Məhkəmə qərarları › İş №1(037)-67/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-67/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-67/2023 19.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs İsmayıllı rayonu Diyallı bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 19 oktyabr 2023-cü il tarixdə saat 15:56-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1984-cü ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Diyallı bələdiyyəsinin mülkiyyətində olan, rayonun Diyallı kəndinin ərazisində, “Köhnə bağ” və ya “İsa yeri” kimi adlandırılan qəbristanlıqda yerləşən meşə fonduna daxil olmayan ağacları kəsərək qəbristanlığı təmizləmək məqsədilə 2023-cü ilin aprel ayının əvvəllərində, dəqiq tarixi istintaqla müəyyən olunmayan vaxtda saat 10 radələrində özünə məxsus motorlu mişarı götürüb həmin əraziyə getmiş və oradan yemişan cinsindən olan diametri 12 santimetr, dəyəri 120 (yüz iyirmi) manat təşkil edən 4 ədəd, yemişan cinsindən olan diametri 16 santimetr, dəyəri 150 ( yüz əlli) manat təşkil edən 1 ədəd, ağcaqayın cinsindən olan diametri 30 santimetr, dəyəri 300 (üç yüz) manat təşkil edən 1 ədəd, ağcaqayın cinsindən olan diametri 32 santimetr, dəyəri 300 (üç yüz) manat təşkil edən 1 ədəd, ağcaqayın cinsindən olan diametri 35 santimetr, dəyəri 350 (üç yüz əlli) manat təşkil edən 4 ədəd, vələs cinsindən olan diametri 12 santimetr, dəyəri 120 (yüz iyirmi) manat təşkil edən 1 ədəd, vələs cinsindən olan diametri 20 santimetr, dəyəri 180 (yüz səksən) manat təşkil edən 1 ədəd, vələs cinsindən olan diametri 24 santimetr, dəyəri 200 (iki yüz) manat təşkil edən 1 ədəd, göyruş cinsindən olan diametri 8 santimetr, dəyəri 100 (yüz) manat təşkil edən 1 ədəd, göyruş cinsindən olan diametri 12 santimetr, dəyəri 120 (yüz iyirmi) manat təşkil edən 1 ədəd, palıd cinsindən olan diametri 10 santimetr, dəyəri 120 (yüz iyirmi) manat təşkil edən 1 ədəd, palıd cinsindən olan diametri 20 santimetr, dəyəri 180 (yüz səksən) manat təşkil edən 1 ədəd, qoz cinsindən olan diametri 48 santimetr, dəyəri 800 (səkkiz yüz) manat təşkil edən 1 ədəd, əzgil cinsindən olan diametri 12 santimetr, dəyəri 120 (yüz iyirmi) manat təşkil edən 1 ədəd, alça cinsindən olan diametri 12 santimetr, dəyəri 120 (yüz iyirmi) manat təşkil edən 1 ədəd yaş kök üstə ağacları, yəni cəmi 21 (iyirmi bir) ədəd müxtəlif cinsli ağacları və 9 topa dəyəri 80 (səksən) manat təşkil edən fındıq kollarını qəsdən motorlu mişarla kəsib götürməklə qanunsuz ağac kəsərək İsmayıllı rayonunun Diyallı bələdiyyəsinə xeyli miqdarda, ümumilikdə 5410 (beş min dörd yüz on) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun Diyallı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Diyallı kənd sakinləri 2023-cü ilin mart ayından başlayaraq kəndi ərazisində yerləşən “İsa yeri” adlanan qəbristanlığın ətrafını hasarlamağa başlamış, öz yaxınlarının dəfn olunduğu qəbristanlıqda təmir və abadlaşdırma işləri aparmağı qərara almışlar. Kənd camaatı birlikdə qəbirlərin ətrafından dəmir hasarları sökərək qəbristanlığın ətrafına çəkmişlər. 2023-cü ilin aprel ayının əvvəllərində, dəqiq tarixi xatırlamadığı gündə, saat 10 radələrində özünə məxsus motorlu mişarı götürüb öz yaxınlarının və qohumlarının qəbir daşlarına mane olan ağacları və kolları kəsib təmizləmək məqsədilə həmin qəbristanlığa getmiş, orada şəhid Aqil Məmmədovun qəbir daşına mane olan ağacın bir qolunu, bundan əlavə öz qohumlarının və yaxınlarının qəbir daşlarına maneçilik törədən ağacları və kolları kəsərək təmizləmişdir. Kəsdiyi ağaclar - yemişan cinsindən olan diametri 12 santimetr 4 ədəd, yemişan cinsindən olan diametri 16 santimetr 1 ədəd, ağcaqayın cinsindən olan diametri 30 santimetr 1 ədəd, ağcaqayın cinsindən olan diametri 32 santimetr 1 ədəd, ağcaqayın cinsindən olan diametri 35 santimetr 4 ədəd, vələs cinsindən olan diametri 12 santimetr 1 ədəd, vələs cinsindən olan diametri 20 santimetr 1 ədəd, vələs cinsindən olan diametri 24 santimetr 1 ədəd, göyruş cinsindən olan diametri 8 santimetr 1 ədəd, göyruş cinsindən olan diametri 12 santimetr 1 ədəd, palıd cinsindən olan diametri 10 santimetr 1 ədəd, palıd cinsindən olan diametri 20 santimetr 1 ədəd, qoz cinsindən olan diametri 48 santimetr 1 ədəd, əzgil cinsindən olan diametri 12 santimetr 1 ədəd, alça cinsindən olan diametri 12 santimetr 1 ədəd, yəni, cəmi 21 (iyirmi bir) ədəd müxtəlif cinsli ağac və 9 topa fındıq kolları olmuş, o, həmin ağac və kolları təmizlik məqsədilə kəsmiş, kəsdiyi ağaclardan bir qismi çürük, bir qismi əyilməklə aşmaq təhlükəsi olan, bir qismi isə gövdə hissəsindən sınmış olmuşdur. Ağacları kəsib doğradıqdan sonra əldə olunan odunu kəndin maddi durumu pis olan ailələrə verilməsi üçün bələdiyyəyə müraciət etmiş, bələdiyyə sədri bu təşəbbüsü bəyənmiş və bununla bağlı akt tərtib edilmişdir. 10 aprel 2023-cü il tarixdə bələdiyyə sədri və kəndin imamı Şahid1 da daxil olmaqla kənd sakinlərinin iştirakı ilə qəbirstanlıqda kəsilmiş və təmizlənmiş oduncaqlar əvəzsiz olaraq kənddə yaşayan əlil və imkansız olan 3 ailəyə verilmiş və bununla bağlı akt tətrib edilmiş, həmin akt iştirakçılar tərəfindən imzalanmışdır. O, ağacları tək kəsmiş, sonradan vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəхs İsmayıllı rayonu Diyallı bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, 04 iyun 2020-ci il tarixdən Diyallı bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edir. İsmayıllı rayonunun Diyallı kənd sakini Şahid2 həmin kənd qəbirstanlığında qəbir ətrafı çəpərlərin sökülüb başqa șəxslərə satılması, eləcə də həmin ərazidə ağacların kəsilməsi barədə hüquq mühafizə orqanlarına şikayat etmişdir. Şikayətdə göstərilən qəbirstanlıq kənd əhalisi arasında "Köhnə bağ" adı ilə tanınsa da adı "İsa yeri" olaraq adlanır. Ümumilikdə ərazisi 5 hektar olan qəbirstanlıq bələdiyyə mülkiyyətinə aiddir, orada 500-dən artıq qəbir vardır ki, həmin qəbirlərin içərisində həmçinin Rəhmanın ata, ana, bibi və nənəsinin qəbirləri də var. Ərazinin 20 sot hissəsində isə ağaclar vardır. Qəbirlərin bir çoxunun ətrafında çəpər olsa da, qəbiristanlığın özünün ümumi hasarı olmamışdır. İsmayıllı rayon Diyallı kənd məscidinin imamı Şahid1 2023-cü ilin fevral ayında ona müraciət edərək qəbirstanlıqda qəbir ətrafi çəpərlərin sökülərək həmin çəpərlərdən qəbirstanlığın ətrafına hasar kimi düzəldilməsi təklifini vermişdir. O, qəbirstanlıq ərazisinin bələdiyyə mülkiyyətinə aid olsa da, qəbirlərin ətrafına çəkilmiş çəpərlərin qəbir sahiblərinin öz vəsaitləri hesabına çəkildiyindən sökülmələri üçün kənd sakinlərindən icazə alınmasının vacibliyini qeyd etmişdir. İmam kənd camaatı ilə söhbət apardığını və hər birinin də razı olduğunu bildirmiş, Rəhmana isə imam Şahin özü zəng edib icazəni almış və Rəhman icazə vermiş, hətta nə köməklik lazımdısa göstərəcəyini bildirmişdir. 1 mart 2023-cü il tarixdə qəbiristanlıqda kənd camaatının köməyi ilə qəbirlər ətrafindakı ayrıca hasarlar sökülmüş və sökülmüş çəpərlər də ətrafa çəkilmişdir. Sonradan eşitmişdir ki, çəpərlərdən bəziləri hasarlama işlərinin görülməsinə maddi vəsait lazım olduğundan satılmışdır. Şahin çəpərlərin bir hissəsini kənd camaatından icazə alıb satdığını və ondan qalan pulu isə işlərin müqabilində işçilərə verildiyini qeyd etmişdir. Şahin çəpərləri geri götürmüş, həmin qaytarılan 4 ədəd çəpər qərbirstanlığın ətrafına yığılmışdır. Hasarlanma işləri 2023-cü ilin aprel ayının ortalarında bitmişdir. Həmin təmir işləri çərçivəsində 05 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək olan müddət ərzində kənd sakini Təqsirləndirilən şəxs bir neçə kənd sakini ilə birlikdə onun yanına gəlib qəbirstanlıqda bir sıra kol-kos və quru ağaclar qəbirlərə maneçilik törətdiyindən və qəbirstanlığı natəmiz göstərdiyindən abadlıq işləri aparılması məqsədi ilə kol-kos və quru ağacları kəsdiklərini bildirmişdir. Həmin kəsilmiş ağacların oduncaqlarının isə maddi durumu pis olan ailələrə verilməsini istəmişlər. O bu təşəbbüsü bəyənmiş və bununla bağlı akt tərtib edildikdən sonra, 10 aprel 2023-cü il tarixdə onun və 8 nəfər kənd sakininin iştirakı ilə qəbirstanlıqda kəsilmiş və təmizlənmiş oduncaqlar əvəssiz olaraq əlil və imkansız olan 3 ailəyə verilmiş, bu barədə akt tərtib edilmiş və həmin akt iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan Təqsirləndirilən şəxs vurduğu zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. xx.xx.2022-ci il tarixda X6 Üzrə Dövlət Komitəsinin əmri ilə İsmayıllı rayon Diyallı kənd məscidinə imam müavini təyin olunmuş və hazırda faktiki olaraq imam funksiyasını icra edir. İsmayıllı rayonunun Diyallı kənd sakini Şahid2 həmin kənd qəbiristanlığında qəbir ətrafı çəpərlərin sökülüb başqa şəxslərə satılması, eləcə də həmin ərazidə ağacların kəsilməsi barədə hüquq mühafizə orqanlarına şikayət ərizələri yazmışdır. Şahid2 şikayətində göstərdiyi qəbiristanlıq kənd əhalisi arasında "Köhnə bağ" adı ilə tanınsa da əsasən adı "İsa yeri" olaraq adlanır. Ümumilikdə ərazisi 5 hektar olan qəbiristanlıq bələdiyyə mülkiyyətinə aiddir. Ərazinin 20 sot hissəsində isə ağaclar vardır. Qəbirlərinin bir çoxunun ətrafında çəpər olsa da, qəbiristanlığın özünün ümumi hasarı olmamışdır. 2023-cü ilin fevral ayında İsmayıllı rayon Diyallı kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs müraciət edərək qəbirstanlıqda qəbir ətrafı çəpərlərin sökülərək həmin çəpərlərdən qəbirstanlığın ətrafına hasar kimi düzəldilməsi təklifini irəli sürmüş və bununla bağlı 150 nəfər kənd camaatının da razılığı olduğunu qeyd etmişdir. Bələdiyyə sədri kənd sakinlərinin hamısı tam razılıq verdiyi təqdirdə hasarlanma işinin görülməsinə razı olduğunu bildirmişdir. 01 mart 2023-cü il tarixdən qəbiristanlıqda çəpərlərin sökülməsi işinə başlamışlar. Sökülmə va hasarlanma işində daha sonra digər kənd sakinləri də köməyə gəlmiş, hətta özü birbaşa Şahid2 mobil telefonuna zəng edib qəbiristanlıqda qəbir ətrafı çəpərlərin sökülüb birdəfəlik qəbiristanlığın hasara alınmasını bildirib onun ailəsinin də qəbirləri orda olduğundan razılığının olub-olmadığını soruşmuşdur. Sonuncu da razılaşmış, hətta köməklik lazım olacağı təqdirdə köməklik göstərəcəyini bildirmişdir. Təxminən 2 hektar 40 sot ərazi hasarlanmışdır. Bundan başqa, hasarlanma işləri görüldükdən sonra 05 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək olan müddət ərzində, Təqsirləndirilən şəxs başda olmaqla 10-12 nəfər kənd camatı olaraq bələdiyyə sədri Zərərçəkmiş şəxs müraciət edib "Köhnə bağ" adlı həmin qəbirstanlıqda bir sıra kol-kos və quru ağaclar qəbirlərə maneçilik törətdiyindən və qəbirstanlığı natəmiz göstərdiyindən abadlıq işləri aparılması məqsədi ilə həmin kol-kos və quru ağacları kəsildiklərini bildirmişlər. Onlar həmin kəsilmiş ağacların oduncaqlarının isə maddi durumu pis olan ailələrə verilməsini istəmişlər. Bələdiyyə sədri bu təşəbbüsü bəyənmiş və bununla bağlı akt tərtib edildikdən sonra oduncaqların maddi durumu pis olan ailələrə verilə biləcəyini qeyd etmişdir. 10 aprel 2023-cü il tarixdə bələdiyyə sədri və o da daxil olmaqla 8 nəfər kənd sakininin iştirakı ilə qəbirstanlıqda kasilmiş və təmizlənmiş oduncaqlar əvəzsiz olaraq əlil və imkansız olan 3 ailəyə verilmiş, həmin akt iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kəndə yaşayır. Kənddəki ”Köhnə bağ", digər adı "İsa yeri” adlanan qəbiristanlıqda yaxın qohumlarının qəbirləri var. 1980-ci illərə kimi həmin qəbirlərin ətrafı açıq olmuş, har hansı barmaqlıq va çəpər olmamış, 1980-ci ilin əvvəllərində isə ailə üzvlərinin qəbirlarinin ətraflarına şəxsi vəsaiti hesabına metal çəpərlər çəkdirmişdir. Kəndin imamı Şahid1 ilə əvvəldən mübasibətləri yaxşı olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamış, sonuncu, 2023-cü ilin fevral ya da mart ayında, gününü xatırlamadığı vaxtda mobil telefon vasitəsilə əlaqə saxlayaraq qəbiristanlığın ərazisini ümumi hasarlamaq istədiklərini, ailə üzvlərinin də qəbirlərinin ətrafında da çəpər olduğundan, həmin çəpərləri söküb həmin hasarlanmada istifadə edilməsinə icazə almış, o da bu fikri bəyənib razılıq vermiş, hətta təşəkkürünü bildirib köməklik lazım olsa köməklik göstərəcəyini qeyd etmişdir. 2023-cü ilin aprel ayının 20-də günorta saat 15 radələrində Ramazan bayramı ilə əlaqədar ailə üzvlərinin qəbirlərini ziyarətə getdikdə qəbiristanlığa nəzər salmış, orada ailə üzvlərinin qəbirlərində çəpərlərin kəsildiyini, torpağa basdırılmış hissələrinin isə yerində qaldığını görmüşdür. Qəbiristanlıqda isə sadəcə 500-600 metr hissə hasarlanmış, təxminən 3 hektar ərazisi olan qəbiristanlıqda 500-dən çox qəbir olmasına baxmayaraq bu qədər qəbirdən toplanmış çəpərlərin sadəcə 500-600 metr hissəsinin hasarlanmada istifadə edilməsi, içində onun da olmaqla qalan çəpərləri görməməyi onda çəpərlərin satılmasına əsaslı şübhə yaratmışdır. Həmçinin, qəbiristanlığı gəzdikdə sayını dəqiq bilməsə də xeyli sayda müxtəlif növ yaş ağacların kəsildiyinin şahidi olmuş, bu səbəbdən də 21 aprel 2023-cü il tarixdə Azarbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək qəbiristanlıqda çəpərlərin satıldığını qeyd etmiş, daha sonra bu barədə İsmayıllı RPŞ-yə malumat vermiş, verdiyi məlumatla əlaqədar onun və İsmayıllı RPŞ-nin əməkdaşları ilə qəbiristanlığa baxış keçirilən zaman İmam Şahin və bir qrup kənd sakini qəbiristanlığa gələrək özünü araşdırmanı aparan polis əməkdaşına təqdim edərək, məlumatla bağlı açıqlamasında çəpərlərin bir hissəsinin kəndin bir neçə sakininə satdığını etiraf etmişdir. Satılmasının səbəbi soruşulduqda isə qəbiristanlıqda müəyyən xərclərin ödənilməsi üçün həmin çəpərlərin bir hissəsi satıldığını, etdiyi hərəkətin səhv olduğunu, qalan çəpərləri qaytaracağını bildirib, ondan üzr istəmişlər. Bundan başqa, 25 aprel 2023cü il tarixdə yenidən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib ağacların kəsilməsi barədə məlumat vermiş, həmçinin, həmin gün ağacların kəsilməsi barədə Azərbaycan Respublikası Ekologiya va Təbii Sərvətlər Nazirliyinin Qaynar xəttinə zəng etmiş, bundan başqa, bir sıra digər dövlət qurumlarına müraciətində qeyd etdiyi həmin qanunsuz əməllər barədə məlumat vermişdir. Şahid3 ifadə verərək göstərdi ki, Diyallı kənd sakinləri 2023-cü ilin mart ayınının birindən başlayaraq, Diyallı kəndi ərazisində yerləşən “Köhnə bağ” və “İsa yeri” kimi adlanan qəbristanlığın ətrafını hasarlamağa başlamışlar, kənd camaatı olaraq birlikdə yığışıb məsləhətləşərək öz yaxınlarının dəfn olunduğu qəbristanlıqda təmir və abadlaşdırma işləri aparmağı qərara almışları, kənd camaatı olaraq birlikdə qəbirlərin ətrafından dəmir hasarları sökərək qəbristanlığın ətrafına çəkmişlər, qəbirstanlığa qalxan yol əlverişsiz olduğundan onlar ora mişar daşları ilə 99 pilləli pilləkan düzəltdirmişlər, bundan əlava ora maşın yolu da çəkdirmişlər, təmir tikinti işləri tamamlandıqdan sonra kənd camaatı ilə birlikdə qəbristanlığı da zibillərdən təmizləmişlər, o, oradan heç bir yaş kök üstə ağac kəsməmiş, sadəcə olaraq qəbirlər ətrafından kol-kos təmizləmiş, qəbristanlıq ərazisində qeyd olunmuş ağac və kolları həmkəndlisi Təqsirləndirilən şəxs kəsmiş, həmin ağacları sonuncu, təmizlik və xeyriyyəçilik məqsədilə kəsmiş, Eldəniz ağacları kəsib doğradıqdan sonra əldə olunan odunu kəndin maddi durumu pis olan ailələrə verilməsi üçün bələdiyyəyə müraciət etmiş, bələdiyyə sədri bu təşəbbüsü bəyənmiş və bununla bağlı akt tərtib edildikdən sonra oduncaqların maddi durumu pis olan ailələrə verilə biləcəyini qeyd etmiş, 10 aprel 2023-cü il tarixdə bələdiyyə sədri və kəndin imamı Şahid1 da daxil olmaqla kənd sakinlərinin iştirakı ilə qəbirstanlıqda kəsilmiş və təmizlənmiş oduncaqlar əvəssiz olaraq əlil və imkansız olan 3 ailəyə verilmiş, həmin akt iştirakçılar tərəfindən imzalanmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və təbii Sərvətlər idarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 99/151/0/ saylı məktubdan görünür ki, qeyd olunan əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, 21 ədəd bioloji inkişafda olan yaş kök üstə ağac və 9 topa fındıq kolu kəsilmişdir. Həmin məktuba əlavə olunmuş yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki təbiətə dəymiş ziyan 5410 (beş min dörd yüz on) manat təşkil edir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 may 2023-cü il tarixli protokoldan görünür ki, İsmayıllı rayonunun Diyallı kəndi kəndi ərazisində rayonun Diyallı bələdiyyəsinin mülkiyyətində olan “Köhnə bağ” və ya “İsa yeri” kimi adlanan qəbiristanlıqdan ümumilikdə 21 ədəd yaş kök üstə ağacın və 9 topa fındıq kolunun kəsildiyi yerə baxış keçrilmişdir. “İfadənin yerində yoxlanması haqqında” 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Diyallı bələdiyyəsinin mülkiyyətində olan, rayonun Diyallı kəndinin ərazisində, “Köhnə bağ” adlanan qəbristanlıqda yerləşən meşə fonduna daxil olmayan 21 ədəd müxtəlif cinsli ağacların və 9 topa fındıq kolunu kəsdiyi yeri göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli 9/6370 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, AR-nin 6 saylı RETSİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 78261 saylı akta əlavə edilmiş “Ziyanın Hesablanması cədvəlində 21 ədəd köküstə yaş olmaqla müxtəlif cinsli və diametrli ağacların, 09 ədəd fındıq kolunun qanunsuz kəsilməsi nəticəsində (tikinti və abadlaşdırma istista olmaqla) təbiətə dəymiş ziyanın ümumi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən nəzəri qaydada 5410,00 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Diyallı bələdiyyəsinin mülkiyyətində olan, rayonun Diyallı kəndinin ərazisində, “Köhnə bağ” adlanan qəbristanlıqda yerləşən meşə fonduna daxil olmayan 21 ədəd müxtəlif cinsli ağacları və 9 topa fındıq kolunu kəsməsi nəticəsində təbiətə vurduğu 5410 (beş min dörd yüz on) manat ziyanı tam şəkildə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödəmişdir. Müstəntiqin 04 sentyabr 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 09 sentyabr 2023-cü il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X3 X4 Poliklinika şöbəsindən alınmış 14 sentyabr 2023-cü il tarixli 18-1-47/3-3661/2023 nömrəli arayışdan görünür ki, Aliyev X1 RMX-nin Poliklinika şöbəsinin “Nevroloji” kabinetində dispanser qeydiyyatda yoxdur. İsmayıllı rayon X3 X4 Poliklinika şöbəsindən alınmış 14 sentyabr 2023-cü il tarixli 18-1-47/3-3660/2023 nömrəli arayışdan görünür ki, Aliyev X1 RMX-nin Poliklinika şöbəsinin “Narkoloji” kabinetində dispanser qeydiyyatda yoxdur. 14 sentyabr 2023-cü il tarixli 459 və 460 nömrəli arayışlardan, doğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X2, xx.xx.2008, xx.xx.2010 və xx.xx.2015-ci il təvəllüdlü övladları Aysu, Xədicə və İsrəfildən ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, ümumilikdə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmişlə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa məhkəmə törədilmiş əməlin ictimati təhlükəlilik dərəcəsinə də diqqət çəkməklə qeyd edir ki, ağaclar məhz qəbirtstanlığın abadlaşdırılması məqsədi ilə kəsilməklə kənd ərazisində yaşayan aztəminatlı ailələrə verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Diyallı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut və müsadirə edilməli əmlak yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Diyallı kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs оğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs оğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar