Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-70/2022 18.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 18 oktyabr 2022-ci il tarixdə saat 12:08-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1982-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, İsmаyıllı Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 4(037)-51/2022 nömrəli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, məhkəmənin 16 sentyabr 2022-ci il tarixli 4(037)- 64/2022 nömrəli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını talamaq məqsədilə 10 iyun 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının satıldığı İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən “Safir” adlı dükana müştəri qismində daxil olaraq satıcı X1 qızıl-boyunbağı almaq istədiyini deyərək vitrindən 4 ədəd qızıl boyunbağını götürərək vitrininin üstünə qoymuş, həmin boyunbağıların arasından 1 ədəd 20,8 qram çəkidə, tros formalı, 583 əyyarlı, 2080 (iki min səksən) manat dəyərindəki qızıl boyunbağını baxmaq adı ilə əlinə götürüb mobil telefonla danışmaq görüntüsü yaradaraq sürətli addımlarla dükandan çıxmış, satıcı Vahid Cəfərovun dükanın içərisində və daha sonra dükanın qarşısında boyunbağını qaytarması tələbini eşitməsinə baxmayaraq buna əhəmiyyət vermədən sürətli addımlarla oradan uzaqlaşmaqla özgənin əmlakını qəsdən açıq şəkildə talayaraq Zərərçəkmiş şəxs 2080 (iki min səksən) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Bərdə şəhəri, İ.Qayıbov küçəsi, ev 8 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonunda ünvanını dəqiq bilmədiyi mənzildə kirayədə yaşayır. Yaşadığı məhəllədə çay evlərinin birində təsadüfən həmin məhəllə sakini olan Ayazla tanış olmuş və onun taksui fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. 08 iyun 2022-ci il tarixdə Ayazdan onu Oğuz rayonuna aparmağını xahiş etmiş, Ayaz avtomobilini təmirə aparacağından Oğuza 10 iyun 2022-ci il tarixdə gedə biləcəyini bildirmişdir. 10 iyun 2022-ci il tarixdə səhər saatlarında Ayaza məxsus avtomobillə yola çıxmışlar. Yol kənarında olan mağazaların birindən özü üçün spirtli içki almış və yol boyu spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətə düşmüşdür. İsmayıllı şəhərinə çatdıqdan sonra Ayaza rayon mərkəzinə sürməyini demiş və özü üçün ətir alacağını demişdir. Ayaz şəhər bazarının yaxınlığında avtomobili saxlamış, o isə həmin yerin yaxınlığında yerləşən qızıl alış-veriş mağazasına daxil olmuşdur. Satıcıya boyunbağı almaq istədiyini demiş, bu zaman satıcı ona vitrindən 4 ədəd qızıl boyunbağını təqdim etmişdir. Həmin vaxt mağazaya başqa müştərilər də olmuşdur. Satıcının digər müştərilərlə danışdığı üçün onun fikrinin yayındığından istifadə edərək təqdim olunmuş boyunbağılardan birini götürmüşdür. Həmin vaxt onun telefonuna zəng gəldiyindən mağazadan çıxmış və Ayazın avtomobili saxladığı tərəfə getməyə başlamışdır. Avtomobilə çatdıqdan sonra avtomobilə əyləşmiş və Ayazdan Bakı şəhərinə sürməyi xahiş etmişdir. Ayaz avtomobilini Bakıya tərəf sürməyə başlamışdır. Bakı şəhərinə çatdıqdan sonra Memar Əcəmi metrosu yaxınlığında düşmüş və orada olan qızıl alış-verişi mağazalarının birində boyunbağını tanımadığı şəxsə 1150 manata satmışdır. Bundan bir neçə gün sonra polis əməkdaşları onu yaşadığı binanın qarşısında saxlamışlar. Soyğunçuluğu tək törətmiş, onu İsmayıllı rayonuna aparan sürücünün onun soyğunçuluq etdiyindən məlumatı olmamışdır. Törətdiyi hadisədən kiminsə xəbəri olmamış və o bu barədə heç kimə bildirməmişdir. Maddi imkanı olmadığından zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyə bilməmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun Cavanşir küçəsində yerləşməklə oğlu X3 məxsus qızıl mağazasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. 10 iyun 2022-ci il tarixdə işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş, mağazadakı işlərini isə oğlu Sənana həvalə etmişdir. Həmin gün saat 13 radələrində qardaşı Vahid Cəfərov ona zəng edərək bir nəfər orta yaşlı tanımadığı şəxsin mağazaya daxil olaraq boyunbağı almaq istədiyini, baxmaq məqsədi ilə ona təqdim olunmuş boyunbağılardan birini götürərək telefonla danışa-danışa mağazadan çıxıb qaçdığını bildirmişdir. O qardaşına Bakıdan gəldikdən sonra birlikdə gedib polis şöbəsinə məlumat verəcəklərini demişdir. Bakı şəhərindən gəldikdən sonra qardaşı həmin şəxsin onu tanıdığını bildirdiyindən mağazada quraşdırılmış kamera görüntüsünə baxmış, lakin həmin şəxsi tanımamışdır. Bundan sonra polis şöbəsinə bu barədə məlumat vermişlər. Aparılmış araşdırılma zamanı onun mağazasından soyğunçuluq edən şəxsin əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsin olması məlum olmuşdur. Baş vermiş soyğunçuluq hadisəsi zamanı ona 2080 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmiş və onunla barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş sərt cəzanın verilməsini xahiş edir. Şahid X4 ifadə verərək göstərdi ki, bacısı oğlu Kənana məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən qızıl mağazasında bacısı Gültəkin, digər bacısı oğlu Sənan və o, birlikdə işləyirlər. 10 iyun 2022-ci tarixdə saat 11 radələrində Sənan ona zəng edərək bir neçə saatlıq işi olduğunu və mağazada onu əvəz etməyini xahiş etmişdir. O razılaşmış və mağazaya gələrək satıcılıq etməyə başlamışdır. Bu zaman əvvəllər tanımadığı bir nəfər şəxs mağazaya daxil olmuş və ondan “bibi haradadır?” deyə soruşmuşdur. Həmin şəxsi tanımasa da sonuncunun bacısı Gültəkini tanıdığını və daimi müştəri olduğunu düşünmüşdür. Həmin şəxs onunla görüşmüş və boyunbağı almaq istədiyini, bir neçə gün əvvəl mağazaya gələrək boyunbağılara baxdığını bildirmişdir. O, boyunbağılara bir-bir baxmaq istədiyini xahiş etmişdir. O, dörd ədəd boyunbağını vitrinin altından çıxarıb həmin şəxsə təqdim etmişdir. Bu zaman həmin şəxsin mobil telefonuna zəng gəlmiş və “əvvəl baxdığımız mağazadayam, boyunbağılara baxıram” deyərək yenidən boyunbağılara baxmağa davam etmişdir. Şəxsin danışığından sonra onun həqiqətən daimi müştəri olduğuna inanmışdır. O mağazadakı digər müştərilərlə maraqlanarkən həmin şəxs boyunbağılara baxmağa davam etmiş və üç ədəd boyunbağını ona qaytarararaq birini əlində saxlamışdır. Bu vaxt həmin şəxsin mobil telefonuna zəng gəlmiş, o, telefonla danışa-danışa mağazanın çıxış qapısına tərəf getmişdir. O, şəxsin həmin boyunbağını alacağını və yaxud qaytaracağını fikirləşmışdır. Həmin şəxs mağazadan çıxan kimi qaçaraq oradan uzaqlaşmış, o dərhal mağazanı tərk edərək həmin şəxsin dalınca getmək istəmişdir. Səhhətində olan narahatçılıqla əlaqədar qaça bilməmiş və həmin şəxs sürətlə oradan aralaşaraq dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. O dərhal bacısı Gültəkinə, daha sonra oğlu Sənana zəng edərək bu barədə məlumat vermişdir. Şahid X5 ifadə verərək göstərdi ki, anası və dayısı ilə birlikdə İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən qardaşı Kənana məxsus qızıl mağazasında işləyir. 10 iyun 2022-ci il tarixdə anası Bakı şəhərinə getmiş, o isə mağazada anasını əvəz etmişdir. Saat 11 radələrində şəxsi işi ilə əlaqədar getməli olduğundan dayısı Vahidə zəng edərək bir neçə saatlıq onu əvəz etməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra dayısı mağazaya gəlmiş, o isə çıxıb getmişdir. Saat 13 radələrində dayısı ona zəng edərək bir nəfər tanımadığı şəxsin mağazaya daxil olaraq, boyunbağı almaq istədiyini, vitrindəki boyunbağılardan birini əlində saxlayaraq telefonla danışa-danışa mağazadan çıxıb qaçdığını bildirmişdir. O dərhal bu barədə anası Gültəkinə zəng edib məlumat vermişdir. Anası Bakı şəhərindən gəldikdən sonra polis şöbəsinə bu barədə məlumat vermişlər. Şahid ifadə verərək göstərdi ki, o, Bakı şəhərində yaşamaqla taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun yaşadığı məhəllədə kirayədə qalmış və məhəllədə yerləşən çay evlərinin birində olarkən onunla təsadüfən tanış olmuşdur. 08 iyun 2022-ci il tarixdə axşam saatlarında Elbəy İsmayıllı rayonuna, oradan da Bərdə rayonuna getmək istədiyini demişdir. O, avtomobili təmirə apardığı üçün 10 iyun 2022-ci il tarixdə Eybəyi dediyi yerə apara biləcəyini demişdir. Elbəy onunla razılaşmış və onlar həmin gün saat 09 radələrində yola çıxmışlar. Elbəy İsmayıllı rayonunda tanışından telefon götürəcəyini, oradan da Bərdə rayonuna atasının qəbrini ziyarətə gedəcəyini demişdir. Saat 12 radələrində İsmayıllı rayonuna çatmışlar, avtomobilini Elbəyin dediyi “Bazar” adlanan yerə sürmüş, Elbəy ondan avtomobili yolun kənarında saxlamağı və gözləməyini xahiş etmişdir. O, avtomobilini kölgəlik bir yerdə saxlamış və hava isti olduğu üçün avtomobildən düşmüşdür. Təxminən 20 dəqiqədən sonra Elbəyin tələsik vəziyyətdə gələrək avtomobilin arxa oturacağına əyləşmiş, o da avtomobilə əyləşdikdə Eybəyin tənginəfəs olduğunu hiss etmişdir. O Elbəydən nə üçün tənginəfəs olduğunu, nə baş verdiyini soruşmuş, Elbəy isə ona heç nə deməyərək həyəcanlı şəkildə gəldikləri yolla qayıtmağı, yolda deyəcəyini bildirmişdir. Avtomobilini bir qədər sürdükdən sonra Elbəyin xahişi ilə yol kənarında olan mağazaların birində saxlamış, Elbəy özünə və ona su və siqaret almış və yerini dəyişərək avtomobilin ön oturacağında əyləşmişdir. Yol boyu bir neçə dəfə Elbəydən nə baş verdiyini soruşsa da sonuncu ona heç nə deməmiş və Bakı şəhərinə çatdıqdan sonra Memar Əcəmi metrosu yaxınlığına sürməyini xahiş etmişdir. O, avtomobilini Elbəyin dediyi yerə sürmüş, sonuncu ondan qızıl alış-veriş mağazalarının birinin qarşısında saxlamağını xahiş etmişdir. Elbəy mağazaların birinə girmiş, bir neçə dəqiqədən sonra gələrək ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O Elbəyə şəxsiyyət vəsiqəsini verə bilməyəcəyini demiş, Elbəy isə öz vəsiqəsini evdən götürmək üçün yaşadığı evə sürməyini xahiş etmişdir. O, Elbəyin yaşadığı evin olduğu ünvana sürmüş və Elbəy evdən şəxsiyyət vəsiqəsini götürmüşdür. Onlar yenidən həmin mağazaya qayıtmış, Elbəy mağazaya girmiş və bir neçə dəqiqə sonra çıxıb maşına əyləşmişdir. Elbəy ona 150 manat pul vermiş və onlar sagollaşaraq ayrılmışlar. 14 iyun tarixdə Ağdaş rayonundan qayıdarkən polis əməkdaşları ona zəng edərək polis şöbəsinə dəvət etmişlər. Orada Elbəyin 10 iyun tarixdə İsmayıllı rayonunda soyğunçuluq etdiyindən məlumatı olmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 avqust 2022-ci il tarixli 9/4966 nömrəli rəyindən görünür ki, 06 iyul 2022-ci il tarixli ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Rus istehsalı 20,8 qram çəkidə, tros formalı, 583 əyarlı qadın boyunbağısının 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1768 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqinin “Sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 avqust 2022-ci il tarixli 9/4966 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs ifadəsində dəymiş ziyanın məbləğində ziddiyyət yarandığından cinayət hadisəsi nəticəsində vurulmiş ziyan Zərərçəkmiş şəxs ilkin ifadəsində göstərdiyi kimi 2080 manat müəyyən edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən X2 mülkiyyətində olan, içərisində Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının satıldığı “Safir” adlı qızıl-zinət əşyaları mağazasıdır. Cinayət işinə əlavə edilmiş DVD diskdə əks olunmuş müşahidə kamerasının görüntülərindən görünür ki, 10 iyun 2022-ci il tarixdə saat 12:46-da əynində qara rəngli qısa qol köynək, qara rəngli cins şalvar və qara ayaqqabı olan bir nəfər orta yaşlı, hündür boylu şəxs İsmayıllı şəhəri Cavanşir küçəsində yeləşən “Safir” adlı qızıl alqı-satqısı mağazasından telefonla danışa-danışa çıxıb, İsmayıllı şəhəri, H.Əliyev prospekti istiqamətində qaçaraq uzaqlaşmışdır. Cinayət işinə əlavə edilmiş 20 iyun 2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş 04 iyul 2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə etdiyi qızıl boyunbağını satdığı yeri müəyyən etmək mümkün olmadığından iş üzrə maddi sübutun götürülməsi mümkün olmamışdır. 11 iyul 2022-ci il tarixli tələbnamədən, Bərdə Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 1(021)-96/2019 nömrəli hökmünün surətindən və Bərdə rayon İcra və probasiya şöbəsinin 07 oktyabr 2022-ci il tarixli 57/19 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs mülkiyyət əlehinə olan cinayətlər törətdiyinə görə əvvəllər də məhkum olunmuş, sonuncu dəfə isə Bərdə Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 1(021)-96/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.1-ci maddələri ilə təqirli bilinərək qəti olaraq 01 il 10 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə Bərdə rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkumluğu yoxdur. Bərdə RMX-nin PHŞ-dən alınmış xx.xx.2022-ci il tarixli PHŞ/6.28-2-2022-129 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin PHŞ-nin poliklinika şöbəsinin "Nevroloji" "Narkoloji" və "Ruhi-əsəb" kabinetlərində dispanser qeydiyyatda yoxdur. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 11 avqust 2022-ci il tarixli 4289 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, İ.Qayıbov küçəsi, ev 8 ünvanında qeydiyyatda olmaqla yaşayır, boşanmışdır, ailə tərkibi özündən 2006 və 2007ci il təvəllüdlü uşaqları Ağabəy və Uğurdan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Müstəntiqinin 15 iyun 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 15 iyun 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə saat 19:35-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmаyıllı Rayon Məhkəməsinin 15 iyun 2022-ci il tarixli 4(037)-51/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 02(iki) ay 28(iyirmi səkkiz) gün müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. İsmаyıllı Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 4(037)-64/2022 nömrəli qərarından görünür ki, məhkəmənin 17 iyun 2022-ci il tarixli 4(037)-51/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş olsa da onun əvvəllər oxşar cinayət əməllərini törətdiyinə görə bir neçə dəfə məhkum olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməməsini, onunla barışıb razılıq əldə etməməsini təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özgənin əmlakını qəsdən açıq şəkildə talamaqla vahid niyyətlə törədilmiş, ibtidai istintaqın gedişində və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə vurulmuş ziyanın ödənilməsi tövsiyyə edilsə də Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsində heç bir təşəbbüs irəli sürməmişdir. Bundan əlavə ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsinə baxmayaraq o, istintaqın çağırışlarına gəlmədiyindən, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan olunmuş, 15 sentyabr 2022-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxs qismində tutularaq məhkəmənin müvafiq qərarı ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Qeyd olunanlara görə də məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzanın çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 15 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 15 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-70/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-70/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver