Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-55/2022 23.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 23 avqust 2022-ci il tarixdə saat 14:45-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 08 avqust 1988-ci ildə İsmayıllı rayonunun Mücühəftəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Mücühəftəran kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə saat 16:30 radələrində qonşusu Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı İsmayıllı rayonunun Mücühəftəran kəndindəki evindən çıxaraq toy mərasiminə getdiyini görüb sonuncuya məxsus evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o, həmin tarixdə saat 17:00-dan 21:30-dək olan müddət aralığında, dəqiq saatı məlum olmayan vaxtda Zərərçəkmiş şəxs evinə yaxınlaşaraq ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin ətrafına çəkilmiş dəmir tor hasarı aralayaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətyanı sahəyə daxil olmuş, bundan sonra evin arxa tərəfində olan taxta pəncərəyə yaxınlaşaraq pəncərəni basıb açmış və qanunsuz olaraq saxlanc yeri hesab olunan evin yataq otağına daxil olaraq həmin otaqda olan taxta sandığı şkafın üstündə olan açarla açaraq içərisindən Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 21000 (iyirmi bir min) manat məbləğində pulu qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun Mücühəftəran kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Aralarındakı münasibətlər normal olmuşdur. 07 may 2022-ci ildə saat 16 radələrində həmkəndlisi Oktayla birlikdə İsmayıllı rayonunun İvanovka kəndinə yeyibiçməyə gedərkən qonşusu Nadirin arvadı ilə birlikdə kürəkəni Anarın maşını ilə İsmayıllı rayonuna toya getdiyini görmüşdür. Saat 19:30 radələrində onlar kəndə qayıtmışlar. Zərərçəkmiş şəxs evində heç kimin olmadığından istifadə edərək sonuncunun evindən oğurluq etmək qərarına gəlmişdir. İçkili olduğundan törədəcəyi əməlin nəticələrini fikirləşmədən Nadirin evi istiqamətində getmişdir. Həmin vaxt küçədə heç kim olmamış, Nadirin evi olan həyətin darvazası bağlı olmuşdur. O, darvazanın yan hissəsindəki məftil toru açaraq oradan həyətə daxil olmuşdur. Evin giriş qapısı dəmirdən olmaqla bağlı olduğundan qapını aça bilməmiş, buna görə də evin arxasındakı pəncərəyə yaxınlaşmışdır. Pəncərəni əli ilə işəri itələdikdə pəncərə açılmış və pəncərədən evə daxil olmuşdur. Evin otağındakı şkafın üstündəki açarı və bir az aralıdakı sandığı görmüşdür. Açarın sandığın qıfılına uyğun olduğunu görərək həmin açarla sandığı açmışdır. Sandığı axtararkən qırmızı parça bükülü diqqətini çəkmiş, bükülünü açdıqda içərisində 100 manatlıq və 50 manatlıq pul əskinaslarından ibarət pul topasının olduğunu görərək həmin pulu götürmüşdür. Pulun nə qədər olmasını saymamış və gəldiyi istiqamətlə geri qayıtmışdır. Nadirin evindən çıxaraq özünün yaşadığı evə getmiş, oğurladığı pul topasını yatdığı çarpayının altına qoymuşdur. O, pulu saymamış və orada hansı məbləğdə pul olmasını bilməmişdir. Həmin gün saat 23:50 radələrində polis əməkdaşları onun evinə gələrək ona polis şöbəsinə getməyi təklif etmişlər. Şöbədə törətdiyi əməlini etiraf edərək Nadirin evindən oğurladığı pulu evdə saxladığını, könüllü şəkildə təqdim edə biləcəyini bildirmişdir. Oğurluq hadisəsini tək törətmişdir. Onun oğurluq etməsindən ailə üzvlərinin xəbəri olmamış, özü də bu barədə heç kimə deməmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağı vardır. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, arvadı X3 ilə birlikdə İsmayıllı rayonunun Mücühəftəran kəndində yaşamaqla təsərrüfatla məşğul olur. 07 may 2022-ci il tarixdə saat 16:30-da arvadı ilə birlikdə kürəkəni Anarın avtomobilində yaxın qohumunun İsmayıllı şəhərində keçiriləcək toy məclisinə yollanmışlar. Toya getməmişdən qabaq arvadı Həbibə evinin yataq otağında olan sandıqda saxladığları 21100 manat puldan 100 manatını götürmüş, qalan 21000 manatı yenidən sandığın içinə qoymuşdur. Həbibə sandığı bağlamış və qıfılın açarını həmin otaqda olan çarpayının üstündəki döşəyin arasına qoymuşdur. Saat 21:30 radələrində toydan çıxaraq evlərinə gəlmişlər. Onlar həyətə girərkən heç nə hiss etməmiş, Həbibə cücələrə baxmaq üçün evin arxa tərəfinə keçmiş, o isə evə daxil olmuşdur. Həbibə yataq otağının pəncərəsinin açıq olduğunu görüb anidən qışqıraraq evə kiminsə girdiyini demişdir. O, dərhal yataq otağına daxil olmuş və yataq otağının dağınıq halda, pəncərənin açıq, evin döşəməsində isə palçıqlı ayaq izlərinin olduğunu görmüşdür. Həbibə də otağa gələrək sandığın açıq olduğunu görmüş, sandığa baxdıqda isə pulun yerində olmadığını görmüşlər. Pulun hamısının oğurlandığı məlum olmuş və dərhal kürəkəni Anara zəng vuraraq hadisə barədə məlumat vermişdir. Anar 10 dəqiqə ərzində onların evlərinə gəlmiş və DİN-in 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onlar birlikdə həmin yerlərə baxış keçirmişlər. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində evindən pulun qonşusu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. İbtidai istintaqın gedişində ona vurulmuş ziyan tamamilə ödənilmiş və təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X1 ifadəsində əri Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. X2 ifadədə verərək göstərdir ki, 07 may 2022-ci il tarixdə qayınatası Zərərçəkmiş şəxs ona zəng edərək onu və qayınanası Həbibəni toya aparmağı xahiş etmişdir. O saat 16:30 radələrində qayınatası və qayınanasının yaşadıqları İsmayıllı rayonunun Mücühəftəran kəndinə gedərək sonuncuları İsmayıllı şəhərində keçirilən toy məclisinə gətirmişdir. Onlar saat 21:10 radələrində toydan çıxmış, o, qayınatası və qayınanasını Mücühəftəran kəndinə aparmış və onları yaşadıqları evin qarşısında düşürdərək öz evinə qayıtmışdır. Bir neçə dəqiqə sonra qayınatası Nadir ona zəng edərək evindən oğurluq olduğunu bildirmişdir. O, dərhal Nadirgilə qayıtmış və hadisə barədə DiN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində evindən pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Mücühəftəran kəndində Zərərçəkmiş şəxs məxsus evdən necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsinin baş verdiyi ev İsmayıllı rayonunun Mücühəftəran kəndində yerləşir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” 08 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 21000 (iyirmi bir min) manat pulun 20971 (iyirmi min doqquz yetmiş bir) manatını təqdim etmiş, həmin pullar götürülərək bu barədə “Sony” markalı videoaparatla videoçəkiliş aparılmış və protokol tərtib edilmişdir. İsmayıllı rayon X4 X6 Poliklinika şöbəsindən alınmış 17 may 2022-ci il tarixli 268 nömrəli 02-02-423/2022 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Nevroloji” və “Narkoloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Lakin o, 11 mart 2004-cü il tarixdən “Ruhi-Əsəb” kabinetində “Epilepsiya nəticəsində ağıl zəifliyi” diqanozu ilə dispanser qeydiyyatdadır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 may 2022-ci il tarixli 331 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs epilepsiya, nadir qıcolma tutmaları və az ifadəli ağıl zəifliyi xtb 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı ekspertiza zamanı da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu əməli düzgün qavrayaraq həmin əməl barəsində düzgün ifadə verə bilər. 24 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış 19 may 2022-ci il tarixli 011-5530-1222 nömrəli məktubdan görünür ki, tədqiqata təqdim edilmiş, hadisə yerindən götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-nin məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 02 ədədinin Təqsirləndirilən şəxs sağ əlinin ovucu və şəhadət barmağı ilə eynilik müəyyən edilmişdir. 10 may 2022-ci il tarixli 271 və 271/1 nömrəli arayışlardan, xasiyyətnamədən doğum haqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Mücühəftəran kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, anasından, arvadından, xx.xx.2008 və xx.xx.2010-cu il təvəllüdlü uşaqları Gülgəz və Gülməmməddən ibarətdir, yaşadığı yer üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. Müstəntiqinin 08 may 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 08 may 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 08 may 2022-ci il tarixdə saat 13:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 4(037)-42/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 20 may 2022-ci il tarixli 4(107)-43/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 4(037)-42/2022 nömrəli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materialları araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 4(037)-42/2022 nömrəli qərarından Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsində məhkəmə iclası 20 may 2022-ci il tarixə saat 14:45-ə təyin edilmiş, həmin tarixdə apellyasiya şikayətinə baxılaraq İsmayıllı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 4(037)- 42/2022 nömrəli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 08 may 2022-ci il tarixdə saat 13:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulduğu nəzərə alınmaqla 13 gün təşkil edir. Müstəntiqinin 20 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 27 may 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs məxsus evə baxış zamanı götürülmüş bir ədəd zərfdəki əl-barmaq və ovuc izləri maddi sübut qismində tanınmış və cinayət işinin materialarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Onun 08 may 2022-ci il tarixdə saat 13.00-dan 20 may 2022-ci il tarixdə saat 14:45-ə dək həbsdə saxlanıldığı 13 (on üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 26 (iyirmi altı) gün müddət ona təyin edilən аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Mücühəftəran kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan cinayət işi üzrə oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs məxsus evə baxış zamanı götürülmüş bir ədəd zərfdəki əl-barmaq və ovuc izləri cinayət işinin materialarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 may 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 13 (on üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 26 (iyirmi altı) gün müddət ona təyin edilən 03 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 02 (iki) il 11 (on bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Mücühəftəran kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan cinayət işi üzrə oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs məxsus evə baxış zamanı götürülmüş bir ədəd zərfdəki əl-barmaq və ovuc izləri cinayət işinin materialarında saxlanılsın. İş üzrə ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-55/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-55/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver