Məhkəmə qərarları › İş №1(038)-12/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-12/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-12/2024 23.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə. xx xxxxxx 2002-ci ildə Yardımlı rayonu Telavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədibi seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə Yardımlı rayonu, Telavar kəndində yaşayan dayısı Zərərçəkmiş şəxs ünvanlı sosial yardım almaq üçün "xxxx" ASC tərəfindən verilmiş 5103 07** **** 0335 nömrəli plastik kartın hesabına köçürmə həyata keçirildiyi zaman məlumat verəcəyini bildirməklə həmin kartın fotoşəklinin «WhatsApp» ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə ona göndərilməsinə nail olaraq kart məlumatlarını ələ keçirib 29 dekabr 2023-cü il tarixdə sonuncunun istifadəsində olan elektron məlumat daşıyıcısı hesab edilən həmin plastik kart hesabından «Birbank» tətbiqi vasitəsi ilə şəxsi istifadəsində olan 050 *** ** ** saylı mobil nömrənin balansına 5 manat, 4 manat, 20 manat və 10 manat olmaqla cəmi 39 manat, kredit ödənişi kimi "xxxx" ASC tərəfindən adına rəsmiləşdirilmiş «GTKR4990295B299» nömrəli kredit müqaviləsinin hesabına 100 manat, Şirvan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan X1 istifadəsində olan 051 *** ** ** saylı mobil nömrənin balansına 1 manat, 200 manat, 4 manat, 4 manat və 2 manat olmaqla cəmi 211 manat pul köçürüb gizli olaraq talayıb oğurluq etməklə Zərərçəkmiş şəxs ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Zərərçəkmiş şəxs Yardımlı rayonu Telavar kəndində yaşayır. 2023-cü ilin dekabr ayında dayısı arvadı Şahid zəng edərək dayısı Mayilın bank kartının şəklini çəkərək ona göndərməsini və həmin karta pul köçürüləndə onlara məlumat verəcəyini demişdir. Şahid da əri Zərərçəkmiş şəxs məxsus 5101 07** **** 0335 nömrəli kartın şəklini çəkərək «WhatsApp» proqramı vasitəsi ilə ona göndərmişdir. Bundan sonra o, həmin kart nömrəsini özünə məxsus 050 *** ** ** saylı mobil telefonunda yüklədiyi «Birbank» tətbiqinə əlavə etmişdir. 28 dekabr 2023-cü il tarixdə həmin karta pul köçürüldüyünü görmüş və 29 dekabr 2023-cü il tarixdə həmin kartın hesabından 5 manat, 4 manat, 20 manat və 10 manat olmaqla ümumilikdə 39 manat pulu istifadəsində olan 050 *** ** ** saylı mobil nömrənin balansına köçürmüşdür. Həmin gün o, gecə klubunda olduğu zaman nağd pula ehtiyacı olduğu üçün, kulubda işləyən tanımadığı şəxsdən xahiş etmişdir ki, onun hesabına pul köçürsün və həmin şəxsdə ona pulu nağd şəkildə versin. Həmin şəxs onunla razılaşmış, o da Zərərçəkmiş şəxs məxsus 5101 07** **** 0335 nömrəli kartın hesabından 29 dekabr 2023-cü il tarixdə 1 manat, 200 manat, 4 manat, 4 manat və 2 manat olmaqla, ümumilikdə 211 manat pulu həmin şəxsin istifadəsində olan 051 *** ** ** saylı mobil nömrənin hesabına köçürmüş, həmin şəxsdə nağd olaraq 211 manat pul ona vermişdir. Daha sonra 29 dekabr 2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs məxsus 5101 07** **** 0335 nömrəli kartın hesabından «Birbank» tətbiqi vasitəsi ilə 100 manat pulu "xxxx" ASC-dən götürdüyü kredit üçün köçürmüşdür. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxin dayısı olmasını və onunla barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən göstərdi ki, heç bir yerdə işləmədiyi üçün dövlət tərəfindən ona ünvanlı sosial yardım təyin edilmiş və ünvanlı sosial yardım almaq üçün "xxxx" ASC tərəfindən ona 5101 07** **** 0335 nömrəli kart verilmişdir. Həmin kartın hesabına hər ay 629 manat pul köçürülmüşdür. 09 yanvar 2024-cü il tarixdə kartına yüklənmiş ünvanlı yardımı bankomatan götürmək istərkən kart hesabında cəmi 279 manat pulun olduğunu görüb və götürmüşdür. Daha sonra kartda 350 manat pulun əskik yüklənməsi ilə əlaqədar "xxxx" ASC-nin Yardımlı rayon filialına müraciət etmişdir. Bankdan ona kartında olan 350 manat pulun oğurlandığı bildirilmiş və bu barədə polis şöbəsinə müraciət etməsi ona tövsiyə edilmişdir. O da bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermiş və rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılarkən pulunun bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. X3 dəymiş maddi ziyanı tam ödəmişdir və barışmışlar. Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir və birgə nikahlarından üç övladları vardır. Əri Zərərçəkmiş şəxs heç bir yerdə işləmədiyi üçün Dövlət tərfindən onlara ünvanlı sosial yardım təyin edilmişdir. Ünvanlı sosial yardımı əri Zərərçəkmiş şəxs "xxxx" ASC tərəfindən ona verilmiş kart vasitəsi ilə alır və hər ay kartın hesabına 629 manat pul köçürülmüşdür. 09 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs kartdan pulu çıxararkən kartda 350 manat pulun olmadığını görüb bu barədə polis şöbəsinə müraciət etmişdir. Daha sonra kartdan pulu baldızı oğlu Təqsirləndirilən şəxs oğurlamasını bilmişlər. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında karta pul yüklənəndə onlara məlumat verəcəyi adı ilə ondan kartın şəklini istəmiş, o da kartın şəklini çəkərək «WhatsApp» proqramı vasitəsi ilə ona göndərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: "xxxx" ASC-nin 11 mart 2024-cü il tarixli, 2024/111/6651 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs Əlmirzə oğluna məxsus 5103 07** **** 0335 nömrəli plastik kartın hesabından 29 dekabr 2023-cü il tarixdə saat 00:07-də 5 manat, saat 00:08-də 4 manat, saat 00:09-da 20 manat, saat 02:57-də 10 manat pul 050 *** ** ** saylı mobil nömrənin, həmin tarixdə saat 04:10-da 1 manat, 04:39-da 200 manat, saat 05:01də 4 manat, 05:01-də 4 manat, 05:02-də 2 manat pul 051 *** ** ** saylı mobil nömrənin, həmin tarixdə saat 07:48-də 100 manat pul GTKR4990295B299 saylı kredit müqaviləsinin hesabına köçürülmüşdür. «GTKR4990295B299» saylı kredit müqaviləsi xx.xx.2002-ci il təvəllüdlü, Cəlilabad rayonu Privolnoye kəndində yaşayan, 050 *** ** ** nömrəli mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 17 aprel 2024-ci il tarixli haqqında qərardan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş 11 mart 2024-cü il tarixli məktub və ona əlavə edilmiş çıxarışlar iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu katotekasında Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. Cəlilabad Rayon Mərkəzi X6 Şəxsin 28 mart 2024-cü il tarixli, 18-1-32/2-547/2024 nömrəli məktubundan görünür ki, Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatda olmaqla yaşayan Təhməzli X4 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb kabinetlərində xəstə kimi qeydiyyatda deyildir. Cəlilabad Rayon İHB-nın Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nünayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. 1-74892 №-li Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. 1-3464 №-li Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Zəngilanın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 350 manat miqdarında maddi ziyan ödənilmişdir. Onunla barışmışdır, şikayət və tələbi yoxdur. Cəza təyin edilərkən ərəzənin nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 177.2.3-1-ci maddəsinin dispozisiyasına görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə talama CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli, yəni tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə Yardımlı rayonu Telavar kəndində yaşayan dayısı Zərərçəkmiş şəxs ünvanlı sosial yardım almaq üçün "xxxx" ASC tərəfindən verilmiş 5103 07** **** 0335 nömrəli plastik kartın məlumatlarını ələ keçirib 29 dekabr 2023-cü il tarixdə həmin plastik kart hesabından «Birbank» tətbiqi vasitəsi ilə şəxsi istifadəsində olan 050 *** ** ** saylı mobil nömrənin balansına 5 manat, 4 manat, 20 manat və 10 manat olmaqla cəmi 39 manat, kredit ödənişi kimi "xxxx" ASC tərəfindən adına rəsmiləşdirilmiş “GTKR4990295B299” nömrəli kredit müqaviləsinin hesabına 100 manat, Şirvan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan X1 istifadəsində olan 051 *** ** ** saylı mobil nömrənin balansına 1 manat, 200 manat, 4 manat, 4 manat və 2 manat olmaqla cəmi 211 manat pul köçürüb gizli olaraq talayıb oğurluq etməklə Zərərçəkmiş şəxs ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurması özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidin ifadəsi, həmçinin işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü, «Vətən müharibəsi iştirakçısı» və «Zəngilanın azad olunmasına görə» medalları ilə təltif olunmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, təqsirini etiraf etməsini və tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70ci maddələrinin tətbiq edilməsi üçün əsas olmasa da, CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Cəlilabad rayonu Privolnoye kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək, Cəlilabad rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan "xxxx"ASC tərəfindən təqdim edilmiş məktub və ona əlavə edilmiş çıxarışlar iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, həmçinin iş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib barəsində 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələr qoyulsun; - yaşadığı Cəlilabad rayonu Privolnoye kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Cəlilabad rayonu ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut - "xxxx" ASC tərəfindən təqdim edilmiş məktub və ona əlavə edilmiş çıxarışlar iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar