Məhkəmə qərarları › İş №1(038)-22/2023

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-22/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-22/2023 28.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X3, Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Qanuni nümayəndə Astanəli oğlunun, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X7 iştirakları ilə. xx xxxxx 2006-ci ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Yardımlı Peşə məktəbinin 2-ci kurs tələbəsi, Yardımlı rayon məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti başa çatmış, məhkumluğu ödənilmiş, Yardımlı şəhəri Ünəç küçəsi mənzil 89-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan təbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə 22 may 2023-cü il tarixdə saat 03 radələrində Yardımlı şəhərində yaşayan Zərərçəkmiş şəxs məxsus Yardımlı şəhəri Ünəç küçəsində yerləşən dükana pəncərənin şüşəsini sındıraraq qanunsuz daxil olmuş, həmin dükandan 690(altı yüz) manat pul, 1(bir) qutusu 3,30(üç manat otuz qəpik) manat olmaqla 6,60(altı manat altımış qəpik) manat dəyərində 2(iki) qutu “LD X13” markalı, 1(bir) qutusu 2,80 (iki manat səksən qəpik) manat olmaqla 5,60(beş manat altımış qəpik) manat dəyərində 2(iki) qutu “PALL MALL” markalı siqaretlər, 1(bir) ədədi 2(iki) manat olmaqla 8(səkkiz) manat dəyərində 4(dörd) ədəd iki manatlıq danışıq kartları və 1(bir) ədədi 1(bir) manat olmaqla 2(iki) manat dəyərində 2(iki) ədəd bir manatlıq danışıq kartlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 712,20 (yeddi yüz on iki manat iyirmi qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham verilmidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, özünü oğurluq cinayəti üzrə özünü təqsirli bilir. Ailə vəziyyəti ilə əlaqdar arabir Bakı şəhərinə gedərək əmisinin yanında fəhlə işləmişdir. 22 may 2023-cü il tarixdə pulu olmamış və iş tapa bilməmişdir. Həmin gün saat 21:50 radələrində Müşviq qəsəbəsindən ağ rəngli “Dacia Lodgy” markalı ** ZM *** dövlət nömrə nişanlı taksi ilə Yardımlı şəhərinə qayıtmış 22 may 2023-cü il tarixdə gecə saat 03 radələrində Yardımlı rayonuna çatmışdır. Yardımlı şəhəri Ünəç küçəsinin giriş hissəsində taksiyə saxlamasını bildirmişdir. Elvin adlı taksi sürücüsünə orada bir az gözləməsini, işi olduğunu, həmin işi yekunlaşdıraraq gələcəyini bildirmişdir. Elvin adlı şəxs də onunla razılaşmışdır. Bundan sonra piyada Zərərçəkmiş şəxs məxsus dükanın yanına getmiş, yerdən daşı götürərək dükanın ön hissəsində olan pəncərənin şüşəsini sındırmışdır. Bundan sonra cibində olan əlcəkləri əlinə geyinmiş, şüşəsini sındırdığı pəncərədən dükana daxil olmuşdur. Bundan sonra ilk olaraq dükandakı tərəzinin alt hissəsində olan 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq, 11 ədəd 5 manatlıq və 44 ədəd 1 manatlıq pul əskinazlarını, ümumilikdə 329 manat pulları götürərək əynində olan şalvarın cibinə qoymuşdur. Sonra isə dükandan 2 ədəd LD markalı və 2 ədəd PALL MALL markalı siqaretləri oğurlamışdır. Bundan sonra dükana girdiyi pəncərədən dükandan çıxmış və piyada avtomobilin yanına qayıtmışdır. Elvin adlı taksi sürücüsünə işinin qurtardığını bildirmiş və Bakı şəhərinə qayıtmaqlarını bildirmişdir. 22 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərinə 20 yanvar dairəsinə çatmışlar və dükandan oğurladığı puldan 150 manatını taksi sürücüsünə yol pulu olaraq vermişdir. Etdiyi əməldən peşmandır, hal-hazırda atası həbsdədir, anası və bacısına o, baxır, zərəçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanımışdır. Yardımlı şəhəri Ünəç küçəsində dükan işlədir. Həmin dükanda ərzaq məhsulları, siqaret, kontur və gündəlik tələbat malları satır. 21 may 2023-cü il tarixdə saat 19 radələrində dükanı bağlayaraq yaşadığı evə getmişdir. 22 may 2023-cü il tarixdə saat 06 radələrində dükanı açmaq üçün dükana getmiş və bu zaman dükanın qərb hissəsində olan plastik materialdan hazırlanmış pəncərənin şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüşdür. O, dükanın plastik materialdan olan qapısını açarla açaraq dükana daxil olmuşdur. Həmin vaxt pəncərənin sınmış şüşələrinin qırıntılarının dükana töküldüyünü görmüşdür. Bundan sonra dükandan oğurluq edildiyini bilmişdir. Buna görə də dərhal polis şöbəsinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra dükana baxmağa başlamışdır. Dükanda olan tərəzinin alt hissəsinə baxdıqda ora qoyduğu 600 manat pulun, tərəzinin yanındakı qutunun içərisində olan 90 manat pulun, 4 ədəd 2 manatlıq, 2 ədəd 1 manatlıq konturların, həmçinin “LD” və “PALL MALL” markalı siqaretlərin yerində olmadığını görmüşdür. X1 dəymiş ziyanı tam ödəmişdir və barışmışlar. Ondan şikayət və tələbi yoxdur. Qeyd etdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirdi ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasına gəlməmiş Şahid elan olunmuş ifadəsində göstərilmişdir ki, Şamaxı rayonu Qonaqkənd kəndində qeydiyyatda olsa da hazırda Abşeron rayonu Müşviq qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir. Özünə məxsus “Dacia Lodgy minik” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksilik fəaliyyəti ilə məşqul olur, Müşviq qəsəbəsindən 20 yanvar dairəsinə müştərilər aparır. 21 may 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Müşviq qəsəbəsindən üç nəfər müştəri götürərək 20 yanvar dairəsinə doğru hərəkət etmişdir. Bakı şəhərində 20 yanvar dairəsinə çatdıqda iki nəfər tanımadığı müştəri avtomobildən düşmüş, digər müştəri isə onu Yardımlı rayonuna aparıbgətirə biləcəyini soruşmuşdur. O da apara biləcəyini bildirmişdir. Həmin şəxs yol pulu olaraq 120 manat pul verəcəyini demişdir. O, internetdə Yardımlı rayonuna qədər olan məsafəyə baxaraq həmin şəxsi 150 manata aparıb-gətirə biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmışdır. Bundan sonra həmin şəxs avtomobilə əyləşmiş, Yardımlı rayonuna doğru hərəkət etmişlər. O, həmin şəxsdən adını soruşmuş, həmin şəxs adının Elcan olduğunu bildirmişdir. O da həmin şəxsə adının Elvin olduğunu demişdir. Həmin şəxs yol boyu mobil telefonda qızla danışmışdır. Həmin şəxs Yardımlı rayonunda tanışı ilə görüşüb qayıdacağını demişdir. 22 may 2023-cü il tarixdə gecə saat 03 radələrində Yardımlı rayonuna gəlmişlər. Yardımlı rayonunda dəmir körpünü keçdikdən sonra tanımadığı yerdə Elcan ona avtomobili saxlamasını bildirmişdir. O da avtomobili saxlamışdır. Elcan ona 15-20 dəqiqəlik işinin olduğunu, işini qurtarıb qayıdacağını demişdir. Elcanın onu aldadacağını düşündüyü üçün ona şəxsiyyət vəsiqəsini avtomobildə qoymasını demiş, Elcan da şəxsiyyət vəsiqəsini avtomobilin ön oturacağının üzərində qoyaraq getmişdir. Təxminən 15-20 dəqiqə sonra Elcan avtomobilin yanına qayıtmış, avtomobilə əyləşmiş və geri qayıtmalarını bildirmişdir. O, Elcandan işini qurtarıb-qurtarmamasını soruşmuş, Elcan da tanışı ilə görüşdüyünü bildirmişdir. Bundan sonra avtomobili idarə edərək Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində Elcan adlı şəxs ona 150 manat pul vermiş və avtomobildən düşərək getmişdir. Bundan sonra Elcan adlı şəxsi görməmişdir. Elcan adlı şəxsin dükandan oğurluq etməsindən məlumatı olmamışdır. “Dacia Lodgy minik” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin 21 may 2023 və 22 may 2023-cü il tarixlərdə hərəkət istiqamətlərinin görüntülərini özündə əks 1(bir) ədəd CD-yə məhkəmə iclasında baxış keçirilmiş və həmin videçəkilişdən görünür ki, “Dacia Lodgy minik” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil 22 may 2023-cü il tarixdə saat 00:03-də Ələt-Astara yolunun 14,8 km-də Astara istiqamətində, həmin tarixdə saat 00:27-də Ələt-Astara yolunun 53,5 km-də Astara istiqamətində, həmin tarixdə saat 00:31-də Ələt- Astara yolunun 58 km-də Astara istiqamətində, həmin tarixdə saat 00:55-də Ələt-Astara yolunun 100,5 km-də Astara istiqamətində, həmin tarixdə saat 01:11-də Ələt-Astara yolunun 124,7 km-də Astara istiqamətində, həmin tarixdə saat 01:17-də Ələt-Astara yolunun 135,4 km-də Astara istiqamətində, həmin tarixdə saat 04:57-də Ələt-Astara yolunun 118,2 km-də Ələt istiqamətində, həmin tarixdə saat 05:22-də Ələt-Astara yolunun 76-cı km-də Ələt istiqamətində, həmin tarixdə saat 06:08-də Ələt-Astara yolunun 58-cı km-də Ələt istiqamətində hərəkətdə olmuşdur. Dacia Lodgy minik” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin 22 may 2023-cü il tarixdə saat 06:08-də Ələt-Astara yolunun 58-cı km-də Ələt istiqamətində hərəkətdə olmasını, həmin tarixdə saat 06:15-də Ələt-Astara yolunun 46,5-ci km-də Ələt istiqamətində hərəkətdə olmasını, həmin tarixdə saat 06:19-da Ələt- Astara yolunun 38,8-ci km-də Ələt istiqamətində hərəkətdə olmasını, həmin tarixdə saat 06:25-də Ələt-Astara yolunun 29-cu km-də Ələt istiqamətində hərəkətdə olmasını, həmin tarixdə saat 06:30-da Ələt-Astara yolunun 20,7-ci km-də Ələt istiqamətində hərəkətdə olmasını, həmin tarixdə saat 06:33-də Ələt-Astara yolunun 14,8-ci km-də Ələt istiqamətində hərəkətdə olmasını özündə əks etdirən fotoşəkillərdə Təqsirləndirilən şəxs avtomobilin sağ ön oturacağında əyləşməsi aşkar olunmuşdur. Hadisə yerinə “ baxış keçirilməsi” haqqında 22.05. 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq cinayət əməlinin törədildiyi yer Yardımlı şəhəri Ünəç küçəsində yerləşir. Dükanın ön hissəsində aliminium materialdan hazırlanmış bir ədəd ağ qapı və iki ədəd pəncərə vardır. Giriş qapısının sağ və sol hissələrində pəncərələr yerləşir. Dükanın qərb hissəsində yerləşən bir ədəd plastik materialdan hazırlanmış pəncərənin şüşəsi sındırılmış vəziyətdədir. Dükanın qapısı sahibi tərəfindən açılmış və dükana daxil olmuşlar. Dükanın içərisində şüşə qırıntıları, həmçinin şüşəsi sındırılmış pəncərənin kənar hissəsində olan plastik hissə sınaraq dükanın içərisinə düşmüşdür. Baxış zamanı hadisə yerindən beş ədəd əl-barmaq və iki ədəd ovuc izləri götürülmüşdür. Azərbaycan Respublikası Məhkəmə X2 Regional Bölməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasınınn 11 iyul 2023-cü il tarixli, 19/658 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 qutu “LD X13” markalı filtrli siqaretin 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 3,30 manat, təqdim edilməmiş malların 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 18,90 manat müəyyən edilir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 25 iyun 2023-cü il tarixli, 1795 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları(diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək, öz maraqlarını üstün tutmaq və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 11 iyul 2023-cü il tarixli, 19\658 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 06 iyun 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yardımlı rayon məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şahid əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Yardımlı Peşə Məktəbinin direktorunun 02 iyun 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oxuduğu məktəbdə müsbət xarakterizə edilir. X6 Publik Hüquqi şəxsin 30 may 2023-cü il tarixli, 5-176 sayı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı RMX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki,məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahid ifadəsi, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.3-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olaraq ciayət törətməsi, zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tam ödəməsi Cinayət Məcəlləsinin 59.1.2., 59.1.12. və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallardır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun ailə vəziyyətini, təhsil yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. X4 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə izah olunur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun tərbiyə şəraitini, sosial və ailə vəziyyətini, əqli və psixiki inkişaf səviyyəsini nəzərə alır. Göstərilənləri məhkəmə Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, onun ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsinin sanksiyası daxilində məhz azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsini, cəzanın məqsədinə nail olmaq baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 2 (iki) ədəd 10 manatlıq, 2 (iki) ədəd 5 manatlıq, 1 (bir) ədəd 1 manatlıq pul əskinazları və 1 qutu “LD X13” markalı siqaretin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 02 ədəd CD isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01(bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X8 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 2 (iki) ədəd 10 manatlıq, 2 (iki) ədəd 5 manatlıq, 1 (bir) ədəd 1 manatlıq pul əskinazları və 1 qutu “LD X13” markalı siqaretin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və 02 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar