Məhkəmə qərarları › İş №1(037)-9/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-9/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-9/2021 11.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə 11 fevral 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1996-cı ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum edilməmiş, subay, işsiz, İsmayıllı rayonu Qalacıq kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Şıxıyev Əziz Azər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şıxıyev Əziz Azər oğlu özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02:00 radələrində yaşadığı İsmayıllı rayonu Qalacıq kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 həyətinə qanunsuz daxil olaraq saxlanc yeri olan qapısı açıq qarajda saxlanılan Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla etibarnamə əsasında faktiki olaraq Zərərçəkmiş şəxs1 sahibliyində və istifadəsində olan 5000 (beş min) manat dəyərində VAZ-2106 markalı **- FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin işəsalma açarının yuvasında olduğunu görmüşdür. O, cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcə yaşayış evinin darvazasını açmış və avtomobili işlək vəziyyətə gətirib idarə edərək həyətdən çıxarıb oradaq uzaqlaşmış, bununla da həmin əmlakı qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Əziz Şıxıyev elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 28 avqust 2020-ci il tarixdə saat 21:00 radələrində yaşadığı İsmayıllı rayonu Qalacıq kəndindəki kafeydə pivə içmiş və sərxoş vəziyyətə düşmüşdür. Kafedən çıxmış və artıq xx xxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində yaşadığı evinə qayıdarkən fikrinə həmkəndlisi Zərərçəkmiş şəxs1 avtomobilini oğurlamaq düşmüşdür. Bu məqsədlə Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına getmiş və təxminən bir saat müddətində küçədə dayanaraq Elvinin və onun ailə üzvlərinin yatmasını gözləmişdir. Saat 02:00 radələrində Elvinin yaşadığı evin işıqların söndüyünü görüb artıq onların yatdığına əmin olmuşdur. Həyət darvazasının üstündən keçməklə həyətə daxil olmuş və darvazanı açmışdır. Zərərçəkmiş şəxs1 məxsus “Vaz-2106” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin kərpicdən tikilmiş qabaq hissəsi açıq qarajda saxlanıldığını görmüşdür. Maşına yaxınlaşmış və avtomobili işəsalma açarının avtomobilin üstündə olduğunu görmüşdür. Avtomobilə əyləşərək işə salmış və idarə edərək həyətdən çıxmışdır. Kiminsə onu görəcəyindən və yaxalanacağından ehtiyatlanıb giriş darvazasını da örtməmiş və kəndin içərisi ilə Qaraməryəm-İsmayıllı-Şəki yoluna tərəf hərəkət etməyə başlamışdır. Həmin vaxt sərxoş vəziyyətdə olmuş və avtomobili idarə etməyi yaxşı bacarmadığı üçün 1-ci sürət ötürməsi ilə Qaraməryəm-İsmayıllı- Şəki yoluna çıxmışdır. Oradan isə avtomobili həmin sürətlə Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində idarə etmişdir. Bir xeyli yol qət etdikdən sonra avtomobilin mühərrikində nasazlıq yaranmış və yolun kənarında saxlayıb qəza dayanma işıqlarını yandırmışdır. 10-15 dəqiqədən sonra adını sonradan bildiyi Rövşən adlı şəxsin idarə etdiyi evakuator tipli avtomobilin gəldiyini görmüş və o, işarə verərək həmin avtomobili saxlatmışdır. Rövşən maşından düşərək nə baş verdiyini soruşmuşdur. O Rövşənə maşınının dostuna məxsus olduğunu deyərək mühərrikində problem yarandığını demiş və maşını Vəndam qəsəbəsindəki təmir sexinə aparmağı xahiş etmişdir. Rövşən 20 manat müqabilində maşını Vəndam qəsəbəsindəki təmiri sexinə aparmış və həmin vaxt ora bağlı olmuşdur. Rövşəndən xahiş edərək bir xeyli Qəbələ şəhəri istiqamətində getmişlər və yolun qıraqlarında olan təmir sexlərindən heç birinin açıq olmadığını görərək Rövşəndən avtomobili Qalacıq kəndinə aparmağı xahiş etmişdir. Rövşən ona qiyməti demiş və razılaşmışdır. Rövşən avtomobili Qalacıq kəndinə aparmış və o yolda saxlamağı demişdir. Rövşən evakuatoru onun dediyi yerdə saxlamışdır. Sürücü onun sərxoş olduğunu görüb şübhələnmiş və ora atasının gəlməyini tələb etmişdir. Rövşənlə birlikdə yaşadığı evin qarşısına getmişlər. Rövşən atasını çağırmağını desə də o, qorxduğu və utandığı üçün atasını çağırmamışdır. O, Rövşənin yanına qayıdaraq maşını evakuatorun üstündən düşürtməyi, hazırda pulunun olmadığını və pulunu sonra verəcəyini demişdir. Sonra evə gedərək yatmışdır. Saat 06:00 radələrində Rövşən hadisə barədə atasına məlumat vermişdir. Həmin gün saat 16:00 radələrində polis əməkdaşları onu yaşadığı kənddə yaxalayaraq polis şöbəsinə gətirmişlər. O, törətdiyi oğurluq əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Əziz Şıxıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili 2009-cu ildə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 almışdır. Avtomobil Nizaminin mülkiyyətində olsa da faktiki olaraq onun sahibliyində və istifadəsindədir. xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində həmin avtomobillə evinə gələrək həmişə olduğu kimi avtomobili həyətdəki qaraja salmışdır. Qarajın üç tərəfi bağlı olsa giriş hissəsi açıq olur. Avtomobil həyətdə olduğundan açarı avtomobilin üstündə saxlamışdır. Saat 24:00 radələrində yatmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 06:30 radələrində yaşadığı İsmayıllı rayonu Qalacıq kənd icra nümayəndəsi Şahid2 ona zəng edərək avtomobilinin kəndin küçəsində evakuatorun üzərində olduğu barədə məlumat vermişdir. O həyətə düşdükdə darvazanın açıq olduğunu və avtomobilin qarajda olmadığını görmüşdür. Bundan sonra dərhal icra nümayəndəsinin dediyi yerə getmişdir. Orada avtomobilinin Rövşən adlı sürücüyə məxsus evakuatorun üzərində olduğunu görmüş və məlum olmuşdur ki, evakuator sürücüsü maşınını nasaz vəziyyətdə Qəbələ rayonu Vəndam qəsəbəsindən yolun kənarından götürmüş və Təqsirləndirilən şəxs xahişi ilə Qalacıq kəndinə gətirmişdir. Avtomobilinin mühərrikində nasazlıq yarandığını bilmişdir. Əziz Şıxıyev ondan xəbərsiz gecə saat 02 radələrində həyətinə daxil olmuş və avtomobilini oğurlamışdır. Hadisə barədə İsmayıllı rayon Polis şöbəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs Əziz Şıxıyev ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Əziz Şıxıyevə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və təqsirləndirilən şəxs Əziz Şıxıyevə qarşı tələb və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2009-cu ildə özünə məxsus “VAZ-2106” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında tanışı Zərərçəkmiş şəxs1 satmışdır. Həmin vaxtdan avtomobil Elvinin faktiki sahibliyində, istifadəsində və sərəncamında olmuşdur. xx xxxxxx 2020-ci il tarixə İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayaraq mülkiyyətində olan avtomobili Əziz Şıxıyev tərəfindən oğurlandığını bildirmişlər. Polis əməkdaşlarına həmin avtomobili baş etibarnamə əsasında Zərərçəkmiş şəxs1 satdığını, avtomobillə əlaqədar heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid Eminov Təbriz İsmayıl oğlu ifadə verərək göstərdi ki, İsmayıllı RİHBnin Qalacıq İƏD üzrə icra nümayəndəsi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında işə gedərkən kəndin küçəsində üzərində avtomobil olan evakuator görmüşdür. Sonradan adının Rövşən olduğunu bildiyi evakuatorun sürücüsü ona yaxınlaşaraq evakuatorun üstündəki avtomobilin kimə məxsus olduğunu soruşmuşdur. Avtomobilin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olduğunu müəyyən etmiş və Elvinə zəng edərək avtomobilinin harada olduğunu soruşmuşdur. Elvin bu məsələdən xəbərsiz olduğundan avtomobilinin qarajda olduğunu demişdir. O, Elvinə avtomobilinin küçədə evakuatorun üstündə olduğunu bildirmiş və təcili həmin yerə gəlməli olduğunu demişdir. Az sonra Elvin avtomobilinin yanına gəlmiş və evakuatorun sürücüsü Rövşən bütün baş verənləri onlara danışmışdır. Məhkəmə iclasına gəlməmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus evakuatorla qəzalı və yaxud təmirə ehtiyacı olan maşınları lazımı ünvanlara aparaq pul qazanır. xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi evakuatorla Bakı şəhərindən Şəkiyə yola düşmüşdür. Artıq xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsinə çatmamış yolun sağ kənarında Vaz- 2106 markalı avtomobilin qəza dayanma işıqları yanılı vəziyyətdə dayandığını görmüşdür. Həmin avtomobildəki şəxs saxlamaq işarə vermiş və o evakuatoru saxlamışdır. Adının sonradan Əziz olduğunu bildiyi şəxs ona yaxınlaşaraq avtomobilin mühərrikində nasazlıq olduğunu bildirmiş və avtomobili Vəndam qəsəbəsindəki təmiri sexinə aparmağı xahiş etmişdir. Onlar razılaşmış və bir yerdə Vəndam qəsəbəsi istiqamətində gedərkən Əzizin sərxoş olduğunu hiss etmişdir. Təmiri sexinin bağlı olduğunu görmüşdür. Bu zaman Əziz avtomobili İsmayıllı rayonu Qalacıq kəndinə aparmağı xahiş etmişdir. O razılaşmış və birlikdə Qalacıq kəndi istiqamətində getmişlər. Yolda avtomobilin Əzizə məxsus olmasından şübhələnmiş, Əziz isə avtomobilin əmisi oğluna məxsus olduğunu demişdir. Avtomobilin sənədləri salonda olduğundan həmin sənədlərə baxmış və avtomobilin etibarnamə əsasında Elvin Əhmədova məxsus olduğunu bilmişdir. Kəndə çatmış və Əzizə atası və Elvini də taparaq onun yanına gəlməsini demişdir. Əzizlə birlikdə Əzizin yaşadığı evinədək getmiş, Əziz atasını çağırmaq üçün həyətə girmişdir. Bir müddətdən sonra Əziz maşının yanına qayıtmış və pulunun olmadığını, atasının isə yatdığını demişdir. Yenidən Əzizin həyət qapısına yaxınlaşmış və Əzizin atasını çağırmışdır. Əzizin atası pəncərədən başını çıxararaq ona şikayət etməyi məsləhət görmüşdür. Hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təxminən 10-15 dəqiqədən sonra avtomobilin yanında sonradan tanıdığı kənd icra nümayəndəsi Təbrizlə rastlaşmışdır. Təbriz avtomobilin kənd sakini Elvinə məxsus olduğunu demiş və Elvinə zəng edərək həmin yerə çağırmışdır. Az sonra Elvin ora gəlmiş və avtomobilinin gecə vaxtı həyətindən oğurlandığını bildirmişdir. Məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 20/479R nömrəli rəyindən görünür ki, 28 avqust 2020-ci il saat 22:00 radələrindən xx xxxxxx 2020ci il saat 02:00 radələrində qədər olan müddət ərzində Elvin Əhmədova məxsus “VAZ- 2106” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomaşının oğurlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd yapışqan lent kəsikləri üzərlərində olan 04 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Elvin Əhmədovun daktiloskopok xəritələri müqayisəli tədqiqat üçün yararlıdır. Həmin izlərindən 02 ədəd əlbarmaq izi Elvin Əhmədova, 01 ədəd əl-barmaq izi isə Əziz Şıxıyevə məxsusdur. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 564 nömrəli rəyindən görünür ki, Əziz Şıxıyev hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. AB 303203 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-2106” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Qurbanov Nizami Eldar oğluna məxsusdur. Etibarnamənin surətindən görünür ki, Elvin Əhmədov “VAZ-2106” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/5335 nömrəli rəyindən görünür ki, respublika şəhərlərində yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə 2004-cü il buraxılışlı “VAZ-2106” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 5000 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İsmayıllı RMX-nın Publik hüquqi şəxsi Poliklinika şöbəsindən alınmış 25 sentyabr 2020-ci il tarixli 318 nömrəli arayışdan görünür ki, Əziz Şıxıyev RMP-nin narkoloji kabinetində qeydiyyatda yoxdur. “Ruhi-Əsəb” kabinetində isə 12 iyun 1996-cı il tarixindən “yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatdadır. 02 oktyabr 2020-ci il tarixli 283 və 284 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Əziz Şıxıyev İsmayıllı rayonu Qalacıq kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası Şıxıyev Azər Əhməd oğlu, anası Şıxıyeva Məhəbbət Hacımurad qızı və qardaşı Şıxıyev Pirvəli Azər oğlundan ibarətdir, yaşadığı yer üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. 07 oktyabr 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Əziz Şıxıyev əvvəllər məhkum olunmamışdır. Müstəntiqinin 29 avqust 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 29 avqust 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Əziz Şıxıyev 29 avqust 2020-ci il tarixdə saat 16:55-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, Əziz Şıxıyev barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 16:20-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 29 avqust 2020-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə “VAZ-2106” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxs Elvin Əhmədova təhvil verilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 04 noyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə 28 avqust 2020-ci il saat 22:00 radələrindən xx xxxxxx 2020-ci il saat 02:00 radələrində qədər olan müddət ərzində Elvin Əhmədova məxsus “VAZ-2106” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı götürülmüş bir ədəd zərfdəki əl-barmaq izləri maddi sübut qismində tanınmış və cinayət işinin materialarına əlavə edilmişdir. İşin hallarından görünür ki, Əziz Şıxıyev Zərərçəkmiş şəxs1 məxsus avtomobili tamah niyyəti ilə qanunsuz ələ keçirmək üçün planlı şəkildə sonuncunun yaşadığı evin yaxınlığında küçədə təxminən bir saat gözləmiş, özünün ifşa olunmaması üçün Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin yatdıqlarına əmin olduqdan sonra yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla avtomobli ələ keçirdikdən sonra kənd ərazisində sürməyə kifayət qədər imkanının olmasına baxmayaraq törətdiyi oğurluq əməli ilə əlaqədar izi itirmək məqsədi ilə avtomobili idarə etməklə kənd ərazisindən uzaqlaşdırıb Qəbələ rayonu istiqamətində idarə etmiş, avtomobil nasaz vəziyyətə düşdükdən sonra məcburiyyət qarşçısında qalaraq həmin yolla hərəkət edən evakuatorun sürücüsü Rövşən Mehralıyevdən köməklik göstərilməsini xahiş etdikdən sonra onu aldadaraq avtomobilin dostuna və ya qohumuna məxsus olduğunu demiş, həmin avtomobili evakuatorla yaşadığı Qalacıq kəndinə qaytarmaq imkanının olmasına baxmayaraq özünün tamah niyyətini başa çatdırmaq üçün avtomobili Qəbələ rayonuna aparmışdır. Bütün bu sadalanan işin faktiki halları Əziz Şıxıyevin Zərərçəkmiş şəxs1 məxsus avtomobili məhz tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan qarajdan oğurlamasına dəlalət edir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Əziz Şıxıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Əziz Şıxıyevin törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Əziz Şıxıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Əziz Şıxıyevə cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Əziz Şıxıyevin zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Əziz Şıxıyevin törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Əziz Şıxıyevə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ay müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Onun 29 avqust 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01 (bir) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Əziz Şıxıyev üzərində saxlanılmış 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalacıq kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Əziz Şıxıyevin cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar- saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmiş VAZ-2106 markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, bir ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmiş əl-barmaz izləri isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz ) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Əziz Şıxıyevdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Əziz Şıxıyevin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Şıxıyev Əziz Azər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Şıxıyev Əziz Azər oğlunun 29 avqust 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01 (bir) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Şıxıyev Əziz Azər oğlu 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalacıq kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Şıxıyev Əziz Azər oğlu cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Şıxıyev Əziz Azər oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut - saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmiş VAZ- 2106 markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - bir ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmiş əl-barmaz izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Şıxıyev Əziz Azər oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Şıxıyev Əziz Azər oğlubarəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar