Məhkəmə qərarları › İş №1(037)-7/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-7/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-7/2024 06.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakı ilə 06 fevral 2024-cü il tarixdə saat 12:01-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1992-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum edilməmiş, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə saat 13 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin mexaniki nəqliyyat vasitəsi sürücüsünün sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini) özündə saxlamalı olmasına və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin “velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə” dair tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan idarə etdiyi, qardaşı Qanuni nümayəndə məxsus “Opel Astra minik” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin Xəqani Şirvani küçəsi ilə X13 küçəsinin kəsişməsinə doğru, öz hərəkət yolunda saatda 40 kilometr sürətlə hərəkətdə olarkən, X13 küçəsindən hərəkətdə olan Zərərçəkmiş şəxs1 sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi, sonuncunun dayısı X5 məxsus “Vaz 21120 minik” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcına çıxdığını görüb, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsünün sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olmasına dair tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbə riayət etməyərək yol hərəkəti qaydalarını pozmuş, yəni sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz-21120 minik” markalı avtomobilin sağ tərəfdən yol ayrıcına yaxınlaşmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi “Opel Astra minik” markalı avtomobilin sürətini azaltmalı, avtomobili yolayrıcına daxil etmədən dayandırılmasını təmin etməli və sağ tərəfdən yolayrıcına daxil olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz-21120 minik” markalı avtomobilə yol verməli olduğu halda bunu etməyərək yoluna davam edib yolayrıcında “Vaz 21120 minik” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Vaz 21120 minik” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması və baş beyinin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin yarası, sol körpücük sümüyünün qapalı-qəlpəli yerdəyişmiş sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri, “Opel Astra minik” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağ mil və alt çənə sümüklərinin qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almalarına, eləcə də “Opel Astra minik” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Qanuni nümayəndə 3130 (üç min yüz otuz) manat məbləğində, “Vaz 21120 minik” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə X5 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, 07 fevral 2023-cü il tarixdə saat 12:50 radələrində qardaşı Qanuni nümayəndə məxsus Opel Astra markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı oğlu İsmayılı məktəbə aparmaq üçün Haldunun yaşadığı İsmayıllı şəhəri, Kəpənək dairəsi yaxınlığında yerləşən evinə getmişdir. O, İsmayılı götürüb İsmayıllı şəhəri Şirvani küçəsi ilə Xalça sexi istiqamətində təxminən 40 km/saat sürətlə hərəkət etmiş, Şirvani küçəsi ilə Xəqani küçəsinin kəsişməsinə çatarkən sürətini azaltmış, lakin yol ayrıcında avtomobili saxlayıb yolun boş olduğuna baxmamış, o, Xalça sexi istiqamətində hərəkətini davam etdirərkən yol ayrıcını keçən kimi anidən idarə etdiyi avtomobilin Vaz 21120 markalı avtomobilin sol orta hissəsinə toqquşduğunu görmüşdür. Hadisə anidən baş verdiyindən əyləci basa bilməmiş, toqquşma baş verən kimi o, dərhal avtomobildən düşüb qardaşı oğlu İsmayılı Məmmədlini avtomobildən düşürtmüş və orada olan tanımadığı bir nəfər xanımın uşağın yanında dayanmasını xahiş edərək dərhal qardaşı Halduna zəng etmiş və hadisə barədə məlumat vermişdir. Həmin vaxt ətrafa tanımadığı şəxslər toplaşmış, o, dərhal digər avtomobilin sürücüsünü avtomobildən çıxarmaq üçün ona kömək etməyə çalışmış, lakin avtomobilin qapısını aça bilməmiş və tez FHN-ə zəng edərək xilasetmə qrupunun gəlməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, daha sonra FHN əməkdaşları gələrək digər avtomobilin sürücüsünü avtomobildən çıxartmış və İsmayıllı RMX-ya aparmışlar. O, polis əməkdaşları ilə birgə hadisə yerinə baxışda iştirak etmiş və oradan Tibbi yardım almaq üçün İsmayıllı RMX-ya getmiş, xəstəxanada ona tibbi yardım göstərilmiş və evə buraxılmışdır. Qardaşı oğlu Zərərçəkmiş şəxs2 də bir qədər sonra İsmayıllı RMX-ya gəlmiş və orada tibbi yardım göstərildikdən sonra 08 fevral 2023-cü il tarixdə müalicəsini davam etdirilməsindən ötrü Bakı şəhərinə aparmışlar. Hadisə vaxtı avtomobili özü idarə etmişdir. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət əməli törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmağa cəhd etmiş, lakin madi imkanı olmadığından ona vurulmuş zərəri ödəyə bilməmişdir. Ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, N.Tusi küçəsi, ev 23 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır, işləmir, subaydır, 07 fevral 2023-cü il tarixdə saat 12 radələrində İsmayıllı şəhəri, Vahab Osmanov küçəsində yaşayan əmisi Laçın Gözəlovgilə getmiş, bu zaman əmisinə məxsus Vaz 21120 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisinin çirkli olduğunu görmüşdür. Əmisi Laçına avtomobili aparıb öz həyətlərində təmizləyib geri qaytaracağını bildirmişdir. Əmisi buna etiraz etməmiş, lakin avtomobili gətirməməyini, özünün gəlib götürəcəyini bildirmişdir. O, sürücülük huququ və nəqliyyat vasitəsinə etibarnaməsi olmadan avtomobili idarə edərək öz evlərinə tərəf gəlmiş, İsmayıllı şəhəri Xəqani küçəsi ilə hərəkətdə olarkən Xəqani küçəsinin Şirvani küçəsi ilə kəsişməsində idarə etdiyi avtomobili saxlayıb yolun boş olduğuna əmin olmaq üçün sağa-sola baxmış, sağ tərəfinin boş olduğuna əmin olmuş, lakin sol tərəfini tam olaraq görə bilməmiş, sağ tərəfi boş olduğundan asta sürətlə maşını yerindən tərpətmiş və hərəkətinə davam etmişdir. Təxminən 2-3 saniyə sonra anidən sola baxarkən yüksək surətlə rəngini və markasını tam görə bilmədiyi avtomobilin onun avtomobili ilə artıq təxminən 10-15 metr məsafədə olduğunu görmüş və həmin avtomobil onun idarə etdiyi avtomobilin sol orta hissəsindən çırpılmışdır. Zərbə nəticəsində onun idarə etdiyi avtomobil yol qırağında olan divara çırpılmış, hadisə nəticəsində o, huşunu itirmişdir. Bir qədər sonra xatırlamadığı bir nəfər şəxs onun üzünə su tökmüş və o, ayılıb “kömək edin” deyə qışqırmışdır. O, avtomobildə sıxılmış vəziyyətdə qaldığından tərpənə bilməmiş və çiyin nahiyyəsində güclü ağrı hiss etmişdir. Bir qədər sonra həmin yerə FHNnin xilasedici dəstəsi və Təcili Tibbi yardım stansiyasının əməkdaşları gəlmiş, onların köməkliyi ilə o avtomobildən çıxarılmış və İsmayıllı RMX-ya aparılmışdır. Orada ona tibbi yardım göstərilmiş və xəstəxanaya yerləşdirilmişdir. İki gündən sonra müayinə olunmağı üçün Göyçay rayonuna getmiş və orada onu əməliyyat etmişlər. Təqsirləndirilən şəxs onun müalicə və müayinə xərclərinə köməklik etməmiş, ümimiyyətlə onun səhhəti ilə maraqlanmamışdır. Yalnız məhkəmə istintaqı zamanı onun valideyininə zəng edilmiş və onun müalicə və müayinə xərclərinə köməklik ediləcəyinıə söz verilsə də ona heç bir köməklik olunmamışdır. Təqsirləndirilən şəxs onunla barışıq əldə etməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. İştirak etdiyi məhkəmə iclasında qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) yaşayır. İsmayıllı şəhər İ.Həsənov adına tam orta məktəbin 3-cü sinif şagirdidir. Təqsirləndirilən şəxs onun əmisidir. Dəmir, xatırlamadığı vaxtda onu məktəbə aparmaq üçün atası Haldunun avtomobili ilə onlara gəlmiş, o, qabaq oturacaqda əyləşmiş və onlar məktəbə yollanmışlar. Bir qədər getdikdən sonra əmisi Dəmir avtomobili sürətlə sürmüş, anidən əmisinin avtomobili başqa avtomobillə toqquşmuş, biundan sonra isə baş verənləri xatırlamamışdır. İştirak etdiyi məhkəmə iclasında azyaşlı Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) yaşayır. Kiçik sahibkarlıqla məşğuldur. Zərərçəkmiş şəxs2 onun oğlu, təqsirləndirilən Təqsirləndirilən şəxs isə qardaşıdır. 07 fevral 2023-cü il tarixdə qardaşı Dəmirdən ona məxsus Opel Astra markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedərək oğlu İsmayılı məktəbə aparmasını xahiş etmişdir. Dəmir etiraz etməmişdir. Həmin gün saat 13 radələrində Dəmir ona zəng edərək İsmayıllı şəhəri, Şirvani küçəsi ilə Xəqani küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi törətdiyini, oğlu İsmayılın xəsarət aldığını və tez özünü ora çatdırmağını demişdir. O, tez həmin yerə getmiş və oğlu İsmayılın tanımadığı bir nəfər qadının yanında dayandığını görmüşdür. O, İsmayılı evə aparmış, daha sonra onu İsmayıllı RMX-a aparmışdır. Tibbi müayinə zamanı İsmayılın çənə sümüyündə və qolunda xəsarət olduğu məlum olmuş, bu səbəbdən o, xx.xx.2023-cü il tarixdə oğlunu müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərinə aparmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə yekun qərar qəbul edilərkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. X2 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, Vahab Osmanov küçəsi, ev 1, mənzil 23 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İsmayıllı şəhəri, Kəpənək dairəsi adlanan yerdə çay evi işlədir. Onun özünə məxsus Vaz 21120 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində İsmayıllı şəhəri, N.Tusi küçəsində yaşayan qardaşı oğlu Zərərçəkmiş şəxs1 onlara gəlmiş, Nicat, onların evində olarkən avtomobilinin içərisinin çirkli olduğunu görmüş, bu səbəbdən ondan avtomobilin açarlarını verməyini istəmiş və avtomobili aparıb öz həyətlərində təmizləyib geri qaytaracağını bildirmiş, o, buna etiraz etməmiş, lakin avtomobili gətirməməyini, özünün gedib götürəcəyini demiş, bir neçə dəqiqə sonra qardaşı Rəşad onun istifadəsində olan mobil nömrəyə zəng edərək, Nicatın yol-nəqliyyat hadisəsi törətdiyini və onun tez hadisə yerinə getməyini istəmiş, o, dərhal hadisə yerinə getmiş, o, ora gedərkən FHN-nin əməkdaşları, təcili tibbi yardım işçiləri, polis əməkdaşları və digər tanımadığı mülki şəxslərin ora toplaşdığını görmüş, Nicat avtomobildə sıxışıb qalmış, FHN-nin əməkdaşları Nicatı avtomobildən çıxartmışlar, sonuncunu təcili tibbi yardım avtomobilinə əyləşdirib İsmayıllı RMX-ya aparmışlar. O, hadisə yerində qalmış, bu barədə valideynlərinə məlumat vermiş, onlar da hadisə yerinə gəlmiş və onlar birlikdə İsmayıllı RMX-ya getmiş, orada Nicata tibbi yardım göstərmişlər, Nicatı palataya yerləşdirmişlər və o da evinə getmiş, 2 gün sonra Nicatı Göyçay RMX-ya aparmışlar və orada əməliyyat elətdirmişlər, o, avtomobilinə dəymiş ziyanı hesablatdırdığını, onun avtomobilinə 7000 manat ziyan dəydiyini bildirmişdir. X3 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, N.Tusi küçəsi, ev 23 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. ”DOST” MMC-də fəhlə işləyir. Zərərçəkmiş şəxs1 onun oğludur. xx.xx.2023-cü il tarixdə o, səhər saatlarında şəxsi işləri ilə əlaqədar Göyçay rayonuna getmiş, saat təxminən 12 radələrində qohumu Kamil onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, oğlu Nicatın yol-nəqliyyat hadisəsi törətdiyini, xəsarət aldığını və İsmayıllı RMX-ya yerləşdirildiyini bildirmiş, o, tez Göyçay rayonundan taksiyə əyləşərək bir başa İsmayıllı RMX-ya gəlmiş, xəstəxanada Nicata tibbi yardım göstərilmiş, ilkin olaraq onun baş nahiyyəsinə tikiş vurulmuş, daha sonra isə Nicatı palataya yerləşdirmişlər, tibbi yardım zamanı onun çiyin nahiyyəsində sınıq olduğu müəyyən olunmuş, onlar xx.xx.2023-cü il tarixdə Nicatı Göyçay RMX-ya aparmış və orada sonuncunu əməliyyat eləmişlər, daha sonra hadisənin necə baş verdiyini o, Nicatdan soruşmuş və sonuncu, ona xx.xx.2023-cü il tarixdə qardaşı Laçıngilə getdiyini, Laçının avtomobilinin içərisinin çirkli olduğunu görüb Laçın Gözəlovdan avtomobilin açarlarını verməsini istədiyini və avtomobili aparıb öz həyətlərində təmizləyib geri qaytaracağını bildirmiş, Laçın buna etiraz etməmiş, lakin avtomobili gətirməməyini, özünün gəlib götürəcəyini bildirmiş, o, İsmayıllı şəhəri, Xəqani küçəsi ilə hərəkətdə olmuş, İsmayıllı şəhəri, Xəqani küçəsi ilə Şirvani küçəsinin kəsişməsində idarə etdiyi avtomobili saxlayıb yolun boş olduğuna əmin olmaq üçün sağa-sola baxmış, sağ tərəfinin boş olduğuna əmin olmuş, lakin sol tərəfini tam olaraq görə bilməmiş, sağ tərəfi boş olduğundan asta sürətlə maşını yerindən tərpədib hərəkətinə davam etmiş, təxminən 2-3 saniyə sonra, təxminən 7 metr hərəkət etdikdən sonra anidən sola baxarkən yüksək surətlə rəngini və markasını tam görə bilmədiyi avtomobilin onun avtomobili ilə artıq təxminən 10-15 metr məsafədə olduğunu görmüş və anidən həmin avtomobil onun idarə etdiyim avtomobilin sol orta hissəsindən çırpılmışdır. Zərbə nəticəsində həmin avtomobil Nicatın idarə etdiyi avtomobili sürütləyərək yol qırağında olan divara çırpmış, hadisə nəticəsində Nicat, huşunu itirmiş, bir qədər sonra xatırlamadığı bir nəfər şəxs üzünə su töküb onu ayıltmış, “kömək edin” deyə qışqırmış, o, avtomobildə sıxışmış vəziyyətdə qalmış, tərpənə bilməmiş, bir qədər sonra həmin yerə FHN-nin xilasedici dəstəsi və Təcili Tibbi yardım stansiyasının əməkdaşları gəlmiş, onların köməkliyi ilə onu avtomobildən çıxartmışlar və İsmayıllı RMX-ya aparmışlar. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 07 fevral 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi İsmayıllı şəhəri, X13 küçəsi ilə İsmayıllı şəhəri, Xəqani Şirvani küçəsinin kəsişməsində baş vermişdir. Məhkəmə tibbi ekspertizasının 14 mart 2023-cü il tarixli 91 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarət- sağ budun sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 14 mart 2023-cü il tarixli 79 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması və baş beyinin silkələnməsi ilə müşayiət olunan təpə nahiyyəsinin yarası, sol körpücük sümüyünün qapalı-qəlpəli yerdəyişmiş sınığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 25 aprel 2023-cü il tarixli 190 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ mil və alt çənə sümüklərinin qapalı sınığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 5 may 2023-cü il tarixli 8/845- 8/859 nömrəli rəyindən görünür ki; 1.İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Opel Astra markalı, **-EO- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2.Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə VAZ 21120 markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaranan andan Opel Astra markalı avtomobilin toqquşma yerinə kimi 3,1 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Reallıqda təhlükə yaranan andan toqquşma yerinə kimi Opel astra markalı avtomobil 3,1 metrdən artıq məsafə qət etmişdir. İstintaq tərəfindən göstərildiyi kimi təhlükə yaranan andan Opel Astra markalı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə real hadisə mexanizminə uyğun olmadığından VAZ21120 markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisələri ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Sürücü Zərərçəkmiş şəxs1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

3. İlkin kontakt anında toqquşma Opel Astra markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə Vaz 21120 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan orta hissəsi arasında təxminən 70-80 dərəcə bucaq altında baş vermişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 14 sentyabr 2023-cü il tarixli 3- 16-16/2-8/2569 nömrəli rəyindən görünür ki;

1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, **- EO-*** övlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddanin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21120 markalı **- MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 9/7225/2023 nömrəli rəyindən görünür ki;

1. Ekspertiza təyini haqqında qərarda göstərilən 2004-cü il buraxılışlı “Vaz-21012” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal, istifadəyə yararlı vəziyyətdə 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 7000,00 manat müəyyən olunur. Həmin avtomobilin qalıq qiyməti barədə ətraflı məlumat olmadığı üçün həmin avtomobilə dəymiş ziyanı müəyyən etmək mümkün olmadı.

2. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş ziyan aktı məlumatlarına əsasən, 2011-ci il buraxılışlı Opel Astra minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin fevral ayına olan təmir-bərpa xərci təxminən 3130,0 manat müəyyən edilir. O cümlədən- 1. Dəyişilməli hissələrin qiyməti- 2330,00 manat; 2. Təmir-bərpa işlərinin qiyməti- 800,00 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. 04 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 02 dekabr 2023-cü il tarixli 3-13-16/-2/2-4220/23 nömrəli məktubdan görünür ki, komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmiş, o, sürücülük hüququndan məhrum olunmuşlar siyahısında qeydiyyata alınmamışdır. İsmayıllı rayon X4 X6 şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-47/3- 3732/23 və 18-1-47/3-3733/23 nömrəli arayışlardan görünür ki, Dəmir Zərərçəkmiş şəxs2lı RMX-nın poliklinika şöbəsinin “narkoloji”, “Ruhi əsəb” və “nevroloji” kabinetlərində dispanser qeydiyyatlnda yoxdur. İsmayıllı rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair 07 fevral 2023-cü il tarixli 49 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə sərxoş vəziyyətdə olmamışdır. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə “Vaz 21120” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və həmin avtomobil İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlama duracağına yerləşdirilmişdir. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 05 oktyabr 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 21 sentyabr 2023-cü il tarixli 2307 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Dəmir Zərərçəkmiş şəxs2lı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və arvadı X1 ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlama duracağında saxlanılan “Vaz 21120” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi X5 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının ümumi dəyəri olan 328 (üç yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlama duracağında saxlanılan “Vaz 21120” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi X5 qaytarılsın. Cinayət işi üzrə 328 (üç yüz iyirmi səkkiz) manat ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar