Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-56/2024 17.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 17 dekabr 2024-cü il tarixdə saat 16:54-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1971-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edib özündə saxlamış, bu məqsədlə 2024-cü ilin aprel ayının axırlarında, dəqiq tarixi müəyyən edilməyən vaxtda yaşadığı İsmayıllı rayonunun Diyallı kəndinin ərazisində yerləşən evin dağılmış vəziyyətdə olan üst mərtəbəsinə torpaq və gübrə gətirib tökərək əkin üçün əlverişli şərait yaratmaqla orada çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən cəmi 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 110 santimetrdən 160 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 22 iyul 2024-cü il tarixdə saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2360 qram təşkil edən, xeyli miqdarda, yəni 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Diyallı kəndində yaşayır. Himayəsində üç azyaşlı uşağı vardır. Təxminən 3-4 il olar ki, arabir marixuanadan istifadə edir. 2022-ci ildə yaşadığı ev yanmış, bundan sonra başqa yerdə ev tikərək orada yaşamağa başlamışdır. Tövləsi isə yanmış evin həyətində olduğundan o, yanmış evin salamat qalmış otağında yaşamaqda davam etmişdir. Orada yaşamağının səbəbi isə tövlədə saxladığı mal heyvana baxmaq olmuşdur. Ailə üzvləri isə onun sonradan tikdiyi evdə yaşamışlar. 2024-cü ilin aprel ayının əvvəllərində piyada yaşadığı evə gələrkən yerdə sellofan büküm görmüş və götürüb açdıqda içərisində çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. Həmin toxumları əkərək gələcəkdə şəxsi istifadəsi üçün marixuana əldə etmək qərarına gəlmiş, bu məqsədlə 2024-cü ilin aprel ayının sonlarında alt hissəsində yaşadığı yanmış evin üst hissəsində daş hasarın yanında təxminən 1-1,5 kvadrat metr əraziyə torpaq və gübrə gətirib həmin yerdə 10 ədəd çətənə bitkisinin toxumlarını əkmişdir. Bir həftə sonra toxumlardan çıxan 10 ədəd çətənə bitkisinin şitillərinə su və gübrə verməklə qulluq göstərmiş, qısa müddət sonra bitki şitilləri böyüyüb bitki formasını almışdır. 21 iyul 2024-cü il tarixə qədər həmin bitkilərə qulluq göstərmiş, həmin tarixdə saat 17 radələrində yaşadığı evin həyətində olarkən mülki formada bir neçə çöl tərəfdən şəxs onu çağırmış, o qapıya çıxdıqda həmin şəxslər xidməti vəsiqələrini təqdim edərək İsmayıllı rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkibbecərməyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyətyanı sahəyə və evə baxış keçirəcəklərini, bu barədə əməliyyat-axtarış tədbiri qərarının qəbul edildiyini, baxışla əlaqədar hər hansı etirazının olub-olmamasını soruşmuşdur. O, yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları baxış zamanı iştirak etmək üçün iki nəfər hal şahidi dəvət etmiş və bundan sonra polis əməkdaşlarının, aqronomun və hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış keçirilməsinə başlanılmışdır. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində hər hansı narkotik tərkibli bitki, kütlə, habelə qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməyini təklif etmişdir. O, polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini etiraf etmiş və yaşadığı evin üst hissəsində əkib-becərdiyi 10 ədəd çətənə kollarını polis əməkdaşlarına göstərmişdir. Polislər ondan həmin bitkilərin nə olmasını, kimə məxsus olmasını və haradan əldə etdiyini soruşmuş, o, həmin bitkilərin çətənə bitkisi olmasını, özü əkdiyini demiş, aqronom mütəxəssis bitkilərin çətənə bitkiləri olmasını, bitkilərə su və gübrə verildiyini, dibləri alaq otlarından təmizlənməklə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bitkilər torpaqdan çıxarılmış və ölçüləri müəyyən edilmiş, bir ədəd sintetik kisəyə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyü imzası ilə təsdiq edilmişdir. Daha sonra polis əməkdaşları ona polis şöbəsinə getməyi təklif etmiş və o, əməkdaşlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona müdafiə hüquqları izah edilmiş,təqdim edilmiş vəkillərin siyahısından özünə müdafiəçi seçmiş və qısa müddət sonra həmin müdafiəçi ona təqdim edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş, daha sonra isə ona üzərinə videoçəkilişlə şəxsi axtarışkeçirilmişdir. Üzərindən digər narkoitk vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, o da tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. O, bir daha qeyd edir ki, narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkmiş, satış məqsədi olmamışdır. Narkotik tərkibli bitkiləri əkdiyini, ümumiyyətlə həmin vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində üç azyaşlı uşağı vardır, qeyd etdiyi halların nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş, həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. Şahid X2 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonu Diyallı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz kultivasiyası ilə məşğul olması barədə RPŞ-nə məlumat daxil olduğundan İsmayıllı RPŞ-nin rəisinin əmrinə əsasən əməliyyat-təhqiqat qrupu yaradılmışdır. 21 iyul 2024-cü il tarixdə saat 17:00 radələrində qrupun digər üzvləri və mütəxəssis qismində cəlb edilmiş İsmayıllı rayon Dövlət Aqrar X5 sektorunun müdiri Paşa Məmmədov ilə birlikdə İsmayıllı rayonunun Diyallı kəndində Təqsirləndirilən şəxs yaşadığın evin qarşısına getmişlər. Qapını döydükdə Təqsirləndirilən şəxs qapıya çıxmış, onlar xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə şübhəli olduğunu, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbiri qərarını göstərib yaşadığı həyətyanı sahəyə və daha sonra evə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmamasını bildirərək bu barədə ərizə təqdim etmişdir. Onlar baxış zamanı iştirak etmək üçün iki nəfər hal şahidi dəvət etmişlər. Hal şahidlərinə və digər iştirakçılara baxış keçirilməmişdən əvvəl hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra polis əməkdaşlarının, aqronomun və hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış keçirilməsinə başlanılmışdır. Baxışdan əvvəl onlar Şahindən yaşadığı evin həyətyanı sahəsində hər hansı narkotik tərkibli bitki, kütlə, habelə qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməyini təklif etmişlər. Bu zaman Şahin onlara yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərini təqdim edə biləcəyini demişdir. Şahin yaşadığı evin üst hissəsində 10 ədəd çətənə kollarını əkib-becərdiyi yeri onlara göstərmişdir. Onlar Şahindən həmin bitkilərin nə olmasını, kimə məxsus olmasını və haradan əldə etdiyini soruşduqda sonuncu, həmin bitkilərin çətənə bitkisi olmasını, özünə məxsus olduğunu demişdir. Aqronom mütəxəssis həmin 10 ədəd bitkilərin çətənə bitkiləri olduğunu təsdiq etmiş, bitkilərə su və gübrə verildiyini, dibləri alaq otlarından təmizlənməklə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bitkilər torpaqdan çıxarılmış və ölçülləri müəyyən edilmiş, bir ədəd sintetik kisəyə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra İsmayıllı RPŞ-nin möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra isə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra onlar Şahinə polis şöbəsinə getməyi təklif etmiş və sonuncu, etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində müdafiə hüquqları izah edildikdən sonra ərizə ilə müraciət edərək müdafiəçi ilə təmin olunmağını bildirmiş, təqdim edilmiş vəkillərin siyahısından seçdiyi vəkil qısa müddət sonra ona təqdim edilmiş, saat 19 radələrində şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş, daha sonra isə ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotk vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməyini təklif etmişlər, Şahin üzərində hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya olmadığını bildirmiş və baxış zamanı üzərindən hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, protokolun düzgünlüyünü digər iştirakçılar kimi imzası ilə təsdiq etmişdir. Şahidlər- İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantları X8 və X12 eyni məzmunlu ifadələr verərək X1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Şahid1 ifadə verərək göstərdi ki, 21 iyul 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı İsmayıllı rayonunun Diyallı kəndində olarkən polis əməkdaşları ona yaxınlıqda yerləşən evlərin birinin həyətində narkotik tərkibli bitkiyə bənzər bitki kollarının aşkar edildiyini və onun da hal şahidi qismində iştirak etməyini təklif etmişlər. Dəvət edilmiş digər hal şahidi ilə birlikdə həmin evə getmiş, polis əməkdaşları tərəfindən ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, sonra isə həmkəndlisi Təqsirləndirilən şəxs, həmçinin aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxışa baxşlamamışdan qabaq polis əməkdaşları Şahinə yaşadığı evin həyətyanı sahəsində hər hansı narkotik tərkibli bitki, kütlə, habelə qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməyini təklif etmişlər. Bu zaman Şahin, polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini və təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı evin üst hissəsində 10 ədəd çətənə kollarını əkib-becərdiyi yeri polis əməkdaşlarına göstərərək təqdim etmişdir. Polislər Şahindən həmin bitkilərin nə olmasını, kimə məxsus olmasını və haradan əldə etdiyini soruşduqda Şahin polis əməkdaşlarına həmin bitkilərin çətənə bitkisi olmasını, özünün şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Baxış zamanı aqronom mütəxəssis qismində iştirak edən şəxs bildirdi ki, həmin 10 ədəd bitkilər çətənə bitkiləridir, bitkilərə su və gübrə verilmiş, dibləri alaq otlarından təmizlənməklə aqrotexniki qaydada qulluq göstərilmişdir. Bitkilər torpaqdan çıxarılmış və ölçüləri müəyyən edilmişdir. Həmin bitkilər sintetik kisəyə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Həyətyanı sahəyə və fərdi yaşayış evinə baxış keçirilməsi” 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun rayonunun Diyallı kəndində yerləşən evinin həyətindən 10 ədəd çətənə bitkisi aşkar edilmiş, həmin 10 ədəd çətənə bitkiləri kağız zərfə qoyulub üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs razılığı ilə həyətyanı sahəsinin digər yerlərinə, yaşadığı evə baxış keçirilmiş, həmin yerlərdən başqa heç bir cinayət xarakterli iz, əlamət, əşya və ya predmet, eləcə də narkotik vasitə, yaxud psixotrop maddə aşkar edilməmişdir. Aqronom-mütəxəssis, X18 X5 Sektorunun müdiri vəzifəsində işləyən X14 tərəfindən verilmiş 21 iyul 2024-cü il tarixli rəydən görünür ki, 21 iyul 2024-cü il tarixdə saat 16:50 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının dəvəti əsasında İsmayıllı rayonu Diyallı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmiş, baxış zamanı həyətyanı sahədə dağılmış vəziyyətdə olan evin içərisində torpaq sahəsində 10 (on) ədəd çətənə bitkisinə bənzər bitkilər aşkar edilmiş, həmin həyətyanı sahədə olan narkotik tərkibli bitkiyə oxşar bitkilərin ölçüləri 110 santimetrdən 160 santimetrədək müxtəlif hündürlüklərdə olması müəyyən edilmişdir. Baxış zamanı narkotik tərkibli bitkiyə oxşar bitkilərin diblərinin nəm olduğu müəyyən edilmişdir. Əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitkiyə aqrotexniki qaydada qulluq (dibləri alaq otlarından təmizlənmiş, su verilmiş) göstərilmişdir. Məhkəmə-bioloji ekspertizasının 21 iyul 2024-cü il tarixli 3-16-16/2-17/651 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş 10 ədəd narkotik tərkibli....” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki 10 (on) ədəd uzunluqları 110 sm-dən 160 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri-2360 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Paşa Məmmədovun xx.xx.2024-cü il tarixli rəyinə əsasən, çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd edilən ekspertiza rəyinin qeyd hissəsinə əsasən, çətənə bitkilərinin ümumi təmiz çəkisi-2360 qram olmuş. tədqiqata 0,20 qram (hər obyektdən 0,02 qram) sərf edilmiş, qalıq 2359,8 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2024-cü il tarixli 1746 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ekspertiza tədqiqatından sonra yaş vəziyyətdə təmiz çəkisi 2359,8 qram təşkil edən ümumilikdə 10(on) ədəd çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan 10(on) ədəd çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə və kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edib özündə saxlamış, bu məqsədlə 2024-cü ilin aprel ayının axırlarında, dəqiq tarixi müəyyən edilməyən vaxtda yaşadığı İsmayıllı rayonunun Diyallı kəndinin ərazisində yerləşən evin dağılmış vəziyyətdə olan üst mərtəbəsinə torpaq və gübrə gətirib tökərək əkin üçün əlverişli şərait yaratmaqla orada çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən cəmi 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 110 santimetrdən 160 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 22 iyul 2024-cü il tarixdə saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2360 qram təşkil edən, xeyli miqdarda, yəni 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış 16 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı RİHB-nin Diyallı kənd İƏD üzrə nümayəndəliyindən alınmış 26 iyul 2024cü il tarixli 192 və 193 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailəlidir, ailə tərkibi özündən, 1938-ci il təvəllüdlü hazırda xəstə olan anası X3, 1991-ci il təvəllüdlü arvadı X6, xx.xx.2011-ci il, xx.xx.2015-ci il və xx.xx.2019-cu il təvəllüdlü övladları Səma, Aybəniz və Aqşindən ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı RİHB-nin Diyallı kənd İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X13 Hüquqi Şəxsindən alınmış 16 sentyabr 2024-cü il tarixli 18-1- 47/2-1054/2024 nömrəli arayışdan görünür ki, Məmmədov X9 RMX-nın Poliklinika şöbəsinin “Nevroloji” və “Ruhi-əsəb” kabinetlərində dispanser qeydiyyatda yoxdur, lakin Məmmədov X9 RMX-nin Poliklinika şöbəsinin “Narkoloji” kabinetində narkoman diaqnozu ilə dispanser qeydiyyatda olub. Xəstə son 5 (beş) il ərzində İsmayıllı RMX-nin Poliklinika şöbəsinin narkoloji kabinetinə müraciət etmədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 iyul 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 19:50-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan, üzəri Azərbaycan Respublikası Məhkəmə X7 Regional bölməsinin 2 nömrəli möhürü ilə möhürlənmiş vəziyyətdə olan 1 ədəd sintetik kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra yaş vəziyyətdə təmiz çəkisi 2359,8 qram olan 10 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il saat 19:35-dən 22 iyul 2024-cü il saat 19:50yək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 3(üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonun Diyallı kəndində yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan, üzəri Azərbaycan Respublikası Məhkəmə X7 Regional bölməsinin 2 nömrəli möhürü ilə möhürlənmiş vəziyyətdə olan 1 ədəd sintetik kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra yaş vəziyyətdə təmiz çəkisi 2359,8 qram olan 10 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-56/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-56/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver