Məhkəmə qərarları › İş №1(037)-66/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-66/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-66/2021 16.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə 16 noyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 9 iyul 1979-cu ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs müəyyən edilməmiş vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 100,26 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı İsmayıllı rayonu Mican kəndində yerləşən evinə daşımaqla həmin evin zirzəmisində gizlədərək 09 sentyabr 2021-ci il tarixədək orada saxlamış, qeyd edilən tarixdə saat 18:00 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu keçmiş Mican kəndi ərazisində saxlanılaraq özünün iştirakı ilə yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin zirzəmisində, plasmas vedrədə olan şəffaf sellofan torbanın içərisində gizlədərək saxladığı, ümumi təmiz çəkisi 100,26 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2021-ci ilin iyul ayının sonlarında evinə quru gətirmək məqsədilə İsmayıllı rayonu Qəzli kəndində yerləşən meşəyə getmişdir. Meşədə gəzərkən iki ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu görmüşdür. Onlardan biri balaca, o birisi isə nisbətən böyük olmuşdur. Arabir marixuanadan istifadə etdiyi üçün çətənə kolunu tanımış, kolları dib hissəsindən qıraraq kənara qoymuşdur. Üç-dörd gündən sonra həmin yerə getmiş və artıq qurumuş halda olan çətənə kolunun yarpaq hissələrini yığaraq özü ilə gətirdiyi selofan torbaya yığmışdır. Torbanı köynəyinin içərisində gizlətmiş və yaşadığı evə gətirmişdir. Həmin torbanı evin zirzəmisindəki plastmas vedrədə gizlətmişdir. Gizlətdiyi marixuanadan iki-üç dəfə istifadə etmişdir. 9 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında dayandığı zaman bir neçə şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu barəsində əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və narkotik vasitələrdən istifadə, həmin vasitələri qanunsuz olaraq evdə və ya evin həyətyanı sahəsində saxlamaqla şübhəli olduğunu bildirmişlər. Polislər yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Onun razılığından sonra videoçəkiliş etməklə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməsinə başlamışlar. Videoçəkiliş zamanı polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitəmarixuana saxlayıb-saxlamamağı barədə soruşduqda o, evin zirzəmisində olan plastmas vedrənin içərisindəki selofan torbada olan narkotik vasitə marixuananı onlara təqdim etmişdir. Polislər təqdim olunan torbaya baxış keçirdikdən sonra həmin torbanı elektron tərəzidə çəkməklə çəkisini müəyyən etmişlər. Sonra isə həmin torba zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri oxunduqdan sonra digər iştirakçılarla birlikdə zərfin üzərini imzalamışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evin otaqlarına və yardımçı tikililərə baxış keçirmişlər. Oradan narkotik vasitə, qanunla qadağan edilmiş maddə və digər əşya aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ona birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞ-nə getmişlər. Şöbənin inzibati binasında növbətçi hissənin qarşısında müdafiəçi ilə təmin olunmuş və müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Bu barədə tərtib edilən protokol uca səslə oxunmuş və o müdafiəçisi ilə birlikdə həmin protokola imza etmişdir. Narkotik vasitəni öz istifadəsi üçün saxlamış, onu heç kimdən almamış və heç kimə satmamışdır. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən səmimi peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağı olmaqla ailədə evə yeganə gəlir gətirən şəxs odur, qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. Şahid X3 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nun əməliyyat müvəkkili vəifəsində işləyir. İsmayıllı rayon polis şöbəsinə rayonun keçmiş Mican kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən qanunsuz istifadə etməklə onları yaşadığı evdə və ya evin həyətyanı sahəsində saxlaması barədə daxil olmuş məlumat əsasında sonuncunun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar 9 sentyabr 2021-ci il tarixdə saat 18:00 radələrində qərarın icrası ilə əlaqədar yaradılmış əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs evin yaxınlığında dayandığını görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə qəbul olunmuş qərarla tanış etdikdən sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi məqsədi ilə evə daxil olmaq istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onun razılığı alındıqan sonra videoçəkiliş etməklə Rəşidin yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməyə başlanılmışdır. Onlar Rəşidə yaşadığı evdə narkotik vasitə saxlayıbsaxlamamağı barədə sual verdikdə Rəşid yaşadığı evin zirzəmisində narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirərək zirzəmidəki plastmas vedrənin içərisindəki selofan torbada olan marixuananı onlara təqdim etmişdir. Təqdim edilən torbaya baxış keçirdikdən sonra həmin torba elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuşdur. Sonra isə həmin torba zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Zərfin üzəri oxunduqdan sonra baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sonra isə onlar Rəşidin yaşadığı evin otaqlarına və yardımçı tikililərə baxış keçirtmişlər. Baxış zamanı oradan narkotik vasitə və qanunla qadağan edilmiş maddə aşkar edilməmişdir. Daha sonra isə onlar Rəşidə birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər. Rəşid etiraz etməmiş və birlikdə İsmayıllı RPŞ-nin inzibati binasına getmişlər. Şöbənin növbətçi hissənin qarşısında Rəşid özünün seçdiyi müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı ilə Rəşidin üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Rəşidin üzərindən narkotik vasitə və qanunla qadağan edilmiş maddə aşkar edilməmişdir. Bu barədə tərtib edilən protokol uca səslə oxunmuş və o həmin protokola imza etmişdir. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X7 və X4 şahid Mahir Nurəliyev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə dair 09 sentyabr 2021-ci il tarixli protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və baxış zamanı aparılmış videoçəkilişin görüntülərindən müəyyən olunur ki, baxış zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə-marixuana saxlayıb-saxlamamağı barədə soruşduqda o, evin zirzəmisində olan plastmas vedrənin içərisindəki selofan torbada olan narkotik vasitə marixuananı onlara təqdim etmişdir. Polislər təqdim olunan torbaya baxış keçirdikdən sonra həmin torbanı elektron tərəzidə çəkməklə çəkisini müəyyən etmiş və sonra isə həmin torba zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə-bioloji ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 17/675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs məxsus evin zirzəmisindən aşkar olunaraq götürülmüş bitki kütləsi....” sözləri və imzaları yazılmış kağız bağlamanın içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 100,26 qram olan bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi - 100,26 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq çəki 100,21 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 1 oktyabr 2021-ci il tarixli 1184 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 16 sentyabr 2021-ci il tariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X2 X6 Şöbəsindən alınmış 17 sentyabr 2021-cu il tarixli 199 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 100,21 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 09 sentyabr 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 09 sentyabr 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə saat 20:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 11 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 18:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 16 sentyabr 2021-ci il tarixli 2251 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X5, 14 sentyabr 2009-cu il və 24 noyabr 2010-cu il təvəllüdlü uşaqları Rəşidə və Səxavətdən ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, narkotin vasitənin çəkisini (100,26 qram), törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə saat 20:00-dan 11 sentyabr 2021-ci tarixdə saat 18:00-dək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş Mican kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut– İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 100,21 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş Mican kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 100,21 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar