Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-65/2022 03.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 03 noyabr 2022-ci il tarixdə saat 11:32-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1972-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, İsmayıllı Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək 20 noyabr 2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu olmayan, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 4(037)-24/2022 nömrəli qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmənin 23 iyun 2022-ci il tarixli 4(037)-52/2022 nömrəli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,201 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, 28 mart 2022-ci il tarixdə saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evinin yaxınlığında saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün saat 13 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sağ cibindən 1 ədəd gümüşü rəngli falqa kağızının içərisində saxladığı həmin 0,201 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, təxminən 7-8 ildir ildir ki, bədənində ağrıları olduğu üçün narkotik vasitə olan heroindən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkir. 28 mart 2022-ci il tarixdə saat 09 radələrində İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən fərdi yaşayış evində yatmışdır. Ayıldıqda evində əvvəlcədən tanıdığı Fariz, Müşviq və Taleh adlı polis əməkdaşlarının olduğunu görmüşdür. O dərgal yatdığı yerdən durub onların evində nə axtardıqlarını soruşmuş, polis əməkdaşları ona narkotik vasitə saxladığını deyərək evində axtarış keçirəcəklərini bildirmişdir. Polis əməkdaşları onunla birlikdə evində və üzərində axtarış keçirmiş və hər hansı narkotik vasitə tapa bilməmişlər. Sonra onu polis şöbəsinə dəvət etmiş və o da sonuncularla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Fariz adlı polis əməkdaşı onu xidməti otağına aparmış və onun ağır maddə ilə ittiham olunacağını bildirərək yenidən evinə axtarış aparmaq üçün qayıtmışlar. Onlar birlikdə axtarış aparmış və heç bir qadağan olunmuş maddə aşkar olunmamışdır. Bu zaman Fariz ona hər bir halda 234.1-ci maddə ilə ittiham olunacağını demişdir. O, Farizə 3-4 ay əvvəl həbsdən çıxdığını bildirərək nə səbəbə görə ona qarşı belə hərəkət etdiklərini soruşmuşdur. Fariz onun təklifi ilə razılaşmayacağı təqdirdə daha ağır maddələrlə ittiham oluna biləcəyini bildirmişdir. Çıxılmaz vəziyyətdə qalaraq təkliflə razı olmuş və Fariz öz xidməti otağında ona bir bükümdəki mənşəyini bilmədiyi maddəni təqdim etmişdir.O həmin maddəni götürərək cibinə qoymuş və şəxsi axtarış zamanı həmin bükülünü təqdim etmişdir. Özünü ittiham olunduğu maddə ilə təqsirli bilmir, cibindən aşkar olunmuş limon duzu da polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Onun həmin bükülünün nə olması barədə məlumatı olmamış, lakin məcburiyyət qarşısında qalaraq həmin bükümün içərisindəki kütlənin öz istifadəsi üçün saxladığı heroin olduğunu demişdir. Ona İsmayıllı rayon Polis şöbəsində edilmiş təzyiq və təhdidlərlə bağlı müdafiəçisinə və prokurorluğa müraciət etməmişdir. İçərisində heroin olan həmin büküm elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmişdir. Daha sonra həmin büküm götürülərək qablaşdırılmış və zərfə qoyulmuş, zərfin üzəri möhürlənərək götürülmüşdür. Əslində isə həmin gün üzərində narkotik vasitə olmamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ki, İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməklə onları qanunsuz olaraq üzərində saxlamasına dair İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Bununla əlaqədar əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və qərarın icrası ilə əlaqədar 28 mart 2022-ci il tarixdə saat 12 radələrində İsmayıllı RPŞ-nin digər əməkdaşları ilə Elburusun yaşadığı evin yaxınlığına getmişlər. Bu zaman Elburusun rayon mərkəzinə tərəf getdiyini görmüşlər. Yaxınlaşaraq Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış edib, narkotik vasitələrdən istifadə etməklə onları qanunsuz olaraq üzərində saxlamaqda şübhəli olduğunu, üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla birlikdə İsmayıllı RPŞ-yə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Qısa müddət sonra şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmuş, Elburus şübhəli şəxs qismində tutulduqdan sonra saat 13 radələrində İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsinin qarşısında onun üzərinə şəxsi axtarış keçirilmişdir. Elburusa üzərində hər hansı narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmiş, o, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 02 (iki) gümüşü rəngli falqa kağız, 1 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Aşkar edilmiş bükülülər xüsusi elektron tərəzidə çəkilmiş və kütlələri müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin nə olması, kimə məxsus olması, haradan əldə edilməsi soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni 16 mart 2022-ci il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən parkların birindən xatırlamadığı yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də onun üzərindən başqa narkotik vasitəyə bənzər kütlə aşkar edilməmişdir. Aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər kütlə olan kağız və sellofan büküm götürülərək qablaşdırılmış və möhürlənmişdir. Bu haqda protokol tərtib edilmiş, iştirakçılar protokolun doğruluğu imzaları ilə təsdiq etmişlər. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X8, X5 və X2 da şahid Fariz Həsənov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlara qiymət verərək hesab edir ki, bu xüsusatlar təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi özünün ibtidai istintaqda müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 27-ci bəndində qeyd edilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərə və aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Həmin Qərarın 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı zor tətbiq edildiyi barədə məhkəməyədək icraatı aparan orqan qarşısında vəsatət qaldırmış, onun müraciəti əsasında İsmayıllı rayon prokuronun böyük köməkçisi vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X3 tərəfindən İsmayıllı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X7 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması və təqsirləndirildiyi iş üzrə təqsirinin olmaması barədə göstərdiyi xüsusatlar təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bundan əlavə, onun üzərinə şəxsi axtarış keçirilərkən bu xüsusatlar barəsində müdafiəçisinə məlumat verməmişdir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdiyi xüsusatlara tənqidi yanaşır və bu halı özünü cinayət məsuliyyətindən yayındırmaq cəhdi kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair 28 mart 2022-ci il tarixli protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntülərindən müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 02 (iki) gümüşü rəngli falqa kağız, 1 ədəd şəffaf sellofan büküm aşkar edilmiş, şkar edilmiş bükülülər xüsusi elektron tərəzidə çəkilmiş, gümüşü kağızda olan kütlənin hər iki bükülü ilə birlikdə çəkisinin 0,33 qram, 1 ədəd şəffaf sellofan bükülüdə olan maddənin çəkisinin isə 5,90 qram olması müəyyən edilmiş, aşkar edilmiş bükülülər 01 ədəd zərfə qoyulub qablaşdırılaraq ekspertiza tədqiqatına təqdim edilməsi məqsədilə götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmaqla protokol tərtib olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2022-ci il tarixli, 17/276 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli falqa kağızın içərisində, təmiz çəkisi – 0,201 qram olan maddə kustar üsul ilə hazırlanmış narkotik vasitə - heroindir, digər 01 (bir) ədəd gümüşü rəngli falqa kağızın üzərində olan maddə hissəcikləri - heroin hissəcikləridir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 5,281 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyildir.Təqdim olunmuş 01 (bir) ədəd gümüşü rəngli falqa kağızının üzərində olan heroin hissəcikləri cüzi miqdarda olduğuna görə onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Qeyd edilən məhkəmə-kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən, heroinin təmiz çəkisi 0,201 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq- 0,151 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69(altmış doqquz) manat 10 (on) qəpik təşkil edir. Materialların məhkəmə ekspertizasının 28 aprel 2022-ci il tarixli 6/1809 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi – 5,281 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə- limon turşusudur.Qeyd edilən materialların məhkəmə ekspertiza rəyinin qeyd hissəsinə əsasən, limon turşusunun təmiz çəkisi 5,281 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq- 5,231 qramdır. Limon turşusu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına “ və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarına” daxil deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81(səksən bir) manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2022-ci il tarixli 766 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 07 aprel 2022-ci il tariхli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünün, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 20 noyabr 2021-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 20 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya aktına əsasən cəzadan azad edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 20 noyabr 2021-ci il tarixli qərarında onun üzərindən məhkumluğun götürülməsinə dair “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndində nəzərdə tutulmuş tələb qeyd olunmasa da Təqsirləndirilən şəxs hazırki vəziyyətdə məhkumluğu olmayan şəxdir. İsmayıllı rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 01 aprel 2022-ci il tarixli 02-02- 214/2022 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin "Ruhi-əsəb" kabinetində dispanser qeydiyyatda yoxdur, lakin xx.xx.2009-cu il tarixdən "Narkoloji" kabinetdə "toksikomaniya" diaqnozu ilə dispanser qeydiyyatdadır. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 03 may 2022-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlardan sonra qalıq təmiz çəkisi 0,151 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - heroin və tədqiqatdan sonra ümumi təmiz çəkisi 5,231 qram olan limon turşusu iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 28 mart 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə saat 13:15də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 4(037)-24/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 4(037)-35/2022 nömrəli qərarından müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 4(037)-24/2022 nömrəli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə İsmayıllı rayon prokuronun böyük köməkçisi vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X3 tərəfindən Təqsirləndirilən şəxs ifadəsində İsmayıllı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X7 tərəfindən qanunsuz hərəkətlərə məruz qalması və təqsirləndirildiyi iş üzrə təqsirinin olmaması barədə göstərdiyi xüsusatlar üzrə ayrılaraq rayon prokurorluğuna göndərilmiş material araşdırılmış, həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs göstərdiyi faktlar təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 07 aprel 2022-ci il tarixli 1680 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən ibarətdir. Ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayət törətməyinə görə məhkum edilməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 28 mart 2022-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatlardan sonra qalıq təmiz çəkisi 0,151 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - heroin və tədqiqatdan sonra ümumi təmiz çəkisi 5,231 qram olan limon turşusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat 10 (on) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 28 mart 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatlardan sonra qalıq təmiz çəkisi 0,151 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - heroin və tədqiqatdan sonra ümumi təmiz çəkisi 5,231 qram olan limon turşusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat 10 (on) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-65/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-65/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver