Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-11/2023 08.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X19 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil X5 iştirakı ilə, xx xxxxxx 1980-cı ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, İran İslam Respublikasının, Təbriz şəhərində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən İran İslam Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 23 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonu ərazisində yerləşən 24-cü sərhəd zastavasının 7-ci sahəsindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İran İslam Respublikası vətəndaşı ilə üç il müddətində rəsmi nikahda olmuşdur. Ailə məişət problemləri səbəbindən nikahları pozulmuşdur.Arvadının mehriyə borcu səbəbindən onun pasportunu İran İslam Respublikasının hüquq mühafizə orqanları əməkdaşları tərəfindən alınmışdır. Təxminən 10 il əvvəl Azərbaycan Respublikası vətəndaşı Mehman İbrahimov və arvadı Günay İbrahimova Azərbaycan Respublikasından İran İslam Respublikasına müalicə üçün gəldiyi vaxt onlarla tanış olmuşdur. Həmin şəxslər onu Azərbaycan Respublikasına qonaq dəvət etmiş və təqribən 2013-2014-cü illərdə “Novruz bayramı” ərəfəsində “Biləsuvar” SNM-dən qanuni yolla Azərbaycan Respublikasına gəlmiş, Mehman “Biləsuvar” SNM-də onu qarşılıyaraq Şirvan şəhərində yerləşən evinə qonaq aparmışdır. O, Mehmangildə 2 gün qonaq qalmış və sonra orada qaldığı müddətdə Mehmanın qaynanası Zeynəb Şıxəliyevanın evinə qonaq getmişdir. Şirvan şəhərində qaldığı müddətdə arvadı Gülnar Hüseynli ilə tanış olmuş və onunla aralarında sevgi münasibətləri yaranmışdır. 15 gün Azərbaycan Respublikasında qaldıqdan sonra qalmaq müddəti bitdiyi üçün yenidən İran İslam Respublikasına qayıtmış və bundan sonra bir neçə dəfə qanuni yolla Azərbaycan Respublikasına gəlmişdir. Təqribən 2015-ci ildə qanuni yolla İran İslam Respublikasına gedən zaman pasportu keçmiş arvadının mehriyə borcuna görə İran İslam Respublikasının polisi tərəfindən alındığı üçün, bir daha qanuni yolla Azərbaycan Respublikasına gələ bilməmişdir. Azərbaycan Respublikasına gəlmək məqsədi ilə, qeyri-qanuni yollar axtarmağa başlamış və 2021-ci ilin təxminən avqust ayında “İnstagram” sosial şəbəkəsində milliyətcə kürd olan Seyid adlı şəxslə tanış olmuş və həmin şəxsə gizli yolla Azərbaycan Respublikasına getmək istədiyini bildirmişdir. Seyid adlı şəxs onu Məmməd və Hüseyn adlı İİR vətəndaşları ilə tanış etmiş və həmin şəxslər onu 400 AZN müqabilində Azərbaycan Respublikasına qeyri qanuni yolla keçməyinə köməklik edəcəklərini bildirmişlər. Sonuncu Hüseyn adlı şəxsin yaşadığı Rəzey qəsəbəsinə gedərək 1 gün onlarda qalmış, 21 noyabr 2021-ci il tarixdə həmin şəxslə birlikdə İİR-nın Germi rayonu, Seydilər kəndinə Azərbaycan Respublikası-İran İslam Respublikası sərhəddinə gəlmişlər. Azərbaycan Respublikası sərhədçiləri ərazidə xidmət apardıqları üçün onlar yenidən Hüseyinin yaşadığı evə qayıtmış, 23 noyabr 2021-ci il tarixdə, gecə saat 02 radələrində Hüseyn adlı şəxslə yenidən sərhəddə gəlmiş, Hüseyndən aralanaraq İran İslam Respublikası - Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməyə başlamışdır. Dövlət sərhəddini qanunsuz yolla tək olaraq keçdikdən sonra ilkin olaraq Yardımlı rayon ərazisinə, daha sonra isə yol maşını ilə Yardımlı rayonu avtovağzalına gəlmişdir. Avtovağzaldan taksi ilə Masallı rayonuna, oradan isə Şirvan şəhərində yaşayan arvadı X4 evinə gələrək orada yaşamağa davam etmişdir. 13 mart 2023-cü il tarixdə yaşadığı evə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları gəlmiş və onu Şirvan şəhər Polis Şöbəsinə aparmışlar. İlkin dindirmə zamanı dövlət sərhədini qanunsuz yolla keçərək Yardımlı rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikası-Azərbaycan Respublikası istiqamətində gəldiyini bildirmiş və daha sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilmişdir. X7 ilə ər-arvad münasibətində yaşamışdır, lakin pasportu olmadığı üçün rəsmi nikaha girə bilməmişdir. Əməlini səmimi etiraf edir və hərəkətindən peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri və iş üzrə digər sənədlər ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, 2013-cü ildə böyük bacısının əri Mehman İbrahimov müalicə almaq məqsədi ilə İran İslam Respublikasına getmiş və orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Rza onları İran İslam Respublikasında həkimlə tanış etmiş və öz evində qonaq saxlamışdır. Aralarında dostluq münasibətinin yarandığı üçün X11 gəldikdən sonra X12 şəhərinə qonaq çağırmışdır. Təqsirləndirilən şəxs rəsmi yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına, Şirvan şəhərinə onların evinə qonaq gəlmiş və həmin müddətdə aralarında sevqi münasibəti yaranmışdır. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs Şirvan şəhərinə gəlmiş və həmin müddətdən onların evində qalaraq yaşamağa davam etmişdir. Qeyri-qanuni yolla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlməsi barədə məlumatı olsa da, bu barədə hüquq-mühafizə orqanlarına münasibətlərinə görə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şirvan Şəhər Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru X10 öz ifadəsində göstərdi ki, 14 mart 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında qeyri qanuni yolla dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiyi və hal hazırda tanışı ünvan 1 ünvanda yaşayan X8 ilə qeyri rəsmi nigah quraraq həmin ünvanda yaşadıqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal əməliyyat müvəkkili leytenant X9 ilə birlikdə həmin ünvana yollanmış və həmin şəxsi aşkarlıyaraq Şirvan ŞPŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şirvan RPŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X9 şahid polis mayoru X10 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş 15 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdiyi ərazini əli ilə göstərmiş, həmin yer 24-cü sərhəd zastavasının 7-ci sahəsi olmuşdur. İş materiallarında olan 15 mart 2023-cü il tarxli “İnzibati qaydada tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə, saat 12:00-da İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçdiyinə görə saxlanılmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon Məhkəməsinin “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair” 17 mart 2023-cü il tarixli, 4(009)-199/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə tədqiq olunan sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi tam sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 28 iyul 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi” haqqında qərarın 4-cü bəndindən görünür ki, X3 və X2 əməlində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsində nəzərdə tutulan cinayət təkibinin əlamətləri olmadığı üçün barələrində cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin ”Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 10 aprel 2023-cü il tarixli, 4469 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə ”Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsdə müalicədə olmamışdır . İş materiallarında olan DSX ƏABİ-nin 17 mart 2023-cü il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs rəsmi qayda da sonuncu dəfə 29 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş və 13 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikasından çıxmışdır. Azərbaycan Respublikasının CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci mаddəsinə görə, cinаyət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəаlаrı nəzərə аlınmаqlа Xüsusi hissəsinin müvаfiq mаddələrində nəzərdə tutulmuş hədlərdə ədаlətli cəzа təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində ittiham olunduğu maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CPM-in 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Azərbaycan Respublikası CM-in 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.13cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin tələbləri baxımından cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məsələsini müzakirə edərək, hesab etmişdir ki; Azərbaycan Respublikasının CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Bu baxımdan məhkəmə hesab edir ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs CM-58.3-cü mаddəsinə əsasən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla o, cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının CM-in 52-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.17ci maddəsinin tələbləri baxımından mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığı məsələsini müzakirə edərək, mülki iddianın olmamasını müəyyən etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğu, hansı əmlakın xüsusi müsadirə edilməli olduğu məsələsini müzakirə edərək, maddi sübutun olmamasını müəyyən etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri cəza müddəti başa çatanədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsini müzakirə edərək, məhkəmə xərcinin olmadığını müəyyən etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : X 19
Məhkəmə qərarları › İş №1(038)-11/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-11/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver