Məhkəmə qərarları › İş №1(037)-59/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-59/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-59/2021 08.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs İsmayıllı rayonu Quşencə bələdiyyəsinin nümayəndəsi X7 iştirakı ilə 08 oktyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1983-cü ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum edilməmiş, işləməyən, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1995-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, “Dost iş mərkəzi”ndə sosial işçi işləyən, məhkum edilməmiş, İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri, İ.Həsənov küçəsi, ev 4-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşməklə Quşencə bələdiyyəsinin mülkiyyətində olan, meşə fonduna daxil olmayan palıd cinsindən olan ağacları kəsmək barədə razılığa gəlmiş, bu məqsədlə rayon sakinləri Şahid3 və Şahid4 ağac kəsmək üçün qanuni icazələrinin olduğunu bildirməklə onları inandıraraq 11 aprel 2021-ci il tarixdə saat 23:00 radələrində Ramiq, Telman və Vüsalla həmin əraziyə getmiş, onun göstərişinə əsasən Telman və Vüsal palıd cinsindən olan diametri 84 santimetr, dəyəri 2600 (iki min altı yüz) manat təşkil edən bir ədəd və diametri 92 santimetr dəyəri 3000 (üç min) manat təşkil edən bir ədəd yaş kök üstə ağacları, cəmi iki ədəd palıd ağaclarını tamah niyyəti ilə qəsdən motorlu mişarla kəsdirib götürməklə İsmayıllı rayonu Quşencə bələdiyyəsinə xeyli miqdarda, ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşməklə Quşencə bələdiyyəsinin mülkiyyətində olan, meşə fonduna daxil olmayan palıd cinsindən olan ağacları kəsmək barədə razılığa gəlmiş, bu məqsədlə Əvəz rayon sakinləri Telmana və Vüsala iki ədəd palıd cinsindən olan ağacları kəsmək üçün qanuni icazəsi olduğunu bildirib həmin şəxslərin razılığını almış, bundan sonra 11 aprel 2021-ci il tarixdə saat 23 radələrində o, Əvəz, Telman və Vüsal həmin əraziyə gedərək Əvəzin göstərişinə əsasən Telman və Vüsal palıd cinsindən olan diametri 84 santimetr, dəyəri 2600 (iki min altı yüz) manat təşkil edən bir ədəd və diametri 92 santimetr, dəyəri 3000 (üç min) manat təşkil edən bir ədəd yaş kök üstə ağacları, cəmi iki ədəd palıd ağaclarının tamah niyyəti ilə qəsdən motorlu mişarla kəsdirib götürməklə İsmayıllı rayonu Quşencə bələdiyyəsinə xeyli miqdarda, ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2021-ci ilin aprel ayının əvvəllərində əmisi oğlu ona ət doğramaq üçün bir neçə ədəd palıd cinsindən olan ağac kötüyü istədiyini bildirmişdir. Söhbət zamanı əmisi oğlu həmin kötüklərin qanuni kəsilmiş ağaclardan doğranacağı təqdirdə alacağını demişdir. Bu barədə tanışı Ramiqə bildirərək əmisi oğluna ət doğramaq üçün iri gövdəli palıd ağacı tapıb kəsməklə əmisi oğluna satıb pul əldə edəcəklərini demişdir. Bir neçə gün sonra Ramiq İsmayıllı rayonu Quşencə kəndinin düzənlik sahəsində yolun kənarında üç ədəd palıd cinsindən olan diametri 80 sm-dən çox olan ağacları gördüyünü demiş və həmin ağacları kəsib kötüklərə ayıra biləcəklərini demişdir. 9 aprel 2021-ci il tarixdə Ramiqlə görüşmüş, bu zaman Ramiq ona Quşencə kəndi ərazisində gördüyü ağacları kəsmək üçün icazəsinin olmadığını demişdir. O, Ramiqə bunu başqa heç kimə deməməyini bildirmiş və ağacları kəsən şəxsləri və fəhlə tapacağını bildirmişdir. Əldə edəcəkləri qazancı aralarında bərabər böləcəkləri barədə razılığa gəlmişlər. 11 aprel 2021ci il tarixdə saat 10 radələrində Ramiqə İsmayıllı şəhərindəki “Palma” adlanan çay evinin qarşısında olduğunu və həmin yerə gəlməyini demişdir. O, idarə etdiyi “Ford” markalı avtomaşınla Ramiqi orada gözləmiş, Ramiq gəldikdən sonra onunla birlikdə Elay şadlıq sarayının yanında çayxanada oturmuşlar. O, Ramiqə axşam fəhlələri və motorlu mişarla ağacları kəsəcək şəxsləri də götürərək həmin yerə birlikdə gedəcəklərini demişdir. Bu məqsədlə Telman və Vüsal adlı şəxslərlə görüşüb İsmayıllı rayonu Quşencə kəndi ərazisindəki iki ədəd palıd ağaclarını kəsmək lazım olduğunu demişdir. Onlar ağacların kəsilməsi üçün qanuni icazə olub-olmamasını soruşduqda o, həmin şəxslərə narahat olmamaqlarını, ağacları kəsmək üçün icazə aldığını demişdir. Telman və Vüsal ona inanaraq hər birinə 40 manat olmaqla pul veriləcəyi təqdirdə ağacları kəsəcəklərini demişlər. Bundan sonra fəhlə axtarmış və Röyal, Seyyab və Şahin adlı fəhlələri taparaq kəsilməsi üçün qanuni icazəsi alınmış ağacların yük maşınına yerləşdirilməsi işini onlara demişdir. Fəhlələr ona inanaraq razılıq vermişlər və həmin gün axşam saat 21 radələrində İsmayıllı şəhərindəki “Palma” adlanan çay evinin qarşısında görüşəcəkləri barədə vədləşmişlər. Sonra isə şəhərin Kəpənək adlanan yerinə gedərək tanımadığı bir şəxsin idarə etdiyi “QAZ-66 markalı avtomobilə yaxınlaşmışdır. Həmin şəxsə Quşencə kəndi ərazisində qanuni icazəsi olmaqla iki ədəd ağac kəsiləcəyini və 100 manat müqabilində həmin kötükləri əmisi oğlunun həyətinə gətirəcəyi barədə razılaşmışdır. Sürücüyə axşam saat 21 radələrində “Palma” çay evinin qarşısına gəlməyini demişdir. Saat 21 radələrində vədləşdikləri kimi o, Ramiq,Telman, Vüsal, fəhlələr olan Şahin, Zöhrab və Röyal, QAZ-66 markalı avtomobilin sürücüsü də orada olmuşlar. Ramiq, Telman və Vüsal idarə etdiyi “Niva” markalı avtomobilə, fəhlələr isə QAZ-66 markalı avtomobilə əyləşmişlər. O, qarşıda avtomobili idarə etməklə Quşencə kəndindəki palıd ağaclarının olduğu yerə çatmışlar. Bu zaman saat 23 radələri olmuş, Telman,Vüsal və fəhlələr bir daha ondan və Ramiqdən ağacları kəsmək üçün qanuni icazələrinin olub-olmadığını soruşmuşlar. Ramiqlə o həmin şəxsləri inandırmaq üçün qanuni icazələrinin olduğunu bildirmişlər. Telmanla Vüsal iki ədəd palıd cinsindən olan ağacı kəsib yerə yıxmış, həmin ağacları hərəsi bir metr olmaqla ümumilikdə səkkiz ədəd kötük çıxmışdır. Onlar köməkləşərək kötükləri “QAZ-66” markalı avtomobilin yük yerinə yığmışlar. Bundan sonra İsmayıllı şəhərinəki əmisi oğlunun yaşadığı evin həyətinə gəlmişlər, yük maşının sürücüsü həmin səkkiz ədəd kötüyü əmisi oğlunun həyətinə boşaltmışdır. Əmisi oğlu kötüklərə baxdıqdan sonra qiymətini soruşmiş, onlar kötükləri ümumilikdə 640 manata satdıqlarını demişlər. Əmisi oğlu bir daha kötüklərin qanuni kəsilmiş ağacadan doğranıb-doğranmadığını soruşduqda o və Ramiq ağacları qanuni icazə əsasında kəsdiklərini demişlər. Əmisi oğlu ona sürücü və fəhlələri yola salmaq üçün 240 manat pul vermiş, 400 manatisə Ramiqlə ona verəcəyini demişdir. Fəhlələrin hər birinə 20 manat, Telmana və Vüsala hər birinə 40 manat, “QAZ-66” markalı avtomobilin sürücüsünə isə 100 manat vermişdir. Bundan sonra fəhlələri aparıb yaşadıqları evin yaxınlığında düşürtmüş, özü də yaşadığı evə getmişdir. Səhəri gün Ramiqlə görüşüb 400 manat pulu Ramiqə vermişdir. Ramiq ona həmin pulun yarısını verəcəyini demiş, lakin maddi imkanı zəif olduğundan hazırda pula ehtiyacı olduğunu bir neçə gündən sonra pulunu verəcəyini demişdir. Vurulmuş ziyanın iki min manat hissəsini ödəmiş, qalan hissəsini isə maddi imkanı olmadığından ödəyə bilməmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halları nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2021-ci ilin aprel ayının əvvəllərində İsmayıllı rayonu Quşencə kəndin düzənlik sahəsinə getmişdir. Yolun kənarında diametri 80 sm-dən çox olan üç ədəd palıd cinsindən olan ağacları görmüş, maddi imkanı zəid olduğundan həmin ağacları kəsib sataraq pul əldə etmək fikrinə düşmüşdür. Bu məqsədlə 9 aprel 2021-ci il tarixdə tanışı Əvəzlə görüşmüş və gördüyü palıd ağaclarını kəsmək istədiyini demişdir. Əvəz əmisi oğlunun ət doğramaq üçün iri kötük axtardığını demiş və onun təklifi ilə razılaşaraq kötükləri əmisi oğluna sata biləcəklərini demişdir. Əvəz ağac kəsən şəxs və fəhlə tapacağını, həmin ağacları kəsmək işini özü təşkil edəcəyini bildirmişdir. 11 aprel 2021-ci il tarixdə saat 10 radələrində Əvəz ona zəng edərək İsmayıllı şəhərindəki “Palma” adlanan çay evinin qarşısında idarə etdiyi “Ford” markalı avtomaşınla gözlədiyini demişdir. Onlar görüşmüş və Əvəz ona axşam fəhlələri və motorlu mişar işlədən şəxsləri taparaq ağac kəsməyə güdəcəklərini demişdir. Axşam saat 21 radələrində həmin çayxananın qarşısına getmiş və Əvəzin onu idarə etdiyi avtomobildə gözlədiyini görmüşdür. Avtomobildə adlarını sonradan bildiyi Telman və Vüsal adlı şəxslər olmuşdur. Həmin şəxslər özləri ilə motorlu mişar götürmüşlər. Əvəz motorlu mişar işlədənlərin hər birinə 40 manat pul verəcəyini demişdir. O, avtomobilə oturmuş və birlikdə Quşencə kəndində getmişlər. Onların arxasınca tanımadığı sürücünün idarə etdiyi “QAZ-66 “markalı tanımadığı avtomobil gəlmişdir. Saat 23 radələrində palıd ağaclarının olduğu yerə çatmış və maşından düşmüşlər. Yük avtomobildən üç nəfər fəhlə düşmüşlər. Motorlu mişarla gələnlər və fəhlələr onlardan ağacları kəsmək üçün qanuni icazələrinin olub-olmadığını soruşmuşlar. O Əvəzlə birlikdə həmin şəxsləri inandırmaq üçün ağacları kəsmək üçün qanuni icazələrinin olduğunu bildirmişlər. Ağaclardan birinin diametri 80 sm-dən, digər isə 90 smdən çox olmuşdur. Əvəzlə o fəhlələrə ağacları 1 metr uzunluğunda doğramağı tapşırmışlar. Ağacları kəsib yerə yıxdıqdan sonra istədikləri ölçüdə ümumilikdə 8-9 ədəd kötük çıxmışdır. Onlar köməkləşərək kötükləri “QAZ-66” markalı avtomobilin yük yerinə yığmışlar. Artıq 12 aprel 2021-ci il tarixdə saat 01 radələrinədək işlərini bitirmiş və Əvəz ona kötükləri əmisi oğlunun həyətinə aparılacağını demişdir. Onlar yük dolu avtomobili Əvəzin əmisi oğlunun həyətinə aparmış və Əvəzin əmisi oğlu onlardan ağacların qanuni kəsilib-kəsilmədiyini soruşmuşdur. Onlar Əvəzin əmisi oğluna ağacları qanuni şəkildə kəsdiklərini demişlər. Bundan sonra kötükləri Əvəzin qohumunun həyətinə boşaltmışlar. Bundan sonra o, QAZ-66 markalı avtomobildə əyləşib yaşadığı evə getmiş, Əvəz isə motorlu mişar işlədənləri və fəhləni aparmışdır. Əvəzin əmisi oğlu Əvəzə fəhlələr və maşına verməsi üçün motorlu mişar işlədənlərin, fəhlələrin və sürücünün pulu olan ümumilikdə 240 manat pul vermişdir. Ona və Əvəzə çatası 400 manat pulu isə Əvəzə sonra verəcəyini demişdir. O, səhəri günü İsmayıllı şəhəri ərazisində Əvəzlə görüşmüş, Əvəz ona 400 manat pul vermiş, maddi imkanı zəif olduğundan həmin pulun hamısını özü xərcləmiş, Əvəzə isə pulu olanda borcunu verəcəyini demişdir. O, vurulmuş ziyanın onun payına düşən hissəsinin bir qismini ödəmiş, qalan hissəsini isə maddi imkanı olmadığından ödəyə bilməmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Himayəsində bir azyaşlı uşağı vardır. Qeyd etdiyi halları nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri onların etirafı ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхsin nümayəndəsi Aqşin Həmidli ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Quşencə bələdiyyəsinin sədri vəzifəsində işləyir. Quşencə kənd sakini Şahid5 15 mart 2021-ci il tarixdə İsmayıllı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Quşencə bələdiyyəsinin mülkiyyətində olan iki ədəd palıd cinsindən olan ağacların naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək aparılması və həmin şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Polis əməkdaşları və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi onun və Şahid5 iştirakı ilə birlikdə həmin yerə baxış keçirmişlər. Baxış zamanı palıd cinsindən olan bir ədəd 84 santimetr diametrdə və bir ədəd 92 santimetr diametrdə yaş köküstə ağacların və aparılması müəyyən edilmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, ağacın odunluq və budaq hissələri saxlanması üçün ona təhvil verilmişdir. Quşencə bələdiyyəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmişdir. Həmin İdarənin baş məsləhətçi-müfəttişi Nəriman Cırıyev tərəfindən aparılmış hesablama zamanı təbiətə ümumilikdə 5600 (beş min altı yüz) manat ziyanın dəyməsi müəyyən edilmiş və bu barədə polis şöbəsinə rəsmi məlumat vermişdir. 24 aprel 2021-ci il tarixdə ağacları qanunsuz kəsərək aparmış şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər vurduqları zərərin bir hissəsini ödəmişlər. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid Şahid3 ifadə verərək göstərdi ki, 12 aprel 2021-ci il tarixdə saat 21 radələrində tanışı Əvəz ona zəng edərək İsmayıllı rayonu Quşencə kəndində meşə sahəsində ağacları kəsmək istədiyini bildirmişdir. Ağacları kəsmək üçün icazəsinin olubolmamasını soruşmuş, Əvəz bu barədə müvafiq icazə aldığını demişdir. Əvəzə zəhməthaqqı olaraq 40 manat verməli olacağını demişdir. Əvəz işin çox olacağını dediyindən ona əlavə bir motorlu mişar işlədən adam tapmağını demişdir. O bu barədə tanışı Vüsala demiş, Vüsal razılaşmışdır. Deyilən vaxtda Əvəzin dediyi yerdə görüşmüşlər. Bu zaman orada adını sonradan bildiyi Ramiq adlı şəxs də olmuşdur. Onlar Əvəzin idarə etdiyi “Niva” markalı avtomaşına əyləşərək Quşencə kəndi istiqamətində yola düşmüşlər. Onların arxasınca isə tanımadığı sürücünün idarə etdiyi “QAZ-66” markalı yük avtomobili gəlmişdir. Ramiqin dediyi ağacların olduğu yerə çatmışlar. Bu zaman yük maşınından üç nəfər fəhlənin düşdüyünü görmüşdür. Vüsalla o bir daha Ramiq və Əvəzdən kəsdirmək istədikləri palıd ağaclarının kəsilməsi üçün icazə alıb-almamasını soruşmuşlar. Ramiq və Əvəz ağacların kəsilməsi üçün qanuna müvafiq icazə aldıqlarını bildirmişlər. Bundan sonra onlar motorlu mişarları ilə palıd cinsindən olan ağacları dibindən kəsmişlər. Əvəzin və Ramiqin göstərişi ilə kəsilmiş ağacları bir metr uzunluğunda səkkiz ədəd kötük şəklində hissələrə ayırmışlar. Ağacın digər qol-budaq şəklində hissələri orada qalmış, fəhlələr kötükləri “QAZ-66” markalı avtomobilin yük yerinə yığmışlar. İşlərini bitirdikdən sonra Əvəz onların pulunu vermiş və onları evlərinə aparmışdır. Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid Şahid2 ifadə verərək göstərdi ki, fəhləlik etməklə dolanışığını təmin edir. Əvəz onun tanışıdır. 11 aprel 2021-ci il tarixdə günorta saatlarında Əvəz ona, digər tanışları Röyala və Zöhraba İsmayıllı rayonu Quşencə kəndi ərazisində qanuni şəkildə kəsilmiş ağac kötüklərinin avtomobilə yüklənməsində köməklik göstərmələrini xahiş etmişdir. Əvəz ağacları kəsmək üçün icazə aldığını bildirmiş və bundan sonra hər birinə 20 manat verməsi müqabilində fəhləlik edə biləcəklərini demişlər. Həmin gün axşam saat 21 radələrində o, Röyal və Zöhrab Əvəzin göndərdiyi “QAZ-66” markalı yük avtomobilinə əyləşmişlər və Əvəzin idarə etdiyi avtomobilin arxasınca yola düşmüşlər. Əvəz Quşencə kəndi ərazisində açıqlıq bir ərazidə avtomobili saxlamışdır. Əvəzin idarə etdiyi avtomobildən adını sonradan bildiyi Ramiq, Telman və Vüsal adlı şəxslər düşmüşlər. Onlar bir daha Əvəzdən və Ramiqdən ağacları kəsmək üçün icazələrinin olub-olmamasını soruşmuşlar. Əvəz və Ramiq ağacları kəsmək üçün müvafiq qurumlardan icazə aldıqlarını bildirmişlər. Telman və Vüsal motorlu mişarları ilə Əvəzin və Ramiqin göstərdiyi iki ədəd palıd cinsindən olan iri diametrli ağacları kəsmiş və kötük şəklində hissələrə ayırmışlar. Bundan sonra onlar birlikdə doğranmış səkkiz ədəd kötüyü QAZ-66 markalı avtomlbilin yük yerinə yükləmişlər. Artıq 12 aprel 2021-ci il saat 01 radələri olmuş, o və digər fəhlələr QAZ-66 markalı avtomobilə əyləşmiş, Ramiq, Əvəz, Telman və Vüsal isə Əvəzin idarə etdiyi avtomobilə əyləşmişlər. Əvəz qarşıda, yük avtomobilinin sürücüsü isə onun arxasınca avtomobilini idarə etməklə İsmayıllı rayonu keçmiş Mican kəndində yaşayan Əvəzin əmisi oğlu gilə gəlmişlər. Əvəzin əmisi oğlu Əvəz və Ramiqdən ona satmaq istədikləri kötüklərin qanuni icazə əsasında kəsilib kəsilmədiyini soruşduqda Əvəz və Ramiq ağacların müvafiq icazə əsasında kəsildiyini bildirmişdir. Onlar kötükləri həmin həyətə boşaltmışlar. Əvəz ona, Röyala və Zöhraba hər birinə 20 manat pul vermişdir. Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid Şahid5 ifadə verərək göstərdi ki, 12 aprel 2021-ci il tarixdə yaşadığı İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən əkin sahəsinə baş çəkməyə gedərkən yaxınlıqda yerləşən Quşencə bələdiyyəsinin mükiyyətində olan “Pirpalıd” deyilən ərazidə iki ədəd yaş köküstə palıd cinsindən olan ağacların kəsildiyini, kötük hissələrinin aparıldığını, qol-budağının isə yerdə qadığını görmüşdür. Həmin yerdə başqa heç kim olmamış, ağacların kim tərəfindən kəsildiyini müəyyən edə bilməmişdir. İsmayıllı rayon polis şöbəsinə gedərək ağacları kəsən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. 2021-ci ilin aprel ayının axırlarında eşitmişdir ki, həmin ağacları Ramiq və Əvəz adlı İsmayıllı şəhər sakinləri birlikdə kəsmişlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2021-ci il tarixli 65885 nömrəli akt və həmin akta əlavə edilmiş yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlinə əsasən bir ədəd palıd cinsindən olan 84 santimetr diametrdə ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 2600 (iki min altı yüz) manat, bir ədəd palıd cinsindən olan 92 santimetr diamterdə olan ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 3000 (üç min) manat olmaqla təbiətə dəymiş ziyanın ümumi məbləği 5600 (beş min altı yüz) manat təşkil edir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında 2 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı rayonu Quşçencə kəndi ərazisində Quşencə bələdiyyəsinin mülkiyyətində olan iki ədəd palıd cinsindən olan ağacları kəsdirdiyi yeri əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında 3 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonu Quşçencə kəndi ərazisində Quşencə bələdiyyəsinin mülkiyyətində olan iki ədəd palıd cinsindən olan ağacları kəsdirdiyi yeri əyani olaraq göstərmişdir. 15 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iki ədəd palıd cinslərindən olan ağacların kəsildiyi yer İsmayıllı rayonu Quşencə kəndi ərazisindəki Quşencə bələdiyyəsinin mülkiyyətində olan yerdir. Baxış zamanı kəsilmiş ağacların budaq hissələrinin torpaqda qalması aşkar olunmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 iyun 2021-ci il tarixli 9/3299 nömrəli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 6 saylı X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 65885№li akta və akta dən istifadə edilməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə iki ədəd müxtəlif diametrli palıd cinsli ağacların qanunsuz götürülməsinə (kəsilməsinə) görə Azərbaycan Respublikası Nazirlər kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 5600 manat müəyyən edilir. Belə ki, palıd cinsindən olan bir ədəd 84 santimetr diametrdə ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 2600 (iki min altı yüz) manat, palıd cinsindən olan bir ədəd 92 santimetr diametrdə olan ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 3000 (üç min) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-psixiatrik ekspertizasının 7 iyul 2021-ci il tarixli 359 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzvi mənşəli şəxsiyyət pozuntusu, emosiya və davranış pozğunluqları ilə XBT F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və mülayim ifadəli olduğundan o, ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. İsmayıllı rayon X8 X12 Poliklinika şöbəsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 105 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində 05 noyabr 2015-ci il tarixdən “F07.0 M.S.S-nin üzvi xəstəliyi (naməlum mənşəli) orta dərəcədə ifadə olunmuş qarışıq emusiya və davranış pozuntuluğu, şəxsiyyətin dəyişiklikləri ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. Lakin “Narkoloji” və Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs1 isə RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. 16 may 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmamışlar. İsmayıllı rayonu Quşencə bələdiyyəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli 03 nömrəli arayışdan görünür ki, 11 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixə keçən gecə Quşencə kəndi ərazisində iki ədəd palıd cinsli ağacların kəsildiyi ərazi Quşencə bələdiyyəsinə məxsusdur. 27 aprel 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən İsmayıllı rayonu Quşencə bələdiyyəsinə 2000 (iki min) manat maddi ziyan ödənilmişdir. 28 aprel 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 atası X3 tərəfindən İsmayıllı rayonu Quşencə bələdiyyəsinə 1000 (min) manat maddi ziyan ödənilmişdir. Müstəntiqin maddi sübut kimi tanınma haqqında 24 aprel 2021-ci il tarixli qərarından görünür ki, hadisə yerində aşkarlanmış palıd cinsindən olan kəsilmiş bir ədəd diametri 84 santimetr olan ağacın və bir ədəd diametri 92 santimetr olan ağacın yerdə qalan 4 kub metr həcmində gövdə və budaq şəklində hissələri iş üzrə maddi sübut qismində tanınmış və İsmayıllı rayonu Quşencə bələdiyyəsinin sədri X7 məsul saxlanışına verilmişdir. Müstəntiqin maddi sübut kimi tanınma haqqında 25 aprel 2021-ci il tarixli qərarından görünür ki, bir ədəd “Saw Hüter” markalı və bir ədəd “Uralmaş” markalı motorlu mişarlar iş üzrə maddi sübut sübut qismində tanınmış və “Saw Hüter” markalı motorlu mişar sahibi Şahid3, “Uralmaş” markalı motorlu mişar isə sahibi Şahid4 məsul saxlanışına verilmişdir. Müstəntiqin sübutların qiymətləndirilməsi haqqında 8 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Şahid3, Şahid4, Şahid2, Şahid1, X6, X11 və şəxsiyyəti istintaqla müəyyən edilməyən QAZ-66 markalı avtomobilin sürücüsünün əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanması rədd edilmiş və material ayrılaraq saxlanması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. 22 iyul 2021-ci il tarixli 133 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və anası X4 ibarətdir, yaşadığı müddət ərzində ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. 06 sentyabr 2021-ci il tarixli 386 və 386/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri, İ.Həsənov küçəsi, ev 4-də yaşayır, ailə tərkibi özündən və valideynləri X3 və X1 ibarətdir, yaşadığı müddət ərzində ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. AZ-İV 155624 nömrəli 03 avqust 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 himayəsində 18 iyul 2018-ci il tarixdə anadan olmuş oğlu Pirvəlizadə Nicat adlı azyaşlı uşağı vardır. Müstəntiqinin 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 24 aprel 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 24 aprel 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 24 aprel 2021-ci il tarixdə saat 19:15-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 17:15-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, onların törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərə ittiham edildikləri maddənin sanksiyasında müəyyən edilmiş cərimə növündə cəzanın təyin edilməsini və cərimə cəzasının hər birinə ayrı-ayrılıqda 10000 (on min) manat miqdarında müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək 10000 (on min) manat miqdarda cərimə cəzası yüngülləşdirilməli və üzərində qəti olaraq 9500 (doqquz min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin edilmiş cərimə cəzasının məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödəməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübutlar - sahiblərinin saxlancına verilmiş bir ədəd “Saw Hüter” markalı motorlu mişar sahibi Şahid3, bir ədəd “Uralmaş” markalı motorlu mişar isə hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid4 qaytarılmalı, İsmayıllı rayonu Quşencə bələdiyyəsinin sədri X7 məsul saxlanışına verilmiş palıd cinsindən olan kəsilmiş bir ədəd diametri 84 santimetr olan ağacın və bir ədəd diametri 92 santimetr olan ağacın yerdə qalan 4 kub metr həcmində gövdə və budaq şəklində hissələri satılaraq dəyəri İsmayıllı rayonu Quşencə bələdiyyəsinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10000 (on min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təyin edilmiş cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10000 (on min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 10000 (on min) manat miqdarda cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 9500 (doqquz min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. Təyin edilmiş cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ( keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübutlar - sahiblərinin saxlancına verilmiş bir ədəd “Saw Hüter” markalı motorlu mişar sahibi Şahid3, bir ədəd “Uralmaş” markalı motorlu mişar isə hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid4 qaytarılsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayonu Quşencə bələdiyyəsinin sədri X7 məsul saxlanışına verilmiş palıd cinsindən olan kəsilmiş bir ədəd diametri 84 santimetr olan ağacın və bir ədəd diametri 92 santimetr olan ağacın yerdə qalan 4 kub metr həcmində gövdə və budaq şəklində hissələri satılaraq dəyəri İsmayıllı rayonu Quşencə bələdiyyəsinin hesabına köçürülsün. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar