Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-13/2025 05.06.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ:
X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1958-ci ildə Yardımlı rayonu, Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundandan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ:
2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs 27 mart 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş narazılıq zamanı evdə olan taxta materialdan hazırlanmış stolun ayağını sındıraraq həmin taxta parçası ilə gəlini Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir zərbə vuraraq ona alnın tüksüz hissəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarəti yetirmişdir.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
2.1.1.1. Təqsirləndilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri
Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Novruz bayramı vaxtı mərhum ərinin şəklini stolun üstünə qoymuş və şəkilin qarşısına gül dəstəsi qoymuşdur. Bu zaman Zərərçəkmiş şəxs evə daxil olmuş və stolun üstündə olan mərhum ərinin şəkili yerə atmışdır. Həmin vaxt aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs stolun ayağı ilə ona zərbə vurmuşdur. Həmin vaxt Aygünü vurmamış, Aygün başını özü divara vurmuş və özünə xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27 mart 2025-ci il tarixdə, saat 12 radələrində dükana getmiş, Təqsirləndirilən şəxs isə yaşadıqları evin 2-ci mərtəbəsində təmizlik işləri görmüşdür. O, dükandan qayıtdıqdan sonra Zərifə Babayevə onu evə çağırmış və ondan evin şiferlərini niyə sındırdığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona bu hadisəni görən şahidlər-polis əməkdaşları və mal-heyvan ötürən şəxslərin olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs şiferləri sındırmadığını bildirmiş və dediyi şahidlərdən niyə yalan danışdıqlarını soruşmaq üçün evdən həyətə çıxmaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs əsəbləşərək evdə olan stolun ayağını sındırmış və stolun ayağı ilə onun baş nahiyəsinə zərbə vurmuşdur. O, baş nahiyyəsindən xəsarət almış və evlərinin yanından keçən yola qaçmışdır. Həmin vaxt orada olan polis əməkdaşları onun xəsarət aldığını görüb Yardımlı Rayon Polis Şöbəsinə aparmışlar. Daha sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs ilə nənəsi Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisəni görmüşdür. Mübahisə vaxtı nənəsi Təqsirləndirilən şəxs evdə olan stolun ayağı ilə anası Zərərçəkmiş şəxs başına zərbə vurmuşdur.
2.1.1.2 cinayət işinin materialları
Məhkəmə-Tibbi Ekspertizasının 28 mart 2025-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alnın tüksüz hissəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti tibbi sənəddə qeyd olunan 27 mart 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin 07 aprel 2025-ci il tarixli, 18-1-81/3-263/2025 nömrəli məktubunda görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Yardımlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 aprel 2025-ci il tarixli xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşayır yeri üzrə müsbət xarakterizə edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən birinci dərəcəli əlildir. «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bildirən stolun taxta ayağı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Yardımlı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs 05 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs 05 iyun 202-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Yardımlı Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2025-ci il tarixli, 5-81/2-203/2025 nömrəli məktubundan görünür ki, X4 26 iyul 2016-cı ildə doğulmuş X2 qanuni nümayəndəsi təyin edilmişdir.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1 əməlin tövsifi ilə bağlı
Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Belə ki, CM-nin 128-ci maddəsində əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirlənsirləndirilən şəxsin ona istinad edilən əməli törətməsi, yəni Təqsirləndirilən şəxs 27 mart 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş narazılıq zamanı evdə olan taxta materialdan hazırlanmış stolun ayağını sındıraraq həmin taxta parçası ilə gəlini Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir zərbə vuraraq ona alnın tüksüz hissəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarəti yetirməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla – zərərçəkiş şəxs Zərərçəkmiş şəxs və şahid X2 ifadələri, məhkəmə-tibbi ekspertizasının 28 mart 2025-ci il tarixli, 14 nömrəli rəyi ilə öz təsdiqini tapır. Məhkəmə eyni zamandan təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs vurmaması ilə bağlı ifadələrinə tənqidi yanaşıraraq inandırıcı hesab etmir. Belə ki, sonuncunun ifadələri yuxarıda adıçəkilən sübutlarla ziddiyət təşkil etməklə yanaşı, həmin sübutlarla da təkzib olunur. Məhkəmə aşağda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi öz təsdiqini tapsa belə, sonuncu zərərçəkmiş şəxslə barışdığından, ona vurulmuş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir.
2.2.2. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Maddi sübut – Yardımlı Rayon Polis Şöbəsinin saxlanc anbarına saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bildirən stolun taxta ayağı məhv edilməlidir. Xüsusi müsadirə predmeti olan əmlak və məhkəmə xərcləri, habelə iş üzrə mülki iddia yoxdur, tibbi xarakterli məcburi təbdirlərin tətbiqi üçün əsas mövcud deyildir.
3. NƏTİCƏVİ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin.
3. Maddi sübut-Yardımlı Rayon Polis Şöbəsinin saxlanc anbarına saxlanılan stolun taxta ayağı məhv edilsin.
4. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
X6