Məhkəmə qərarları › İş №1(037)-65/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-65/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-65/2023 10.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 10 oktyabr 2023-cü il tarixdə saat 15:55-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 18 radələrində qeyri-rəsmi nikah münasibətində olduğu X2 ilə birlikdə kirayədə yaşadığı İsmayıllı şəhərinin M.Orucov küçəsində yerləşən fərdi yaşayış evində olarkən, həmin evə qonaq gəlmiş Xatirə Baxışovanın əmisi oğlu Zərərçəkmiş şəxsla evin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən əsəbiləşərək, evdən götürdüyü bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən bir dəfə vurub sonuncuya sol kürək nahiyəsinin yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, həmçinin ədavət və düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs əmisi qızı Xatirə Baxışova ilə 2022-ci ilin may ayında tanış olmuşdur. Onlar ailə qurmaq qərarına gəlmiş və Xatirə Baxışovanın ailəsindən razılıq almışdır. Sənədləri qaydasında olmadığından nikah bağlaya bilməmişlər. Bir müddət ər-arvad kimi Bakı şəhərində yaşasalar da işləri qaydasında olmadığından İsmayıllı şəhərinə qayıtmış və İsmayıllı şəhərində ev kirayələyərək orada yaşamağa başlamışlar. O, Basqal qəsəbəsində yerləşən “Basqal Resort&Spa” otelində işləməyə başlamışdır. Gündüzlər işdə olmuş, evə yalnız axşamlar gəlmişdir. Onun rəsmi nikah olmadan Xatirə ilə birlikdə yaşamasına əmisi oğlu Zərərçəkmiş şəxs narazılıq etmişdir. Hətta bir neçə dəfə ona zəng edərək xəbərdarlıq etmişdir. 07 iyul 2023-cü il tarixdə səhər saatlarında yenidən işə getmiş, günortadan sonra geri qayıtmışdır. Evə gəlib yemək yeyərək dincəlmək istəmişdir. O, evdə yemək yeyən zaman kiminsə qapıdan içəri keçərək həyətdə olan taxta stulda əyləşdiyini görmüşdür. Xatirədən bu adamın kim olduğunu soruşduqda əmisi oğlu Cəmşid olduğunu bildirmişdir. O, süfrədən qalxaraq Cəmşidlə əl uzadıb görüşmək istəsə də, Cəmşid onunla görüşməmiş və ona “sənin burda nə işin var” deyə bildirmişdir. O isə ailəsinin və uşaqlarının yanına gəldiyini bildirsə də, Cəmşid təkrarən kobud şəkildə ona narazılıq bildirmişdir. O, nikahın olacağını bildirsə də, Cəmşid onun ünvanına təhqiramiz ifadələr işlətməyə başlamışdır. Cəmşid içkili olduğu üçün ona baş qoşmamış və normal şəkildə danışmasını bildirmişdir. Cəmşid ayağa qalxaraq yumruğunu sıxıb onu vurmaq istəmiş, lakin Xatirə onun yumruğundan tutaraq geri itələmiş və həyəti tərk etməyi tələb etmişdir. Belə olduqda isə Cəmşid onun və Xatirənin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman o, Xatirəyə “sən Allah bunu çölə çıxar” deyib evə getmişdir. Lakin Cəmşid söyüşlərə davam etdiyi üçün o, zal otağında olan stolun üzərindəki mətbəx bıçağını götürərək həyətə düşmüş və bıçaqla Cəmşidin bel nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Xatirə bıçağı onun əlindən alıb kənara atmışdır. Həmin zaman Cəmşidin belindən qan axmışdır. Lakin o, həmin halda da söyüş söyməyə davam etmişdir. O, bıçağı yerdən götürərək aparıb evə qoymuş və aşağı düşərək Cəmşidin boynundan yapışıb onu çölə çıxarmağa çalışmışdır. O, Cəmşidi çölə çıxararaq getməsini tələb etmişdir, özü isə yol maşınlarından birinə minərək Bakı şəhərinə getmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, eləcə də ədavət və düşmənçiliyi olmamışdır. Əmisi qızı Xatirə Baxışova bir müddət Bakı şəhərində yaşamış, daha sonra geri qayıdaraq İsmayıllı şəhəri M.Orucov küçəsində kirayə ev tutaraq yaşamağa başlamışdır. Xatirənin Təqsirləndirilən şəxsla qeyri-rəsmi nikah münasibətlərində olduğunu eşitmişdir. Buna görə də 07 iyul 2023-cü il tarixdə saat 18 radələrində Xatirənin yaşadığı ünvana gedərək eşitdiyi söhbəti aydınlaşdırmaq qərarına gəlmişdir. O, Xatirənin yaşadığı evə çatıb qapını açaraq həyətə daxil olmuşdur. Həyətə daxil olanda Xatirədən başqa heç kimi görməmişdir. Evə doğru gedib birmərtəbəli yaşayış evinin qarşısında olan stulda əyləşmişdir. Stulda əyləşən zaman evdə tanımadığı bir adamın çörək yediyini görmüşdür. Xatirə həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu demiş və Yunis həyətə düşərək yanına gəlmişdir. Xatirə Yunisin onun əri olduğunu bildirmişdir. O isə ər olan adamın kəbininin, nikahının olmasını bildirmiş və əgər rəsmi nikahları vardırsa sənədlərini gətirib göstərməsini tələb etmişdir. Bu zaman Yunis ona “gözlə gedib kəbin kağızını gətirəcəm” demiş və evə qalxmışdır. O, həmin zaman Xatirəyə belə hərəkətlərin düzgün olmadığını, Yunisin çıxıb getməli olduğunu söyləmişdir. Həmin zaman qəfildən Yunis gələrək əlində olan bıçaqla onun kürək nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Bundan sonra Yunis onun paltarından yapışaraq onu qapıdan çölə çıxarmış və özü isə naməlum istiqamətə getmişdir. Bundan sonra o, evinə tərəf getməyə çalışmışdır. Yolda olan zaman YPX əməkdaşlarını görərək onlara yaxınlaşmış və bıçaqlandığını bildirərək onlardan kömək istəmişdir. YPX əməkdaşları onu avtomobillərinə mindirərək İsmayıllı RMX-na gətirmişlər. Xəstəxanada ona tibbi yardım göstərilmişdir. Hadisə zamanı orada ondan, əmisi qızı Xatirə və Yunisdən başqa heç kim olmamışdır. Məhkəmə istintaqının gedişində Yunis ondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi nikahda olan həyat yoldaşıdır, Zərərçəkmiş şəxs isə əmisi oğludur, onunla da, münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxsla 2022-ci ilin may ayında evlənmiş və bir müddət Bakı șəhərində yaşamışlar. Sonradan İsmayıllıya qayıtmışlar və Yunis Basqal qəsəbəsində yerləșən oteldə işləməyə başlamışdır. Yunis gündüzlər işdə olmuş evə axşam gəlmişdir. Yunisin rəsmi nikahda olmadan onunla birlikdə yașamasına əmisi oğlu Zərərçəkmiş şəxs narazılıq etmişdir. Hətta bir neçə dəfə ona xəbərdarlıq edərək "o burda niyə qalır, çıxıb getsin, getməsə əlimdən xata çıxacaq" deyə bildirmişdir. Yunis 07 iyul 2023-cü il tarixdə səhər saatlarında yenidən işə getmiş, günortadan sonra geri qayıtmışdır. Evə gəlib yemək yeyərək dincəlmək istəmişdir. Yunis evdə yemək yeyən zaman əmisi oğlu Cəmşid onlara gəlmişdir. O, içəri girəndə müvazinətini saxlaya bilməməsindən, həmçinin danışığı və hərəkətlərindən onun içkili olmasını anlamışdır. Cəmşid içəri keçərək həyətdə olan taxta stulda əyləşmişdir. Bu zaman oturduğu yerlə üzbəüz olan açıq qapıdan içəridə yemək yeyən Yunisi görərək ona kobud tərzdə "bu kimdi burda" deyə bildirmişdir. O isə onun həyat yoldaşı Yunis olduğunu bildirmişdir. Bu zaman Cəmşid yumruğunu sıxaraq dişlərini qıcamışdır. Belə olanda Yunis süfrədən qalxaraq Cəmșidlə əl uzadıb görüşmək istəsə da, Cəmşid onunla görüşməmiş və ona "sənin burda nə işin var" deyə bildirmişdir. Yunis isə ailəsinin və uşaqlarının yanına gəldiyini bildirsə də, Cəmșid təkrarən kobud şəkildə "sübutun var? Çıxar zakz kağızını göstər" deyə bildirmişdir. Yunis nikahın olacağını bildirsə də, Cəmșid təhqiramiz ifadələr işlətməyə bașlamışdır. Cəmșid içkili oldugu üçün Yunis ona baș qoșmamış və ona normal şəkildə danışmasını bildirmişdir. Həmin zaman Cəmșid ayağa qalxaraq yumruğunu sıxıb Yunisi vurmaq istəmiş, lakin o, Cəmşidin yumruğundan tutaraq onu geri itələmişdir. Belə olduqda isə Cəmşid onun və Yunisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Yunis evə getmiş və qayıdaraq qəfildən bıçaqla Cəmșidin bel nahiyyəsindən vurmuşdur. O, əsəbləşib Yunisə "dəli olmusan? Başın çatır sənin" deyə bildirmiş və bıçağı onun əlindən alıb kənara atmışdır. Həmin zaman Cəmșidin belindən qan axmışdır. Lakin o, həmin halda da söyüş söyməyə davam etmişdir. Belə olan zaman Yunis bıçağı yerdən götürərək aparıb evə qoymuş və aşağı düşərək Cəmşidin boynundan yapışıb onu çölə çıxarmağa çalışmışdır. Yunis Cəmşidi apardıqca Cəmşid onu söymüşdür. O, onlara tərəf getmək istəyəndə Yunis ona geri qayıtmağı tapşırmışdır. Özü isə Cəmșidi çölə çıxarıb geri qayıdacağını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 12 iyul 2023-cü il tarixli 358 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi eskpertizası zamanı aşkar edilmiş xəsarət – sol kürək nahiyyəsinin yarası deşici-kəsici alətin (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 07 iyul 2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. Kompleks məhkəmə-bioloji, məhkəmə-trasoloji və məhkəmə-soyuq silah ekspertizasının xx.xx.2023-cü il tarixli 470/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətində onun qan qrupunun “İİ+” olması barəsində məlumat vardır. Qan qruplarının mövcud təsnifatına uyğun olaraq göstərilmiş məlumata əsasən onun qan qrupunun A(İİ)RH+ olmasını söyləmək olar. – Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək, mayka və hadisə yerindən götürülmüş mətbəx bıçağının tiyəsi üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyətinin AB0 sistemi üzrə təyini zamanı yalnız “A” antigeni müəyyən olundu. “A” antigeni tək halda A(İİ) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin AB0 sistemi üzrə, həmin qan qrupu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə A(İİ) qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3- 16-xx/xx/1146; 3/1154 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 (bir) bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. – Tədqiqata təqdim olunmuş köynəyin və maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sayı verilmişdir. Geyim əşyaları üzərində olan zədələr öz formasına, quruluşuna və s. əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 130 manat təşkil edir. 21 iyul 2023-cü il tarixli tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2011-ci il tarixli 1(008)-105/2011 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar olaraq əməli CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 05 ilə endirilmiş və cəzasını çəkmiş hesab edilərək azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu yoxdur. Yevlax Mərkəzi Rayon Xəstəxanasından alınmış 07 avqust 2023-cü il tarixli PHŞ-6- 82/2-619/23 nömrəli nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax mərkəzi rayon xəstəxanasının Poliklinika şöbəsinin “Psixo-nevroloji” kabinetlərində qeydiyyatda yoxdur. 31 avqust 2023-cü il tarixli 482 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Yevlax RİHB-nin Yevlax şəhəri 1 saylı inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Müstəntiqinin 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma barədə 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, bir ədəd kağız torbada qablaşdırılmış 01 ədəd mətbəx bıçağı, 01 ədəd köynək və 01 ədəd mayka maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü İsmayıllı RPŞ-nin MSSK-na təhvil verilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 01 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221 və 228-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxsla barışmış, ona vurulmuş ziyanı və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı, 01 ədəd istifadəyə yararsız köynək və 01 ədəd mayka qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 130 (bir yüz otuz) manat qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbiyoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı, 01 ədəd istifadəyə yararsız köynək və 01 ədəd mayka qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 130 ( bir yüz otuz) manat qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar