Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-6/2021 11.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi Abbasov Nəvaid Noruz oğlunun, Zərərçəkmiş şəxs Məmmədov Sabir Novruz oğlunun iştirakı ilə 11 mart 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 01 avqust 1989-cu ildə İsmayıllı rayonu Bizlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himаyəsində iki аzyаşlı uşаğı оlаn, orta təhsilli, işləməyən, məhkumluğu оlmаyаn, İsmayıllı rayonu Bizlan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “pоlisin nəzаrəti аltınа vеrmə” qətimkan tədbiri seçilmiş Qədirоv Şаmо Şirvаn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qədirоv Şаmо Şirvаn оğlu təqsirləndirilir оndаn ötrü ki, о, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 X1 Meşəbəyliyinin 10 saylı dolayının 2 nömrəli kvartalı ərazisində müvafiq icazə bileti olmadan qanunsuz olaraq fıstıq cinsindən diametri 8 sm olan bir ədəd, diametri 16 sm olan bir ədəd, palıd cinsindən diametri 12 sm olan bir ədəd, ağcaqayın cinsindən diametri 8 sm olan üç ədəd, vələs cinsindən diametri 8 sm olan səkkiz ədəd, diametri 12 sm olan altı ədəd, diametri 16 sm olan üç ədəd, diametri 20 sm olan bir ədəd, göyrüş cinsindən diametri 12 sm olan bir ədəd yaş köküstə ağacları motorlu mişar vasitəsilə kəsib doğrayaraq özü ilə gətirdiyi ata yükləyərkən həmin kvartalın meşə gözətçisi vəzifəsində işləyən hakimiyyət nümayəndəsi kimi xidməti vəzifələri yerinə yetirən Sabir Məmmədov ona yaxınlaşaraq ağacları kəsməsinin qanunsuz olduğunu deyərək kəsdiyi ağacları aparmağına mane olmuş, o, Zərərçəkmiş şəxs qanuni tələbinə məhəl qoymayaraq doğradığı ağacları ata yükləməyə işinə davam etmişdir. Bu zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının mühafizə yegeri vəzifəsində işləyən X7 da həmin əraziyə gələrək Şаmо Qədirоva müraciət edərək qanunsuz əməllərini dayandırmağı tələb etmişdir. Sonuncu əsəbləşərək yerdəki baltasını götürüb Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, Ağa Axundov vaxtında müdaxilə edərək baltanı Şаmоnun əlindən alaraq yerə tullamış, buna baxmayaraq Şamo öz hərəkətlərini davam etdirərək hər iki əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutaraq yerə yıxıb sağ əli ilə sonuncunun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmiş və yerdə olan baltanı götürüb küt hissəsi ilə Zərərçəkmiş şəxs hər iki baldırına zərbələr vuraraq sonuncuya üzün sağ yarısının və hər iki baldırın sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, bununla da Şаmо Qədirоv xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmiş, habelə ümumilikdə 25 ədəd ağacı qanunsuz kəsib götürməklə dövlət meşə fonduna 70.31 manat maddi ziyan vurmuşdur. Şаmо Qədirоv ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, yaşadığı kəndə qaz verilmədiyindən arabir kəndin yaxınlığındakı meşə ərazisinə gedərək yaş köküstə və quru odunları kəsib doğrayaraq evə gətirmiş və evin isidilməsini təmin etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində özü ilə motorlu mişar və balta götürərək odun yığmaq məqsədilə əmisi oğlu Vüqar Hümbətov ilə birlikdə meşəyə getmişdir. Meşə ərazisinə çatdıqdan sonra yaş kök üstə olan bir neçə ağacı kəsmiş və kəsdiyi ağacları mişarla doğramağa başlamışdır. Doğradığı ağacları özü ilə gətirdiyi ata yükləyən zaman meşə gözətçisi işləyən həmkəndlisi Zərərçəkmiş şəxs həmin əraziyə gəlmişdir. Vüqar ondan təxminən 100 metr aralıqda yerləşən dərədə olmuş və onları görməmişdir. Sabir ona yaş köküstə ağacları kəsdiyinə görə irad tutmuş və bu əməlin qanunsuz olduğunu deyərək ağacları aparmamağını demişdir. Sabir telefonla onun və kəsib doğradığı ağacların şəklini çəkməyə başlamışdır. O Sabirin tələblərinə məhəl qoymayaraq kəsdiyi ağacları atına yükləyərək getmək istəmişdir. Bu zaman Sabir onun qarşısını kəsərək odunları aparmağa qoymamış və onun ünvanına “küçük” ifadəsini işlədərək onu təhqir etmişdir. Aralarında mübahisə yaranmış və bir-birilərinin yaxasından tutmuşlar. Onlar qarşılıqlı olaraq dartışmış və yaxınlıqdakı kolluğa yıİxılmışlar. Bu vaxt Şahdağ Milli Parkının mühafizə yegeri vəzifəsində işləyən Ağa ora gələrək onları ayırmışdır. O, Sabiri vurmamış və ona baltanın küt hissəsi ilə xəsarət yetirməmişdir. Yaş köküstə olan ağacları kəsmək üçün onun müvafiq meşə bileti olmamış və belə ağacları kəsməyin qanunsuz olduğunu bilmişdir. Özünü meşə gözətçisinin qanuni tələblərinə əməl etmədiyinə və onunla mübahisə etdiyinə görə qismən təqsirli bilir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs Sabir Məmmədovla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Ailəsində ondan başqa işləyib gəlir əldə edən şəxs yoxdur. Qeyd etdiyi halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxs Şаmо Qədirоvun Sabir Məmmədovu vurmaması və ona baltanın küt hissəsi ilə xəsarət yetirməməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlara qiymət verərək hesab edir ki, bu xüsusatlar təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi xüsusatlar zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilir. Şаmо Qədirоvun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi öz ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində meşə gözətçisi kimi mühafizə məqsədilə ona təhkim edilmiş X11 X2 meşəbəyliyinin 10 saylı dolayında gəzərkən motorlu mişar səsini eşitmiş və səs gələn tərəfə getmişdir. Ora çatdıqda həmkəndlisi və qonşusu olan İsmayıllı rayonu Bizlan kənd sakini Təqsirləndirilən şəxs motorlu mişarla kəsdiyi ağacları doğradığını görmüşdür. Şamodan meşəqırma biletinin olub-olmamasını soruşmuş, Şamo belə bir biletinin olmadığını demişdir. Şamoya etdiyi hərəkətlərin qanunsuz olduğunu demiş və işini dayandırmağı tələb etmişdir. Şamo ona məhəl qoymayaraq işinə davam etmişdir. Şamonun kəsdiyi ağacların şəklini çəkmiş və baş vermiş hadisə barədə baş meşəbəyi Ramil Mehdiyevə məlumat vermişdir. Şamo isə doğradığı odunları özünə məxsus atın üzərinə yığmışdır. Şamoya odunları aparmamağını deyərək bu barədə protokol tərtib edəcəyini demişdir. Şamo yenə də onun sözünə məhəl qoymayaraq işinə davam etmişdir. Bu zaman Şahdağ Milli Parkının mühafizə yegeri vəzifəsində işləyən Ağa Axundov təsadüfən həmi yerə gəlmiş və Ağa da Şamoya etdiyi hərəkətlərin qanunsuz olduğunu demişdir. Şamo birdən əsəbləşərək “bəsdirin, siz məni yığmısız boğaza” deyərək yerdə olan baltanı götürüb üstünə hücum çəkmişdir. Ağa baltanı Şamonun əlindən alaraq yerə tullamışdır. Şamo sakitləşməmiş və onun üzərinə hücum edərək hər iki əli ilə boğazından tutmuşdur. Şamo onu yerə yıxmış və sağ əli ilə sifətinə yumruq zərbəsi vurmuşdur. O, Şamonu üzərindən itəliyərək ayağa qalxmışdır. Bu zaman Şamo yerdəki baltanı götürüb küt hissəsi ilə onun hər iki ayağına vurmuşdur. Ağa onları aralamış və Şamo kəsdiyi odunları yüklədiyi atın yedəyindən tutaraq getmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Biz müddət sonra baş meşəbəyi Ramil Mehdiyev həmin əraziyə gəlmiş və birlikdə kəsilmiş ağacların növünü, cinsini, ölçülərini, dövlət meşə fonduna dəymiş ziyan barədə sənədləşdirmə işləri aparmışdır. Şamo ilə mübahisə etdiyi zaman və aralarında baş vermiş münaqişə zamanı Şamoya heç bir xəsarət yetirməmiş və onu təhqir etməmişdir. Sonradan Şamonun əmisi oğlu Vüqarın orada olduğunu görmüş, Vüqar ondan Şamonu soruşduqda o, Şamonun evinə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şаmо Qədirоv onunla barışıq əldə etmişdir. Şаmо Qədirоva qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid Ахundоv Аğа Аğаrəhim oğlu ifadə verərək göstərdi ki, “Şahdağ” Milli parkının mühafizə yegeri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində Girdiman meşəbəyliyinin 10 saylı dolayının meşə mühafizəçi işləyən Sabirə zəng edərək harada olduğunu soruşmuşdur. Sаbir ona təhkum edilmiş dolayda iş başında olduğunu demişdir. Aralаrındaki məsafə az olduğundan beş dəqiqəyə Sabirin dediyi yerə çatmışdır. Bu zaman Sabirin əvvəlcədən tanıdığı Şamo ilə mübahisə etdiyini, Şamonun isə Sabirin tələblərinə məhəl qoymayaraq kəsib doğradığı ağacları atına yüklədiyini görmüşdür. O, Samonun əlindəki baltanı onun əlindən götürərək kənara tullamış və onları ayıraraq oradan aralanmışdır. Həmin yerdən bir az aralanmış və bu zaman onların səslərinin daha da ucadan gəldiyini eşitmiş və yenidən həmin yerə qayıtmışdır. Yaxınlaşdıqda onların bir-birinin yaxasından tutaraq yerdə yıxılı vəziyyətdə dalaşdıqılarını görmüş və dərhal müdaxilə edərək onları ayırmışdır. O, Şamonun yerdə olan baltanı götürüb Zərərçəkmiş şəxs üstünə hücum çəkməsini görməmiş, Sabirə hücum çəkərkən onun əlindən baltanı almamış və yerə tullamışdır. Həmçının baltanın küt hissəsi ilə Sabirin ayaqlarından vurduğunu görməmiş, lakin ətrafa baxdıqda Şamonun əlindən götürərək kənara atdığı baltanın əvvəl onun atdığı yerdə deyil, onların yanında olduğunu görmüşdür. Bundan sonra Şаmо odunu yüklədiyi atı götürüb oradan uzaqlaşmışdır. Şahid Hümbətov Vüqar Əlövsət oğlu ifadə verərək göstərdi ki, xx xxxxxx 2020ci il tarixdə səhər saatlarında əmisi oğlu Şаmоnun аtlа mеşəyə gеtdiyini görmüşdür. Şamodan onu gözləməyi xahiş edərək və mеşəyə bir yеrdə gеtmək istədiyini demişdir. O, tez həyətindən еşşəyi gətirmiş və birlikdə yaşadıqları İsmayıllı rayonunun Bizlan kəndi yaxınlığındakı meşə sahəsinə getmişlər. Meşəyə getməklərində məqsədləri оdun yığmаq olmuşdur. Meşə ərazisinə çatdıqdan sonra Şamodan ayrılmış və təxminən 100- 150 metr kənara gedərək quru odun yığmağa başlamışdır. Bir saatdan sonra gəldiyi istiqamətdə geri qayıtmış və Şamodan ayrıldığı yerdə Zərərçəkmiş şəxs siqaret çəkdiyini görmüşdür. Sabirə yaxınlaşıb salam vermiş və Şamonu soruşmuşdur. Sabir Şamonun getdiyini demişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 21 avqust 2020-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 X1 Meşəbəyliyinin 10 saylı dolayının 2 nömrəli kvartalı ərazisində baş vermişdir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və yaxud predmet aşkar edilməmişdir. Hаdisə yеrində ümumilikdə 25 ədəd müхtəlif cinsli və növlü аğаclаrın kəsilməsi müəyyən оlunmuşdur. X11 Təsərrüfatı Mərkəzindən verilmiş 15 sentyabr 2020-ci il tarixli 623 nömrəli məktubdаn görünür ki, Sabir Məmmədov 12 oktyabr 2018-ci il tarixdən hal-hazıra kimi Şamaxı Rеgiоnаl Meşə X1 meşəbəyliyinin 10 saylı meşə dоlаyındа meşə gözətçisi vəzifəsində işləyir. Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2020-ci il tаriхli 360 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- üzün sağ yarısının və hər iki baldırın sıyrıqları küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 21 avqust 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2020-ci il tаriхli 390 nömrəli rəyindən müəyyən edilir ki, Şаmо Qədirоvun məhkəmə-tibbi еkspеrtizаsı zаmаnı bədən səthində хəsаrətin hər hаnsı bir оbyеktiv əlаməti аşkаr еdilməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/4489 nömrəli rəyindən görünür ki, еkspertiza tədqiqatına təqdim edilmiş Şamaxı Regional X4 əməkdaşları tərəfindən tərtib edilmiş 21 avqust 2020-ci il tarixli 60169 nömrəli akt və ona əlavə edilmiş həcm-qiymət cədvəlinə əsasən X11 X1 meşəbəyliyinin 10 saylı dolayısından kəsilmiş köküstə yaş vəziyyətdə olan ümumilikdə 25 ədəd ümumi həcmi 1,2 sm (fıstıq cinsindən diametri 8 sm olan 1 ədəd, diametri 16 sm olan 1 ədəd, palıd cinsindən diametri 12 sm olan 1 ədəd, ağcaqayın cinsindən diametri 8 sm olan 3 ədəd, vələs cinsindən diametri 8 sm olan 8 ədəd, diametri 12 sm olan 6 ədəd, diametri 16 sm olan 3 ədəd, diametri 20 sm olan 1 ədəd, göyrüş cinsindən diametri 12 sm olan 1 ədəd) ağacların kəsilməsinə görə yaşıllığa dəymiş ziyanın hesablanması cədvəlindən istifadə edilməklə 2020-ci ilin avqust ayına təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 70,31 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İsmayıllı rayon X6 Hüquqi şəxsi tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli 1692 nömrəli arayışdan görünür ki, Şаmо Qədirоv poliklinikanın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. 12 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Şаmо Qədirоvun məhkumluğu yoxdur. 06 oktyabr 2020-ci il tarixli 63 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Şаmо Qədirоv İsmayıllı rayonu Bizlan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası Qədirov Şirvan Paşa oğlu, anası Qədirova Gülnaz Güləsən qızı, arvadı Qədirova Sevinc Sehrab qızı və 2013 və 2015-ci il təvəllüdlü uşaqları Yusif və Mirpaşadan ibarətdir. Yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Müstəntiqin 29 sentyabr 2020-ci il il tarixli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Şаmо Qədirоv barəsində həmin tarixdə “pоlisin nəzаrəti аltınа vеrmə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin rayon prokuroruna 11 noyabr 2020-ci il tarixli müraciətindən müəyyən edilir ki, təqsirləndirilən şəxs Şаmо Qədirоvun xx xxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 X1 Meşəbəyliyinin 10 saylı dolayının 2 nömrəli kvartalı ərazisindən müvafiq icazə bileti olmadan qanunsuz olaraq fıstıq cinsindən diametri 8 sm olan bir ədəd, diametri 16 sm olan bir ədəd, palıd cinsindən diametri 12 sm olan bir ədəd, ağcaqayın cinsindən diametri 8 sm olan üç ədəd, vələs cinsindən diametri 8 sm olan səkkiz ədəd, diametri 12 sm olan altı ədəd, diametri 16 sm olan üç ədəd, diametri 20 sm olan bir ədəd, göyrüş cinsindən diametri 12 sm olan bir ədəd yaş köküstə ağacları motorlu mişar vasitəsilə kəsib doğrnması faktı iş materialları ilə təsdiq edildiyindən fakt üzrə toplanmış material üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxs Şаmо Qədirоv Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Şаmо Qədirоvun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Şаmо Qədirоvun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Şаmо Qədirоva cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Şаmо Qədirоvun himаyəsində iki аzyаşlı uşаğının оlmаsını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Şаmо Qədirоvun törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Şаmо Qədirоva məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) il müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Şаmо Qədirоv 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00dan saat 08:00-a dək yaşadığı İsmayıllı rayonu Bizlan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Şаmо Qədirоvun cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli ) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Şаmо Qədirоvdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şаmо Qədirоvun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Qədirоv Şаmо Şirvаn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Qədirоv Şаmо Şirvаn oğlu 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 08:00-a dək yaşadığı İsmayıllı rayonu Bizlan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Qədirоv Şаmо Şirvаn oğlunun cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Qədirоv Şаmо Şirvаn oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Qədirоv Şаmо Şirvаn oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Qədirоv Şаmо Şirvаn oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-6/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-6/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver