Məhkəmə qərarları › İş №1(037)-9/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-9/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-9/2023 31.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 31 yanvar 2023-cü il tarixdə saat 15:14-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1986-cı il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhərində nəqliyyat idarəsində dispeçer işləyən, İsmayıllı rayonu, İsmayıllı şəhəri ərazisndə (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 32-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 15 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 noyabr 2017-ci il tarixdən başlayaraq 01 yanvar 2018-ci il tarixinədək hər ay 137,00 manat, 01 yanvar 2018-ci il tarixdən isə 154,00 manat sabit pul məbləğində aliment, həmçinin X5 3 yaşına çatanadək saxlanılması üçün hər ay əlavə olaraq 50,00 manat tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 15 yanvar 2018-ci il tarixli 2(001)- 855/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli 3(037)-418/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 31 mart 2021ci il, 17 iyun 2021-ci il və 25 fevral 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 iyul 2022-ci il tarixədək 6216,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2015-ci il tarixdə el adəti ilə evlənərək ailə həyatı qurmuşlar. 2016-cı il tarixdə evliliklərini rəsmiləşdirmişlər. Evliliklərindən 15 avqust 2016-cı il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Bakı şəhərində ilk vaxtlar Günayın valideynləri ilə birlikdə sonradan müxtəlif ünvanlarda kirayə yaşamışlar. Həmin vaxtlar sərnişin daşıma şirkətində dispetçer vəzifəsində çalışmışdır. Günay ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Günay himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)-855/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən ondan 15 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 noyabr 2017-ci il tarixdən başlayaraq 01 yanvar 2018-ci il tarixinədək hər ay 137,00 manat, 01 yanvar 2018-ci il tarixdən isə 154,00 manat sabit pul məbləğində aliment və X5 03 noyabr 2017-ci il tarixdən hesablanmaqla 3 yaşına çatanadək saxlanılması üçün hər ay əlavə olaraq 50,00 manat tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Həmin vaxtlar Bakı şəhərində "xxxx" ASC-də dispetçer vəzifəsində işləmiş və əmək haqqından tutulmalar getmişdir. Təxminən 8 ay ərzində əmək haqqından tutulma olmuşdur. İşdən çıxdıqdan sonra fasilələrlə ödənişlər etmişdir. Lakin, imkanının kifayət qədər olmadığından borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini maddi imkanının kifayət qədər olmadığından icra etməmişdir. Təqdimat verilən günə, yəni 15 iyul 2022-ci il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcum 6216,00 manat təşkil etmişdir. Hazırda 45 saylı sərnişin nəqliyyat idarə etməsində dispetçer vəzifəsində işləyir. Gündəlik 19-20,00 manat qazanc əldə edir. Məşğulluq Mərkəzi tərəfindən təklif olunan işlərin əmək haqqları qane etmədiyindən qeydiyyatda durmamışdır. Təqdimat verilən gündən sonra 2022-ci ilin avqust ayında aliment borcundan 154,00 manat ödəniş etmişdir. Maddi imkanı olmadığından bundan başqa borcundan ödəniş edə bilməmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxsla 2015-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşlar. 2016-cı il tarixdə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 15 avqust 2016-cı il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Bakı şəhərində valideynləri ilə birlikdə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs 133 nömrəli avtobusların konduktoru vəzifəsində isləmişdir. Əvvələr Nurlan ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığından, uşağı ilə maraqlanmadığından ayrılmışlar və övladı onun himayəsində qalmışdır, ödvladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)-855/2018 saylı 15 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 noyabr 2017-ci il tarixdən başlayaraq 01 yanvar 2018-ci il tarixinədək hər ay 137,00 manat, 01 yanvar 2018-ci il tarixdən isə 154,00 manat sabit pul məbləğində aliment və X5 03 noyabr 2017-ci il tarixdən hesablanmaqla 3 yaşına çatanadək saxlanılması üçün hər ay əlavə olaraq 50,00 manat tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İsmayıllı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2020ci il tarixli inzibati qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 15 iyul 2022-ci il tarixə ödənməmiş aliment borcu 6216,00 manat təşkil etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ayrıldıqdan sonra "xxxx"-da konduktor vəzifəsində işləmiş, hazırda bildiyinə görə Bakı şəhərində sürücülük fəaliyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs istəsə hər ay alimenti ödəyə bilmək iqtidarındadır, lakin ödəmək niyyətində deyildir, öz övladı ilə maraqlanmır, mənəvi dəstək durmur. Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında aliment borcundan cəmi 154,00 manat ödəniş etmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. Binəqədi rayon Məhkəməsinin 15 yanvar 2018-cı il tarixli 2(001)-855/2018 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs bir uşağın saxlanması üçün 03 noyabr 2017-ci il tarixindən başlayaraq 01 yanvar 2018-ci il tarixinədək hər ay 137,00 manat, 01 yanvar 2018-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək maddi təminatı üçün 154,00 manat aliment məbləğinin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Təqsirləndirilən şəxs 15 avqust 2016-cı il təvəllüdlü X5 03 noyabr 2017-ci il tarixdən başlayaraq 3 yaşına çatanadək saxlanması üçün hər ay əlavə olaraq 50,00 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. İcra sənədi 26 yanvar 2018-ci il tarixdə icraatına daxil olmuş, həmin tarixdə də icraata qəbul edilərək borclu Təqsirləndirilən şəxs qərar və bildiriş göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun axtarılması haqqında 03 yanvar 2019-cu il tarixli qərar qəbul edilərək İsmayıllı rayon Polis Şöbəsinə göndərilmişdir. Axtarış qərarı 13 fevral 2019cu il tarixdə icra olunmuş, Nurlan Adıgözəlov 13 fevral 2019-cu il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinə təhvil verilməsi təmin olunmuşdur. X7 aliment borcunun ödənilməsi tələb olunaraq onun izahatı alınmış və qanunvericilikdə nəzərdə tutulan məsuliyyətlər ona elan olunmuş, lakin borclu Nurlan Adıgözəlov müxtəlif bəhanələr gətirərək aliment borcunun ödənilməsini təmin etməmişdir. Borclu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində 13 fevral 2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq İsmayıllı rayon məhkəməsinə göndərilmişdir. İnzibati icraat zamanı borclu 500,00 manat aliment borcunun ödənilməsini təmin etmiş İsmayılı Rayon Məhkəməsinn 13 fevral 2019-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra borclu Nurlan Adıgözəlova dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, icra sənədləri üzrə alimentin tələbkarlara ödənilməsini təmin etməmişdir. Borclu barəsinə axtarış elan olunanaq, polis vasitəsi ilə İsmayıllı rayon icra və Probasiya Şöbəsinə gətirilmişdir və ondan icra sənədi üzrə 3816,00 manat məbləğində aliment borcunun tələbkara verilməsi tələb olunmuşdur. Lakin borclu müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. 21 dekabr 2020-ci il tarixdə də borclu X8 Rayon Məhkəməsi tərəfindən inzibati tənbeh növündə 08 gün müddətində inzibati həbs ilə tənbeh olunmuşdur. Nurlan Adıgözəlov icra sənədi üzrə 3316,00 manat məbləğində aliment borcunun tələbkara ödənilməsini təmin etmişdir. Borcludan dəfələrlə icra vərəqələri üzrə borcun ödənilməsi tələb olunmasına baxmayaraq o, qərəzli olaraq icra sənədini icra etməmiş, icra sənədi üzrə yaranmış 6216,00 manat məbləğində aliment borcunun ödəməkdən yayınmışdır. Onun əməlində qərəzlilik müşahidə olunmuşur. Odur ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Şahid - İsmayıllı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 ilə əlaqdar olaraq məhkəmə iclasına gələ bilmədiyindən onun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb baş İdarəsinin Hərbi-həkim komissiyasının sərəncamındadır, müayinələrə cəlb olumuş və hərbi-psixiatrın təyinatı üzrə müalicə kursunu keçməkdədir. X3 ibtidai istintaqa verdiyi ifadəsində Rahim Mustafayevin göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(001)- 855/2018 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 noyabr 2017-ci il tarixdən başlayaraq 01 yanvar 2018-ci il tarixinədək hər ay 137,00 manat, 01 yanvar 2018-ci il tarixdən isə 154,00 manat sabit pul məbləğində aliment və X5 03 noyabr 2017-ci il tarixdən hesablanmaqla 3 yaşına çatanadək saxlanılması üçün hər ay əlavə olaraq 50,00 manat tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon icra və probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş 26 yanvar 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 15 yanvar 2018-ci il tarixli 2(001)-855/2018 saylı icra sənədi 26 yanvar 2018-ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan 26 yanvar 2018-ci il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə vaxt verilməklə 15 yanvar 2018-ci il tarixli 2(001)-855/2018 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 25 yanvar 2019cu il tarixli 8(037)-08/2019 saylı qərardadından görünür ki, icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan 03 yanvar 2019-cu il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarında olan İsmayıllı rayon polis şöbəsi tərəfindən verilmiş 13 fevral 2019-cu il tarixli, 169-2809-1219 saylı məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs yeri müəyyən edilərək ismayıllı rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan 13 fevral 2019-cu il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar onun özü tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 13 fevral 2019-cu il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2020ci il tarixli 3(037)-418/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X15 Məşğulluq Filialı tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran kimi qeydiyyatda durmamışdır. 31 mart 2021-ci il, 17 iyun 2021-ci il və 25 fevral 2022-ci il tarixli xəbərdarlıq məktublarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)-855/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən barəsindəki cinayət işinin istintaqı zamanı tələbkar Zərərçəkmiş şəxs xeyrinə aliment borcundan 154,00 manat ödənilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 6216 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 15 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 noyabr 2017-ci il tarixdən başlayaraq 01 yanvar 2018-ci il tarixinədək hər ay 137,00 manat, 01 yanvar 2018-ci il tarixdən isə 154,00 manat sabit pul məbləğində aliment, həmçinin X5 3 yaşına çatanadək saxlanılması üçün hər ay əlavə olaraq 50,00 manat tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 15 yanvar 2018-ci il tarixli 2(001)-855/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 3(037)-418/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 31 mart 2021-ci il, 17 iyun 2021-ci il və 25 fevral 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 iyul 2022-ci il tarixədək 6216,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Axtarışda olan təqsirləndirilən şəxs qismində tutlma” barədə 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə saat 13:30da tutularaq Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə təhvil verilmişdir. Müstəntiqin 16 dekabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin 16 dekabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçildiyindən həmin tarixdə saat 18:40-da o, saxlanldığı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerindən dərhal həbsdən azad edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli 3064 nömrəli arayışın surətindən və xasiyyətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində qeydiyyatdadır, barəsində qeydiyyat yeri üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunda nəzərdə tutulmuş az ciddi cəza növlərinin təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə saat 13:30-dan 16 dekabr 2022-ci il tarixə saat 18:40-dək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X9 müəyyən edilsin və qərarın surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351-353, 356, 358, 384-385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə saat 13:30-dan 16 dekabr 2022-ci il tarixə saat 18:40-dək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 31 yanvar 2023-cü il tarixdən hesablansın. Həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X9 müəyyən edilsin və qərarın surəti həmin Müəssisəyə göndərilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar