Məhkəmə qərarları › İş №1(038)-16/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-16/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-16/2024 18.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ saat 11:30 X5 sədrliyi, K1 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onlarınm müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Yardımlı rayonu Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Masazır qəsəbəsində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədibi seçilmiş Təqsirləndirilən şəxs1 və 12 avqust 2000-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədibi seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 23 aprel 2024cü il tarixdə saat 13 radələrində rayonun Vərgədüz kəndi ərazisində yerləşən, el arasında «Gerconi» adlanan sahədən həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus 1200 (min iki yüz) manat dəyərində 1 (bir) baş və Zərərçəkmiş şəxs2 məxsus 1050 (min əlli) manat dəyərində 1 (bir) baş inəkləri vahid niyyətlə gizli yolla talayaraq zərərçəkmiş şəxslərə ümumilikdə 2250 (iki min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 23 aprel 2024-cü il tarixdə saat 13 radələrində rayonun Vərgədüz kəndi ərazisində yerləşən el arasında «Gerconi» adlanan sahədən həmin kənd sakinləri Zərərçəkmiş şəxs1 məxsus 1200 (min iki yüz) manat dəyərində 1(bir) baş və Zərərçəkmiş şəxs2 məxsus 1050 (min əlli) manat dəyərində 1(bir) baş inəkləri vahid niyyətlə gizli yolla talayaraq zərərçəkmiş şəxslərə ümumilikdə 2250 (iki min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona CM-in 177.2.1-ci maddəsi ilə elan olunan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olsa da, Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşayır. Masazır qəsəbəsində avtomobil təmiri sexində usta işləyir və orada işləyərkən Təqsirləndirilən şəxs2 tanımışdır. Təqsirləndirilən şəxs2 də arada-bir həmin sexə gələrək usta kimi işləmişdir. 22 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə rayona qayıtmaq qərarına gəlmişlər və Bakı şəhərində «20 Yanvar» dairəsində taksiyə minərək Masallı rayonu istiqamətində hərəkət etmişlər. Hər ikisinin borcu olduğu üçün yolda o, Təqsirləndirilən şəxs2 əvvələr yaşadığı Yardımlı rayonunun Vərgədüz kəndində kənd sakinlərinin heyvanlarını sahibsiz örüş sahəsinə buraxdıqlarını, həmin sahəyə gedib heyvanları oğurlayaraq satmağı təklif etmiş və Təqsirləndirilən şəxs2 də onunla razılaşmışdır. Onlar Masallı rayonuna çatdıqda Şahin maşından düşüb evlərinə getmiş o, isə taksi ilə Yardımlı rayonu, Vərgədüz kəndinə atasına məxsus evə gəlmişdir. 23 aprel 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs2 Vərgədüz kəndinə gəlmiş və onlar görüşmüşdür. Bundan sonra onlar Vərgədüz kəndi ərazisində yerləşən «Gerconi» adlı sahəyə getmişlər, həmin ərazidə kənar şəxslərin olmadığını görüb qarşılarına çıxan ilk 2 baş inəyi oğurlayaraq piyada rayonun Sırıq kəndinin ərazisində olan asfalt yolun yaxınlığına gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 heyvanları aparmaq üçün həmin əraziyə avtomobil çağırmış və bir müddətdən sonra onların yanına «Qazel» markalı yük avtomobili gəlmişdir. Onlar inəkləri avtomobilin yük yerinə mindirərək Masallı rayonuna aparmışlar. Təqsirləndirilən şəxs2 ona inəkləri satdıqdan sonra pulunu böləcəyini bildirmiş və o, Şahinlə razılaşdıqdan sonra taksi ilə Vərgədüz kəndində yerləşən evlərinə qayıtmışdır. 25 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2lə əlaqə saxladıqda, Şahin 2 baş inəyi 1200 manata satdığını bildirmiş, o, özünə məxsus «Leo Bank» tərəfindən verilmiş kartın şəklini Şahinə göndərərək satılan 2 baş inəyə görə ona düşən 600 manat puldan borclu olduğu 200 manat pulu götürüb onun kartına qalan 400 manat pulu köçürməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onun kart hesabına 400 manat pul köçürmüşdür. Heyvanların aparıldığı «Qazel» markalı yük avtomobilinin sürücüsünün həmi heyvanların oğurluq olduğunu bilməmiş, bu barədə ona hər hansı məlumat verməmişlər. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən səmimi peşman olmasını, hər iki zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin onlarla barışmasını və ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona CM-in 177.2.1-ci maddəsi ilə elan olunan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayır. Yaşadığı ərazidə iş tapa bilmədiyi üçün vaxtaşırı Abşeron rayonu, Masazır qəsəbəsinə gedərək avtomobil təmiri sexində usta işləyir. İki ilə yaxındır ki, həmin sexdə usta işləyən Yardımlı rayonu, Vərgədüz kənd sakini Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. 22 aprel 2024-cü il tarixdə toy mərasimində iştirak etmək üçün Masallı rayonuna, Təqsirləndirilən şəxs1 isə Yardımlı rayonuna atasına məxsus evə getmək üçün birlikdə Bakı şəhərində «20 Yanvar» dairəsinə gələrək taksiyə minmişlər. Yolda Təqsirləndirilən şəxs1 ona və digər şəxslərə olan borcunu qaytara bilmədiyini, yaşadığı kəndlərində kənd sakinlərinin heyvanlarını nəzarətsiz örüş sahəsinə buraxdıqlarını, sabah Yardımlı rayonu Vərgədüz kəndində görüşərək həmin heyvanları oğurlayıb satmağı və ona olan borcunu qaytarmağı bildirmiş və onlar razılaşmışlar. 23 aprel 2024-cü il tarixdə o, taksi ilə Yardımlı rayonu, Vərgədüz kəndinə gəlmiş və Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Bundan sonra birlikdə örüş sahəsinə getmişlər, orada iri buynuzlu heyvanların sahibsiz otladıqlarını görmüşlər. Onlar həmin heyvanlardan iki baş inəyi oğurlayaraq piyada asfalt yolun kənarına gətirmişlər. Bundan sonra heyvanları aparmaq üçün o, «Qazel» sürücüsü ilə telefonla danışmış və heyvanları Masallı rayonuna aparmaq barədə razılaşmışdır. Bir müddət gözlədikdən sonra «Qazel» avtomobilinin sürücüsü onların yanına gəlmişdir. Onlar oğurladıqları iki baş inəyi avomaşının yük yerinə mindirərək Masallı rayonu Ərkivan qəsəbəsinə aparmışlar. Həmin yük avtomobilinin sürücüsünün heyanların oğurluq olduğundan xəbəri olmamış, ona həmin heyvanların özlərinə məxsus olduğunu bildirmişlər. Razılaşdıqları kimi o, heyvanları satıb əldə etdikləri pulu yarıyarıya böləcəkdilər. Bundan sonra Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna qayıtmış, o, isə heyvanları satmaq üçün alıcı axtarmağa başlamışdır. 24 aprel 2024-cü il tarixdə həmin 2 baş heyvanı cəmi 1200 manata satmış, Təqsirləndirilən şəxs1 çatmalı olan puldan 200 manat borcunu çıxıb, 400 manatını Təqsirləndirilən şəxs1 göndərdiyi kart hesabına köçürmüş, özünə qalan pulu isə xərcləmişdir. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmasını, medallar ilə təltif olunduğunu nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Yardımlı rayonu Vərgədüz kəndində yaşayır. 23 aprel 2024-cü il tarixdə səhər saatlarında özünə məxsus heyvanları otlamaq üçün Vərgədüz kəndi ərazisində yerləşən «Gerconi» adlanan sahəyə sahibsiz buraxmışdır. Heyvanlara örüş sahəsində heç kim nəzarət etməmişdir. Həmin gün axşam saatlarında heyvanlar örüş sahəsindən qayıtdıqda bir baş inəyinin olmadığını bilmişdir. Həmin heyvanı nə qədər axtarsa da tapa bilməmiş və inəyinin oğurlandığını güman edərək bu barədə Yardımlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan inəyinin həmkəndlisi Təqsirləndirilən şəxs1 və Masallı rayon sakini Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını bilmişdir. Hazırda bir baş inəyi ona qaytarılmış və təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənimişdir və o, təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmamasını nəzərə alaraq onlara yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yardımlı rayonu Vərgədüz kəndində yaşayır. 23 aprel 2024-cü il tarixdə şəxsi təsərrüfatında olan heyvanları otlamaq məqsədilə rayonun Vərgədüz kəndi ərazisində yerləşən «Gerconi» adlanan sahəyə ötürmüşdür. Həmin gün axşam saatlarında heyvanlar örüş sahəsindən qayıdarkən bir baş inəyinin örüşdən gəlmədiyini görmüşdür. Bundan sonra o, inəyi axtarmağa başlamış, lakin tapa bilməmişdir. Daha sonra inəyinin oğurlanmasından şübhələnmiş və bu barədə Yardımlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan inəyinin həmkəndlisi Təqsirləndirilən şəxs1 və Masallı rayon sakini Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını bilmişdir. Hazırda bir baş inəyi ona qaytarılmışdır. Təqsirləndirilən şəxslərlə barışmışdır və ona dəymiş maddi ziyan tam ödənilmişdir. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmamasını nəzərə alaraq onlara yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, 23 aprel 2024-cü il tarixdə saat təxminən 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona zəng vuraraq hazırda Yardımlı rayonunda olduğunu, ona Yardımlı rayon sakinin borclu olduğunu, həmin borcun müqabilində ona 2 baş inək verdiyini bildirmiş və ondan həmin heyvanları Masallı rayonuna aparmaq üçün «Qazel» markalı yük avtomobili tapmaqda köməklik etməsini xahiş etmişdir. O, bundan sonra tanışlardan «Qazel» markalı avtomobil idarə edən Ravil adlı şəxsin mobil nömrəsini öyrənmişdir. Bundan sonra o, Ravilə zəng vurmuş və ona Şahinin Yardımlı rayonundan iki baş inək gətirmək istədiyini, bunun üçün inəkləri gətiribgətirə bilməyəcəyini soruşmuş, o da gətirə biləməyəcəyini demişdir. Bundan sonra Şahinlə telefon vasitəsi ilə əlaqə saxlayaraq Ravilin mobil nömrəsini vermiş və ona Ravillə özünün əlaqə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin heyvanları oğurlamasından onun məlumatı olmamışdır. Məhkəmə istintaqında Şahid3 Rafiq oğlu ifadəsində göstərdi ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayır və «Qaz 33021 yük» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşıma ilə məşqul olur. 23 aprel 2024-cü il tarixdə Yardımlı rayonuna yük apararkən Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan tanışı Şahid2 onun mobil telefonuna zəng edərək tanışının Yardımlı rayonundan aldığı iki baş inəkləri Masallı rayonu Ərkivan qəsəbəsinə gətirmək istədiyini və həmin şəxsin ona zəng edəcəyini bildirmişdir. Bir az sonra Şahin adlı şəxs ona zəng etmiş və ondan heyvanları neçəyə aparmasını soruşmuşdur. O, heyvanların oğurluq olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs2 pul borcu olan şəxsin pulun əvəzində iki baş inəkləri verdiyini ona deyəndən sonra heyvanları 40 manata apara biləcəyini bildirmiş və razılaşmışlar. Həmin gün saat 16-17 radələrində gətirdiyi yükü Yardımlı rayonunda boşaltmış və Sırıq kəndinə qayıtmışdır. Sırıq kəndində asfalt yolun kənarında Şahinin bir nəfər tanımadığı şəxslə dayandığını görmüşdür. O, təkrarən Şahindən heyvanları haradan almasını soruşmuş, o da Yardımlı rayonunda onlara borclu adam olduğunu, pulu qaytara bilmədiyi üçün əvəzinə iki baş inək verdiyini təkrar söyləmişdir. Bundan sonra onlar heyvanları avtomobilin yük yerinə mindirmişlər və Masallı rayonuna aparmışdır. Masallı rayonu Ərkivan qəsəbəsində həmin şəxslər heyvanları avtomobildən düşürtmüşlər və Şahin ona 40 manat pul vermişdir. Həmin heyvanların oğurluq olmasından onun məlumatı olmamışdır. Məhkəmə istintaqındaa dövlət ittihamçısının vəsatəti əsasında və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayır. İnək alıb saxlamaq istədiyi üçün tanışlarına və qohumlarına inək almaq istədiyini demişdir. Avtomobil təmir ilə məşqul olan Masallı rayonu Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs2 tanıyır. 23 aprel 2024-cü il tarixdə saat 21-22 radələrində ona qardaşının sinif yoldaşı X1 mobil telefon vasitəsi ilə zəng vuraraq inək almaq istədiyi təqdirdə Ərkivan qəsəbəsində inək satıldığını bildirmişdir. O da Anar Əsgərova hazırda Yardımlı rayonuna qonaq getdiyini, sabah heyvanlara baxa biləcəyini demişdir. 24 aprel 2024-cü il tarixdə Anar Əskərova zəng vuraraq heyvana baxmaq üçün getmələrini demişdir. Bundan sonra Anar Əskərovla görüşmüşdür. Onunla birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evin yanına getmişdir. Orada Təqsirləndirilən şəxs2 onun idarə etdiyi «Vaz 2106 markalı» ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, heyvanların olduğu yerə getmişlər. Şahin ona həmin heyvanları borclu olan şəxsdən 3000 manat müqabilində götürdüyünü demişdir. O, Şahindən heyvanların oğurluq olub-olmamasını soruşmuş, Şahin ona heyvanların oğurluq olmadığını, borcuna görə aldığını bildirmişdir. Şahin ona «bir problem olsa mən burdayam» demişdir. Şahinlə söhbət etmiş, heyvanlara 1200 manat pul verə bilcəyini demişdir. Təqsirləndirilən şəxs2 də onunla razılaşmış və iki baş inəyi ona 1200 manata satmışdır. Həmin heyvanlardan biri qara rəngli, biri isə boz-qəhvəyi rəngli olmuşdur. Bundan sonra yaşadığı evə getmiş, idarə etdiyi «Pikap» markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə heyvanların olduğu yerə qayıtmış, iki baş inəyi həmin avtomobil ilə yaşadığı evin həyətinə aparmışdır. 25 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng vuraraq heyvanları satıb-satmadığını soruşmuş, o da heyvanları satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 heyvanların sahibi ilə hazırda aralarında narazılıq olduğunu, heyvanları qaytarmaq istədiyini bildirmişdir. Həmçinin heyvanların 1200 manat pulunu sabah verəcəyini demişdir. Bir az sonra Ərkivan qəsəbəsində Şahin onun yanına gəlmiş, ondan heyvanaları istəmişdir. O da Şahindən 1200 manat pulu istəmişdir. Şahin sabah pulu verib heyvanları geri alacağını bildirmiş və oradan getmişdir Həmin tarixdə axşam üstü ona Yardımlı rayon polis şöbəsindən zəng vurulmuşdur. Ondan Təqsirləndirilən şəxs2 inək alıb-almaması soruşulmuş, polisə Şahindən 2 baş inək aldığını bildirmişdir. Ona inəkləri Yardımlı Rayon Polis Şöbəsinə gətirməsi deyilmişdir. O bu barədə tanışı Anar Əskərova demiş, o da Şahinin atası Əli ilə danışmışdır. Şahinin atası Əli ilə Ərkivan qəsəbəsində görüşmüş, ondan 1200 manat pulunu istəmişdir. Əli də 1200 manat pulu ona vermişdir. O, heyvanları Şahinin atası Əliyə təhvil vermiş, Əli də həmin heyvanları Yardımlı rayon Polis Şöbəsinə aparmışdır. Təqsirləndirilən şəxs2 həmin heyvanları oğurlamasından məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 may 2024-cü il tarixli 19/396 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən iri buynuzlu heyvanların 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2250 manat müəyyən edilir. O cümlədən 1 baş boz-qonur rəngli, 4 yaşlı, dişi, diri çəkisi 200 kiloqram olan yerli cinsi inək 1200 manat, 1 baş qara rəngli, 5 yaşlı, dişi, diri çəkisi 180 kiloqram olan yerli cinsi inək 1050 manat təşkil edir. «Sübutların qiymətləndirilməsi haqqında» 05 iyun 2024-ci il tarixli qərardan görünür ki, iki baş inək və ifadələrin yerində yoxlanılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd CD disk maddi sübut kimi tanınmış, bir baş inəyin saxlanılması üçün Zərərçəkmiş şəxs1 və digər bir baş inəyin isə saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi, 2 ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan, həmçinin «Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən saxlanılmaqdan azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» 28 aprel 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, daha sonra 28 aprel 2024-cü il tarixdə onların hər birisinin barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək Yardımlı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən tutulmadan azad edilmişlər. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X3 07 may 2024-cü il tarixli 119 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ruhi-əsəb xəstəsi kimi xəstəxananın dispanser qeydiyyatında dayanmır. «Masallı Rayon Mərkəzi Xəstəxanası» X6 20 may 2024-cü il tarixli 18-1-60/2- 862/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən, habelə elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs1 barəsində isə Abşeron Rayon Məhkəməsinin icraatında onun CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi var və hazırda həmin cinayət işi məhkəmənin icraatındadır. Yardımlı RİHB-nın Vərgədüz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 anası və atası ilə birlikdə həmin kənddə qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Masallı RİHB-nın Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X2 rayonu Ərkivan qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısıdır və «Cəbrayılın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal» medalları ilə təltif olunmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, hazırki cinayət əməli nəticəsində onlara dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir və onlarla barışmışlar. Onlara qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə, məhkəmə istintaqında cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Belə ki, CM-nin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməli hesab edilir. CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmmuş əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. CM-nin 177-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndində görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək oğlu, tamah niyyəti və özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə 23 aprel 2024-cü il tarixdə saat 13 radələrində rayonun Vərgədüz kəndi ərazisində yerləşən, el arasında «Gerconi» adlanan sahədən həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus 1200 (min iki yüz) manat dəyərində 1 (bir) baş və Zərərçəkmiş şəxs2 məxsus 1050 (min əlli) manat dəyərində 1 (bir) baş inəkləri vahid niyyətlə gizli yolla talayaraq zərərçəkmiş şəxslərə ümumilikdə 2250 (iki min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etməsi, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxslər və dindirilmiş şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxslərin vurmuş olduğu ziyanın məbləği 100 manatdan yuxarıdır, onlar 2 baş inəyi gizli yolla talamağı qabaqcadan razılaşmış və 23 aprel 2024-cü il tarixdə saat 13 radələrində bunu həyata keçirmişlər. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1-ci maddəsi ilə ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, təqsirini etiraf etməsi və tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü, Vətən müharibəsi iştirakçısı olması, «Cəbrayılın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal» medalları ilə təltif olunmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, təqsirini etiraf etməsini və tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-in 177.2.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs1 şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, məhz buna görə də, məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs1 barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 26 aprel 2024-ci il tarixdən 28 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs2 şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gələrək, ona CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs2 barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 aprel 2024-ci il tarixdən 28 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə istinad olunan oğurluq cinayətinin törədilməsinə yönəldilmiş ilkin təklifin məhz Təqsirləndirilən şəxs1 tərəfindən irəli sürülməsini, cinayətin törədilməsi üçün yerin onun tərəfindən seçilməsini və bununla bağlı onun digər hərəkətlərini nəzərə alararaq cəzaların təyin edilməsinin fərdiləşdirilməsi prinsipini baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 nisbətən azadlığın məhduddlaşdırılması cəzasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş həddində Təqsirləndirilən şəxs1 daha sərt cəza təyin olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onların üzərinə vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Yardımlı rayonu Vərgədüz kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək, Yardımlı rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. İş üzrə maddi sübut olan iki baş inəyin saxlanması üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, 2 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2(iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasnın icrası müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə aşağıdakı vəzifələr qoyulsun; - yaşadığı Yardımlı rayonu, Vərgədüz kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Yardımlı rayonu ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 1(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2(iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasnın icrası müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələr qoyulsun; - yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Masallı rayonu ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs2 oğlunun yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan iki baş inəyin saxlanılması üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın, habelə 2(iki) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar