Məhkəmə qərarları › İş №1(037)-50/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-50/2021

27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-50/2021 27.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs iştirakı ilə 27 avqust 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1986-cı il tarixdə Ermənistan Resbublikasının Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonu Uştal kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs koronavirus (Covid-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar İsmayıllı rayon mərkəzi xəstəxanasına müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə və 8 aprel 2021-ci il tarixdə keçirilmiş müayinəsi zamanı koronavirus (Covid-19) infeksiyasının pozitiv olması aşkar edilərək evdə qalmaqla müalicə olunmasının qərara alınmasına, habelə karantin qaydalarını pozmağa görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etdirilməsinə baxmayaraq, koronavirus (Covid-19) infeksiyası daşıyıcısı olmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş xüsusi karantin rejimini qəsdən pozaraq 20 aprel 2021-ci il tarixdə saat 07 radələrində İsmayıllı rayonu Uştal kəndində yerləşən evini tərk edərək özünə məxsus qoyunları və keçiləri otarmaq üçün kənd sakinlərinin daimi hərəkətdə olduqları küçə ilə kənd ərazisindəki örüş sahəsinə aparıb insanların çoxluq təşkil etdiyi yerlərdə olmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 19 radələrində kənddəki biçənək sahəsində qoyunlarını otararkən həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncu ilə yaxın ünsiyyətdə olmaqla qəsdən Zərərçəkmiş şəxs koronavirus (Covid-19) infeksiyon xəstəliyinə yoluxmasına səbəb olmuş, Zərərçəkmiş şəxs yaxma üsulu ilə götürülmüş koronavirus testinin 23 aprel 2021-ci il tarixdə nəticəsinə uyğun olaraq sonuncunun koronavirus (Covid-19) infeksion xəstəliyinə yoluxması təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 05 aprel 2021-ci il tarixdə heyvanlarını örüş sahəsindən gətirdikdən sonra səhhətində narahatlıq hiss etmiş və bədən temperaturu qalxmışdır. 6 aprel 2021-ci il tarixdə səhər saatlarında qonşuluqda yaşayan qardaşı Rahibin səhhətində də narahatlıq olduğunu görərək İsmayıllı RMX-nın təcili tibbi yardım şöbəsinin 103 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Az sonra təcili tibbi yardım şöbəsinin həkimləri qonşuluqda yaşayan anası Pərişan və qardaşı Rahibin yaşadığı evə gəlmişlər. O da anasının evinə getmiş və həkimlərə səhhətindəki narahatlığı bildirmişdir. Həkimlər ondan, anasından və qardaşından yaxma üsulu ilə analiz götürmüşlər. 8 aprel 2021-ci il tarixdə verdiyi testin nəticəsinin pozitiv olması, onun və ailə üzvlərinin yaşayış yerini tərk etməmələri, karantin qaydasını pozduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddələr üzrə məsuliyyət daşımağım barədə xəbərdarlıq elan edilmişdir. 20 aprel 2021-ci il tarixdə səhər tezdən özünə məxsus qoyun və keçiləri yaşadığı kəndin biçənək sahəsinə apararaq orada otarmağa başlamışdır. Axşam saatlarında həmkəndlisi Zərərçəkmiş şəxs həmin biçənək sahəsinə gələrək oranın özünə məxsus olmasını demiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, isə ona həmin yerin heç kimə məxsus olmadığını desə də Zaman onun ünvanına təkrar nalayiq ifadələr işlətmiş və əlinə taxta parçası və daş götürərək örüş sahəsindən qovmağa başlamışdır. Zaman ona yaxınlaşaraq əlindəki çomaqla ayağından vurmuş, sonradan həmin yerə gəlmiş Zamanın oğlu Elgiz isə əlindəki daşla onun kürək nahiyəsindən vurmuşdur. Ətrafda qoyun otaran Sevindik və Sayəddin adlı həmkəndliləri bu mübahisənin şahidi olmuşlar. Zaman ona məxsus bir baş qoyuna və yeddi baş keçiyə zədə yetirmişdir. Bundan sonra qoyunları həmin biçənəkdən çıxararaq həyətinə gətirmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, mübahisə zamanı Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncu ilə yaxın ünsiyyətdə olduğundan Zaman koronavirus (Covid-19) infeksiyon xəstəliyinə yoluxmasına səbəb olmuşdur. Əməlindən peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağının olmasının cəza təyin edilən zaman nəzərə almasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2020-ci ildə bələdiyyə sədri tərəfindən bələdiyyə mülkiyyətində olan bir hektar torpaq sahəsinin otunu biçib aparmağı ona həvalə etmişdir. O öz otlaq sahəsinin sərhədlərini bilmişdir. Yaşadığı evin həyətindən həmin örüşotlaq sahəsi açıq-aydın görünür. 20 aprel 2021-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evin həyətində olarkən həmin otlaq sahəsində bir nəfər şəxsin qoyun otardığını görmüşdür. Evdən çıxıb həmin sahəyə getmiş və qoyunları otaran şəxsin həmkəndlisi Raqib olmasını görmüşdür. O, təxminən 10-15 metr məsafədən Raqibə nəyə görə ona məxsus torpaq sahəsində heyvan otardığını soruşmuşdur. Raqib ona kobud şəkildə həmin sahədə qoyunları otaracağını bildirmidir. O, əlindəki çomaqla Raqibə məxsus qoyun və keçiləri otlaq sahəsindən çıxarmağa başlamışdır. Raqib həmin vaxt onu qorxutmaq üçün dörd baş itini onun üstünə istiqamətləndirmiş və itlər onun üstünə gəldikdə qaçmaq istəmişdir. Bu zaman ayağı büdrəyərək yerə yıxılmışdır.Təxminən 90-100 metr məsafədə həmkəndliləri, Raqibin qohumları olan Sevindik və Sayəddin Rafik oğlu da qoyunlarını otarmışlar. Raqibə məxsus qoyunları sahəsindən tam çıxartmış və kəndə tərəf istiqamətləndirmişdir. Bu zaman Raqib onun yanına gəlmiş və təxminən 2 metr məsafədən onunla ünsiyyətdə olmuşdur. Raqibin ağzında qoruyucu maska olmamışdır. Mübahisənin böyüyəcəyini görərək Raqibdən aralaşıb kəndə tərəf getməyə başlamışdır. Həmin vaxt oğlu Elgiz də onun yanına gəlmişdir. Elgizlə birlikdə yaşadığı evə getmiş, sonradan eşitmişdir ki, Raqib Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək guya onun və oğlu Elgizin onu döydüyünü və qoyunlarına ziyan vurduğunu bildirmişdir. 22 aprel 2021-ci il tarixdə İsmayıllı rayon polis şöbəsinin istintaq bölməsinin sorğusu əsasında onun və oğlu X9 Qasımovla ünsiyyəti zamanı “Covid-19” infeksiyasına yoluxub-yoluxmadıqlarını müəyyənləşdirmək üçün həkimlər tərəfindən ondan və oğlu Elgizdən yaxma üsulu ilə analiz götürmüşlər. 23 aprel 2021-ci il tarixdə laborator analizin cavabına görə onun “Covid-19” infeksiyasına yoluxmağı təsdiq edilmiş və 15 gün müddətinə karantinə alınmışdır. Əmin olmuşdur ki, Raqib onunla yaxın ünsiyyətdə olarkən Raqibdən ona Covid-19 infeksiyası yoluxmuşdur. Hazırki vəziyyətdə onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur.İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şаhid qismində dindirilmiş X7 atası, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid X3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs bibisi oğlu, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. 20 aprel 2021-ci il tarixdə özünə məxsus qoyunları İsmayıllı rayonu Uştal kəndində otlaq sahəsində otarmış, qonşu biçənək sahələrində isə Raqib və digər həmkəndlisi Sayəddin öz qoyunlarını otarmışlar. Axşam saatlarında Zərərçəkmiş şəxs biçənək sahəsinə gələrək Raqiblə mübahisə etməyə başlamışlar. Onunla mübahisə edənlərin arasında 100-200 metr məsafə olmuş, Zaman Raqibdən qoyunlarını biçənək sahəsindən çıxarmağı tələb etmişdir. Bu zaman otardığı qoyunlar oradan uzaqlaşdığından o da qoyunlarının dalınca getmişdir. Bundan sonra başqa nə baş verdiyini bilməmişdir. Şahid X4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs yeznəsi, Zərərçəkmiş şəxs isə həmkəndlisi və qohumudur. 20 aprel 2021-ci il tarixdə özünə məxsus qoyunları İsmayıllı rayonunun Uştal kəndində otlaq sahəsində otarmış, həmkəndlisi Sevindik Mikayılov da digər istiqamətdə qoyunlarını otarmışdır. Axşam saat 19 radələrində Zaman biçənək sahəsinə gələrək Raqiblə mübahisə etməyə başlamışdır. Onunla mübahisə edənlərin arasında təxminən 50-60 metr məsafə olmuşdur. Zaman Raqibdən qoyunlarını biçənək sahəsindən çıxarmağı tələb etmişdir. Bu zaman onun qoyunları digər istiqamətə getdiyindən o, diqqətini mübahisə yerindən yayındırıb qoyunlarının getdiyi istiqamətdə hərəkət etmişdir. Bundan sonra başqa nə baş verdiyini bilməmişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs koronavirus (Covid-19) infeksiyon xəstəsi ola-ola yaşadığı evi tərk edərək olduğu yer İsmayıllı rayonu Uştal kəndi ərazisidir. İsmayıllı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş test nümunəsi 06 aprel 2021-ci il tarixdə qeydiyyata alınmış, testin nəticəsi 08 aprel 2021-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) cavablandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair 08 aprel 2021-ci il tarixdə tərtib edilmiş iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs test nəticəsi “pozitiv” təsdiqlənən tarixdən sonra 14 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. Məhkəmə-tibbi ekspertizasının 21 may 2021-ci il tarixli 507/KEŞ nömrəli rəyindən görünür ki, 06 aprel 2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. İsmayıllı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Zərərçəkmiş şəxs götürülmüş test nümunəsi 22 aprel 2021-ci il tarixdə qeydiyyata alınmış, testin nəticəsi 23 aprel 2021-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) cavablandırılmışdır. 01 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. TQS-025 nömrəli ambulator tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə İsmayıllı RMX-nın PHŞ-nn Ailə Sağlamlıq Mərkəzinin şöbəsində dispanser qeydiyyatına alınmışdır. İsmayıllı RMX-nın PHŞ-nn Ailə Sağlamlıq Mərkəzinin şöbəsindən alınmış sənədin surətindən görünür ki, sahə həkimi tərəfindən 9 aprel 2021-ci il tarixdə saat 10:45-də, 10 aprel 2021-ci il tarixdə, 12 aprel 2021-ci il tarixdə, 14 aprel 2021-ci il tarixdə, 15 aprel 2021-ci il tarixdə, 16 aprel 2021-ci il tarixdə, 18 aprel 2021-ci il tarixdə, 19 aprel 2021-ci il tarixdə, 19 aprel 2021-ci il tarixdə, 20 aprel 2021-ci il tarixdə, 21 aprel 2021-ci il tarixdə “Covid-19” infeksiyası xəstəsi Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılaraq səhhəti ilə maraqlanılmış və karantin rejiminə əməl etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs istinraq orqanına təqdim etdiyi bir ədəd DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə Covid-19 infeksiyası xəstəsi olduğu halda Zərərçəkmiş şəxs ilə yaxın ünsiyyətdə olmaqla mübahisə etmişdir. 15 iyul 2021-ci il tarixli 92 və 93 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Uştal kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, arvadı X5, 08 oktyabr 2010-cu il və 06 iyun 2015-ci il təvəlüdlü qızları Nisanur və Aytacdan ibarətdir.Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Müstəntiqin 30 iyun 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ay müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Uştal kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Uştal kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar