Məhkəmə qərarları › İş №1(037)-57/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-57/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-57/2021 19.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi iştirakı ilə 19 oktyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1966-cı ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2021-ci ilin may ayının dəqiq tarixi müəyyən edilməyən günündə yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən evin həyətyanı sahəsində 2 metr enində 4 metr uzunluğunda torpaq sahəsini şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində, habelə həmin yerə gətirdiyi iki ədəd dəmir vedrədə və bir ədəd taxta ləyəndə çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək torpaq üzərində yeddi ədəd, dəmir vedrədə və taxta ləyəndə üç ədəd, ümumilikdə xeyli miqdar təşkil edən 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 18 santimetrdən 90 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 9 iyun 2021-ci il tarixdə saat 15 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, onun yaşadığı evin həyətində əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 122,50 qram təşkil edən ümumilikdə 10 (on) ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2021-ci ilin fevral ayında yaşadığı kəndin yaxınlığından keçən çayın kənarında piyada gəzərkən yerdə bir ədəd selofan torba görmüşdür. Torbanı yerdən götürərək açmış və içərisində qurumuş halda olan çörək, çörəyin yanında isə kağız bükülü görmüşdür. Bükülünü açdıqda içərisində 10 ədəd çətənə bitkisinin toxumunu görmüşdür. Çətənə bitkisinin toxumlarını yaşadığı evə gətirmiş, 2021-ci il may ayının əvvəllərinə qədər toxumları evdə saxlamış, məqsədi isə 2021-ci ilin may ayının əvvəllərində çətənə bitkisinin toxumlarını əkib çətənə bitkisi əldə etmək olmuşdur. Şəkər xəstəsi olduğu üçün bədənində çox zaman kəskin ağrılar olur və eşitmişdir ki, marixuana istifadə etdikdə ağrılar sakitləşir. Bu məqsədlə toxumların ikisini dəmir vedrədə, birini taxta ləyəndə, qalanlarını isə 2 metr enində 4 metr uzunluğunda əvvəlcədən şumlayaraq hazırladığı torpaqda əkmişdir. Tez-tez çətənə bitkisinin toxumlarına su vermiş, şitillər əmələ gəldikdən sonra da diblərini alaq otlarından təmizləmişdir. 9 iyun 2021-ci il tarixdə saat 15 radələrində evdə olarkən həyət darvazasının döyüldüyünü eşitmiş və küçəyə çıxmışdır.Bu zaman bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları xidməti vəsiqələrini göstərib İsmayıllı rayon Polis şöbəsinin şöbəsinin əməkdaşları olduqlarını, özləri ilə gətirdikləri şəxsin isə aqronom mütəxəssis olduğunu bildirmişlər. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbiri qərarını göstərərək həyətyanı sahəyə və evə baxış keçirəcəklərini bildirmişlər. Təklif edilənlərə etirazının olmamasını bildirmiş və polis əməkdaşları baxış zamanı iştirak etmək üçün iki nəfər hal şahidi dəvət etmişlər. O, polis əməkdaşlarına çətənə bitkilərini əkdiyi yeri göstərmiş, onlar aqronom-mütəxəssin iştirakı ilə əkdiyi çətənə bitkilərinə baxış keçirtmişlər. Baxış zamanı əkib-becərdiyi çətənə bitkiləri aşkar edilmiş, polis əməkdaşları tərəfindən həmin çətənə bitkiləri torpaqdan və qablardan çıxarılıb hündürlükləri müəyyən edilmişdir. Sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərini öz istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Bitkilər qablaşdırıldıqdan sonra üzəri möhürlənərək götürülmüşdür. Daha sonra yaşadığı evə baxış keçirilmiş və yaşadığı evdən narkotik vasitə aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Sonra polis əməkdaşlarının təklifi ilə birlikdə İsmayıllı RPŞ-nin inzibati binasına gəlmiş və orada ona özünün seçdiyi müdafiəçi təqdim olunmuşdur. Müdafiəçinin və iki nəfər qadın hal şahidinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bu barədə tərtib edilən protokola imza etmişdir.Yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə əkdiyini ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. O, şəkər xəstəliyindən əzab çəkir, ailəsində ondan başqa işləyib evə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X3 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir.İsmayıllı rayon Kürdmaşı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında 9 iyun 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq onun da daxil olduğu əməliyyat-təhqiqat qrupu yaradılmış və qərarın icrası ilə əlaqədar həyətə baxış zamanı mütəxəssis qismində iştirak etmək üçün aqrqnom-mütəxəssis dəvət edilmişdir. 9 iyun 2021-ci il tarixdə saat 14 radələrində onlar İsmayıllı rayonu Kürdmaşı kəndində getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasını döydükdə Fəridə özü qapıya çıxmış və onlar Fərudəyə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Fəridəyə yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə şübhəli olduğunu, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbiri qərarı ilə onu tanış edərək həyətyanı sahəyə və evə baxış keçirəcəklərini bildirmişlər. Fəridə yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Baxış zamanı iştirak etmək üçün iki nəfər hal şahidi dəvət edilmişdir. Fəridə çətənə bitkilərini əkdiyi yeri göstərmiş, hal şahidlərinin, polis əməkdaşlarının və aqronomun iştirakı ilə həmin yerə baxış keçirilmişdir. Baxış zamanı evin arxa tərəfində iki ədəd dəmir vedrədə, bir ədəd taxta ləyəndə və yeddi ədəd torpaqda çətənə bitkilərinə bənzər bitki kolları aşkar edilmişdir. Bitki kolları çıxarılaraq sayılmış və 10 ədəd olması müəyyən edilmişdir. Bitkilərin hündürlükləri ölçülərək müəyyən edilmişdir. Sorğu zamanı Fəridə həmin bitkilərin çətənə bitkiləri olmaqla özünə məxsus olduğunu, gələcəkdə şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün əkib-becərdiyini demişdir. Bitkilər qablaşdırıldıqdan sonra üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra Fəridənin yaşadığı evə baxış keçirilmiş, oradan narkotik vasitə aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiqləmişlər. Onların təklifi əsasında Fəridə onlarla birlikdə polis şöbəsinə gəlmiş və şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişdir. Fəridənin üzərinə iki nəfər qadın hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək baxışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşı X4 da şahid Xətai Daşdəmirli ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid X8 ifadəsində göstərdi ki, 9 iyun 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan onun yaşadığı evin həyətyanı sahəsinə və evinə keçiriləcək baxış zamanı hal şahidi qismində iştirak etməsini təklif etmişlər. O, razılaşmış və digər hal şahidi olan həmkəndlisi Vaqif Ağayevlə birlikdə Fəridənın həyətinə daxil olmuşlar. Baxış keçirilməmişdən əvvəl ona və dəvət edilmiş digər iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları həyətyanı sahəyə keçiriləcək baxışda iştirak etmək üçün aqronom-mütəxəssis də dəvət etmişlər. Həyətyanı sahəyə baxış keçirilməsi başlanmış, bu zaman Fəridənin yaşadığı evin arxa sağ tərəfindəki sahədən ağac və kolluqların arasında ümumilikdə 10 ədəd bitki kolu aşkar edilmişdir. Bitki kollarından ikisi dəmir vedrədə, biri köhnə taxta materialdan olan ləyəndə, yeddisi isə torpaqda bitmiş halda olmaqla yaş və köküüstə olmuşlar. Fəridə həmin bitki kollarının ona məxsus olduğunu, özünün əkdiyini, gündəlik dibini sulamaqla, alaq otlarından təmizləməklə qulluq etdiyini, gələcəkdə şəxsi istifadəsi üçün həmin bitkilərdən marixuana əldə edəcəyini bildirmişdir. Bitki kolları köklərindən çıxarılaraq sayılmış və hündürlükləri müəyyən edilmişdir. Mütəxəssis həmin bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini və narkotik tərkibki bitki kollarına oxşadığını qeyd etmişdir. Həyətyanı sahədə baxış zamanı ayrı narkotik vasitə aşkar edilməmişdir. Bitki kolları qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmişdir. Sonra Fəridənin yaşadığı evə baxış baxış keçirilmiş, evdən narkotik vasitə aşkar edilməmişdir. Bu barədə protokollar tərtib edilmiş və protokolların düzgünlüyü baxşılarda iştirak edən bütün şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Şаhid qismində dindirilmiş X12 oğlu da şahid Vüqar Babayev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə-bioloji ekspertizasının 05 may 2021-ci il tarixli 17/414 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində 01 (bir) ədəd kağız bağlamanın içərisindəki hündürlükləri 18 sm-dən 90 sm-dək, ümumi təmiz çəkiləri 122,50 qram olan 10 (on) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş 10 (on) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom mütəxəssis Rəşid Zülfüqarlının 09 iyun 2021-ci il tarixli rəyinə əsasən 10 (on) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2021-ci il tarixli 873 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. 15 iyun 2021-ci il tariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli 176 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 10 iyun 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 122,00 qram təşkil edən 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Təhqiqatçının “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” 09 iyun 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdə saat 17:55-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçının 09 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 19:30-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Müstəntiqinin “Qətimkan tədbiriin nəzərə alınması” haqqında 11 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsinə dair 09 iyun 2021-ci il tarixli qərarı nəzərə alınmışdır. 14 iyun 2021-ci il tarixli 315 və 316 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1985-ci il təvəllüdlü oğlu X7, 1989-cu il təvəllüdlü gəlini X5, 2008,2009,2011, 2015 və 2017-ci il təvəllüdlü nəvələri Aysun, Aytac, Ramiz, Ramal və Damladan ibarətdir. Yaşayış yeri üzrə verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 122,50 qram təşkil edən ümumilikdə 10 (on) ədəd çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq etməklə əkib kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs oğlu 2021ci ilin may ayının ortalarında yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən evin həyətyanı sahəsində 2 metr enində 4 metr uzunluğunda torpaq sahəsini şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində, habelə həmin yerə gətirdiyi iki ədəd dəmir vedrədə və bir ədəd taxta ləyəndə çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək torpaq üzərində yeddi ədəd, dəmir vedrədə və taxta ləyəndə üç ədəd, ümumilikdə xeyli miqdar təşkil edən 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 18 santimetrdən 90 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 237.1–ci maddəsi ilə tövsif olunmalıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının 28.06.2005–ci il tarixli 961–İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017–ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, cəzanın 02 (iki) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamadakı ekspertiza tədqiqatından sonra təmiz çəkisi 122,00 qram təşkil edən 10 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamadakı ekspertiza tədqiqatından sonra təmiz çəkisi 122,00 qram təşkil edən 10 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar