Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-51/2021 02.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi Müdafiəçi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 02 noyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1981-ci ildə Göyçay rayonu Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə saat 19 radələrində İsmayıllı rayonu İvanovka kəndində işlətdiyi “Sərin” kafedə olarkən həmin kənd sakini Zərərçəkmiş şəxs ora gələrək şərikinə olan borcunu tələb etmiş, bu zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, yumruqla bir dəfə qəsdən Zərərçəkmiş şəxs sinə nahiyəsindən vurmuş və kafenin mətbəxinə keçib oradan mətbəx bıçağını götürərək çölə çıxıb həmin bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya döş qəfəsinin daxilə nüfuz etməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, təxminən yeddi ildir ki, İsmayıllı rayonu İvanovka kəndi ərazisində kafe işlədir. 2021-ci ilin mart ayının əvvəllərində kənd sakini İvan Lebedov onun işlətdiyi kafeyə gələrək kababçı işləyən Şahid donuz əti təklif etmişdir. Həmin vaxt kafedə olmadığından Elşən ona zəng edərək bu barədə bildirmiş, Elşənə əti götürməyini tapşırmışdır. Elşən əti almış, İvan 2-3 gün sonra kafeyə gələrək ətin pulunu tələb etmişdir. O, İvana borclu olduğu məbləğin müəyyən hissəsini vermiş və ona 155 manat borclu qalmışdır. Sonrakı günlərdə kənd sakini Zərərçəkmiş şəxs bir neçə dəfə kafeyə gələrək İvana borclu olduğu pulun ona çatacağını deyərək pulu tələb etmişdir. O, Rövşənə əti İvandan aldığını və pulu İvanın özünə verəcəyini demişdir. 15 mart 2021-ci il tarixdə saat 19 radələrində kafenin qarşısında olarkən Rövşən idarə etdiyi avtomobillə kafenin qarşısına gəlmişdir. Rövşən maşından düşüb onunla görüşmüş və ondan İvana borclu olduğu pulu istəmişdir. O, pulu İvana verəcəyini dedikdə aralarında mübahisə yaranmış, mübahisə zəminində Rövşən onu yalançı adlandırdığı üçün onun sinəsindən yumruqla vurmuşdur. Rövşənin sakitləşmədiyini görərək mətbəxə keçmiş və oradan Rövşəni qorxutmaq üçün mətbəx bıçağını götürərək Rövşənin üzərinə getmişdir. Bu zaman Rövşən qəfil ona yaxınlaşdığı üçün əlindəki bıçaq onun sinə nahiyyəsindən dəyərək həmin nahiyyəni yüngül yaralamışdır. Onun Rövşəni bışaqla vurmaq niyyəti olmamış, mübahisə zəminində əlindəki bıçaq Rövşənə dəymişdir. Bundan sonra Elşən kafedən çölə çıxaraq onu kafeyə aparmışdır. Rövşən isə avtomobilinə əyləşib oradan getmişdir. Hadisə baş verən zaman kafedə müştəri olmamış, habelə ətrafda başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş, Rövşən onu bağışlamışdır. Himayəsində bir azyaşlı uşağı vardır. Qeyd etdiyi halların ona cəza təyin edilən zaman nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu İvanovka kəndində erləşən Sərin kafesini işlədən şəxs kimi tanımışdır. Təxminən bir ildir ki, həmkəndlisi İvanla birlikdə şərikli donuz saxlayırlar. 2021-ci ilin mart ayının əvvəllərində İvan Ayaza donuz əti satdığını demış və Ayazın borclu qaldığı 180 manat pulu 2-3 günə verəcəyini bildirmişdir. İvan bir neçə gün sonra Ayazın kafesinə getmiş və Ayaz ona cəmi 25 manat pul vermişdir. və qalan 155 manat borcunu yaxın günlərdə verəcəyini demişdir. İvan dəfələrlə Ayazın yanına getsə də Ayaz ona olan borcunu qaytarmamışdır. Özü də bir neçə dəfə Ayaza pulun qaytarılmasını xahiş etsə də Ayaz borcunu qaytarmamışdır. Sonuncu dəfə o, Ayazdan pulunu tələb etdikdə Ayaz ona 15 mart 2021-ci il tarixdə axşam saatlarında işlədiyi kafedən pulunu götürməyini bildirmişdir. 15 mart 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi avtomobillə kafenin qarşısına gəlmişdir. Bu zaman 12 yaşlı oğlu Səid də avtomobilində olmuşdur. Avtomobildən düşərək Ayazla görüşmüş və borcunu tələb etmişdir. Ayaz ona hazıra pulunun olmadığını və buna görə də borcunu qaytara bilməyəcəyini demiş, bu zaman aralarında mübahisə yaranmışdır. O, Ayaza “adamsan, kişisən, axı mənə söz verdin, sən çox yalançı adamsan” deyə irad bildirmişdir. Ayaz yumruqla onun sinə nahiyəsindən vurmuş, o da özünü müdafiə etmək məqsədi əli ilə Ayazı kənara itələmişdir. Ayaz kafenin mətbəxinə daxil olaraq əlində mətbəx bıçağı ilə çölə çıxmış və bıçaqla bir dəfə onun sinə nahiyəsindən vurmuşdur. Sinə nahiyəsindən xəsarət almış, bu zaman kafedə kababçı işləyən Elşən Ayazı ondan aralaşdırmışdır. O, avtomobilinə əyləşib oğlu Səidlə birlikdə yaşadığı evə gəlmiş və xəstəxanaya getmişdir. Hadisə baş verən zaman kafedə müştəri olmamış, habelə ətrafda başqa heç kim olmamışdır. Hazırda Ayaz ondan üzr istəmiş, Ayaz ona vurulmuş ziyanı ödəmiş və onlar barışmışlar. Onun Ayaza qarşı tələbi və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Valideyini Zərərçəkmiş şəxs iştirakı ilə dindirilən şahid X7 ifadə verərək göstərdi ki, 15 mart 2021-ci il tarixdə saat 19 radələrində atası Rövşənin idarə etdiyi avtomobilin qabaq oturacağında əyləşmiş və Ayazın işlətdiyi kafenin qarşısında getmişlər. Bu zaman Ayaz kafenin qarşısında olmuşdur. Atası Ayaza yaxınlaşıb onunla görüşmüşdür. Avtomobildə oturduğu üçün onların nədən söhbət etdiklərini eşitməmiş və qəflətən Ayazın atasına yumruq atdığını, atasının isə Ayazı kənara itələdiyini görmüşdür. Ayaz həmin vaxt kafeyə daxil olmuş və oradan əlində bıçaqla atasına tərəf gəlib bir dəfə atasının sinə nahiyəsindən vurmuşdur. Bu zaman kafedə kababçı işləyən əvvəlcədən tanıdığı Elşən adlı şəxs də çölə çıxmış və Ayazı kafeyə aparmışdır. Atası isə avtomobilə oturmuş və onun sinə nahiyəsinin qanamış vəziyyətdə olduğunu görmüşdür. Atasının sinəsindən xəsarət aldığını bilmişdir. Sonra onlar birlikdə evə gəlmiş, atası isə xəstəxanaya getmişdir. Şahid Ağayar oğlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır, o, 2021-ci ilin mart ayında İsmayıllı rayonu İvanovka kəndində yerləşən Ayazın işlətdiyi kafedə kababçı işləmişdir. Həmin kənd sakini İvan adlı şəxs 2021-ci ilin mart ayının əvvəllərində donuz əti gətirərək ona təklif etmişdir. Ayaz həmin vaxt kafedə olmadığından ona zəng edərək bu barədə demiş, Ayaz əti almağı tapşırmışdır. O, əti İvandan almış və Ayazın İvana 180 manat pul borcu yaranmışdır. 15 mart 2021-ci il tarixdə saat 19 radələrində kafenin mətbəxində olarkən kənd sakini Rövşənlə Ayazın mübahisə etdiklərini eşitmişdir. Rövşənə məxsus avtomobil kafenin qarşısında olmuş, kafenin qapısı açıq vəziyyətdə olmuşdur. Ayaz və Rövşən bir-birinə əl qol-atıb dartışmağa başlamışlar. O, mətbəxdən çölə çıxaraq Rövşənlə Ayaza mübahisə etməmələrini bildirmiş, Ayazı sakitləşdirib kafeyə gətirmişdir. Rövşən isə avtomobilinə əyləşərək getmişdir. O, Ayazın Rövşəni bıçaqla vurmasını görməmişdir. Məhkəmə-tibbi ekspertizasının 05 noyabr 2020-cu il tarixli 430 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətdöş qəfəsinin daxilə nüfuz etməyən bir ədəd yarası deşici-kəsici təsirə malik əşya (ola bilsin bıçaq) təsirindən törənmişdir, 15 mart 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Göyçay rayon X4 Hüquqi şəxsindən alınmış 16 iyul 2021-ci il tarixli 3267 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetdə qeydiyyatda yoxdur. 10 iyun 2021-ci il tarixli 402 və 403 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, anası X5, arvadı X3 və 01 dekabr 2020-ci il təvəllüdlü oğlu Nəbidən ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İV seriyalı 503160 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ayaz X1 ilə birgə nikahlarından 01 dekabr 2020-ci il tarixdə X8 anadan olmuşdur. Müstəntiqin 12 iyul 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 1(037)-51/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən 13 sentyabr 2021ci il tarixli 169/22607-1221 nömrəli məktubdan və axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci tarixdə saat 13:00-da İsmayıllı rayonu İvanovka kəndi ərazisində tutulmuş və həmin gün saat 13:30-da şöbənin müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. 25 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, 14 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyəytə cəlb edilmiş, İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı Şəhriyar Fərəcovun 14 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İşin hallarından və Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onunla barışıq əldə etmiş, ona vurulmuş ziyanı ödəmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Hazırki vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilməz. Belə ki, 25 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı Şəhriyar Fərəcovun 14 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Məhz bu hal təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini istisna edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01(bir) ay 23 (iyirmi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 03(üç) ay 16 (on altı) gün müddət ona təyin edilən 06(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 02(iki) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Göyçay rayonu Qarayazı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01(bir) ay 23 (iyirmi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 03(üç) ay 16 (on altı) gün müddət ona təyin edilən 06(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 02(iki) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Göyçay rayonu Qarayazı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-51/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-51/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver