Məhkəmə qərarları › İş №1(038)-1/2023

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-1/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-1/2023 19.01.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Həbullah qızının, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Yardımlı rayonu Separadi kəndində doğulmuş, orta təhsilli, subay, deməsinə görə işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Separadi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs cinayət işi üzrə ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 31 oktyabr 2015-ci il təvəllüdlü Fatimə Tahirovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şəki Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(075)-1587/2020 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 02 avqust 2021-ci il tarixdə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 12 aprel 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 12 may 2022-ci il tarixədək Zərərçəkmiş şəxs 6620,76 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham edildiyi cinayət əməlinə görə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər işləsə də, hal-hazırda işləmir. Zərərçəkmiş şəxs ilə 04 sentyabr 2012-ci ildə rəsmi nikaha daxil olaraq evlənmiş, 31 oktyabr 2015-ci ildə Fatimə adında uşaqları doğulmuşdur. Şəki Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və birgə nikahlarından doğulmuş qızı Fatimə anası Gülanrə İbrahimbəylinin yanında qalmışdır. Gülanrə İbrahimbəyli aliment tələbi barədə Şəki Rayon Məhkəməsində müraciət etmiş və həmin məhkəmənin 12 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Fatimə Tahirovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi icrası üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Rəsmi iş yeri olmadığı üçün təyin edilmiş alimenti ödəyə bilmədiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Daha sonra barəsində olan icra sənədi onun yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yardımlı Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Heç bir yerdə işləmədiyi üçün təyin edilmiş alimenti vaxtı vaxtında ödəyə bilməmişdir. Yaranmış aliment borcunu tam ödəyə bilməsədə, o, hər ay 20-30 manat ödəniş etmişdir. Yaranmış aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur. Hazırda iş axtarır və iş tapan kimi aliment borcunu ödəyəcəkdir. Göstərdiklərini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə nikahdan 31 oktyabr 2015-ci ildə Fatimə doğulmuşdur. Şəki Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 31 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən iki ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmaqla aylıq 800 manat qazanc əldə edir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icradan yayınmışdır. O, bu hərəkəti qəsdən etmişdir. Çünki atalıqla dair mübahisə açmış, 2017-ci ildən aliment mübahisələri davam etmişdir. Ekspertiza rəyi ilə atalığı təsdiq olunsa da, yenə də aliment öhədliyini heç vaxt vaxtında ödəməmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Göstərdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza növünün tətbiq edlməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yardımlı rayon icra və probasiya şöbəsinin rəisi Şahid2 ifadəsində göstərdi ki, Şəki Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(075)-1587/2020 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonunda yaşadığı üçün icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədi 04 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs Yardımlı rayonunun Separadi kəndində qeydiyyatda olduğu üçün icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Təqsirləndirilən şəxs icra müddətində aliment borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs icra sənədinin icrasından qərəzli olaraq yayındığı üçün inzibati məsuliyyətə cəlb edilərək Bakı şəhəri Nərimanov Rayon Rayon Məhkəməsi 02 avqust 2021-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin Təqsirləndirilən şəxs təyin edilmiş alimenti vaxtında ödəmədiyi üçün barəsində inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq yenidən öz hərəkətlərini davam etdirmiş və alimentin ödənilməsi ilə əlaqədar hər hənsı bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs təqdimat verilən tarixədək Zərərçəkmiş şəxs 6620,76 manat aliment borcunu ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Cinayət işinin materiallarında olan Şəki rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(075)-1587\2020 nömrəli icra vərəqsinin surətindən görünür ki, 31 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs Həbullah qızına verilməlidir. Cinayət işinin materiallarında olan Yardımlı Rayon Statistika İdarəsinin arayışına əsasən Yardımlı Rayonu üzrə orta aylıq nominal əmək haqqına əsasən borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs Həbullah qızına ödəməli olduğu aliment illər üzrə-2017-ci il üzrə-169,2 manat, 2018-ci il üzrə- 944,04 manat, 2019-ci il üzrə-1206,24 manat, 2020-ci il üzrə-2287,8 manat, 2021-ci il üzrə-1488 manat və 2022-ci il üzrə-525,48 manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan xəbərdarlıqlardan görünür ki, Şəki rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(075)-1587\2020 nömrəli icra vərəqsinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs ünvanına dəfələrlə xəbərdarlıq məktubları göndərilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 3(005)-1672 nömrəli qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan 11 aprel 2022-ci il tarixli aktın surətindən görünür ki, icra məmuru Şəki rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(075)-1587\2020 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmuş, evə baxış keçirilmiş və baxış zamanı borclunun ərazidə yaşamaması və borcluya məxsus tələbin yönəldilə biləcəyi hər-hansı bir əmlakı müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Yardımlı rayon Yolocaq Bələdiyyəsinin 11 mart 2022-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs adına 0,25 ha torpaq sahəsi vardır. Lakin onun adına yaşayış evi və həyatyanı torpaq sahəsi yoxdur. Cinayət işinin materiallarında olan X2 14 saylı ərazi Məşğulluq Filialının 31 yanvar 2022-ci il tarixli, **********8 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs filiala müraciət etməmiş və “Məşğulluq”altsistemində işaxtaran(işsiz) kimi qeydiyyata alınmamışdır. Cinayət işinin materiallarında olan 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində onun Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutularaq Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Tahirov X1 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 oktyabr 2022-ci il tarixdə saat 01:40 radələrində tutulmuşdur. Cinayət işinin materiallarında olan İltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 oktyabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİnin 09 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 30 may 2014-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs barəsinədə Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə cinayət təqibinin başlanması CPM-nin 40.2.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olann Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yolocaq İnzibati dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144- 146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 306.1.-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında qətnaməni maddi imkansızlığı ilə əlaqədar icra edə bilməməsi barədə ifadəsinə münasibətdə qeyd edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və həmin ifadə işin halları ilə təkzib olunduğu üçün, məhkəmə onun ifadəsini sübut kimi rədd edir. Belə ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixldən hazırki dövrə kimi azyaşlı uşağının saxlanılması üçün təyin edilmiş alimenti ödəyə bilməməsinin səbəbini maddi imkanının və rəsmi iş yerinin olmaması kimi əsaslandırmağa çalışsa da, o, mütəmadi fərdi əməklə məşqul olmuş və gəlir əldə etmiş, əldə etdiyi gəlirdən aliment borcuna ödəməkdə maraqlı olmamışdır. Arvadı ilə nikahları pozulduqdan sonra azyaşlı uşağına qarşı münasibəti soyumuş, uşağın maddi təminatı, təlim-tərbiyyəsi ilə maraqlanmamış, , uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəməkdə maraqlı olmamışdır. İcra sənədini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs məhkəmə tərəfindən təyin edilmiş inzibati tənbeh yetərli olmamış, icra məmuru tərəfindən görülmüş tədbirlər isə nəticə verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CMP) 349.5.1ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-nin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalı,barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi subut və məhkəmə xərci yoxdur. İş üzrə 6620,76 ( altı min altı yüz iyirmi manat yetmiş altı qəpik) manat maddi ziyanın ödənilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-cimaddəsi ilə təqsirli bilinib 01(bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə tutularaq saxlanıldığı müddətə görə 01 (bir) bir gün azadlıqdan məhrum etmə müddətinin bir gününə hesablanmaqla, üzərində 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu, məhkuma (Təqsirləndirilən şəxs) hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar