Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-55/2021 19.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X3, Müdafiəçi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, 19 oktyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1986-cı ildə Laçın rayonu Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdam Hərbi Məhkəməsinin 12 dekabr 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1, 228.4, 177.2.3cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 6 ay müddətə azadlıqdan məhrum etmə və şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, 10 may 2006-cı ildə cəzasının sonu ilə azad olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 18 sentyabr 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 oktyabr 2010-cü ildə cəzasının sonu ilə azad edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 18 avqust 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 178.2.2-ci maddələri ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 05 fevral 2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Laçın rayonu Seyidlər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu,Q.Qarayev prospekti, ev 74, mənzil 36-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 may 2021-ci il tarixdə saat 4 radələrində İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən atası Zərərçəkmiş şəxs məxsus evin qarşısına gələrək ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra evin həyətyanı sahəsinin hasar kimi istifadə olunan məftil torunu açaraq saxlanc yeri hesab olunan həyətyanı sahəyə, oradan isə saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq həmin tövlədən 190 (yüz doxsan) manat dəyərində bir baş erkək quzunu, 205 (iki yüz beş) manat dəyərində bir baş erkək quzunu, hər birinin dəyəri 210 (iki yüz on) manat təşkil edən üç baş dişi quzunu qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1025 (min iyirmi beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, əvvəllər dəfələrlə məhkum edilmiş və 14 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Atası Sərdar, qardaşı Nicat və analığı Almaz İsmayıllı rayonu Eyyubbəyli kəndində yaşayırlar. Atası özünıə məxsus təsərrüfatda qoyun və keçi saxlamaqla ailəsinin dolanışığını təmin edir. Anasının ölümündən sonra atasının ikincə dəfə evlənməsi ona çox pis təsir etmiş və atasından qisas almaq istəmişdir. Bu məqsədlə atasına məxsus əmlakını oğurladığına görə həbs olunmuş, həbsdə olduğu zaman atası onunla maraqlanmadığına görə azadlığa çıxdıqdan sonra yenə də atasına məxsus mal-heyvanı oğurlayaraq satmışdır. Bu hal bir neçə dəfə təkrarlanmış, hər dəfə də azadlıqdan mərhumedilmə cəzasına məhkum olunmşdur. Buna görə də atası ona qarşı acıqlı olmuş, ata olaraq heç vaxt cəzaçəkmə müəssisəsinə onun yanına gəlməmişdir. Həbsdə olarkən qardaşı Nicatla mobil telefonla əlaqə saxlayarkən Nicat “atam deyir cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra kəndə gəlməsin” deyərək atasının tələbini ona çatdırmışdır. 14 yanvar 2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra İsmayıllı rayonu Gəraybəyli kəndinə gələrək qeydiyyata düşmüşdür. Qardaşı Nicatla görüşmüş, atası isə onunla görüşməmişdir. Bundan iki gün sonra Bakı şəhərinə getmişdir. 17 may 2021-ci il tarixdə atasına məxsus qoyunlardan oğurlamaq qərarına gəlmiş və bu məqsədlə Bakı şəhərindən Ağsu şəhərinə gəlmişdir. Saat 22 radələrində Ağsu şəhərinə çatmış və taksi dayanacağında ağ rəngli “Vaz-21013” markalı avtomobilin sürücüsü ilə tanış olmuşdur. Əhməd adlı sürücüyə İsmayıllı rayonunun Eyyubbəyli kəndində yaşayan atasının ona beş baş quzu verdiyini, ailəsinin Bakı şəhərində yaşadığı üçün quzuları Bakı şəhərinə aparmaq istədiyini demişdir. Əhməd ondan quzuların oğurluq olub-olmadığını soruşmuşdur. Əhmədi quzuların oğurluq olmadığına, atasının ona hədiyyə verdiyinə inandırmışdır. Əhmədlə qiyməti razılaşmış və ona saat 04 radələrində kəndin dayanacağında gözləyəcəyini demişdir. Saat 04 radələrində dayanacağa getdikdə Əhmədin gəldiyini görmüşdür. Əhmədə avtomaşını 100- 200 metr qabağa sürdürmüş və qoyunları həmin yerə gətirəcəyini demişdir. Əhməd onu kənarda gözləmiş, o, isə atasının yaşadığı evin həyətyanı sahəsinə hasar əvəzi çəkilmiş məftil toru açıb keçmişdir. Evdə hamının yatdığına əmin olduqdan sonra evin 20-30 metrliyində yerləşən tövləyə daxil olmuşdur. Tövlədən 50 başdan yuxarı qoyun və keçi olmuş, əvvəl bir baş 9-11 kq çəkidə olan quzunu oğurlayıb avtomobilin yanına aparmış və avtomobilin yük yerinə yerləşdirmişdir. Daha sonra eyni qayda ilə digər dörd baş quzuları tövlədən quzuların olduğu yerdən oğurlayıb qucağında avtomobilin yanına gətirmiş və avtomobilin yük yerinə yerləşdirmişdir. Bundan sonra isə Bakı şəhərinə yolda düşmüşlər. Bakıya çatanda sürücü Əhmədə avtomobili “Alatava” adlanan yerə sürməyini bildirmişdir. Orada ət mağazalarının yanında boş bir yerdə dayanıb özünə məxsus beş baş qoyun quzusunu satdığını bildirmişdir. Həmin vaxt 40-45 yaşlarında olan tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb qoyunları hansı qiymətə satdığını soruşduqda o, həmin şəxsə quzuları ümumilikdə 600 manata satdığını demişdir. Həmin şəxs qiyməti bir az aşağı etməsini xahiş etmiş və quzuları ümumilikdə 545 manata həmin adama satmışdır. Həmin vaxtdan 13 iyun 2021-ci il tarixdək Bakı şəhərində olmuş, 13 iyun 2021-ci il tarixdə qardaşı Nicatla görüşmək üçün İsmayıllı şəhərinə gəlmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət edərək atasına məxsus beş baş quzunu oğurlamaqda şübhəli olduğunu bildirmişlər. Törətdiyi oğurluğu etiraf etmişdir. Oğurluğu tək özü törətmiş, bu hadisədən kiminsə xəbəri olmamış və bu barədə heç kimə bildirməmişdir. Oğurluğu əslində maddi ehtiyaclarına görə törətdiyini bildirsə də həmin oğurluğa onu sövq edən başqa səbəblər atasının doğma övladı kimi onun taleyinə qarşı laqeyd münasibəri, onunla maraqlanmaması, təsərrüfatından ona pay ayırmaması, dəfələrlə çəkdiyi azadlıqdan mərhumetmə cəzalarından sonra onu bir ailə üzvü kimi qəbul edərək cəmiyyətə qayıtmasında maraqlı olmamasıdır. Hər bir halda etdiyi hərəkətindən peşman olmuşdur. Rəsmi nikahda olmasa da onun qeyri-rəsmi nikahından bir azyaşlı övladı vardır. Hazırda onun taleyi ilə maraqlanan yeganə şəxs onun qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşıdır. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, yaşadığı İsmayıllı rayonu Eyyubbəyli kəndində şəxsi təsəttüfatında xırda buynuzlu heyvan saxlamaqla dolanır. Oğlu Yasin əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətdiyinə görə on ildən artıqdır ki, Yasinlə münasibəti yoxdur. Yasin cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra da ona məxsus evdə yaşamamışdır. Təsərrüfatındakı qoyunlarının da Yasinə heç bir aidiyyəti yoxdur. Yasin sonuncu dəfə 2021-ci ilin yanvar ayında cəzaçəkmə müəssisəsindən çıxmış və həmin vaxtdan Bakı şəhərində naməlum ünvanda yaşamışdır. O, bir qayda olaraq hər gün saat 7 radələrində heyvanları örüşə aparmış, axşam saat 20 radələrində isə heyvanlarını örüşdən gətirərək saymış və həyətindəki tövləyə saymışdır. 17 may 2021-ci il tarixdə saat 20 radələrində də eyni qayda üzrə qoyunları örüşdən gətirdikdən sonra sayaraq tövləyə salmış və tövlənin qapısını metal tellə bağlamışdır. Yatanadək bir neçə dəfə tövləyə gedib qoyunlara nəzarət etmişdir. 18 may 2021-ci il tarixdə saat 6 radələrində heyvanları tövlədən çıxarmaq istəyərkən qapısının açıq vəziyyətdə olduğunu görmüş, heyvanları saydıqda 5 baş quzusunun olmadığını görmüşdür. Hər bir quzunun qiyməti təxminən 200 manat olmuş və ona ümumilikdə 1025 (min iyirmi beş) manat ziyanın dəyməsini iddia edir. Bu barədə polisə məlumat vermiş, aparılan araşdırılma nəticəsində tövləsindən oğurluq edən şəxsin əvvəlkilərdə olduğu kimi yenə də oğlu Yasinin olması müəyyən edilmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuni cəzasının verilməsini xahiş edir. Şahid Şahid1 ifadə verərək göstərdi ki, Ağsu şəhərində yaşamaqla özünə məxsus “VAZ 21013” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 17 may saat 22 radələrində Ağsu şəhərində yerləşən avtomobil dayanacağında olarkən özünü Yasinkimi təqdim edən şəxs ona yaxınlaşmış və ona “ağsaqqal atam mənə 5 baş quzu verib, ailəm də Bakı şəhərində yaşadığı üçün həmin quzuları İsmayıllı rayonunun Eyyubbəyli kəndindən Bakı şəhərinə aparmalıyam” deyərək Bakıya gedə biləcəyini soruşmuşdur. Yasinə 80 manat pul müqabilində Bakı şəhərinə gedə biləcəyini demişdir. Yasin razılaşmış və ona 18 may 2021-ci il tarixdə saat 04 radələrində onu kəndin dayancağında gözləyəcəyini bildirmişdir. Deyilən vaxt Eyyubəyli kənd dayanacağına getmiş və Yasinin onu orada gözlədiyini görmüşdür. Yasin avtomobilə əyləşmiş, onlar kəndin içərisinə daxil olduqdan sonra təxminən 200 metr irəli getmişlər. Yasin ona avtomobili saxlamağı bildirmiş, o avtomobili Yasinin dediyi yerdə küçədə saxlamışdır. Yasin avtomobildən düşüb getmiş, qısa müddət sonra qucağında bir baş quzunu gətirərək avtomobilin yük yerinə yerləşdirmişdir. Daha sonra isə dörd baş quzunu da eyni qaydada gətirərək avtomobilin yük yerinə yerləşdirmişdir. Onlar Bakı şəhəri istiqamətində yola düşmüş, saat 08 radələrində Bakı şəhərinə çatmışlar. Bakı şəhərinə daxil olduqda Yasin ona “Alatava” adlanan yerə sürməyini xahiş etmiş, o da Yasinin dediyi kimi avtomobili “Alatava” adlanan yerə sürmüşdür. Həmin yerə çatdıqda Yasin quzuları avtomobildən düşürərək özü aparmışdır. Təxminən 15 dəqiqə sonra Yasin ona yaxınlaşmış və 80 manat pulu ona vermişdir. Bundan sonra o, təkbaşına yaşadığı Ağsu rayonuna qayıtmışdır. Yasınin onun avtomobilində bakı şəhərinə apardığı quzuların oğurluq olmasından məlumatı olmamış, Yasin ona bu barədə heç nə deməmiş, qoyunların oğurluq olduğunu bilməmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. 14 iyun 2021-ci il tarixli “İfadəsinin yerində yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs məxsus tövlədən 5 (beş) baş qoyun quzularını necə oğurladığını göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmə-əmtəəşünаslıq еkspеrtizаsının məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 avqust 2021-ci il tarixli 9/5549 nömrəli ekspert rəyindən görünür ki, 1 baş erkək cinsli 6 aylıq təmiz ət çəkisi 15 kiloqram olan quzunun qiyməti 190 (yüz doxsan) manat, 1 baş erkək cinsli 6 aylıq təmiz ət çəkisi 16 kiloqram olan quzunun qiyməti 205 (iki yüz beş) manat, 3 baş dişi cinsli təmiz ət çəkisi 18 kiloqram olan quzunun qiyməti 210 manatdır. Mobil telefonun və xırda buynuzlu heyvanların 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1025 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İsmayıllı RMX PHŞ X1 alınmış 27 iyul 2021-ci il tarixli 131 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “Narkoloji”, “Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə müstəntiqin 13 iyun 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə müstəntiq tərəfindən tərtib edilmiş həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə saat 21:50-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 15 iyun 2021-ci il tarixli 4(037)-25/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02(iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 4(037)-35/2021 nömrəli qərarından müəyyən edilir ki, həmin tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay, 13 avqust 2021-ci il tarixdən 13 senyabr 2021-ci il tarixədək uzadılmışdır. 14 iyun 2021-ci il tarixli 91 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Laçın rayonu Seyidlər kəndindən məcburi köçkün olmaqla 1993-cü ildən halhazıra kimi İsmayıllı rayonu Eyyubbəyli kəndində məskunlaşmış və müvəqqəti qeydiyyatdadır. Təqsirləndirilən şəxs ərazidə məcburi köçkün kimi qeydiyyatda olmasına baxmayaraq kənddə yaşamamışdır. O, subaydır və atasına məxsus şəxsi təsərrüfata heç bir aidiyyəti yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 may 2021-ci il tarixdə saat 4 radələrində İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən atası Zərərçəkmiş şəxs məxsus evin qarşısına gələrək ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra evin həyətyanı sahəsinin hasar kimi istifadə olunan məftil torunu açaraq saxlanc yeri hesab olunan həyətyanı sahəyə, oradan isə saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq həmin tövlədən 190 (yüz doxsan) manat dəyərində bir baş erkək quzunu, 205 (iki yüz beş) manat dəyərində bir baş erkək quzunu, hər birinin dəyəri 210 (iki yüz on) manat təşkil edən üç baş dişi quzunu qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1025 (min iyirmi beş) manat dəyərində maddi ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı– ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 18 may 2021-ci il tarixdə saat 4 radələrində İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən atası Zərərçəkmiş şəxs məxsus evin qarşısına gələrək ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra evin həyətyanı sahəsinin hasar kimi istifadə olunan məftil torunu açaraq saxlanc yeri hesab olunan həyətyanı sahəyə, oradan isə saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq həmin tövlədən 190 (yüz doxsan) manat dəyərində bir baş erkək quzunu, 205 (iki yüz beş) manat dəyərində bir baş erkək quzunu, hər birinin dəyəri 210 (iki yüz on) manat təşkil edən üç baş dişi quzunu qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1025 (min iyirmi beş) manat dəyərində maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3–cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 aprel 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzası 3 ay azaldılaraq üzərində 4 il 9 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 14 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Qeyd olunan hüquqi sənədlərin tədqiqindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi vardır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin residivini həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən onun cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını nəzərə alaraq, habelə törətdiyi cinayət əməli cinayətlərin residivini yaratdığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində nəzərdə tutulmuş qaydaları tətbiq edərək ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təyin edilən cəzanın 03 (üç) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəzanı ağırlaşdırılan halın mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 13 iyun 2021-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan əlavə İsmayıllı Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 15 iyun 2021–ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 13 iyun 2021-ci il tarixdən hesablanmışdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2– ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dan ekpertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 13 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına– büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-55/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-55/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver