Məhkəmə qərarları › İş №1(037)-75/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-75/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-75/2022 03.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Rufat oğlu və qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə, Müdafiəçi İsmayıllı rayonu Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 03 noyabr 2022-ci il tarixdə saat 15:42-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2008-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, natamam orta təhsilli, Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi olan, Qəbələ Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(025)- 21/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qəbələ rayonunun Vəndam qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Rufat oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını talamaq məqsədilə 25 mart 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən ərzaq və qeyri-ərzaq malları satılan dükanın plastik materialdan olan qapısını dəmir alətlə müdaxilə edib fiziki güc tətbiq etməklə açaraq, qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana girməklə, oradan 3 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 6 ədəd 5 manatlıq və 15 ədəd 1 manatlıq əskinaslarından ibarət cəmi 125 manat məbləğində pulu, habelə dükanda olan rəflərdən 1 paçkasının qiyməti 4,1 manat təşkil edən 5 paçka “Sobranie göy nazik”, 1 paçkasının qiyməti 3,6 manat təşkil edən 16 paçka “Winston Compact” və 1 paçkasının qiyməti 3,6 manat təşkil edən 15 paçka “Winston nazik” markalı siqaretləri qəsdən gizli olaraq talayıb dükandan çıxmaq istəyərkən oğurluq hadisəsinin törədildiyini görüb Zərərçəkmiş şəxs xahişi ilə cinayətin qarşısını almağa çalışan Şahid onun qarşısına çıxaraq götürdüyü əşyaları qaytarmasını tələb etməsinə əhəmiyyət vermədən, törətdiyi talama cinayətini açıq şəkildə davam etdirib həmin yerdən qaçaraq uzaqlaşmaqla özgənin əmlakını qəsdən açıq şəkildə talayıb Zərərçəkmiş şəxs ümumilikdə 257,1 (iki yüz əlli yeddi manat on qəpik) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Qanuni nümayəndəsi (valideyini) Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Qəbələ rayonunun Vəndam qəsəbəsində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. Vəndam qəsəbə 1 nömrəli orta məktəbin 9-cu sinif şagirdidir. 2022-ci ilin mart ayında yaşadığı qəsəbədə mağazalardan oğurluq etdiyi üçün Qəbələ Rayon Məhkəməsinin hökmü ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 25 mart 2022-ci il tarixdə əvvəl etdiyi oğurluqlardan utandığı üçün evdə qalmaq istəməmiş və İsmayıllı rayonuna gəlmək qərarına gəlmişdir. Səhər saatlarında məktəbli çantasını götürüb evdən çıxmış, Vəndam qəsəbəsindən yol qırağında dayanaraq avtomobillərə əl etmiş, həmin avtomobillərdən biri ilə İsmayıllı rayonuna gəlmişdir. Saat 11-12 radələrində İsmayıllı rayonunda olmuş, rayon mərkəzində avtomobildən düşüb axşam saatlarındadək rayon ərazisində gəzmişdir. Saat 23 radələrində rayon ərazisində gəzərkən yol qırağında olan mağazanın birinə girmək qərarına gəlmiş, həmin mağaza ərzaq mağazası olmuş mağazanın plastik materialdan olan qapısı qıfılla bağlanmışdır. O, çantasında olan, Vəndam qəsəbəsində yolun qırağından tapdığı armatur hissəciyi ilə qıfıla fiziki güc tətbiq edib qıfılı qırmış, mağazaya daxil olmuş və işığı yandırmışdır. İlk öncə mağazanın kassasına baxıb orada olan bilmədiyi sayda kağız pul əskinaslarını götürmüş və saymadan çantasına qoymuş, daha sonra siqaret vintinindən açıq şəkildə olan siqaret paçkalarını çantasına doldurmuş, çantasını belinə taxıb mağazanın işığını söndürüb mağazadan çıxarkən bir nəfər şəxs onu görmüş və “bura gəl!” deyə qışqırmışdır. O, həmin şəxsin onu mağazadan oğurluq edərkən gördüyünü bilmiş və onu tutacağından qorxaraq qaçmağa başlamış, həmin tanımadığı şəxs də arxasınca qaçmışdır. Bir az qaçdıqdan sonra qarşısını bir nəfərin kəsdiyini görmüş və sonuncunun yanından keçmək istəyərkən həmin şəxs əl atıb bel çantasından yapışmış, o da tutulmamaq üçün bel çantasını buraxaraq qaçmağa davam etmişdir. Çanta həmin şəxsdə qalmış, o da qaçıb oradan uzaqlaşmış və tanımadığı bir evin yanında gizlənmiş, həmin vaxt bir nəfər tanımadığı şəxs oradan keçərkən, sonuncudan mobil telefonu vasitəsilə atasına məlumat verməyini istəmiş, sonuncuya atasının istifadə etdiyi mobil nömrəmi demiş, sonuncu atasına zəng edərək onun İsmayıllı rayonunda olduğunu demiş, o, həmin yerdə gözləmiş, təqribən 1 saat ərzində atası dostu ilə həmin yerə gəlmiş və onu da götürərək Vəndam qəsəbəsinə-evlərinə getmişlər. Təqribən 1 həftə sonra İsmayıllı rayon polis şöbəsinin əməkdaşları evlərinə gəlib onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən törətdiyi əməlini etiraf etmiş, əməlindən peşman olmuşdur. Barəsindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. O, yetkinlik yaşına çatmayan şəxsdir, qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs Rufat oğlu Zərərçəkmiş şəxs məxsus İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən mağazadan necə soyğunçuluq etdiyini göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır və fərdi sahibkarlıqla məşğuldur. Özünə məxsus İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq malları mağazası var. Həmin mağazanı hər gün 08 radələrində açıb, 19 radələrində bağlayır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində həmişə olduğu kimi mağazanı bağlayıb evə getmiş, həmin gün saat 23 radələrində tanışı Şamxal adlı şəxs ona zəng edərək mağazada olub-olmadığını, mağazamın işiğının yandığını demiş, o, Şamxala mağazada olmadığını, təcili olaraq ora gələcəyini və mağazada kimin olduğuna baxmasını bildirmiş və evdən çıxıb mağazaya gəlmişdir. Mağazaya çatanda mağazanın qapısının açıq olduğunu, mağazanı bağladığı qıfılın yerdə olduğunu görmüş, lakin mağazanın içərisində və ətrafında heç kim olmamış, o, Şamxalın orada olmadığını görmüş və zəng edərək harada olduğunu, nə baş verdiyini soruşmuş, sonuncu ona mağazadan bir nəfər şəxsi oğurluq edərkən gördüyünü, arxası ilə qaçaraq həmin şəxsin oğurladığı və bel çantasına yığdığı malları götürdüyünü bildirmiş və “Bazar Store” mağazasının yaxınlığında dayandığını bildirmişdir. O, dərhal həmin yerə getmiş, mağazaya girən şəxs həmin yerdə olmamış, Şamxal həmin şəxsin qaçaraq uzaqlaşdığını bildirmişdir. Şamxalın əlində bir ədəd məktəbli bel çantası olmuş və çantanın içərisində həmin şəxsin onun mağazasından götürdüyü 03 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq, 06 ədəd 5 manatlıq, 15 ədəd 1 manatlıq pul əskinaslarından ibarət, ümumilikdə 125 manat pul və ümümi dəyəri 132 manat 10 qəpik olan, 1 ədədinin qiyməti 4 manat 10 qəpik olmaqla 5 ədəd “ Sobranie göy nazik”, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan 16 ədəd “Winston Compact”, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan 15 ədəd “Winston nazik” siqaretləri olmuşdur. Onlar həmin gün polis əməkdaşlarına məlumat verməmiş, lakin bir neçə gün sonra isə hadisəni törədən şəxsin yenidən bu cür hadisə törətməməsi üçün polis əməkdaşlarına məlumat vermişlər. Şahid ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşamaqla fərdi sahibkarlıqla məşğuldur. Özünə məxsus İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq mağazası var. Zərərçəkmiş şəxs onun tanışı olmaqla onunla münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Orxanın mağazasının qarşısından keçərkən mağazanın işiğının yanılı olduğunu görüb sonuncuya zəng etmiş, sonuncudan mağazada olub-olmadığını soruşmuş, o, isə mağazada olmadığını, təcili ora gələcəyini və mağazada kimin olduğuna baxmağı istəmiş, o, mağazadan bir nəfər şəxsin belində məktəbli çantası ilə çıxdığını görmüş və dərhal həmin dalınca qaçaraq sonuncunu səsləyərək dayanmasını tələb etmiş, lakin sonuncu dayanmadan qaçaraq uzaqlaşmış, o da sonuncunun dalınca qaçmış, bir qədər irəlilədikdən sonra tanımadığı bir nəfər şəxsin sonuncunu saxladığını və saxlayan zaman belindəki çantanı yerə buraxdığını görmüş, həmin şəxs sonuncunu bel çantasından tutmuş, lakin mağazadan çıxan şəxs bel çantasını yerə buraxdığından qaçaraq oradan uzaqlaşmışdır. O, həmin yerə çatmış, çanta yerdə olmuş, çantanı götürmüş və qısa müddət ərzində Orxan ora çatmışdır. Şahid (təqsirləndirilən şəxsin qanuni nümayəndəsi/atası) Qanuni nümayəndə ifadə verərək göstərdi ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. Usta işləməklə dolanır. Təqsirləndirilən şəxs onun oğludur. 2022-ci ilin mart ayında Fuad yaşadıqları Vəndam qəsəbəsində yerləşən mağazalardan oğurluq etmiş, o, bunu eşidəndən sonra sonuncuya əsəbləşib üstünə qışqırmış, həmin törətdiyi hadisənin ilk və son olması üçün mütəmadi olaraq sonuncunu danlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, qonşuya getmiş, evə gələrkən Fuadın evdə olmadığını görmüş, bu barədə Vəndam polis bölməsinə məlumat vermiş, oradan onu Qəbələ RPŞ-yə bu barədə ərizə yazmağa göndərmişlər. O, Qəbələ RPŞ-yə gedərək bu barədə ərizə ilə müraciət etmiş, gün ərzində Fuaddan heç bir xəbər ala bilməmiş, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində tanımadığı nömrədən zəng gəldiyini görüb, telefona cavab vermiş, bir nəfər tanımadığı şəxs Fuadın İsmayıllı rayonunda olduğunu, “Kəpənək dairəsi” adlanan əraziyə gələrək uşağı apara biləcəyini demişdir. O da dərhal dostu Teymura zəng edərək, sonuncu ilə birlikdə İsmayıllıya gəlmiş, Kəpənək adlanan əraziyə çatmış və Fuadın orada olduğunu görmüş, sonuncudan nə üçün İsmayıllıya gəldiyini soruşmuş, sonuncu, əvvəl etdiyi oğurluqdan utanc hissi keçirdiyini, bu səbəbdən qaçıb İsmayıllı rayonuna gəldiyini, indi isə gəlməyindən peşman olduğu üçün qayıtmaq istədiyini bildirmişdir. Onldar birlikdə Vəndama evlərinə gəlmiş, təqribən bir həftə sonra İsmayıllı RPŞ-nin əməkdaşlarından biri ona zəng edərək görüşmək istədiyini bildirmiş və o da sonuncuya evlərinin ünvanını deyib evə gəlmələrini istəmişdir. 2 nəfər polis əməkdaşı evlərinə gələrək Fuadın oğurluq etdiyini ona demiş və Fuadı İsmayıllı RPŞ-yə aparmışlar. O da yol maşını ilə İsmayıllı RPŞ-yə gəlmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən X1 mülkiyyətində olan, ərzaq mağazasıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5976 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli ekspertiza təyini haqqında qərarda göstərilən 03 adda siqaretlərin 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 132,10 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 205 nömrəli rəyindən görünür ki, yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs Rufat oğlu hər-hansı bir psixi xəstəlik keçirməmişdir. O, hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs Rufat oğlunun əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs Rufat oğlunun əqli və psixi inkişafını nəzərə almaqla öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Rufat oğlu aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs Rufat oğlu cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs Rufat oğlu cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs Rufat oğlu hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işi üzrə bu hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını talamaq məqsədilə 25 mart 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən ərzaq və qeyri-ərzaq malları satılan dükanın plastik materialdan olan qapısını dəmir alətlə müdaxilə edib fiziki güc tətbiq etməklə açaraq, qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana girməklə, oradan 3 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 6 ədəd 5 manatlıq və 15 ədəd 1 manatlıq əskinaslarından ibarət cəmi 125 manat məbləğində pulu, habelə dükanda olan rəflərdən 1 paçkasının qiyməti 4,1 manat təşkil edən 5 paçka “Sobranie göy nazik”, 1 paçkasının qiyməti 3,6 manat təşkil edən 16 paçka “Winston Compact” və 1 paçkasının qiyməti 3,6 manat təşkil edən 15 paçka “Winston nazik” markalı siqaretləri qəsdən gizli olaraq talayıb dükandan çıxmaq istəyərkən oğurluq hadisəsinin törədildiyini görüb Zərərçəkmiş şəxs xahişi ilə cinayətin qarşısını almağa çalışan Şahid onun qarşısına çıxaraq götürdüyü əşyaları qaytarmasını tələb etməsinə əhəmiyyət vermədən, törətdiyi talama cinayətini açıq şəkildə davam etdirib həmin yerdən qaçaraq uzaqlaşmaqla özgənin əmlakını qəsdən açıq şəkildə talayıb Zərərçəkmiş şəxs ümumilikdə 257,1 (iki yüz əlli yeddi manat on qəpik) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddələsidə nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasından olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ailə vəziyyətini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanın tamamilə ödəməsini həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarında olan: 11 iyul 2022-ci il tarixli tələbnamədən, Qəbələ Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(025)-21/2022 nömrəli hökmünün surətindən, Qəbələ Rayon İcra və Probasiya şöbəsinin 03 noyabr 2022-ci il tarixli 6743/10 nömrəli məktubundan görünür ki, Mustafa X4 Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(025)-21/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 avqust 2022-ci il tarixdə Qəbələ Rayon İcra və Probasiya şöbəsində qeydiyyata götürülmüş, 03 noyabr 2022-ci il tarixə çəkilməmiş cəzası 03(üç) ay 04(dörd) gün təşkil edir. Qəbələ RMX-nin PHŞ-dən alınmış xx.xx.2022-ci il tarixli PHŞ/6.52-2-2022-181 nömrəli məktubdan görünür ki, Mustafa X4 RMX-nin PHŞ-nin poliklinika şöbəsinin "Nevroloji" "Narkoloji" və "Ruhi-əsəb" kabinetlərində dispanser qeydiyyatda yoxdur. Qəbələ rayon İcra Hakimiyyəti başçısının Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1027 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonunun, Vəndam qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.3.-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə onun ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, ..qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş çinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 25-ci bəndində qeyd olunur ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Təqsirləndirilən şəxs bаrəsində Cinаyət Məcəlləsinin 70-ci mаddəsinin tətbiq edilməsi eyni zаmаndа BMT-nin həbs edilmə ilə bаğlı olmаyаn tədbirlərə dаir stаndаrt minimаl qаydаlаrın (Tokio qаydаlаrı) 1.2-ci mаddəsinə uyğun olаrаq ədаlət mühаkiməsinin həyаtа keçirilməsində, xüsusən məhkumlаrlа dаvrаnmаdа ictimаiyyətin dаhа fəаl iştirаk etməsini təmin etmək, hаbelə məhkumlаrdа cəmiyyət qаrşısındа məsuliyyət hissini inkişаf etdirməyə yаrdım göstərmək məqsədini dаşıyır. İşin faktiki halarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi olaraq etiraf etmiş, əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmiş şəx ilə barışıq əldə edərək ona vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarekterizə edən xüsusiyyətləri, kənar şəxslərin ona təsirini, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri imkanlarını, həm də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş azadlıqdan mərhum etmə cəzasının təyin edilməsini, lakin təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qəbələ Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(025)-21/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03(üç) ay 04(dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) ay 17(on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə təhsil aldığı orta məktəbdə dərslərdən yayınma hallarına yol verməməsi vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs tapşırılmalıdır ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlməsi vəzifəsi tapşırılmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 435-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Rufat oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Qəbələ Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(025)-21/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Rufat oğlunun məhkum olunduğu qəti olaraq 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 (üç) ay 04 (dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Rufat oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs Rufat oğlunun üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə təhsil aldığı orta məktəbdə dərslərdən yayınma hallarına yol verməməsi vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Rufat oğlunun davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs Rufat oğluna tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs Rufat oğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs Rufat oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar