Məhkəmə qərarları › İş №1(037)-71/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-71/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-71/2022 08.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 və Qəbələ rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə 08 dekabr 2022-ci il tarixdə saat 17:39-da İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxx 1973-cü ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1, 04 avqust 1995-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs3 və xx xxxx 2003-cü ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hisəsində müddətli hərbi xidmətdə olan, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi 71PUM8J Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, gözətçi işlədiyi İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Moruq İstixanası”nın ərazisindən dəmir materialdan olan dirəkləri oğurlamaq məqsədi ilə qardaşı oğlu Təqsirləndirilən şəxs3 və oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sonuncunun idarə etdiyi “UAZ” markalı avtomaşınla moruq istixanasının yan tərəfinə gələrək gözləmiş, o, moruq istixanasının sahibi Zərərçəkmiş şəxs öz xidməti otağında, direktor köməkçisi Şahid isə onun olduğu gözətçi otağında olmalarından istifadə edib, əvvəlcədən aralarında olan razılığa əsasən, gözətçi otağından çıxaraq ətrafa nəzarət edib 8,7 hektar sahəsi olan istixananın ərazisində oğurluq hadisəsini müşahidə edə biləcək başqa şəxslərin olmadığına əmin olduqdan sonra mobil telefonu ilə əlbir olduğu şəxslərə zəng edərək bu barədə məlumat verməklə cinayətin törədilməsinə şərait yatarmış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə hər hansı maneənin olmayacağına əmin olduqdan sonra ətrafı məftil torla hasarlanmış saxlanc yeri hesab edilən “Moruq İstixanası”nın ərazisinə qanunsuz olaraq daxil olub oradan hər birinin diametri 50 millimetr, uzunluğu 3,5 metr, bir ədədinin dəyəri 35 manat təşkil edən cəmi 30 ədəd dəmir materialdan olan dirəkləri qəsdən gizli olaraq talayıb gəldikləri avtomobilə yığıb aparmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1050 (min əlli) manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Moruq İstixanası”nın ərazisində gözətçi işləyən əmisi Təqsirləndirilən şəxs1 “Moruq İstixanası”nın ərazisindən dəmir materialdan olan dirəkləri oğurlamaq barədə ona və əmisi oğlu Təqsirləndirilən şəxs2 etdiyi təkliflə razılaşaraq onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, 23 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində aralarında olan rol bölgüsünə uyğun olaraq, idarə etdiyi “UAZ-3303-01” yük markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Təqsirləndirilən şəxs2la birlikdə moruq istixanasının yan tərəfinə gəlib avtomobili dayandıraraq gözləmiş, Təqsirləndirilən şəxs1 moruq istixanasının sahibi Zərərçəkmiş şəxs öz xidməti otağında, direktor köməkçisi Şahid isə gözətçi otağında olmalarından istifadə edib, əvvəlcədən aralarında olan razılığa əsasən gözətçi otağından çıxaraq ətrafa nəzarət edib 8,7 hektar sahəsi olan istixananın ərazisində oğurluq hadisəsini müşahidə edə biləcək başqa şəxslərin olmadığına əmin olduqdan sonra istifadəsində olan mobil telefonu ilə onun istifadəsində olan mobil telefona və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefona zəng edərək bu barədə məlumat verməklə cinayətin törədilməsinə şərait yaratmış, o və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə hər hansı maneənin olmayacağına əmin olduqdan sonra ətrafı məftil torla hasarlanmış saxlanc yeri hesab edilən “Moruq İstixanası”nın ərazisinə qanunsuz olaraq daxil olub oradan hər birinin diametri 50 millimetr, uzunluğu 3,5 metr, bir ədədinin dəyəri 35 manat təşkil edən cəmi 30 ədəd dəmir materialdan olan dirəkləri qəsdən gizli olaraq talayıb götürməklə və idarə etdiyi “UAZ-3303-01” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb aparmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1050 (min əlli) manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Moruq İstixanası”nın ərazisində gözətçi işləyən atası Təqsirləndirilən şəxs1 “Moruq İstixanası”nın ərazisindən dəmir materialdan olan dirəkləri oğurlamaq barədə ona və əmisi oğlu Təqsirləndirilən şəxs3 etdiyi təkliflə razılaşaraq onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 23 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs3 idarə etdiyi “UAZ-3303- 01” markalı avtomaşınla Təqsirləndirilən şəxs3la birlikdə moruq istixanasının yan tərəfinə gələrək gözləmiş, Təqsirləndirilən şəxs1 moruq istixanasının sahibi Zərərçəkmiş şəxs öz xidməti otağında, direktor köməkçisi Şahid isə gözətçi otağında olmalarından istifadə edib, əvvəlcədən aralarında olan razılığa əsasən gözətçi otağından çıxaraq ətrafa nəzarət edib 8,7 hektar sahəsi olan istixananın ərazisində oğurluq hadisəsini müşahidə edə biləcək başqa şəxslərin olmadığına əmin olduqdan sonra mobil telefonu ilə Təqsirləndirilən şəxs3 və ona zəng edərək bu barədə məlumat verməklə cinayətin törədilməsinə şərait yaratmış, o və Təqsirləndirilən şəxs3 cinayətin törədilməsinə hər hansı maneənin olmayacağına əmin olduqdan sonra ətrafı məftil torla hasarlanmış saxlanc yeri hesab edilən “Moruq İstixanası”nın ərazisinə keçməklə qanunsuz olaraq daxil olub oradan hər birinin diametri 50 millimetr, uzunluğu 3,5 metr, bir ədədinin dəyəri 35 manat təşkil edən cəmi 30 ədəd dəmir materialdan olan dirəkləri qəsdən gizli olaraq talayıb götürməklə və Təqsirləndirilən şəxs3 idarə etdiyi “UAZ-3303-01” yük markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb aparmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1050 (min əlli) manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Diyallı kəndində yaşayır. 19 mart 2019-cu il tarixdən İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus moruq istixanasında direktor köməkçisi işləyən Şahid onu qeyri-rəsmi olaraq gözətçi kimi işə götürmüşdür. Xanlar hər ay ona 300 manat əmək haqqı vermişdir. Onunla moruq istixanasının rəhbərliyi arasında hər hansı əmək müqaviləsi bağlanmamışdır. O, hər gün saat 18 radələrindən səhər saat 8 radələrinə qədər orada gözətçilik etmişdir. 2021-ci ilin may, iyun, iyul, avqust və sentyabr ayları ərzində həmin yerdə gözətçi kimi işləsə də Xanlar müxtəlif bəhanələrlə onun əmək haqqısını verməmişdir. Oğlanları Zaman və Elton İİ Qarabağ müharibəsində iştirak etmiş və onlara Diyallı kəndi ərazisində hər birinə 12 sot torpaq sahəsi verilmişdir. Maddi imkanı zəif olduğundan həmin torpaq sahəsinin kənarlarını hasarlaya bilməmişdir. 2021-ci ilin sentyabr ayının ortalarında qardaşı oğlu Seymurla söhbət edərkən gözətçilik etdiyi istixananın ərazisindən moruq dirəklərini oğurlayıb oğlanlarına məxsus torpaq sahəsinin kənarlarını hasarlamaq məqsədi ilə həmin yerə aparmağı təklif etmişdir. Seymur onun təklifi ilə razılaşmışdır. 23 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Seymur onun mobil telefonuna zəng edərək harada olduğunu soruşduqda işdə olduğunu demişdir. Həmin gün Xanlar Qubranov və istixananın direktoru Zərərçəkmiş şəxs də orada olmuşlar. Seymur ona dirəkləri aparmağa gəlmək istədiyini demiş, o Seymura mobil telefonda “apara biləsənsə gəl götür apar, maşını kənarda saxla, rəhbərlik burdadır.” demişdir. Saat 22 radələrində Xanlarla birlikdə istixananın gözətçi otağında olmuşlar. Xanlar gözətçi otağından çıxıb gedəsi yeri olduğunu bildirərək harasa getmişdir. Bu zaman o arxayınlaşaraq Seymura zəng etmiş və harada olduğunu soruşmuşdur. Seymur ona Münasiblə birlikdə olduğunu, artıq dirəkləri maşına yüklədiyini, lakin istixananın ərazisindən kənarlaşarkən kiminsə onların dalınca gəldiyini görərək moruq dirəklərini İsmayıllı şəhəri “Əyriçay” adlanan çayın yaxınlığında tulladığını demişdir. Bu zaman özünün ifşa olunacağından qorxaraq halı pisləşmişdir. 5-10 dəqiqədən sonra Xanlar gözətçi otağına gəlmiş və moruq dirəklərinin oğurlandığını, lakin oğruların dirəkləri çayın qırağına tullayıb qaçdıqlarını demişdir. Xanlara və Pərvizə moruq dirəklərinin qardaşı oğlu Seymur və oğlu Münasib tərəfindən oğurlanması barədə heç nə deməmişdir. Səhəri gün Şahid hadisə barədə polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, polis əməkdaşları tərəfindən Seymur və Münasib polis şöbəsinə dəvət olunub sorğu-sual edilərkən onlar moruq istixanasının ərazisinə daxil olub 30 ədəd moruq dirəyini götürdüklərini, tələsdiklərinin 2 ədədini götürə bilmədiklərini, 7 ədəd moruq dirəyinin isə maşın hərəkətdə olarkən maşından yerə düşüb qaldığını demişlər. Sonradan araşdırılma zamanı oğurluğun onun tərəfindən planlaşdırıldığını, özü tərəfindən bilərəkdən şərait yaratdığını etiraf etmişdir. Oğurladıqları moruq dirəklərini qaytarmaqla zərərçəkmiş şəxsə vurduqları ziyanı tam olaraq ödəmişlər. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Oğlanları Zaman və Elton İİ Qarabağ müharibəsində iştirak etmiş, müxtəlif dövlət təltifləri ilə təltif edilmişlər. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. İşlədiyi istixananın direktoru Zərərçəkmiş şəxs moruq istixanasının ərazisindən 300 ədəd moruq dirəyinin onun tərəfindən oğurlanmasına dair ittihamlarının isə heç bir əsası yoxdur, 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs3la birlikdə oğurladığı 30 ədəd moruq dirəyindən başqa oradan digər moruq dirəyi oğurlamamış, Zərərçəkmiş şəxs iddia etdiyi 300 ədəd moruq dirəyinin kim tərəfindən oğurlanması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, subay olmaqla İsmayıllı rayonu Diyallı kəndində yaşayır. Vidadi əmisi, Münasib isə əmisi oğludur. Vidadi İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən moruq istixanasında gözətçi işləmişdir. 23 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində Vidadi ona zəng edərək gözətçi işlədiyi moruq istixanasından moruq dirəklərini oğurlamaq istədiyini, dəmir dirəkləri oğlanlarına məxsus Diyallı kəndində torpaq sahəsinə aparmaq istədiyini demiş və həmin dəmir dirəkləri oğurlayıb aparmaqda köməklik etməyini xahiş etmişdir. Əmisi imkansız olduğundan dəmir dirəkləri oğurlayıb aparmaqda köməklik edə biləcəyini demişdir. O, Münasibə zəng edərək atasının moruq istixanasının ərazisindən moruq dirəkləri aparmaq üçün onu götürməyini bildirmişdir. O, çayxananın qarşısına gələrək Münasibi maşınına mindirmişdir. Münasib maşına əyləşdikdən sonra istixananaya tərəf getməyə başlamış, yolda Münasib ondan hara getdiklərini soruşduqda Münasibə atası Vidadinin təklifi ilə moruq istixanasından ərazisindən moruq dirəklərini oğurlamaq üçün getdiklərini demişdir. Münasib ona bir söz deməmiş və onlar Vidadinin dediyi kimi moruq istixanasının yan tərəfinə gedərək maşınını 40-50 metr kənarda saxlamışdır. Vidadiyə zəng edib Münasiblə gəldiklərini, ətrafda kənar şəxslərin olub-olmadığını ona bildirməyini xahiş etmişdir. Vidadi ona istixananın həyətinə daxil olub maşınının yük yerinə nə qədər moruq dirəklərindən oğurlayıb yığmaq mümkün olarsa oğurlamağını bildirmişdir. Moruq istixanasının ərazisində heç kim olmamışdır. Vidadi özü ona ətrafa nəzarət edəcəyini, hansısa bir problem olacağı təqdirdə zəng edib onlara məlumat verəcəyini demişdir. O və Münasib məftil hasardan istixananın ərazisinə keçmiş, təxminən 20-30 metr məsafədə olan topa şəklində dəmir dirəklərdən götürüb hasarın çölünə atmağa başlamışlar. O hasardan çölə çıxmış, Münasib isə içəridə qalaraq dəmir dirəklərindən çölə atmaqda davam etmişdir. O moruq dirəklərini maşına tərəf aparıb yük yerinə yerləşdirməyə başlamış, bi azdan Münasib də çölə çıxaraq birlikdə moruq dirəklərini maşınının yük yerinə yığmağa başlamışlar. Elə bu vaxt Vidadi ona zəng edərək həyəcanlı şəkildə “çıxıb gedin, burda aləm qarışıb” demişdir. Tələsdiklərindən 2 ədəd moruq dirəyini götürə bilməmiş, maşının yük yerində təxminən 28 ədəd dəmir moruq dirəyi olmaqla onlar oradan uzaqlaşmağa başlamışlar. Maşını sürətlə idarə etdiyindən 7 ədəd dəmir moruq dirəyi yerə düşüb qalmışdır. O qorxduğundan Münasiblə birlikdə moruq dirəklərini təxminən 1 kilometr aralıdakı “Əyriçay” adlanan çayın kənarında yerdə tullayaraq birlikdə yaşadıqları evə getmişlər. Səhər saat 11 radələrində evdə olarkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Moruq istixanasından moruq dirəklərinin oğurlandığını barədə ondan sorğu edildikdə o, moruq istixanasından Vidadinin göstərişi ilə Münasiblə birikdə 30 ədəd dəmir moruq dirəklərini oğurlayıb hasardan çölə atdıqlarını, 28 ədədinin maşının yük yerinə yığaraq apardıqlarını etiraf etmişdir. Oğurladıqları moruq dirəklərini qaytarmaqla zərərçəkmiş şəxsə vurduqları ziyanı tam olaraq ödəmişlər. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, subay olmaqla İsmayıllı rayonu Diyallı kəndində yaşamışdır. Hazırda isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hisəsində müddətli hərbi xidmətdədir. Vidadi atası, Seymur isə əmisi oğludur. Atası Vidadi təxminən 2 il müddətində İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən moruq istixanasında gözətçi işləmişdir. Son 4-5 ay müddətdir ki, atası moruq istixanasında gözətçi işinə aylıq 300 manat maaşını ala bilməmişdir. 23 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Diyallı kəndi ərazisindəki çayxanada olarkən Seymur ona zəng edərək harada olduğunu soruşmuşdur. O olduğu yeri Seymura demiş və az sonra Seymur çayxananın qarşısına gəlmişdir. Seymur ona moruq istixanasına gedərək içəridən dəmir boruları götürməyi təklif etmişdir. O, Seymura atasının həmin yerdə gözətçi işlədiyini demiş, bu zaman Seymur ona elə atasının göstərişi ilə dəmir dirəkləri oğurlamağa gedəcəklərini bildirmişdir. O, Seymurun idarə etdiyi avtomobilə əyləşmiş və moruq istixanasına tərəf gedərək məftil hasardan 40-50 metr kənarda avtomobili saxlamışlar. Onlar birlikdə hasarın üzərindən istixananın ərazisinə daxil olmuş və bir az aralıda topa şəklində yığılmış moruq dirəklərindən 30 ədədini hasardan çölə atmışlar. Əvvəl Seymur çölə çıxaraq dirəkləri avtomaşının yük yerinə yığmış, daha sonra isə özü də hasardan çölə çıxaraq Seymurla birlikdə moruq dirəklərini avtomaşının yük yerinə yığmışlar. Bu zaman Seymur “dirəkləri oğurladığımızdan xəbər tutublar, otur maşına gedək” deyə bildirmiş, 2 ədəd dəmir moruq dirək məftil hasarın dibində qalmış, maşına yığdıqları 28 ədəd dəmir moruq dirəyi ilə birlikdə Seymur maşını sürüb aralaşmağa başlamışlar. Seymur maşını nisbətən sürətlə idarə etdiyindən 7 ədəd dəmir moruq dirəyi yerə düşüb qalmışdır. Seymurla o moruq dirəklərini gizlin olaraq oğurladıqlarından orada işləyən şəxslərin xəbər tutduğunu bilərək dirəkləri təxminən 1 kilometr aralıda “Əyriçay” adlanan çayın kənarında yerdə tullamışlar. Bundan sonra Seymurla birlikdə yaşadığı evə getmişdir. Səhər saat 11 radələrində evdə olarkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən Seymurla birlikdə moruq istixanasına daxil olduğunu və 30 ədəd dəmir moruq dirəkləri oğurladığını etiraf etmişdir. Oğurladıqları moruq dirəklərini qaytarmaqla zərərçəkmiş şəxsə vurduqları ziyanı tam olaraq ödəmişlər. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qardaşları Zaman və Elton İİ Qarabağ müharibəsində iştirak etmiş, müxtəlif dövlət təltifləri ilə təltif edilmişlər. Özü isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hisəsində müddətli hərbi xidmətdədir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2015-ci ildən İsmayıllı rayonu Diyallı kəndi ərazisində özünə məxsus moruq istixanasının direktoru işləyir. Həmin istixanada moruq və qarağat yetişdirərək satır. Təqsirləndirilən şəxs1 təxminən 2 ildir ki, həmin istixanada gözətçilik edir. Vidadiyə hər ay aralarındakı şifahi razılığa əsasən 300 manat əmək haqqı vermişdir. Moruq istixanasının ərazisində 3,5 metr uzunluqda 50 mm-lik diametrli moruq dirəkləri vardır. Dirəklərin bir qismi torpağa basıdırlmış, bəziləri isə açıq vəziyyətdə gələcəkdə istifadə olunması üçün yerə atılmışdır. İstixananın ərazisi 8,7 hektardır. Moruq və qarağatın məhsuldarlığı zəif olduğundan 2025 ədəd moruq dirəklərini çıxarıb kənara yığmışlar. 2020-ci ilin ilin dekabr ayından həmin 2025 ədəd dəmir boru dirəklərinin 991 ədədini torpağa basdırılmış, qalan 1034 ədəd dəmir borular isə 3 yerdə bir-birinin üzərində olmaqla qalmışdır. Həmir dəmir borular 23 sentyabr 2021-ci il tarixədək hər dəfə ərazidə təmizlik işləri görərkən azalmağa başlamışdır. İstixananın gözətçisi olduğundan hər hansı oğurluq ediləcəyi barədə fikirləşməmidir. 23 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində istixananın ərazisində özünə məxsus otaqda olmuş, köməkçisi Şahid və Vidadi isə istixananın girişində gözətçi üçün nəzərdə tutulmuş istirahət otağında olmuşlar. Xanlar mobil telefonuna zəng edərək müşahidə kamerasında ərazidən kənarda şübhəli maşın gördüyünü və həmin istiqamətdə maşınla getmək istədiyini demiş və ona əraziyə nəzər yetirib diqqətli olmasını xahiş etmişdir. O öz otağından çıxıb Vidadinin yanına gəlmiş və Vidadinin həyəcanlı şəkildə sağa-sola yeridiyini görmüşdür. Xanlar isə avtomobilin sükanı arxasında əyləşib Vidadiyə heç nə demədən maşının işığı gələn istiqamətdə getməyə başlamışdır. Bir müddət sonra Xanlar ona zəng edərək maşının işığını gördüyü yerdə artıq maşın olmadığını, istixananın və moruq sahəsinin çəpərlənmiş ərazisindən təxminən 150 metr məsafədə istixananın 3,5 metr uzunluğunda 7 ədəd dəmir moruq dirəklərini və həmin yerdə avtomobilin təkər izlərini gördüyünü bildirmişdir. Həmin vaxt Xanların ona oğurluq barədə zəng etdiyini eşidən Vidadinin halı pisləşmiş və hasarın dibində oturaraq hər iki əlini başına çırpmağa başlamışdır. Xanlar onların yanına qayıtmış və birlikdə oğurluq olunan yerə getmişlər. Bu zaman özü də 7 ədəd dirəkdən əlavə 2 ədəd dəmir moruq dirəyinin çəpərdən çölə atılmış vəziyyətdə qaldığını görmüşdür. O Vidadini çağırıb ərazidən dəmir dirəklərin oğurlandığını bildirmiş, bu zaman Vidadi oğurluq edən şəxslərin ünvanına nalayiq ifadələr işlədərək ağlamağa başlamışdır. Səhər tezdən Xanlar İsmayıllı rayon polis şöbəsinə gedərək bu barədə məlumat vermiş, lakin oğurlanmış moruq dirəklərinin sayını dəqiq bilməmişdir. Həmin gün polis tərəfindən keçirilmiş tədbirlər zamanı oğurluq hadisəsinin gözətçi Təqsirləndirilən şəxs1 tərəfindən planlaşdırıldığı, oğlu Münasib və qardaşı oğlu Seymur tərəfindən oğurlanaraq avtomobilə yüklənilməsi məlum olmuşdur. Sonradan Xanlarla bir daha həmin yerə diqqətlə baxıb dəmir boruları saydıqda ümumilikdə 330 ədəd dəmir moruq dirəklərin oğurlandığını müəyyən etmişlər. Ona məxsus istixanadan 23 sentyabr 2021-ci il tarixdə konkret olaraq 30 ədəd moruq dirəyi oğurlanmış, digər 300 ədədi isə 1 il ərzində mərhələli şəkildə oğurlanmışdır. Ona ümumilikdə 11550 manat maddi ziyan dəymiş, həmin oğurlanmış dəmir dirəklərin 30 ədədi ona qaytarılmaqla dəymiş ziyanın 1050 manatı ödənilmiş, lakin oğurlanmış digər 300 ədəd dəmir dirəklərə görə ona dəymiş 10500 (on min beş yüz) manat maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı tələb və şikayəti yoxdur. Onlara münasibətdə gənc olduqları nəzərə alınaraq barələrində heç bir cəza tədbirinin görülməməsini xahiş edir. Ona məxsus istixanadan digər 300 ədəd dəmir dirəyin oğurlanmasına görə isə Təqsirləndirilən şəxs1 təqsirli bilir. Ona görə də Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrumetm növündə cəza tətbiq edilməsini xahiş edir. Şahid Süleyman oğlu eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/447 nömrəli rəyindən görünür ki,1 ədəd uzunluğu 3,5 metr, diametri 50 mm, qalınlığı 1,5 mm dirəyin üzərində üç hissədən 85 sm, 65 sm və 35 sm ölçüdə qaynaqlanmış cəmi 1,8 metr uzunluğunda Bakı istehsallı 14 mm-lik armatur və habelə yuxarı hissəsində çətir şəkilli 2,1 metr uzunluğunda qaynaqlanmış diametri 20 mm, qalınlığı 2 mm olan dəmir boru olmaqla 300 ədəd dəmir moruq dirəyinin qaynaq xərci ilə birlikdə 2020-ci ilin sentyabr-2021-ci ilin sentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri 10500 manat müəyyən edilir. 1 ədədi moruq dirəyi 35 manat, 30 ədədi moruq dirəyinin dəyəri 1050 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, o, İsmayıllı rayonu Diyallı kəndində Zərərçəkmiş şəxs məxsus moruq istixanasının ərazisindən necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında 12 mart 2022-ci il tarixli protokoldan görünür ki, o, İsmayıllı rayonu Diyallı kəndində Zərərçəkmiş şəxs məxsus moruq istixanasının ərazisindən necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, o, İsmayıllı rayonu Diyallı kəndində Zərərçəkmiş şəxs məxsus moruq istixanasının ərazisindən necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsinin baş verdiyi moruq istixanası İsmayıllı rayonunun Diyallı kəndində yerləşir və oğurlanmış 9 ədəd moruq dirəyi saxlanması üçün istixananın rəhbərliyinə təhvil verilmişdir. “Baxış və götürmə haqqında” 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs məxsus moruq istixanasının ərazisindən oğurlanmış 30 ədəd moruq dirəyinin 21 ədədi İsmayıllı rayonu Diyallı kəndi ərazisində “əyriçay” adlanan çayın yaxınlığındakı yerdə tullandığı ərazidən götürülmüşdür. İsmayıllı rayon X4 X9 Poliklinika şöbəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli 328 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. Müstəntiqin “Maddi sübut qismində tanınma” barədə 03 fevral 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə 30 ədədi moruq dirəyini maddi subut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. 09 fevral 2022-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkumluqları olmamışdır. İsmayıllı RİHB Diyallı kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 78 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailəlidir, ailə tərkibi özündən, arvadı X2, 1997, 1999 və 2003-cü il təvəllüdlü uşaqları Zaman, Elton və Münasibdən ibarətdir, yaşadığı müddət ərzində barəsində inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. İsmayıllı RİHB Diyallı kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 77 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayır, subaydır, ailə tərkibi özündən, atası Təqsirləndirilən şəxs1, anası X2, qardaşları Zaman və Eltondan ibarətdir, yaşadığı müddət ərzində barəsində inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. İsmayıllı RİHB Diyallı kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 79 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayır, subaydır, ailə tərkibi özündən, atası X3 və anası X1 ibarətdir, yaşadığı müddət ərzində barəsində inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. Müstəntiqin 16 mart 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin 16 mart 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin 01 avqust 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 920 nömrəli Hərbi Hissəsinin 5-ci divizyonunda hərbi xidmətdə olması nəzərə alınaraq barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmişdir. Həmin qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus moruq istixanasının ərazisindən xx.xx.2020-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək 300 ədəd, ümumilikdə 10500 manat dəyərində moruq dirəyinin oğurlanması faktı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqı aparılır. Həmin qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180, 186-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən müvafiq materiallar ayrılaraq saxlanması üçün İsmayıllı rayon pokurorluğuna göndərilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən moruq istixanasında rəsmi müqavilə əsasında işləməmiş, ona moruq istixanasının rəhbəriyi tərəfindən istixananın giriş hissəsində gözətçi kimi dayanması, kənar şəxslərin istixanaya girməsinin qarşısının alınması işi tapşırılmış, hər hansı əmlakın götürülməsi, yerinin dəyişdirilməsi etibar edilməmiş, eyni zamanda oğurluq hadisəsinin törədildiyi vaxt yəni 23 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində moruq istixanasının direktoru Zərərçəkmiş şəxs və direktor müavini Şahid Süleyman oğlu da istixananın ərazisində olmuş, bir sözlə Təqsirləndirilən şəxs1 əməlində etibar edilmiş özgə əmlakını talama (mənimsəmə) cinayətinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən müvafiq materiallar ayrılaraq saxlanması üçün İsmayıllı rayon pokurorluğuna göndərilmişdir. 1-9463, 1-4502 və 1-16242 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 oğlu, digər təqsirləndirilən şəxs Mübasib Baxışovun qardaşı X7 Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarıı ilə “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai Birliyi tərəfindən 01 sentyabr 2022-ci il tarixdə verilmiş 022360 nömrəli vəsiqənin surətindən görünür ki, X7 müharibə veteranı statusuna malikdir. 1-7018 və 1-9397 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 oğlu, digər təqsirləndirilən şəxs Mübasib Baxışovun qardaşı X8 Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarıı ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai Birliyi tərəfindən 10 may 2022-ci il tarixdə verilmiş 022015 nömrəli vəsiqənin surətindən görünür ki, X8 müharibə veteranı statusuna malikdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə aradan qaldırmaları həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətlərini, törətdikləri cinayət əməlində cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayət əməlində onların rolunu və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərilərnə cəza çəkdikləri müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadıqları İsmayıllı rayonunun Diyallı kəndindəki evlərini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzalarının icrasına nəzarət yaşadıqları yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadıqları yer üzrə İcra və probasiya şöbəsində qeydə alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş çinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 25-ci bəndində qeyd olunur ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti səmimi olaraq etiraf etmiş, əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin əvvəllər məhkumluğu olmamışdır. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 920 nömrəli Hərbi Hissəsinin 5-ci divizyonunda hərbi xidmətdədir. Onun qardaşları Elton və Zaman Baxışovlar 2-ci Qarabağ Müharibəsində vuruşmuş və döyüşlərdə göstərdiyi igidliklərinə görə medallarla təltif edilmişdir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar mövcuddur, cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları nəzərə almaqla və qeyd olunan qanunvericilik aktlarını rəhbər tutaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini - ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 üzərinə xidmət etdiyi dövrdə nümunəvi xidmət etmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə olunmalı, tərxis olunarsa davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 30 ədəd moruq dirəyinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonunun Diyallı kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonunun Diyallı kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə xidmət etdiyi dövrdə nümunəvi xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə olunsun, tərxis olunarsa davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut - saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 30 ədəd moruq dirəyinin Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar