Məhkəmə qərarları › İş №1(038)-24/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-24/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-24/2024 24.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Elçin Məmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Yardımlı rayonu Gərsava kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Gərsava kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs toplanmış sübutların məcmusu əsasında kifayət qədər ittiham olunur ondan ötrü ki, o, meşəqırma bileti və order olmadan 2023-cü ilin dekabr ayının ortalarında 11 saylı Regional X1 Yardımlı rayonu üzrə Çayüzü meşəbəyliyinin 2 saylı meşə dolayında 24 sm diametrdə 1 ədəd, 40 sm diametrdə 1 ədəd, 48 sm diametrdə 1 ədəd, 64 sm diametrdə 1 ədəd vələs cinsli, 20 sm diametrdə 1 ədəd, 36 sm diametrdə 1 ədəd, 40 sm diametrdə 1 ədəd, 64 sm diametrdə 1 ədəd fıstıq cinsli olmaqla ümumilikdə 10,28 m3 həcmində 8 ədəd ağacları özündə olan motorlu mişarla qəsdən qanunsuz olaraq kəsməklə dövlət meşə fonduna 1055,18(min əlli beş manat on səkkiz qəpik) manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı kəndə qaz xətti çəkilmədiyi üçün payız və qış aylarında yaşadığı evi odun sobası ilə qızdırırlar. Məşə ərazisi onun yaşadığı evdən təxminən 2 km aralıqda yerləşir. O, meşə sahəsindən 8 ədəd yaş köküsdtə ağacları özünə məxsus olan motorlu mişarla kəsmiş və ulaqla yaşadığı evə aparmışdır. Meşədən odun gətirmək üçün bilet almağa maddi imkanı olmadığı üçün bilet ala bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, həmçinin himayəsində 2 azyaşlı uşağının olmasını və X5 iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs 11 saylı Regional X1 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakı olmadan keçirilməsini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş zərərçəkmiş hüquqi şəxs 11 saylı Regional X1 nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X4 Mərkəzində baş mütəxəssis-hüquqşünas vəzifəsində işləyir. 13 fevral 2024-cü il tarixdə 11 saylı Regional X1 əməkdaşları Yardımlı rayonu ərazisində yerləşən Çayüzü meşəbəyliyinin 2 saylı meşə dolayında araşdırma aparmış, 8 ədəd müxtəlif diametrli və müxtəlif cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Tərtib edilmiş həcm-qiymət cədvəlinə əsasən həmin ağacların kəsilməsi nəticəsində meşə fonduna ümumilikdə 1055,18(min əlli beş manat on səkkiz qəpik) maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 saylı X4 Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsində işləyir. 11 saylı Regional X1 Çayüzü meşəbəyliyinin 2 saylı meşə dolayının sabiq gözətçisi Şahid2 11 saylı Regional X2 həmin dolayda 8 ədəd qanunsuz ağac kəsilməsi barədə məlumat vermişdir. Həmin məlumatın araşdılması rəhbərlik tərəfindən ona tapşırılmış və o,həmin əraziyə gedərək əraziyə baxış keçirmiş və bu barədə akt tərtib edilmişdir. Həmin vaxt ağacların kim tərəfindən kəsilməsini müəyyən etmək mümkün olmamışdır. O, tərtib edilmiş aktı müəssisəyə təqdim etmiş və həmin sənədlər müəssisə tərəfindən Meşələrin İnkişafı Xidmətinə, oradan isə araşdırma aparılması üçün Prokurorluğa göndərilmişdir. Aparılmış istintaq zamanı ağacların Yardımlı rayonu Gərsava kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin may ayından 2024-cü ilin yanvar ayının 30-na kimi 11 saylı regional X1 Yardımlı rayonu ərazisində yerləşən Çayüzü meşbəyliyinin 2 saylı meşə dolayının gözətçisi vəzifəsində işləmişdir. 11 yanvar 2024-cü il tarixdə o, meşə dolayını gəzərkən 4 ədəd fındıq cinsli və 4 ədəd vələs cinsli ağacların qanunsuz kəsilməsini və həmin ağacların kəsildiyi yerdə qalmasını aşkar etmişdir. Bundan sonra o, bu barədə 11 saylı regional X2 məlumat vermişdir. O, işdən azad olduqdan sonra Mərkəzin əməkdaşları həmin əraziyə baxış keçirmiş və ağacların kəsilməsini görmüşlər. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş: «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 24 aprel 2024-cü il tarixdə 11 saylı regional X1 Yardımlı rayonu ərazisində yerləşən Çayüzü meşbəyliyinin 2 saylı meşə dolayının ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı Baş prokurorluğa daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı həmin dolayda müxtəlif diametrli və cinsli 8 ədəd yaş köküstə ağacların qanunsuz kəsildiyi aşkar edilmişdir. Məhkəmə Əmtəşunaslıq Ekspertizasının 25 iyun 2024-cü il tarixli 19/494 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 11 saylı Regional X1 təqdim etdiyi xx.xx.2024-cü il tarixli 003948 nömrəli akt və ona əlavə edilmiş həcm qiymətləndirilməsi cədvəlinə, 11 saylı RMTM-nin Çayüzü meşəbəyliyinin 2 saylı meşə dolayında 8 ədəd müxtəlif cinsli və diametrli olan ümumi həcmi 10,28 m3 ağacların qanunsuz kəsilməsi nəticəsində AR-nın Nazirlər Kabinetinin xx.xx.1993-ü il tarixli 636 saylı qərarına və bu qərara əlavə edilmiş xx.xx.2019cu il tarixli 30 saylı qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1.055,18 manat müəyyən edilir. 25 iyun 2024-cü il tarixli «ekspertiza xərclərinə dair bildiriş»dən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat təşkil edir. 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 sentyabr 2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. "xxxx" ASC-nin ödəniş qəbzlərindən görünür ki. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə, həmçinin məhkəmə istintaqının gedişində dövlət meşə fonduna vurduğu 1.055,18 manat dəyərində ziyanı 11 saylı Regional X1 hesabına tam şəkildə ödəmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin 19 sentyabr 2024-cü il tarixli, 251 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Kürəkçi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Medallarının Vəsiqələrinin surətindən görünür ki. Təqsirləndirilən şəxs Vətən Müharibəsi veteranıdır, «Vətən müharibəsi iştirakçısı», «Xocavəndin azad olunmasına görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı Regional X1 11 iyun 2024-cü il tarixli etibarnaməsindən və həmin tarixli məktubundan görünür ki, baş mütəxəssis-hüquqşunas Nümayəndə 11 saylı Regional X1 adından məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində təmsil edilməsi etibar edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahid fadəsi, baxış keçirilməsi protokolu, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Belə ki, CM-nin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 259.1-ci maddəsində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində «külli miqdar» dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl CM-nin CM-in 259.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə edilməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə, Vətən Müharibəsi veteranı olmasını, «Vətən müharibəsi iştirakçısı», «Xocavəndin azad olunmasına görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif olunmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 259.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 259.1-ci maddəsinin sanksiyası daxilində islah işi növündə cəzaya məhkum edilməsini cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində aylıq qazancından dövlət nəfinə 10(on) faiz məbləğində pul tutulmaqla 6(altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğu cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından ilkin məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar