Məhkəmə qərarları › İş №1(037)-71/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-71/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-71/2023 31.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 31 oktyabr 2023-cü il tarixdə saat 17:16-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1987-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, ali təhsilli, məhkum olunmamış, Abşeron rayonu, Hökməli qəsəbəsi, X5 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi X8 markalı **- XM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 27 iyun 2023-cü il tarixdə saat 12:30 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 38-ci kilometrliyində İsmayıllı rayon istiqamətində hərəkətdə olan zaman avtomobili sola doğru istiqamətləndirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmalı, arxadan ötmə əməliyyatı edən nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, avtomobili sola istiqamətləndirərək Kia Ceed markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaratmamalı, arxadan eyni istiqamətdə hərəkətdə olan avtomobilin artıq ötmə əməliyyatında olmasını nəzərə alaraq onun təhlükəsiz keçib getməsini təmin etməli və sonra sora doğru manevr əməliyyatı aparmalı halda həmin tələblərə riayət etməyib “X7” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq onun ilə eyni istiqamətdə, yəni İsmayıllı rayon istiqamətində avtomobilinin arxasında hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatında olmasını nəzərə almayaraq avtomobili sola istiqamətləndirmiş və bu zaman onun avtomobilinin sol yan güzgüsü Şahid1 idarə etdiyi Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsü ilə toqquşması nəticəsində Şahid1 idarə etdiyi Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini itirərək avtomobili yolun sol tərəfindəki ağaca vurmasından sonra “X7” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə çatdırmamış, yaxud zərərçəkmişin aparıldığı tibb müəssisəsində başqa vasitələrlə özünü bəlli etməmiş, hadisə barəsində müvafiq orqanlara xəbər vermədən, xəsarət alana yardım göstərmədən hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar olmayan səbəblərdən hadisə yerini tərk edib hadisə yerindən getməklə yol nəqliyyat hadisəsi baş verdiyi yerdən qaçması nəticəsində ehtiyatsızlıqdan Kia Ceed markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ dirsək sümüyünün qapalı yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini və yol hərəkəti qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət əməlini törətmişdir. Qeyd edilən cinayət əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü qismən təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Renault Megane markalı ** XM *** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur. Bir ildir ki, həmin avtomobil ilə xarici turisləri Azərbaycanın müxtəlif yerlərinə aparıb gətirməklə məşğul olur. Avtomobili "B" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 27 iyun 2023-cü il tarixdə günorta radələrində Renault markalı avtomobili ilə Bakı şəhərindən Qəbələ şəhərinə ərəb turislərini gətirmişdir. Avtomobili o, idarə etmişdir. Saat 12:30 radələrində Şamaxı-İsmayıllı yolunun İsmayıllı rayonu Talistan kəndi yaxınlığından keçən hissəsində İsmayıllı istiqamətdə təxminən 30-40 km/saat sürətlə idarə etdiyi zaman yoldakı daş qırığından yayınmaq üçün avtomobili yüngülcə sola istiqamətləndirmişdir. Elə bu anda arxadan gələn Kia markalı avtomobil onun sol yan güzgünə toxunduqdan sonra həmin avtomobilin sürücüsü idarəetməni itirmiş və sürəti yüksək olduğundan sürüşüb yoldan sol tərəfə çıxıb ağaca çırpılmışdır. O, avtomobili yoldan sol tərəfə çəkib saxlamışdır. Düşüb həmin avtomobilə yaxınlaşmış və xəsarət alan sərnişinlərə köməklik göstərmişdir. Bir nəfər qadının da maşından çıxarılmasına yardım etmişdir. Həmçinin sürücüyə də su verib əlinin yumasına kömək etmişdir. Təxminən 7-8 dəqiqə hadisə yerində dayandıqdan sonra turisləri ünvana çatdırmalı olduğu üçün yoluna davam etmişdir. O, zərərçəkmiş şəxsə, eləcə də hadisə yerinə gələn YPX-nin əməkdaşına şəxsiyyəti barədə məlumat verməmişdir. Avtomobilində sərnişin olan ərəb turistlərin tələsməsinə görə hadisə yerindən çıxıb Qəbələ rayonu Tufandağa gedərək orada ərəb turistləri düşürmüşdür. Yolda olan zaman özünü təhqiqatçı Şahid5 kimi tqdim etmiş şəxs onun telefon nömrəsinə zəng edib harada olmağını soruşmuş, o, Şahid5 yolda olduğunu demişdir. Bir qədər sonra isə YPXnin əməkdaşları zəng edib avtomobilin duracağa aparılması zərurəti olduğunu demişdir. Bundan sonra isə o, turistləri düşürüb Qəbələ şəhərində YPX-nin əməkdaşları dediyi yerə getmiş, polis əməkdaçları avtomobili Qəbələ şəhəri ərazisində olan duracağa aparmışdır. Bir müddət sonra isə təhqiqatçı Şahid5 Qəbələ şəhərinə gəlmış, onunla birlikdə Qəbələ RMX-na gedib sərxoşluğunu yoxlamışdır. Daha sonra isə Şahid5 ondan izahat almış, sonra isə Bakı şəhərinə getmişdir. Hadisədən əvvəl təhlükəsizlik kəmərini taxmış, spirtli içki qəbul etməmiş, idarə etdiyi avtomaşın saz vəziyyətdə olmuşdur. O, hadisə baş verən kimi hadisə yerini tərk etməmiş, izahatında qeyd etdiyi kimi bir müddət hadisə yerində qalaraq xəsarət alanlara köməklik göstərmişdir. Lakin onun avtomobilindəki xarici ölkə vətəndaşları olan turistlər gedəcəkləri ünvana tələsdiklərindən məcburiyyət qarşısında qalaraq hadisə yerini tərk etmiş, bu zaman kimliyi barədə nə zərərçə\kmiş şəxslərə, nə də ki, hadisə yerinə gəlmiş yol patrul xidməti əməkdaşına məlumat verməyi unutmuşdur. O, bilməyərəkdən belə bir əməlin törətmişdir. Hadisə yerini qəsdən tərk etməmişdir. Odur ki, ifadəsində göstərilənlərin əzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Bakı şəhərində KredAqro BOKT MMCdə mühasib işləyir. 27 iyun 2023-cü il tarixdə Bakı şəhərindən İsmayıllı rayonuna gəlməkdən ötrü Şamaxinka adlanan ərazidə adının Dilqəm olduğu Bakı İsmayıllı taksisinə əyləşmişdir. Bundan sonra isə İsmayıllı rayonuna doğru hərəkət etməyə başlamışdır. Avtomobildə ondan başqa 3 nəfər sərnişin olmuşdur. İsmayıllı rayonu, Basqal kənd ərazisində olan zaman sərnişinlərdən ikisi avtomobildən düşmüş, oradan bir nəfər cavan oğlan avtomobilə əyləşmişdir. Özü avtomobilin ön oturacağında əyləşmişdir. İsmayıllı rayonu, Talıstan kənd ərazisini keçdikdən sonra sürücü qarşısında olan bir neçə avtomobili ötərək Renault Megane markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində hərəkət etməyə başlamışdır. Bir qədər hərəkət etdikdən sonra həmin avtomobili də ötüb keçmək istəmişdir. Bu məqsədlə o, qarşı hərəkət zoalğına keçib ötmə edən zaman qarşısında olan Renault Megane markalı avtomobilin sürücüsü avtomobili qəflətən sola istiqamətindirmişdir. Bu zaman həmin avtomobilin sol yan güzgüsü avtomobilin sağ yan güzgüsündən dəymiş və sürücü Dilqəm avtomobilin idarə etməsini itirmişdir. Bundan sonra isə avtomobili yolun sol hissəsində olan ağaca dəyərək dayanmışdır. Bundan sonra baş verənləri xatırlamır. X6 markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs sonradan ona dəymiş maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Şahid1 ifadə verərək göstərdi ki, KİA Ceed markalı ** UO *** dövlat qeydiyyat nişanlı minik avtomobili ilə İsmayıllıdan Bakı şəhərinə sərnişin aparıb gətirir. Avtomobili "BC" kateqoriyalı sürücülük vasiqəsi ilə idarə edir. 27 iyun 2023-cü il tarixdə günorta radələrində Bakı şəhərində avtomobilə üç nəfər sərnişin götürüb İsmayıllı rayonuna yola düşmüşdür. Avtomobili özü idarə etmiş, bir nəfər qadın qarşı sağ oturacaqda, biri qadın və biri kişi olmaqla iki nəfər arxa oturacaqda oturmuşdular. Saat 12:30 radələrində Ağsu- Şamaxı yolunun İsmayıllı rayonu Talıstan kəndi yaxınlığından keçən hissəsində qarşıda gedən avtomobilləri ötmək üçün qarşı zolağa çıxıb hərəkətini davam etdirmişdir. X2 markalı avtomobilin bərabərinə çatdıqda isə həmin avtomobil qəfil sola istiqamətlənərək qarşısına çıxmış və sol yan güzgüsü ilə avtomobilinin sağ yan güzgündən vurmuşdur. O, idarəetməni itirmiş və avtomobili yolun hərəkət hissəsində saxlaya bilməmişdir. Avtomobil sola istiqamətlənib yoldan sol tərəfə çıxaraq sürüşmüş və yoldan sol tərəfdə yerləşən ağaca çırpılmışdır. Hadisə nəticəsində özü və sərnişinlər xəsarət almışdır. O, dərhal maşından düşmüş və sərnişinlərin çıxmasına yardım etmişdir. Bu zaman Renault markalı avtomobilin sürücüsü ona yaxınlaşmış və o həmin sürücüyə irad bildirmişdir. Bir qədər sonra isə həmin sürücünün çıxıb getdiyini görmüşdür. Hadisə yerinə təcili yardım çağırılmış, sərnişinlər təcili yardımla o, isə yol maşını ilə İsmayıllı xəstəxanasına getmiş və orada tibbi yardım göstərilmişdir. Hadisənəd bir neçə gün sonra Renault Megane markalı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olmasını bilmişdir. İlkin qəzadan sonra onun və digərlərinin xəsarət almasını görmüş, lakin ona və digər xəsarət alan şəxslərə kömək etmədən hadisə yerindən çıxıb getmişdir. Bir neçə vaxtdan sonra İlkini Bakı Şamaxı avtomobil yolunda avtomobili ilə hərəkətdə olan zaman görmüş və onunla görüşmüşdür. O, İlkinə hansı səbəbdən onunla və digər xəsarət alanlarla niyə maraqlanmadığını, xəstəxanaya gəlmədiyini soruşmuşdur. İlkin isə ona cavab verməyərək avtomobilini sürüb getmişdir. Hadisə zamanı KİA Ceed markalı ** UO *** dövlat qeydiyyat nişanlı minik avtomobilində sərnişin qismində olmuş Şahid2 və X1 eyni məzmunlu ifadələr verərək həmin avtomobilin sürücüsü Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Şahid5 ifadə verərək göstərdi ki, Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı vəzifəsində işləyir, polis mayorudur. 27 iyun 2023-cü il tarixdə günorta radələrində xidmətdə olduğu zaman BDYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti X9 Xidməti inspektoru Şahid4 onunla telefonla əlaqə saxlayaraq Muğanlı İsmayıllı yolunun 38-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verdiyini, xəsarət şəxslərin olmasını bildirmişdir. O dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda xəsarət alan şəxslər İsmayıllı RMX-na aparılmışdır. Hadisə yerinə getdikdə Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə nəticəsində ön hissəsinin ağaca dəyərək dayanmasını görmüşdür. Hadisə yerinə müvafiq qaydada baxış keçirdikdən sonra İsmayıllı RMX-na getmişdir. İsmayıllı RMX-da sürücü Şahid1 və digər xəsarət alan şəxslərin şəxsiyyətlərini müəyyən etmişdir. Bundan sonra isə sürücü Şahid1 sərxoşluq müayinəsindən keçirmiş və ayıq olması müəyyən edilmişdir. Həmin vaxt Dilqəm qəzanın onun X2 markalı avtomobili ötmək istəyən zaman baş verməsini onun ötmədə olduğu zaman Renault Megane markalı avtomobilin onun qarşısına qəflətən çıxmasını, həmin avtomobilin sol güzgüsünün onun avtomobilin sağ güzgüsünə dəyməsini, hadisənin avtomobilində quraşdırılmış video qeydiyyatçı vasitəsilə qeydiyyata alınmasını, sürücünün hadisə yerindən yayınmasını bildirmiş və görüntünü ona təqdim etmişdir. Daha sonra isə Dilqəmin izahatını almış və görüntülərə onun iştirakı ilə baxış keçirilmişdir. BDYPİ-nin Növbətçi Hissəsindən həmin avtomobilin sürücü Təqsirləndirilən şəxs əlaqə nömrəsi müəyyən edilmişdir. Bu barədə tağım komandiri Orxan Cəfərova əməliyyat tapşırığı verilib avtomobilin və sürücünün saxlanılması xahiş edilmişdir. Bir müddət sonra isə avtomobil və sürücü Qəbələ şəhər ərazisində saxlanılmış və ona məlumat verilmişdir. Sürücü Təqsirləndirilən şəxs avtomobilinə Qəbələ şəhəri ərazisində olan duracaqda baxış keçirilmiş, sərxoşluq müayinəsindən keçirilib ayıq olması müəyyən edilmişdir. Daha sonra isə sonuncunun izahatı alınmış və material üzrə zəruri araşdırma hərəkətləri tərəfindən həyata keçirilmişdir. Təyin edilmiş kompleks məhkəmə trasoloji və məhkəmə yol nəqliyyat hadisələri ekspertizası nəticəsində sürücü Təqsirləndirilən şəxs “X7” Qanunun tələbləri pozması müəyyən edildiyindən və sərnişin Zərərçəkmiş şəxs az ağır xəsarət alması səbəbindən tərəfindən Azərbacan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqın davam etdirilməsi üçün şöbə rəhbərliyinə müraciət etmişdir. O, məlumat əsasında dərhal hadisə yerinə çıxdıqda orada Təqsirləndirilən şəxs və onun idarə etdiyi Renault Megane markalı avtomobili hadisə yerində görməmişdir. Hadisə yerində yalnız Şahid1 idarə etdiyi Kia Ceed markalı avtomobil olmuş, orada olan zərərçəkmiş şəxslərin heç birinin Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları olmamış, eləcə də Təqsirləndirilən şəxs qəzadan sonra şəxsiyyəti barədə heç kimə məlumat verməmiş, Şahid1 təqdim etdiyi görüntülərə baxış keçirdikdən sonra avtomobilin etibarnamələrini sistem vasitəsilə yoxlatdırmış, daha sonra isə sürücü Təqsirləndirilən şəxs mobil nömrəsini BDYPİ-nin Növbətçi Hİssəsindən hadisə barədə məlumat verməklə şifahi formada əldə etmişdir. Daha sonra isə özü Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və o, Qəbələ şəhəri ərazisində olduğunu bildirmişdir. Şahid - BDYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti X9 Xidməti inspektoru Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi üzrə Şahid4üzürlü səbəblərdən məhkəmə iclasına gələ bilmədiyindən onun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş verən ərazi yaşayış məntəqəsindən kənarda yerləşir. Yolun hərəkət hissəsi var. Yol ikitərəflidir. Hər istiqamətdə bir hərəkət zolağı vardır. Hərəkət zolağı 1.5 üfüqi nişanlanma xətti vasitəsilə sərhədlənmişdir. Yolun hərəkəti hissəsi asfalt örtüklüdür, hamardır, düzdür, qurudur. Yol örtüyünün eni 8 metr, yolun hərəkət hissəsinin eni 8 metrdir. Yolun sağ və sol hərəkət zolaqlarının hər birinin eni 4 metrdir. Yol çiyinləri çınqıl örtüklüdür, sağ və sol çiyinlərin hər birinin eni 1.5 metrdir. Yolun sağ və sol kənarları boyunca sıra ilə ağaclar və əkin sahələri yerləşir. Hadisədə iştirak etmiş Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yoldan sol tərəfdə qarşı ağaca çırpılmış vəziyyətdə İsmayıllı istiqamətində dayanmışdır. Avtomobilin qarşısı əzilmişdir. Avtomobilin sağ yan güzgüsündə sağ qapı tutacaqlarının üzərində qara rəngli sürtülmə izləri var. Hadisə yerində yolun sol çiynində Kia Ceed markalı avtomobilə aid 15 metr şin sürtülmə izi vardır. KİA Ceed markalı ** UO *** dövlat qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şahid1 təqdim etdiyi videogörüntüyə baxış protokolundan görünür ki, “VTS-01-1” adlı fayl açıldıqda görüntünün Muğanlı-İsmayıllı yolunda, Şahid1 məxsus avtomobilə oxşar avtomobilin ön şüşəsində quraşdırılmış kamera görüntüsünə məxsus olması müəyyən edildi. Həmin kamera avtomobilin ön hissəsini və yolun ön tərəfini qeydə alır. Baxış zamanı Şahid1 məxsus avtomobilə oxşar avtomobilin İsmayıllı şəhər istiqamətində hərəkətdə olması, qarşısında bir neçə avtomobil olması, yolun 1.5 nişanlanma xətti ilə nişanlanması müəyyən edildi. Baxış zamanı videonun ümumilikdə 01 dəqiqə 18 saniyə müddətində olması müəyyən edildi. Baxış zamanı Şahid1 məxsus avtomobilə oxşar avtomobilin İsmayıllı şəhər istiqamətində hərəkətdə olan zaman bir neçə avtomobili ötmə əməliyyatı ilə ötüb keçməsi və İkin Babayevə məxsus, Renault Megane markalı, qara rəngli, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə keçərək hərəkətinə davam etməsi, həmin vaxt videonun 58-ci saniyəsi olması müəyyən edildi. Şahid1 ötmə əməliyyatını yekunlaşdırıb Təqsirləndirilən şəxs məxsus avtomobilə oxşar avtomobilin arxa hissəsinə keçdikdən sonra qarşıdan gələn digər avtomobilin keçməsini gözlədikdən sonra yenidən qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına başlaması, ötmə əməliyyatı zamanı Təqsirləndirilən şəxs məxsus avtomobilə məxsus avtomobilə oxşar avtomobil ilə paralel hərəkət edən zaman sonuncunun qəflətən avtomobili sol tərəfə istiqamətlənməsi, bu zaman qeyd olunan iki avtomobil arasında təmas olması ilə əlaqədar səsin gəlməsi və Şahid1 idarə etdiyi avtomobilin sol tərəfə istiqamətlənərək ön hissəsinin ağaca dəyməsi, avtomobilin ön hissəsinin əzilməsi və ön şüşəsinin çatlaması, avtomobildə olan sərnişinlərin qəza olması ilə əlaqədar səslərinin gəlməsi müəyyən edildi. BDYPİ-nin YPXA-nın 4 tağımın komandiri Orxan Cəfərovun raportundan görünür ki, 27 iyun 2023-cü il tarixdə saat 12:30 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu, Talıstan kəndi yaxınlığından keçən 38-cu kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar bir sıra keçirilmiş tədbirlər nəticəsində yol nəqliyyat hadisəsi törədilməsində iştirak edən və hadisə yerindən yayınan Təqsirləndirilən şəxs idarə etdiyi Renault Megane markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Qəbələ şəhər ərazisində olması müəyyən edilmiş və dərhal avtomobilin Qəbələ şəhəri ərazisində müvafiq duracağa yerləşdirilməsi təmin edilmişdir. Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin təyini haqqında 27 iyun 2023-cü il tarixli 76 saylı tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ( xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 217912 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük vəsiqəsi hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat yoxdur. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 371 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı sağ dirsək sümüyünün qapalı yerdəyişən sınığı bərk küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddir. Kompleks məhkəmə trasoloji və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1942 -1943 nömrəli rəyindən görünür ki,

1. Təhqiqat tərəfindən göstərilən şəraitdə Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur.

2. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Renault Megane markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4.5 Kia Ceed markalı avtomobilin sağ yan tərəfində (qabaq sağ qapının qulpu, arxa sağ qanad, sağ güzgü) və Renault Megane markalı avtomobilin sol yan (sol güzgü, arxa sol qanad) tərəfində zədələrin xarakteri nəzərə alınmaqla qeyd edilir ki, həmin zədələr hər hansı bir bərkliyi sərt olan cisimlərlə təmasda olması, o cümlədən avtomobillərin bir biri ilə kontaktda olması zamanı yaranma xarakterikdir. Kia Ceed markalıa avtomobilin sağ yan tərəfində və Renault Megane markalı avtomobilin sol yan tərəfində olan zədələrin xarakteri və yerləşmə sahələri nəzərə alınmaqla ilkin kontakt Kia Ceed markalı avtomobilin sağ güzgüsü ilə Renault Megane markalı avtomobilin sol güzgü hissəsi arasında baş vermiş və toqquşma prosesində Kia Ceed markalı avtomobilin sağ yan tərəfində və Renault Megane markalı avtomobilin sol yan tərəfində olan digər zədələr yaranmışdır. İlkin kontakt anında nəqliyyat vasitələrinin bir birinə nəzərən qarşılıqlı vəziyyətlərindən məlum olur ki, həmin anda nəqliyyat vasitələri arasında toqquşma təxminən paralelliyə yaxın vıziyyətdə baş vermişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair ifadə verərək özünü qismən təqsirli hesab etməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə və təqdim edilmiş videodiskə baxış keçirilməsinə dair protokollar və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərərçəkmişlərə yardım etdiyini və sonra avtomobilində olan müştərilərini təcili Qəbələ rayonuna apararması üçüh hadisə yerini tərk etdiyi bildirir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs özünün şəxsiyyəti barədə ümumiyyətlə məlumat verməmiş, zərərçəkmiş şəxslərə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri(“Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı) görməmədən hadisə yerindən Qəbələ rayonuna getmiş və məhz ona poilis əməkdaşları tərəfindən edilən telefon zəngindən sonra Qəbələ rayon polis şöbəsinə getmişdir. Belə olan halda iTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə və təqdim edilmiş videodiskə baxış keçirilməsinə dair protokollar və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Belə ki, «X7» Azərbaycan Respublikası Qanununun 37–ci maddəsinin 4–cü hissəsinin tələbinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol–nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb–sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 29 yanvar 2004–cü il tarixli Qərarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 264–cü maddəsi “X7” Qanuna uyğun olaraq yol–nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərməsi üçün bütün mümkün tədbirlər görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə müəyyən mənada vadar edir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264–cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012–ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264–cü maddəsinin mənasına görə yol–nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi X8 markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 27 iyun 2023-cü il tarixdə saat 12:30 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 38-ci kilometrliyində İsmayıllı rayon istiqamətində hərəkətdə olan zaman avtomobili sola doğru istiqamətləndirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmalı, arxadan ötmə əməliyyatı edən nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, avtomobili sola istiqamətləndirərək Kia Ceed markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaratmamalı, arxadan eyni istiqamətdə hərəkətdə olan avtomobilin artıq ötmə əməliyyatında olmasını nəzərə alaraq onun təhlükəsiz keçib getməsini təmin etməli və sonra sora doğru manevr əməliyyatı aparmalı halda həmin tələblərə riayət etməyib “X7” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq onun ilə eyni istiqamətdə, yəni İsmayıllı rayon istiqamətində avtomobilinin arxasında hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatında olmasını nəzərə almayaraq avtomobili sola istiqamətləndirmiş və bu zaman onun avtomobilinin sol yan güzgüsü Şahid1 idarə etdiyi Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsü ilə toqquşması nəticəsində Şahid1 idarə etdiyi Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini itirərək avtomobili yolun sol tərəfindəki ağaca vurmasından sonra “X7” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə çatdırmamış, yaxud zərərçəkmişin aparıldığı tibb müəssisəsində başqa vasitələrlə özünü bəlli etməmiş, hadisə barəsində müvafiq orqanlara xəbər vermədən, xəsarət alana yardım göstərmədən hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar olmayan səbəblərdən hadisə yerini tərk edib hadisə yerindən getməklə yol nəqliyyat hadisəsi baş verdiyi yerdən qaçması nəticəsində ehtiyatsızlıqdan Kia Ceed markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ dirsək sümüyünün qapalı yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini və yol hərəkəti qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.1ci və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. İsmаyıllı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1(037)-71/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Abşeron rayonu İcra Hakimiyyəti başçısının Abşeron rayonu Hökməli qəsəbə inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli 3732 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi, X5 qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailəlidir, ailə tərkibi özündən, valideynləri, arvadı və 2013-ci il və 2016-cı il təvəllüdlü uşaqları Əzizə və Bəhramdan ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Müstəntiqin 08 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Belə ki, Azərbaycan Respublikası cinayət Prosessual məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində qəsdən törədilən “böyük ictimai təhlükə törətməyən” cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, himayəsində iki azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin müvafiq maddəsində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Bununla da məhkəmə cinayət qanunda cəzanı yüngülləşdirən halların sayının məhdudlaşdırılmadığına əsaslanaraq, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış halları da cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaqla, Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron RMX PHŞ-indən daxil olmuş məktubdan görünür ki, Babayev X3 rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur, lakin 2015-ci il tarixdən narkoloji kabinetində dispanser qeydiyyatdadır. Abşeron rayonu İcra Hakimiyyəti başçısının Abşeron rayonu Hökməli qəsəbə inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli 3429 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Hökməli qəsəbəsi X5 qeydiyyatda olmaqla orada yaşayır, ailəlidir, ailə tərkibi özündən, arvadı, valideynləri və 2013 və 2016-cı il təvəllüdlü uşaqları Əzizə və Bəhrəmdən ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin ediləcək cəzanı çəkərkən, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-a dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə maddi ziyan vurulması ilə bağlı mülki iddia verilməmişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübut olan, Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil və X8 markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 200 (iki yüz) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 200 (iki yüz) məhkəmə məsrəfləri tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını Abşeron rayonunun ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, X5 yerləşən evini tərk etməmək, bu müddətdə Abşeron rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 200 (iki yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübutlar –Kia Ceed markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil və X8 markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar