Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-62/2022 15.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə saat 10:24-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 09 avqust 1993-cu ildə Goranboy rayonunun Balakürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Goranboy rayonunun Balakürd kəndində qeydiyyatda olmaqla orada yaşamış, İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1(037)-62/2022 nömrəli qərarı ilə barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 aprel 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus olmaqla İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən maqazinin plastik materialdan olan qapısını dəmir alətlə açmış və qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana daxil olmaqla oradan 1 manatlıq, 5 manatlıq, 10 manatlıq və 20 manatlıq pul əskinaslarından ibarət cəmi 150 manat məbləğində nağd pulu, 1 blokunun satış qiyməti 26 manat təşkil edən 3 blok “Rotmas”, 1 blokunun satış qiyməti 25 manat təşkil edən 2 blok “Pallmall”, 1 blokunun satış qiyməti 36 manat təşkil edən 1 blok “KENT-4” , 1 blokunun satış qiyməti 21 manat təşkil edən 4 blok “Vikeroy”, 1 blokunun satış qiyməti 19 manat təşkil edən 2 blok “Argo”, 1 blokunun satış qiyməti 34 manat təşkil edən 1 blok “Winston”, 1 blokunun satış qiyməti 21 manat təşkil edən 2 blok “Magna”, 1 blokunun satış qiyməti 24 manat təşkil edən 1 blok “West”, 1 blokunun satış qiyməti 21 manat təşkil edən 3 blok “Argo Compact” və 1 blokunun satış qiyməti 24 manat təşkil edən 2 blok “Classic Compact” siqaretlərini, 1 litr tutumu olan, satış qiyməti 12 manat təşkil edən 1 ədəd “Xan Çinarı” arağı və 1 ədədinin satış qiyməti 2 manat təşkil edən 3 ədəd “Tubork” pivəsini, ümumilikdə 665 (altı yüz altmış beş) manat məbləğində özgə əmlakını götürüb qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Goranboy rayonunun Balakürd kəndində yaşayır. Himayəsində üç azyaşlı uşağı var. 2022-ci ilin mart ayında işləmək üçün Bakı şəhərinə getmiş və bir müddət orada müxtəlif tikinti işləri ilə məşğul olmuşdur. 2022-ci ilin aprel ayının sonlarında işi olmadığından Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşayaı Elşən adlı əsgər yoldaşı ilə görüşmək istəmişdir. Bu məqsədlə 25 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhərinin Yasamal rayonunda yerləşən avtomobil icarəsi ilə məşğul olan şirkətlərin birindən “Mercedes” markalı avtomobili 2 günlük icarəyə götürmüş və həmin gün saat 16-17 radələrində Bakı şəhərindən Qəbələyə yola düşmüşdür. Saat 23 radələrində İsmayıllı rayonu ərazisindən keçərkən avtomobildə nasazlıq yaranmış, bundan əlavə yolu tanımadığı üçün Qəbələyə gedib çıxa bilməyəcəyini düşünmüş və geri qayıtmaq qərarına gəlmişdir. O, İsmayıllı rayonunun ərazisində olduğunu bilmiş, lakin konkret olaraq harada olduğunu bilməmişdir. Gəldiyi istiqamətdə geri qayıtmağa başlamışdır Artıq saat gecə 01-02 radələri olmuşdur. Ac-susuz və siqaretsiz qaldığından özünü çox pis hiss etmiş, pulunun hamısını avtomobilin yanacağına verdiyi üçün cibində pul qalmamışdır. O, İsmayıllı rayonunun ərazisində tanımadığı kəndin içərisində asta sürətlə sürərək açıq olan dükan axtarmış, lakin açıq dükan tapa bilməmişdir. Ona görə də dükanların birindən yemək və siqaret oğurlamaq qərarına gəlmişdir. Avtomobili yol qırağındakı dükanların birinin yaxınlığında saxlamış, avtomobilin yük yerini açdıqda orada dəmir kəsən qayçıya oxşar alətin olduğunu görərək onu götürmüşdür. Həmin alətlə dükana yaxınlaşmış, ətrafda heç kimin olmadğına əmin olduqdan sonra həmin alətlə dükanın plastik qapısına müdaxilə edərək itələməklə qapını açmışdır. O dükana daxil olmuş, ilk öncə kassaya yaxınlaşıb bir neçə ədəd kağız pul əskinasını götürmüş, daha sonra siqaret vitrinindən “Sobranie”, “Kent-4”, “Argo” və “Magna” siqaretlərindən ibarət bir neçə blok götürmüşdür. Bundan əlavə dükandan 2 ədəd yarım litrlik “Kola”, 1 ədəd yarım litrlik “Pepsi”, 1 ədəd markasını xatırlamadığı araq, 1 ədəd yarım litrlik “İce tea”, 2 ədəd yarım litrlik pivə, 1 ədəd çörək və bir neçə yüz qram xatırlamadığı adda kolbasa götürmüş və dükandan çıxmışdır. Avtomobilə əyləşərək gəldiyi istiqamətlə də geri qayıtmışdır. Oradan bir qədər uzaqlaşandan sonra avtomobili yolun kənarında saxlayayaraq çörəyi və kolbasanı yemişdir. Sonra isə yoluna davam edərək Bakı şəhərinə getmişdir. Oğurluq etməsi barədə heç kimə heç nə deməmiş və oğurladıqlarını özü istifadə etmişdir. Bir neçə gün sonra onu İsmayıllı rayon Polis şöbəsinə çağırmışlar. Orada əməlini etiraf etmişdir. Törətdiyi hadisədən kiminsə xəbəri olmamış və o bu barədə heç kimə bildirməmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Himayəsində üç azyaşlı uşağı vardır, ailəsində yeganə qazanc gətirən şəxs odur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşamaqla həmin kənddə özünə məxsus ərzaq və qeyri-ərzaq malları dükanı var. Dükan evinin yanında yerləşir. 25 aprel 2022-ci il tarixdə saat 21 radələrində dükanı bağlayıb evə getmişdir. Səhəri gün səhər saat 08 radələrində əmisi oğlu Şahid onu çağırmış və dükanı nə üçün açıq qoyduğunu soruşmuşdur. O dükanı açıq qoymadığını deyərək dükanın qapısına tərəf getmişdir. Dükanın plastik qapısının fiziki güc tətbiq edilməklə açıldığını görmüşdür. Dükana daxil olduqda isə kassada olan 1-lik, 5-lik, 10-luq və 20-lik kağız pul əskinaslarından ibarət ümumilikdə 150 manat pulun yerində olmadığını görmüşdür. Bundan əlavə siqaret, araq, pivə və digər içkilərin də oğurlandığını görərək DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Müşahidə kamerasına baxan zaman bir nəfər üzü bağlı şəxsin dükana daxil olub oğurluq etdiyini görmüşdür. Bir qədər sonra əraziyə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmiş, dükandan 1 manatlıq, 5 manatlıq, 10 manatlıq və 20 manatlıq pul əskinaslarından ümümilikdə 150 manat nağd pul, ümumilikdə 21 blok, hər blokda 10 siqaret paçkası olmaqla 1 blokunun satış qiyməti 26 manat olan 3 blok "Rotmas", 1 blokunun satış qiyməti 25 manat olan 2 blok "Pallmall " nazik ağ, 1 blokunun satış qiyməti 36 manat olan 1 blok "KENT-4" nazik, 1 blokunun satış qiyməti 21 manat olan 4 blok "Vikeroy" nazik, 1 blokunun satış qiyməti 19 manat olan 2 blok "Argo", 1 blokunun satış qiyməti 34 manat olan 1 blok "Winston" nazik, 1 blokunun satış qiyməti 21 manat olan 2 blok "Magna" nazik ağ, 1 blokunun satış qiyməti 24 manat olan 1 blok "West" qalın, 1 blokunun satış qiyməti 21 manat olan 3 blok "Argo Compact" və 1 blokunun satış qiyməti 24 manat olan 2 blok "Classic Compact" siqaretləri, 1 ədəd, 1 litrlik, satış qiyməti 12 manat olan “Xan Çinarı” arağı və 3 ədəd hər birinin satış qiyməti 2 manat olan “Tubork” pivəsi oğurlanmış və ona ümümulikdə 665 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid ifadə verərək göstərdir ki, ailəsi ilə birgə İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayır. Həmin kənddə özünə məxsus ət dükanı vardır. Zərərçəkmiş şəxs onun əmisi oğludur. 26 aprel 2022-ci il tarixdə səhər saatlarında özünə məxsus ət dükanının qarşısında dayanarkən bir nəfər həmkəndlisi ona yaxınlaşaraq Elvinin dükanının açıq olduğunu, özünün isə dükanda olmadığını bildirmişdir. O Elvinin dükanına yaxınlaşdıqda qapısının açıq olduğunu görmüş və Elvini səsləmişdir. O, Elvindən nə üçün dükanı açıq saxladığını soruşduqda Elvin ona dükanı açıq qoymadığını demişdir. Onlar birlikdə dükana yaxınlaşıb baxdıqda dükanın plastik materialdan olan qapısının hansısa bir alətlə müdaxilə olunaraq açıldığını görmüşlər. Elvin dükanda oğurluq olduğunu aşkarlamış və bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş, bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və baxış keçirmişlər. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasına dair” 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus dükandan necə oğurluq etdiyini göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer İsmayıllı rayonunun Kürdmaşı kəndində yol kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus dükandır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 avqust 2022-ci il tarixli 9/4965 nömrəli rəyindən görünür ki, 05 iyul 2022-ci il tarixli ekspertiza təyini haqqında qərarda göstərilən 11 adda malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 509 (beş yüz doqquz) manat müəyyən edilir. Digər 1 adda mal haqqında kifayət qədər məlumat (həcmi) olmadığından, həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-daktiloskopik ekspertizasının 18 avqust 2022-ci il tarixli 22/542R nömrəli rəyindən görünür ki, 26 aprel 2022-ci il tarixdə İsmayıllı rayonunun Kürdmaşı kəndində Zərərçəkmiş şəxs məxsus dükanda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 22 ədəd kağız parçasının üzərinə yapışdırılmış 22 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 10 ədəd ovuc və 9 ədəd əl barmaz izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 4 ədədi Təqsirləndirilən şəxs sol əlinin ovuc, sağ əlinin isə ovuc və şəhadət barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 8 ədəd ovuc və 7 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. 18 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə təqirli bilinərək N ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına N ay sınaq müddəti ilə şərti məhkum edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqirli bilinərək qəti olaraq 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəriməni ödəmiş və hazırda məhkumluğu yoxdur. Goranboy RMX-nin PHŞ-dən alınmış 26 iyul 2022-ci il tarixli 605 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Goranboy RMX-nin PHŞ-nin poliklinika şöbəsinin "Nevroloji" "Narkoloji" və "Ruhi-əsəb" kabinetlərində dispanser qeydiyyatda yoxdur. Goranboy rayon İcra Hakimiyyəti başçısının Balakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tətəfindən verilmiş 18 iyul 2022-ci il tarixli 251 nömrəli arayışdan və xasiyyətnamədən, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonunun Balakürd kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1959-cu il təvəllüdlü anası X1, 1997-ci mil təvəllüdlü arvadı X2, 11 iyul 2010-cu il təvəllüdlü İlknur, 15 mart 2013-cu il təvəllüdlü Nuray və 16 may 2015-ci il təvəllüdlü Hüseyndən ibarətdir. Yaşadığı yer üzrə nümayəndəliyə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Müstəntiqinin 27 may 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 09 iyul 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə saat 00:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 09 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1(037)-62/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən 26 sentyabr 2022ci il tarixli 169/24340-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci tarixdə könüllü olaraq İsmayıllı rayon Polis şöbəsinə gələrək özünü təqdim etmiş və o, İsmayıllı rayon Polis şöbəsinin X4 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayət törətməyinə görə məhkum edilməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Onun 09 iyul 2022-ci il tarixdə saat 00:10-dan 09 iyul 2022-ci il tarixə saat 12:30adək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və axtarışda olan təqsirləndirilən şəxs qismində tutulduğu 24 senyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01(bir) ay 21 (iyirmi bir) gün, cəmi 01(bir) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 03(üç) ay 14(on dörd) gün müddət ona təyin ediləcək аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını Goranboy rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Goranboy rayonunun Balakürd kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə Goranboy rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə saat 00:10-dan 09 iyul 2022-ci il tarixə saat 12:30-adək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və axtarışda olan təqsirləndirilən şəxs qismində tutulduğu 24 senyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01(bir) ay 21 (iyirmi bir) gün, cəmi 01(bir) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 03(üç) ay 14(on dörd) gün müddət ona təyin edilən 02(iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Goranboy rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Goranboy rayonunun Balakürd kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə Goranboy rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-62/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-62/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver