Məhkəmə qərarları › İş №1(037)-74/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-74/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-74/2022 27.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 27 oktyabr 2022-ci il tarixdə saat 15:50-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1972-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində biri yetkinlik yaşına çatmamış, biri isə azyaşlı olmaqla iki uşağı olan, məhkumluğu olmayan, İsmayıllı rayonunun Tircan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakınız gizli olaraq talamaq məqsədi ilə İsmayıllı rayonunun Tircan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus, fəaliyyətdə olmayan su sexinin mühafizə edilməsinin sahibi tərəfindən ona tapşırılmasından istifadə edərək 2021-ci ilin mart-aprel aylarında, dəqiq tarixi müəyyən olunmamış vaxtlarda həmin sexin içərisindən Rusiyada istehsal olunmuş 1 ədəd 1000 manat dəyərində çəni, 24 manat dəyərində 8 millimetrlik və 25 manat dəyərində 4 millimetrlik elektrik kabellərini, 3 ədəd cəmi 105 manat dəyərində elektrik açarlarını, 2 ədəd cəmi 200 manat dəyərində saturator aparatının motorlarını, 1 ədəd 80 manat dəyərində su nasosunu, 3 ədəd cəmi 750 manat dəyərində su qablaşdıran qurğuları, 1 ədəd 80 manat dəyərində dəmir arabanı, 1 ədəd 1200 manat dəyərində ozonator aparatını və 200 ədəd cəmi 1200 manat dəyərində plastik su qablarını, ümumilikdə 4664 (dörd min altı yüz altmış dörd) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb aparmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, bir neçə il əvvəl tanışı Zərərçəkmiş şəxs ona yaşadığı İsmayıllı rayonunun Tircan kəndində yerləşən su sexinin mühafizə edilməsini tapşırmışdır. Sonradan həmin sexin fəaliyyəti dayandırılmışdır. 2021-ci ilin mart-aprel aylarında həmin su sexinə getmiş və sexin açarları özündə olduğuna görə qapını açaraq sexə daxil olmuşdur. Sexdə olan müəyyən əşyalardan evinə aparnaq fikrinə düşmüş və bu məqsədlə 1 ədəd stabilizatoru, dəmirdən olmaqla 2 ədəd iri və 1 ədəd xırda su çənini, 1 ədəd dəmir arabanı, 1 ədəd kompressoru, 1 ədəd əlüzyuyan altlığını, 17 ədəd 19 litrlik plastik su qablarını və 3 ədəd kustar üsulla hazırlanmış su bağlayan motoru seçərək sexin çıxışına yığmışdır. Həmin vaxt yoldan ötən tanımadığı sürücünün idarə etdiyi “Qaz 53” markalı dövlət qeydiyyat nişanı avtomaşını saxlatmış və həmin əşyaları evinə daşımağı xahiş etmişdir. Sürücü həmin əşyaların onun tərəfindən oğurlanmasından şübhələnməmiş və o həmin əşyaları avtomobilin yük yerinə yığaraq yaşadığı evə aparmışdır. Bir müddət sonra sexin sahibi Zərərçəkmiş şəxs ona sexdən müəyyən əşyaların oğurlanmasını demiş və bu barədə polisə şikayət etdiyini bildirmişdir. Polis bu barədə araşdırma apararkən sexdən oğurluq etdiyini etiraf etmiş və oğurladığı bütün əşyaları polisə təqdim etmişdir. Oğurluq hadisəsini tək törətmişdir. Onun oğurluq etməsindən ailə üzvlərinin xəbəri olmamış, özü də bu barədə heç kimə deməmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Himayəsində himayəsində biri yetkinlik yaşına çatmamış, biri isə azyaşlı olmaqla iki uşağı vardır. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2007-ci ildə İsmayıllı rayonu Tircan kəndi ərazisində su istehsalı sexi tikdirmiş və fəaliyyətə başlamışdır. Sex 2009-cu ilə qədər fəaliyyətdə olmuş və müəyyən səbəblərdən həmin il sexin fəaliyyətini dayandırmışdır. Sex bağlandıqdan sonra ora yerləşdirilmiş bütün avadanlıqlar yerində qalmışdır. Sexə nəzarət etməyi sexin işçisi olmuş Təqsirləndirilən şəxs tapşırmış və sexin giriş qapısının açarlarını həmin şəxsə vermişdir. Sonuncu dəfə 2021-ci ilin fevral ayının 23-də sexə nəzarət etmiş və sexdə bütün avadanlıqlar yerində olmuşdur. 23 may 2022-ci il tarixdə yenidən sexə baxış keçirmiş, bu zaman oradan 1 ədəd 2 tonluq nerj materialından olan Rusiya istehsalı dördkünc şəkildə 1000 manat dəyərində çənin, 1 ədəd Türkiyə istehsalı olan 1200 manat dəyərində ozonator aparatının, 20 metr 8-lik, 50 metr 4-lük olmaqla ümumilikdə 70 metr olmaqla cəmi 250 manat dəyərində elektrik kabelinin, 1-nin dəyəri 100 manat olmaqla 3 ədəd Rusiya istehsalı cəmi 300 manat dəyərində elektrik açarlarının, 2 ədəd 1-nin qiyməti 100 manat olmaqla cəmi 200 manat dəyərində Rusiya istehsalı saturator aparatının motorlarının, 1 ədəd elektriklə işləyən İtaliya istehsalı “Espa” markalı 80 manat dəyərində su nasosunun, 1-nin qiyməti 300 manat olmaqla cəmi 900 manat dəyərində kustar üsulla hazırlanmış su qablaşdıran qurğuların, 1 ədəd Turkiyə istehsalı 80 manat dəyərində arabanın, 1 ədədi 6 manatdan olmaqla cəmi 1200 manat dəyərində 19 litrlik 200 ədəd plastik su qablarının oğurlanmasını aşkar etmişdir. Oğurlanmış əşyalarının ümumi dəyəri 4664 (dörd min altı yüz altmış dörd) manat təşkil etmişdir. Hadisə barədə dərhal polisə müraciət etmiş, hadisə yerinə polis əməkdaşları gəlmiş və onlar birlikdə sexə baxış keçirmişlər. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində sexdən həmin avadanlıqların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. İbtidai istintaqın gedişində ona vurulmuş ziyan tamamilə ödənilmiş və təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 avqust 2022-ci il tarixli 9/5376 nömrəi rəyindən görünür ki, 1 ədəd 2 ton çəkisi olan, nerj materialından, Rusiyada istehsal edilmiş, dördkünc formalı çən 1000 manat dəyərində, 20 metr uzunluğunda 8 millimetrlik elektrik kabeli 24 manat dəyərində, 50 metr uzunluğunda, 4 millimetrlik elektrik kabeli 25 manat dəyərində, 3 ədəd hər binin dəyəri 35 manat olan, Rusiyada istehsal edilmiş, elektrik açarları cəmi 105 manat dəyərində, 2 ədəd hər birinin dəyəri 100 manat olan, Rusiyada istehsal edilmiş, saturator aparatının motorları cəmi 200 manat dəyərində, 1 ədəd “Espa” markalı, İtaliyada istehsal edilmiş, elektriklə işləyən su nasosu 80 manat dəyərində, 3 ədəd hər birinin dəyəri 250 manat olan, kustar üsulla hazırlanmış, su qablaşdıran qurğuları cəmi 750 manat dəyərində, 1 ədəd Türkiyədə istehsal edilmiş yeşik daşımaq üçün dəmir araba 80 manat dəyərində, 1 ədəd Türkiyədə istehsal edilmiş ozonator aparatı 1200 manat dəyərində və 200 ədəd hər birinin dəyəri 6 manat olan, 19 litr tutumu olan, plastik su qabları cəmi 1200 manat dəyərindədir. Ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2021-ci ilin mart-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4664,00 (dörd min altı yüz altmış dörd) manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. 24 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Müstəntiqinin 17 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 16 sentyabr 2022-ci il tarixli qərarından və “maddi sübutların təhvil verilməsinə dair” protokoldan müəyyən edilir ki, cinayət işi üzrə 1 ədəd nerj materialından olan 2 tonluq çən, 12 ədəd 19 litrlik “Aquatica” adlı plastik su qabları və 1 ədəd kustar üsulla hazırlanmış su qablaşdıran qurğu maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İsmayıllı rayon X1 X2 Poliklinika şöbəsindən alınmış 27 iyul 2022-ci il tarixli 02-04- 471/2022 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Nevroloji” və “Narkoloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. 04 iyul 2022-ci il tarixli 117 və 117/1 nömrəli arayışlardan, xasiyyətnamədən və doğum haqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Tircan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadından, xx.xx.2007 və xx.xx.2009-cu il təvəllüdlü uşaqları Pünhan və İlhamdan ibarətdir, yaşadığı yer üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 179-cu maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Tircan kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar- 1 ədəd nerj materialından olan 2 tonluq çən, 12 ədəd 19 litrlik “Aquatica” adlı plastik su qabları və 1 ədəd kustar üsulla hazırlanmış su qablaşdıran qurğunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Tircan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar- 1 ədəd nerj materialından olan 2 tonluq çən, 12 ədəd 19 litrlik “Aquatica” adlı plastik su qabları və 1 ədəd kustar üsulla hazırlanmış su qablaşdıran qurğunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar