Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-61/2023 26.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs İsmayıllı rayonu Tircan bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 26 sentyabr 2023-cü il tarixdə saat 11:37-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1994-cü ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Tircan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Tircan bələdiyyəsinin mülkiyyətində olmaqla Tircan kəndinin ərazisində, köhnə qəbristanlıq adlanan yerdə yerləşən meşə fonduna daxil olmayan ağacları kəsmək məqsədilə 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq tarixi istintaqla müəyyən olunmayan vaxtda, saat 10 radələrində özünə məxsus motorlu mişarı götürüb həmin əraziyə getmiş və oradan palıd cinsindən olan diametri 88 santimetr, dəyəri 2800 (iki min səkkiz yüz) manat təşkil edən 1 ədəd və ağcaqayın cinsindən olan diametri 24 santimetr, dəyəri 200 (iki yüz) manat təşkil edən 1 ədəd yaş kök üstə ağacları, yəni cəmi 2 (iki) ədəd müxtəlif cinsli ağacları tamah niyyəti ilə qəsdən motorlu mişarla kəsib götürməklə qanunsuz ağac kəsərək İsmayıllı rayonunun Tircan bələdiyyəsinə xeyli miqdarda, ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun Tircan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təsərrüfatla və fəhləliklə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Vətən müharibəsinin veteranıdır, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 2022-ci ilin dekabr ayının sonlarında kənd ərazisində gəzərkən köhnə qəbristanlıq adlanan ərazidə 2 ədəd ağacın bir-birinin üstünə yıxıldığını görmüş, ağaclar tam aşmamış, ağaclardan 1-i palıd, digəri isə ağcaqayın cinsindən olmuş, həmin ağaclar yola mane olduğundan o, ağacları kəsmək qərarına gəlmiş, o, 2022-ci ilin dekabr ayının sonlarında dəqiq tarixi xatırlamadığı gündə saat 10 radələrində özünə məxsus motorlu mişarı yaşadığı evdən götürüb həmin yerə gəlmiş, o, həmin ağacları kəsərək, hissələrə ayırmış, sonra həmin doğradığı ağac hissələrini ata yükləyib Tircan kəndi ərazisində yerləşən öz yaşadığı evə aparmış, həmin odunları satmaq məqsədi olmamış, həmin odunları yandırmaq məqsədilə aparmış, ağacları kəsməkdə və daşımaqda ona heç kim köməklik göstərməmişdir. O, həmin ağacları tək kəsmiş, bir neçə gün sonra kənd camaatından eşitmiş ki, kəndin bələdiyyəsinin sədri ondan İsmayıllı rayon polis şöbəsinə şikayət etmişdir. Bir müddət sonra polis əməkdaşları onu çağırmış, onlar birlikdə həmin yerə baxış keçirmiş və o, kəsdiyi ağacları göstərmiş, polis əməkdaşları zəruri sənədləşmə işləri aparmış və hadisə yerinin fotoşəkillərini çəkmişlər. Həmin ağacların yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatı olmamışdır. Daha sonra kəsdiyi ağacların hamısını odun halında həyətinə aparmışdır. Motorlu mişarı isə xarab olduğundan xatırlamadığı yerə atmışdır. O, ağacları tək kəsmiş, maddi imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilməmişdir. İfadəsində qeyd etdiyi kimi o, Vətən müharibəsinin veteranıdır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin birində yaxınlığına düşmüş minomyot mərmisinin partlaması nəticəsində kontuziya almış, nitqində qüsurlar yaranmışdır. Hal hazırda maddi imkansızlığından müayinə və müalicələrə gedə bilmir. Mövsümi olaraq Bakı şəhəri Qaradağ rayonundakı daş karxanalarında işləyərək dolanışığını təmin edir. Qeyd etdiyi halların nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəхs İsmayıllı rayonu Tircan bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, xx.xx.2020-ci il tarixdən İsmayıllı rayonu Tircan kənd bələdiyyəsinin sədri vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə işdə olarkən hazırda xatırlamadığı bir nəfər kənd sakini ona zəng edərək, İsmayıllı rayonunun Tircan kəndində yerləşən köhnə qəbristanlıq adlanan yerdə ağacların kəsildiyi barədə məlumat vermişdir. O, dərhal həmin yerə baxmaq üçün qəbristanlığa getmiş, qəbristanlıq ərazisində 2 ədəd kök üstə yaş ağacın kəsildiyini görmüşdür. Həmin ağaclardan biri ağcaqayın digəri isə palıd cinsli ağac olmuş, o, həmin ağacların kim və ya kimlər tərəfindən kəsildiyini müəyyən etmək üçün kənd camaatından ağacları kəsən şəxsi görən olub-olmadığını soruşmuşdur. Bu zaman məlum olmuşdur ki, həmin ağaclar İsmayıllı rayonunun Tircan kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Ağaclar təxminən 2022-ci ilin dekabr ayında kəsilmiş, o, ağaclar kəsilən ərazidə ağacların kəsildiyi gündən təxminən 2-3 gün əvvəl olmuş, həmin vaxt qəbiristanlıqda aşmış ağac görməmişdir. O, həmin gün İsmayıllı RPŞyə gələrək, bu barədə ərizə ilə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə Ekologiya İdarəsinin əməkdaşı ilə birlikdə ağacların kəsildiyi İsmayıllı rayonunun Tircan kəndində yerləşən köhnə qəbristanlıq adlanan yerə baxış keçirmişdir. Baxış zamanı kəsilmiş ağaclardan birinin 88 santimetr diametrli palıd cinsinə mənsub olduğu, digərinin isə 24 santimetr diametrli ağcaqayın cinsinə mənsub olduğu müəyyən olunmuş, bu barədə polis əməkdaşları zəruri sənədləşmə işləri aparmış, ekologiya idarəsinin əməkdaşı isə bu barədə akt tərtib etmişlər. Təqsirləndirilən şəxs vurduğu zərəri maddi imkansızlığından ödəyə bilməmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, 13 ildir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Şahdağ milli parkında mühafiza yegeri vəzifəsində çalışır. İşi milli parkın ərazisini mühafizə etməkdən ibarətdir. 2022-ci ilin dekabr ayının sonlarında dəqiq tarixi xatırlamadığı vaxtda Tircan kəndi ərazisində mühafizə etdiyi ərazidə olarkən yaxından motorlu mişar səsi gəldiyini eşitmiş, o, milli parkın ərazisindən kiminsə ağacları kəsdiyini düşünərək, motorlu mişarın səsi gəldiyi yerə tərəf getmiş, onun xidməti ərazisinə yaxın olan yerdə Tircan kəndi ərazisində köhnə qəbiristanlıq adlanan yerdə bir nəfər şəxsin ağacları doğradığını görmüşdür. Uzaqdan həmin şəxsin kim olduğunu bilməmiş, yaxınlaşdıqda isə həmin şəxsin Tircan kənd sakini Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Yaşar 2 ədəd kök üstə yaş ağacı kəsib doğramışdır. O, Yaşara yaxınlaşıb nə üçün ağacları kəsdiyini soruşmuş, sonuncu ağacların aşdığını bildirmişdir. O, xidməti işi ilə əlaqədar olaraq hər gün həmin yerdən keçir və həmin ağacların aşdığını görməmişdir. Sonuncu dəfə Yaşar ağacları kəsən gün səhər saatlarında həmin yerdən keçib öz ərazisinə getmiş, ağaclar kəsilən ərazidə aşan ağac olmamışdır. Yaşar kök üstə olan ağacları kəsmiş, o, sonuncuya irad tutduqda Yaşar səhv etdiyini bildirmiş və heç kimə deməməsini xahiş etmişdir. O, həmin ərazinin meşə fonduna aid olduğunu zənn edib meşə idarəsinin işçisi Fizuliyə zəng vurub ağac kəsildiyini və gələrək sənədləşdirməsini demişdir. Yaşara doğranmış odunları aparmamasını bildirmiş və özü isə oradan uzaqlaşmışdır. Bir qədər sonra Fizuli ona zəng edərək, əraziyə baxış keçirtdiyini, lakin ağac kəsilən ərazinin meşə fonduna deyil, bələdiyyə mülkiyyətinə aid olduğunu bildirmiş və aidiyyəti şəxslərə məlumat verəcəyini demişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və təbii Sərvətlər idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-14-45/2- 071/2023 saylı məktubdan görünür ki, qeyd olunan əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən palıd cinsindən ibarət olmaqla diametri 88 santimetr 1 ədəd, ağcaqayın cinsindən diametri 24 santimetr 1 ədəd olmaqla, ümumilikdə 2 ədəd ağac kəsilmişdir. Həmin məktuba əlavə olunmuş yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki təbiətə dəymiş ziyan 3000 (üç min) manat təşkil edir. 02 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İsmayıllı rayonunun Tircan kəndi ərazisində rayonun Tircan bələdiyyəsinin mülkiyyətində olan köhnə qəbiristanlıq adlanan yerdən ümumilikdə 2 ədəd palıd və ağcaqayın cinsindən olan ağacların kəsildiyi yerə baxış keçrilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 may 2023-cü il tarixli 9/2495 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası ETSN-nin 06 saylı RETSİ-si tərəfindən tərtib edilmiş cədvələ əsasən İsmayıllı rayonunun Tircan kəndi ərazisindən, bələdiyyə mülkiyyətinə aid hissədən, 1 ədəd diametri 88 santimetr, dəyəri 2800 (iki min səkkiz yüz) manat olan palıd cinsli və 1 ədəd diametri 24 santimetr, dəyəri 200 (iki yüz) manat olan ağcaqayın cinsli ağaclar olmaqla, ümumilikdə 2 ədəd köküstə yaş halda ağacların qanunsuz kəsilməsi (tikinti və abadlaşdırma istisna olmaqla) nəticəsində təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən nəzəri qaydada 3000,0 manat müəyyən edilir. Həmin ağacların adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin 13 iyul 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon X2 X3 Poliklinika şöbəsindən alınmış 29 avqust 2023-cü il tarixli PHŞ-6-47/2-786/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. 23 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli 429 nömrəli nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Tircan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, ümumilikdə müsbət xarakterizə olunur. İ-6178, 1-20564 və İ-49817 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarıı ilə “Xocavəndin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Vətən Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Eyni zamanda təqsirləndirilən şəxsə maddənin sansiyasında olan azadlığın məhdudlaşdırıması cəzasının təyin edilməsi, onun Bakı şəhərində işləməsini məhdudlaşdıracaqdır. Belə ki, təqsirləndirilən şəxsin həm sağlamlıq vəziyyəti həm də maddi imkanı nəzərə alınmaqla məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyəti onun barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15(on beş) faiz pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15(on beş) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-61/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-61/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver