Məhkəmə qərarları › İş №1(037)-8/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-8/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-8/2021 10.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi Abduləziz oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Cavadov Anar İlyas oğlunun iştirakı ilə 10 iyun 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1962-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, məhkum edilməmiş, İsmayıllı rayonu Zoğallıq kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs məxsus İsmayılllı rayonu Zoğallıq kəndində yerləşən torpaq sahəsinə gələrək ona torpaq sahələri arasındakı hasarı düzgün çəkdirmədiyini, özünə məxsus torpaq sahəsini zəbt etdiyini deyərək Zərərçəkmiş şəxs öz iradını bildirmiş, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iki əli ilə Zərərçəkmiş şəxs yaxasından tutub bir neçə dəfə irəli-geri çəkməklə silkələyərək və əli ilə sonuncunun sinəsindən sərt şəkildə itələyib zərblə yerə yıxaraq Zərərçəkmiş şəxs sağ ayağın bayır topuq nahiyəsinin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, yaşadığı İsmayıllı rayonunun Zoğallıq kəndində yerləşən evdən təxminən 100-150 metr məsafədə ailəsinə məxsus həyətyanı torpaq sahəsi vardır. Qeyd etdiyi torpaq sahəsinə bitişik olan hissədə Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi vardır. Həmin torpaq sahələrinin hər ikisinə bitişik 0.03 ha torpaq sahəsi əvvəllər Nüşabənin bacısı Xuraman Tahirovaya məxsus olmuş, sonradan isə Nüşabəyə bağışlanmışdır. Onun və ərinin həmin 0,03 ha torpaq sahəsi ilə əlaqədar Nüşabə ilə bir neçə dəfə mübahisələri olmuşdur.Onlar torpaq sahələri arasındakı sərhədlərinin düzgün müəyyən edilmədiyini iddia edirlər. Hətta Nüşabə ona məxsus torpaq sahəsinin zəbt olunması ilə bağlı İsmayıllı rayon PŞ-nə müraciət etmişdir. 26 sentyabr 2020-ci il tarixdə ona məxsus torpaq sahəsinin sərhədində olan dəmir lövhələrin yerindən çıxarıldığını görmüşdür. Buna aydınlıq gətirmək üçün Nüşabə ilə söhbət etmək istəmiş, lakin Nüşabənin orada olmadığını görərək evə qayıtmışdır. 27 sentyabr 2020-ci il il tarixdə saat 13:00 radələrində yenidən Nüşabəyə məxsus torpaq sahəsinə getmiş və Nüşabənin orada olduğunu görmüşdür. Nüşabəyə torpaq sahələrinin arasında olan sərhəd hasarının düzgün çəkdirmədiyini demişdir. Nüşabə isə ona hasarın yerinin müvafiq orqan tərəfindən müəyyən edildiyini bildirmişdir. Təxminən 30 dəqiqə ərzində aralarında mübahisə olmuşdur. Nüşabəyə aralarındakı hasarı sökərkən ona xəbərdarlıq edilməli olduğunu demiş və dəmir lövhələrin ondan xəbərsiz səliqəsiz şəkildə yerə atmağın pis bir hərəkət olduğunu bildirmişdir. Mübahisə zamanı əsəbiləşdiyi üçün bir birilərinə qarşılıqlı olaraq kobud ifadələr işlətmişlər. Nüşabəyə ilə mübahisə etdikdən sonra evinə getmişdir. O, Nüşabəni vurmamış,itələməmiş və ona heç bir xəsarət yeritməmişdir.Nüşabənin onun itələnərək yıxılması barəsində söylədikləri yalandır. Özünü təqsirli saymır və bəraət verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun cinayət əməli törətməməsi, təqsirli olmaması barədə söylədikləri özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Səhhəti ilə əlaqədar olaraq məhkəmə baxışı iclasına gələ bilməmiş zərərçəkmiş şəхsin nümayəndəsi Anar Cavadov ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. İsmayıllı rayonu Zoğallıq kəndində anasına məxsus həyətyanı torpaq sahəsi vardır. Həmin yer 1995-ci ildən anasının istifadəsindədir.Torpaq sahəsinə bitişik olan hissədə xalasına məxsus 0,03 ha torpaq sahəsi olmuş, 22 may 2020-cil tarixdə xalası həmin torpaq sahəsini anasına bağışlamış, anasnın adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmin 0,03 ha torpaq sahəsi təqsirləndirilən şəxsin əri Mübariz Qarayevə məxsus torpaq sahəsi ilə sərhəddə yerləşir və bununla bağlı olaraq Mübariz və onun arvadı Təqsirləndirilən şəxs ilə dəfələrlə aralarında mübahisələr olmuşdur. Anası 27 sentyabr 2020-ci il tarixdə saat 13:00 radələrində həmin topraq sahəsində oturacağın üzərində əyləşmişdir. Həmin vaxt təxminən 200 metr məsafədən Namilənin onun ünvanına kobud ifadələr işlədə-işlədə ona tərəf gəldiyini görmüşdür. Namilə ona torpaq sahələri arasında olan hasarı düzgün çəkdirmədiyini, onların torpaq sahəsinin bir hissəsinin zəbt edildiyini demişdir. Anası isə Namilənin dediklərini təkzib edərək hasarın yerinin aidiyyatı orqan tərəfindən müəyyən edildiyini sonuncuya bildirmişdir. Namilə ara vermədən anasının ünvanına xoşagəlməz ifadələr işlətmiş, anası isə ona cavab qaytarmamışdır. Namilə heç bir səbəb olmadan anasının köməksiz vəziyyətindən istifadə edərək iki əli ilə onun yaxasından yapışmış, bir neçə dəfə irəli-geri çəkərək möhkəm silkələmiş və daha sonra anasının sinəsindən itələyib onu yerə yıxmışdır. Anası yıxılandan dərhal sonra sağ ayağında kəskin ağrı hiss etmiş və ayağa qalxa bilməmişdir. Anası çox çətinliklə də olsa əvvəl dizi üstə, daha sonra isə əsasına dəstəklənməklə ayağa qalxmışdır. Namilə təxminən 30 dəqiqə anamla mübahisə etmişdir. Bu mübahisədən sonra Namilə deyinə-deyinə anasının torpaq sahəsindən çıxaraq evə getmişdir. Hesab edir ki, bu təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci hərəkəti deyil, ona qanuni cəza verilməsə o öz hərəkətlərini daha da artıracaq. Ona görə də təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan ciddi cəza verilməsini xahiş edir. Müdafiəçi vəsatəti əsasında şahid qismində məhkəmə iclasına dəvət edilərək dindirilmiş Əliyev Malik Paşa oğlu ifadə verərək göstərdi ki, o, İsmayıllı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqlu Şəxsin poliklinika şöbəsinin travmatoloq-həkimi vəzifəsində işləyir. 29 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs adlı şəxs tərəfindən müayinə olunmuş və ona sağ ayaq, baldır oynağının hematoması, bağların gərilməsi və cırılması diaqnozunu qoymuşdur. O, həmin şəxsi müayinə edərkən onun rentgen müayinəsindən keçirilməsini zəruri hesab etməmiş və nəzəri qaydada baxmaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həmin diaqnozu qoymuşdur. Müdafiəçi vəsatəti əsasında şahid qismində məhkəmə iclasına dəvət edilərək dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, tibb eksperti kimi İsmayıllı rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şəhriyar Fərəcovun qərarı əsasında 29 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs müayinə etmişdir. Onun müayinəsinə qədər həmin şəxsi İsmayıllı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqlu Şəxsin poliklinika şöbəsinin travmatoloq-həkimi Malik həkim müayinə etmiş və ona sağ ayaq, baldır oynağının hematoması, bağların gərilməsi və cırılması diaqnozu qoyulmuşdur. O, konsultant travmatoloqun cavabına əsaslanıb Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətin sağ ayağın bayır topuq nahiyyəsinin hematoması olduğu qənaətinə gəlmişdir. Verdiyi rəydə əlavə olaraq qeyd etmişdir ki, həmin xəsarət şəxsin itələnərək yıxılması nəticəsində alınmağa uyğun gəlir. Həmin xəsarətin yetirilmə vaxtı 27 sentyabr 2020-ci il tarixə uyğundur. Zərərçəkmiş şəxs almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvumaya aiddir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 07 noyabr 2020-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə İsmayıllı rayonu Zoğalılıq kəndi ərazisində baş vermişdir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və yaxud predmet aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 01 oktyabr 2020-cu il tarixli 440 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərsağ ayağın bayır topuq nahiyyəsinin hematoması, vətəndaşın itələnərək yıxılması nəticəsində alınmağa uyğun gəlir. Həmin xəsarət 27 sentyabr 2020-ci il tarixə uyğundur. Zərərçəkmiş şəxs almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvumaya aiddir. İsmayıllı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 1 (037) - 08 / 2021 nömrəli qərarı ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində yaranmış xəsarətlərlə əlaqədar təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Təkrar məhkəmə-tibbi ekspertizasının 23 aprel 2020-ci il tаriхli T78/2021 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərin yetirilmə müddəti 27 sentyabr 2020-ci il tarixə uyğun gəlir, itələnərək yıxılması nəticəsində əmələ gəlməsi inkar olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvumaya aiddir. Belə ki, ekspert tərəfindən ayağın sağ topuq nahiyyəsində qeyd edilən hematomanın sorulması üçün müəyyən vaxt təlıəb olunur. Bu onun 10 avqust 2020-ci il tarixdə “Qəbələ Müalicə- Diaqnostika mərkəzi” PHŞ-nin radiologiya şöbəsində aşkar edilmiş dəyişikliklərlə əlaqədar olmamışdır. 10 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Konsultativ şöbəsi tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli 1956 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. 17 noyabr 2020-ci il tarixli **********0 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin İsmayıllı rayon filialından yaşa görə 130 manat sosial müavinət alır. Müstəntiqin 16 noyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 18 noyabr 2020-ci il tarixli 553 və 554 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Zoğallıq kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, əri X1, 1984, 1986, 1992,2016 və 2018-ci il təvəllüdlü uşaqları Cəlal, Cabir, Səma, Cəlil və Arizədən ibarətdir. Yaşadığı yür üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsini, cəzanın aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını iş yerində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar