir. “Yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmiş, lakin hər hansı narkotik vasitə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X9 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 16/579 nömrəli rəyi ilə müəyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində“...Təqsirləndirilən şəxs üzərindən götürülmüş 5 (beş) əəd kibrit qutusunda.....”yazı və imzalar olan bir ədəd kağız paketdəki, 5 (beş) ədəd kibrit qutusunda olan, ayrı-ayrılıqda təmiz çəkiləri 3,902 qram, 3,015 qram, 2,791 qram, 3,427 qram, 3,770 qram, ümumi təmiz çəkisi 16,905 qram olan bitki mənşəlli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabius) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş qurudulmuş mаriхuаnаlаr tərkiblərinə görə еynidirlər. Tədqiqat obyektlərindən hər birindən ayrı-ayrılıqda 0,02 qram olmaqla ümumilikdə 01 qram tədqiqata sərf edilmiş, qalıq hissələrinin ümumi çəkisi 15,905 qramdan ibarətdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. Məhkəmə narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 819 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Nаrkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılmışdır. Sübutların qiymətləndirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçının xx xxxxxx 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:20-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1985-ci il təvəllüdlü arvadı X5 və 2011-ci il təvəllüdlü qızı Leyladan ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. İsmayıllı rayon X4 hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 314 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Ruhi-Əsəb” və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcələnin 234.2-ci maddəsinə tövsif edilmiş və bu maddə ilə məhkəməyə verilmişdir. İbtidai istintaq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməsinə sübut növü kimi üzərindən aşkarlanmış ümumilikdə 16,905 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın hissələrə ayıraraq 05 (beş) ədəd kibrit qutusunda saxlamasını əsas götürmüşdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı bir neçə hissəyə bölərək kibrit qutularında saxlamasında satış məqsədinin olması qənaətinə gəlməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməli idi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi ümumilikdə 16,905 qram narkotik vasitə olan qurudulmuş marixuananı saxlamasında satış məqsədinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarından da bu anlama gəlmək olar ki, təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərtdir. Yəni belə halda narkotik vasitənin miqdarı çox olmalıdır. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən az miqdarda, ümumilikdə 16,905 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin ayrıayrı hissələrə bölünərək 05 (beş) ədəd kibrit qutularında qablaşdırıb saxlanılması sonuncunun həmin narkotik vasirtəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmuş, lakin təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Həmin hallar və işin digər halları nəzərə alınmadan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bundan başqa, iş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Nаrkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Bu hallar da Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün saxlamasını şərtləndirən sübut növü kimi qitmətləndirilməlidir. Məhkəmə, hesab edir ki, aşkar olunaraq götürülmüş narkotik vasitənin ayrı-ayrı hissələrə bölünərək 05 (beş) ədəd kibrit qutularında qablaşdırıb saxlanılması təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumilikdə 16,905 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 3,902 qram, 3,015 qram, 2,791 qram, 3,427 qram və 3,770 qram olmaqla 5 ədəd kibrit qutusuna doldurub üzərində daşıyaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb bölgəsinin Regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün saat 18:30 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən həmin 5 ədəd kibrit qutusunda qanunsuz olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətini və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddədə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il müddətə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Basqal qəsəbəsindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğuna və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyünə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd kağız zərfdəki 15,905 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 40 (qırx) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Basqal qəsəbəsindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd kağız zərfdəki 15,905 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 40 (qırx) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar