Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-52/2021 16.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakı ilə 16 sentyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1971-ci ildə İsmayıllı rayonu Mücü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, İsmayıllı rayonu Mücü kənd orta məktəbində gözətçi işləyən, məhkum olunmamış, İsmayıllı rayonu Mücü kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2021-ci ilin may ayında İsmayıllı rayonunun Mücü kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində torpağı şümlayaraq toxumları səpməklə qanunsuz olaraq əkərək sulamış və sair üsullarla aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə ümumilikdə xeyli miqdar təşkil edən 3 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmiş, 06 iyul 2021-ci il tarixdə saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etdiyi 30 santimetrdən 40 santimetrədək hündürlüklərdə, ümumi təmiz çəkisi 88,32 qram təşkil edən xeyli miqdarda, yəni 3 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibə zamanı sağ ayağından xəsarət almışdır. Müharibədə yaralanmaqla yanaşı psixoloji travmalar da almışdır. Bu səbəblərdən bəzən bədənində ağrıları yaranır və özündən asılı olmayaraq depressiv duruma düşür. Həmin vaxtlarda ağrılarını azaltmaqdan ötrü marixuanadan istifadə edir. 2021-ci ilin aprel ayının sonlarına yaşadığı kənddə küçədə piyada gəzərkən yerdə kağız bağlama görmüş və diqqətini çəkdiyindən həmin bağlamanı götürərək açmışdır. Bağlamanın içində üç ədəd çətənə toxumunu görmüş və toxumları cibinə qoyaraq evə qayıtmışdır. Toxumları evdə gizlətmiş və bir neçə gündən sonra həmin toxumları yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayaraq ora səpmişdir.Toxumları basdırdığı yerə su tökmüş və dibini peyinləmişdir. Əkdiyi toxumların hamısı cücərdikdən sonra mütəmadi olaraq onları sulayaraq dibini yumşaltmışdır. 06 iyul 2021-ci il tarixdə saat 20 radələrində evdə olan zaman giriş darvazasının döyüldüyünü eşitmiş və dərhal küçəyə çıxmışdır. Bir neçə şəxsin darvazanın qarşısında olduğunu görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini göstərərək İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər.Onlarla birlikdə aqronom mütəxəssis də gəlmişdir. Polis əməkdaşları onun razılığından sonra həyətinə daxil olmuş və onun razılığını aldıqdan sonra videoçəkiliş etməyə başlamışlar. Çəkiliş zamanı polis əməkdaşları ona tərkibində narkotik maddə olan bitkiləri kultivasiya edib-etməməyi barədə sual vermişdir. O çətənə bitkilərini kultivasiya etdiyini etiraf etmiş və polis əməkdaşlarına həmin bitkilərini əkdiyi yeri göstərmişdir. Polis əməkdaşları aqronomun iştirakı ilə əkdiyi çətənə bitkilərinə baxış keçirtmiş və onlar bitkiləri kökündən qoparaq yerə sərmişlər. Daha sonra həmin bitkilər kağız bağlamada qablaşdırılmışdır. Bağlamanın üzərində olan kağız ona oxunduqdan sonra həmin kağızı imzalamış, bağlamanın üzəri möhürlənmişdir. Polis əməkdaşları onlarla birlikdə İsmayıllı rayon Polis şöbəsinə getməyi təklif etdikdə etiraz etməmiş və birlikdə şöbəyə gəlmişlər. Şöbənin Növbətçi hissəsinin qarşısında olarkən ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o həmin siyahıdan seçdiyi vəkillə təmin edilmişdir. Bundan sonra müəyyən sənədlər tərtib olunmuş və o həmin sənədləri müdafiəçinin iştirakı ilə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bu barədə tərtib edilən protokol uca səslə oxunmuş, o, müdafiəçisi və digər şəxslər həmin protokolu imzalamışlar. Yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə əkdiyini ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. O, 1-ci Qarabağ müharibəsi iştirakçısıdır, himayəsində daimi müalicəyə ehtiyacı olan xroniki beyin xəstəliyindən əzab çəkən uşağı vardır, ailəsində ondan başqa işləyib evə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X9 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 iyul 2021-ci il tarixdə İsmayıllı rayonu Mücü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında həmin gün Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar 06 iyul 2021-ci il tarixdə saat 20 radələrində şöbənin digər əməkdaşları və İsmayıllı rayon DAİM-nin bitkiçilik sektorunun müdiri Paşa Məmmədovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında getmişlər. Darvazanı döydükdən bir neçə dəqiqə sonra Cavanşir özü qapını açmışdır. Xidməti vəsiqələrini Cavanşirə göstərərək polis əməkdaşları olduqlarını, Paşa Məmmədovun isə aqronom mütəxəssis olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onları yaşadığı evin həyətinə dəvət etmişdir. Cavanşirin razılığından sonra onlar videoçəkiliş etməyə başlamışlar. Çəkiliş zamanı Cavanşirə yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkiləri kultivasiya edib-etməməyi barədə sual verilmişdir. Cavanşir həyətyanı sahəsində 3 ədəd çətənə bitki kolu əkdiyini bildirərək onlara həmin bitkilərini əkdiyi yeri göstərmişdir. Baxışın keçirilməsində iştirak edən aqronom mütəxəssis torpaqda əkilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxaraq həmin bitkilərin 30-40 sm hündürlüyündə olmasını, bitkilərə su verildiyi, diblərinin alaq otlarından təmizləndiyi və aqrotexniki qaydada qulluq edildiyi barədə rəy yazmışdır. Cavanşir həmin bitkiləri özü əkdiyini və onlaraq qulluq göstərdiyini etiraf etmişdir. Baxış keçirildikdən sonra çətənə bitkiləri kökündən qopardılıb yerə sərilmiş və kağız bağlamada qablaşdırdılmışdır. Bağlamanın üzəri imzalanmış və möhürlənmişdir. Sonra onlar Cavanşirə birlikdə Polis şöbəsinə getməyi təklif etmişlər. Cavanşir etiraz etməmiş və birlikdə şöbəyə getmişlər. Şöbənin Növbətçi hissəsinin qarşısında Cavanşir müdafiəçi ilə təmin edilmiş və dəvət edilmiş hal şahidləri, polis əməkdaşları və vəkilin iştirakı ilə Cavanşirin üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib edilmiş və protokolun doğruluğu imzaları ilə təsdiq etmişlər. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşı X4 da şahid Fariz Həsənov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında 06 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu Mücü kəndindəki evinin həyətyanı sahəsinə baxış keçirilərkən çəkilmiş videodiskə baxış keçirilmişdir. Diskə baxılarkən müəyyən olunur ki, polis əməkdaşı Cavanşirin yaşadığı evin həyətində Cavanşirə qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkiləri kultivasiya edib-etməməyi barədə sual verir. Cavanşir həyətyanı sahəsində 3 ədəd çətənə bitki kolu əkdiyini bildirərək onlara həmin bitkilərini əkdiyi yeri göstərir. Baxışın keçirilməsində iştirak edən aqronom mütəxəssis torpaqda əkilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxaraq həmin bitkilərin 30-40 sm hündürlüyündə olmasını, bitkilərə su verildiyi, diblərinin alaq otlarından təmizləndiyi və aqrotexniki qaydada qulluq edildiyi barədə rəy yazır. Cavanşir həmin bitkiləri özü əkdiyini və onlaraq qulluq göstərdiyini etiraf edir. Baxış keçirildikdən sonra çətənə bitkiləri kökündən qopardılıb yerə sərilir və kağız bağlamada qablaşdırılır. Bağlamanın üzəri imzalanır və möhürlənir. Məhkəmə-bioloji ekspertizasının 07 iyul 2021-ci il tarixli 17/492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış vərəqədə “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş....” sözləri yazılmış yaşıl rəngli kağız bağlamanın içərisindəki 03 (üç) ədəd, hündürlükləri 30 sm-dən 40 smdək, yaş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri – 16,58 qr., 39,11 qr., 32,63 qr., ümumi təmiz çəkisi – 88,32 qram olan bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, 03 (üç) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. X1 tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 3 avqust 2021-ci il tarixli 913 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. 15 iyul 2021-ci il тariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 130 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 12 iyul 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 88,17 qram təşkil edən 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 06 iyul 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdə saat 22:35-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 17:00-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 12 iyul 2021-ci il tarixli 30 və 31 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Mücü kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X2,13 sentyabr 2000-ci il və 25 sentyabr 2002-ci il təvəllüdlü uşaqları Səxavət və Səidədən ibarətdir. Gözətçi işlədiyi İsmayıllı rayonu Mücü kənd orta məktəbinin direktoru tərəfindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları ictimai Birliyi tərəfindən verilmiş 401 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin birliyin Bakı şəhəri Sabunçu rayon şöbəsinin fəxri üzvüdür. Həmin təşkilat tərəfindən verilmiş 667 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Milli Ordu-100 medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş tibbi sənədin surətindən görünür ki, onun himayəsində olan 13 sentyabr 2000-ci il təvəllüdlü uşağı Səxavət xroniki beyin xəstəliyindən (anamnezdə naməlum tutmalar) əziyyət çəkir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, onun müharibə iştirakçısı kimi müvafiq müdalla təltif edilməsini təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, cəzanın 01 (bir) il 06(altı) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdə saat 22:35-dən 08 iyul 2021-ci il tarixdə saat 17:00-dək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilən 01 (bir) il 06(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 01(bir) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Mücü kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyünə görə o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra ümumi təmiz çəkisi 88,17 qram təşkil edən 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02(iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilən 01(bir) il 06(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Mücü kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra ümumi təmiz çəkisi 88,17 qram təşkil edən 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20(iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-52/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-52/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver