Məhkəmə qərarları › İş №1(038)-25/2025

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-25/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-25/2025 20.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ

1. GİRİŞ HİSSƏ

X8 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Yardımlı rayonu, Honuba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yardımlı rayonu, Honuba kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundandan sonra CM-nin) 315-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:

2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində meşə məhsullarının buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 11 saylı X6 Mərkəzinin 2 saylı meşəbəyliyinin 4A saylı meşə dolayının ərazisinə icazəsiz daxil olaraq qanunsuz olaraq kəsilmiş vələs cinsinə məxsus ağacın odunlarını yığarkən həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən, yəni ona tapşırılmış (həvalə olunmuş) dolayda oduncağın buraxılışı zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi, meşə məhsullarının buraxılışı orderi olmadan məhsul buraxılışına icazə verilməməsi, qırma sahəsinə qeydə alınmış ağaclardan kənar ağacların kəsilməsinə və götürülməsinə icazə verilməməsi vəzifəsini həyata keçirən və hakimiyyət nümayəndəsi hesab olunan 4A saylı meşə dolayının meşə gözətçisi Zərərçəkmiş şəxs icrası vətəndaşlar üçün məcburi olan qanuni tələblərinə məhəl qoymayaraq əlindəki soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı baltanın tiyəsinin küt hissəsi ilə sonuncuya qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs başın sol təpə nahiyyəsi, sol saidin yuxarı 1/3-nin bayır hissəsinin əzilmiş yarası, sol dirsək oynağı nahiyyəsinin və burnun sol yan hissəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmiş, bununla da hakimiyyət nümayəndəsinə xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etməklə müqavimət göstərmişdir.

2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: təqsirləndilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 315-cimaddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə meşədən quqru odun toplayıb ulaqla evə gətirmək istərkən meşə gözətçisi Zərərçəkmiş şəxs onun yanına gəlmiş və ona meşəyə qanunsuz girdiyinə görə iradını bildirmişdir. Həmin vaxt Cəfər onunü ünvanına nalayiq ifadələr işlətmiş və aralarında mübahisə yaranmışdir. Şəkər xəstəsi olduğu üçün əsəbləşmiş və yerdən ağac parçasını götürüb Cəfərin qol nahiyyəsinə vurmuş, Cəfər isə ətraflarında olan baltanı götürüb onun üstünə gəlmişdir. O, baltanı Cəfərin əlindən almaq istərkən balta Cəfərin baş nahiyyəsinə dəymişdir. Zərərçəkmiş şəxs ilə həmkəndlidir və onunla barışmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi göstərdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 11 saylı X6 Mərkəzinin 2 saylı meşəbəyliyinin 4A saylı meşə dolayında meşə gözətçisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində meşə dolayına daxil olarkən Təqsirləndirilən şəxs ulaqla meşədən odun yığdığını görüb onun yanına getmişdir. O, Təqsirləndirilən şəxs meşəyə qanunsuz girdiyini bildirmiş və ona öz iradını bildirmişdir. Müşviq isə meşəyə qanunsuz girsə belə da olsa yığdığı odunları aparacağını bildirmişdir. Həmin vaxt Müşviq əlində balta ona tərəf gəlmiş və baltanı onun ayağı istıqamətində fırlatmışdır. O, gerə çəkilmiş və yerə yıxılmışdır. Həmin vaxt o, Müşviqi tutmaq istəmiş, bu zaman balta onun baş nahiyyəsinə dəymişdir. Təqsirləndirilən şəxs müşədən çəxıb getmiş, o isə özünə gəldikdən sonra hadisə barədə həmin ərazinin meşəbəyisi işləyən Cavidan Baxışlıya bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi göstərdi. Zərərçəkmiş şəxs çıxışında Təqsirləndirilən şəxs barışdığını və şikayətinin olmadığını nəzərə alaraq ona cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid2 Təqsirləndirilən şəxs onun oğlu olduğunu bildirmiş və buna görə də Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək, ifadə verməkdən imtina etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı xx.xx.2025-ci il tarixdə müşə gözətçisi Zərərçəkmiş şəxs onun mobil telefonunana zəng edərək məlumat vermişdir. Cəfər ona bildirmişdir ki, Müşviqlə müşədən qanunsuz odun çıxardığı üçün dalaşmışlar və Müşviq onu balta ilə vurmuşdur. Bundan sonra o hadisə ilə bağlı idarəyə polis şöbəsinə məlumat vermişdir. 2.1.1.2. cinayət işinin materialları:

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, Cəfər 2 saylı meşəbəyliyin 4A saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun atası Şahid2 ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. Cəfər onların evinə tez-tez gəlib-getmişdir. Təxminən 8-9 ay əvvəl atası ilə Cəfər Honuba kəndi ərazisində yerləşən Ramazan dərəsinin yuxarı hissəsində yeyib-içən vaxt ikisidə sərxoş vəziyyətdə olmuşlar, atası həmin vaxt yıxılaraq dərəyə düşmüş və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həmin hadisə ilə bağlı Yardımlı RPŞ-da araşdırma aparılsa da, o düşünmüşdür ki, Cəfər atasını itələyərək dərədən yıxılmasına səbəb olmuşdur. Buna görə də o, həmin hadisədən sonra Cəfərlə ünsiyyəti kəsmişdir, lakin atasının Cəfərlə arasındakı münasibət isə normal olmuşdur. 09 iyul 2025-ci il tarixdə atası Şahid2 Honuba kəndi ərazisində 4A saylı meşə dolayısına gedərək quru ağacı kəsərək doğramışdır. O da həmin doğranmış ağacları daşımaq üçün 10 iyul 2025-ci il tarixdə meşə ərazisinə getmiş, saat təxminən 10:30 radələrində o, evi istiqamətində hərəkət edən zaman Cəfərlə yolda rastlaşmışdır. O, evə gedib odunları evin həyətinə boşaltdıqdan sonra yenidən odunları daşımaq üçün meşəyə qayıtmışdır. Özü ilə balta da aparmışdır ki, doğranmış odunları kəsmək zərurəti yaransa, istifadə etsin. Odunları ulağa yükləyən zaman Cəfər yaxınlaşaraq ondan icazə almadan niyə meşə sahəsinə daxil olduğunu, odunları topladığını soruşmuş, o isə Cəfərə odunların quru olduğunu, quru odunların meşə ərazisindən daşınmasına icazə lazım olmadığını bildirmişdir. Cəfər ona quru odunların daşınmasının inzibati və cinayət məsuliyyəti yaratdığını bildirmişdir. Bu vaxt Cəfər icazəsiz meşə sahəsinə daxil olduğuna görə onun ünvanına nalayiq söyüşlər səsləndirmiş, o, Cəfərə ağır şəkər xəstəsi olduğunu və ondan uzaq olmasını dəfələrlə bildirmişdir. Lakin Cəfər onun dediklərinə heç bir əhəmiyyət verməmiş və təhqiramiz ifadələr səsləndirməyə davam etmişdir. Cəfər onu söydüyü üçün əsəbləşmiş, əlində olan odun parçası ilə onun üzərinə gedib xəsarət yetirmək istəmiş, bu vaxt Cəfər onun kənara qoyduğu baltanı götürərək üzərinə gələrək baltanın kəsici hissəsi ilə sinə nahiyəsindən xəsarət yetirmək istəyən zaman o, əlindəki odunu baltanın qarşısına vermişdir. Cəfər baltanı hər iki əli ilə dəstəyin yuxarı və aşağı hissəsindən tutmuş, yenidən balta ilə ona xəsarət yetirmək istəyəndə özünü müdafiə etmək üçün odun ilə onun sol qolunun dirsək nahiyəsinə xəsarət yetirmiş, daha sonra əlbəyaxa olduqları zaman baltanı Cəfərin əlindən almaq istəyən zaman baltanı Cəfərin baş nahiyəsinə vurmuşdur. Daha sonra o, baltanı götürüb ulağa minmiş və hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Geriyə dönüb baxanda Cəfərin ayaqüstə olduğunu, baş nahiyəsindən qan axdığını görmüşdür. Daha sonra evə gedib qonşusu X2 onu polis şöbəsinə aparmasını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020ci ilin sentyabr ayından etibarən 2 saylı meşəbəyliyinin 4A saylı meşə dolayı gözətçisi vəzifəsində işləyir. İş funksiyalarına meşədən istifadəyə dair hüquqi sənədlərin yoxlanması (dolayda meşə məhsullarının buraxılış orderini, ot çalınmasını, ov edilməsini, meşə fondu torpaqlarının istifadəyə və icarəyə verilməsini və digər normativ qaydaların yerinə yetirilməsi) və nəzarət edilməsi, bu sahədə baş verə biləcək qanun pozuntularının qarşısının alınması, meşə qanunvericiliyini pozanların qanunsuz yolla əldə etdikləri meşə məhsullarına görə qanunamüvafiq tədbir görülməsi üçün onları meşədə və ya meşədən çıxan yolda saxlanması, dolayda meşələrin tarixi və təbiət abidələrinin, kardonların, tikili qurğuların, mərz nişanlarının, kvartal dirəklərinin və s. qorunub mühafizə olunmasını yerinə yetirilməsi və digər tədbirlərin həyata keçirilməsi daxildir. O, hər gün saat 08:00-da 4A saylı meşə dolayına gedir. Saat təxminən 18:00-a kimi meşə dolayı ərazisində olur. 10 iyul 2025-ci il tarixdə, saat 12:00 radələrində Honuba kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq, meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan meşə ərazisinə daxil olaraq qurumuş vələs ağacının kəsilmiş hissələrini toplamasının şahidi olmuş, Müşviqə yaxınlaşıb meşəyə niyə icazəsiz daxil olduğunu soruşduqda Müşviq quru odunların toplanmasının qanuni olduğunu və buna görə icazəsiz meşə ərazisinə daxil ola biləcəyini və heç bir məsuliyyət daşımadığını bildirmiş, o isə quru odunların da toplanılması üçün icazənin zəruri olduğunu bildirərək Müşviqdən meşədən çıxıb getməsini dəfələrlə tələb etmişdir. Bu vaxt Müşviq əsəbi halda onun üzərinə gələrək: “yaxşı edirəm aparıram”,-demiş və sol əli ilə onun əynində olan köynəyin sağ hissəsindən, boğaz nahiyyəsindən yapışaraq əlindəki baltanın kəsici hissəsi ilə diz nahiyyəsindən zərbə endirmək istəmiş, bu vaxt o, özünü qorumaq üçün geri çəkilmiş, ona görə balta ona dəyməmiş, lakin o, arxası üstə yerə yıxılmışdır. Müşviq dərhal onun üzərinə gələrək baltanın tiyəsinin küt hissəsi ilə baş təpə nahiyyəsindən zərbə endirmiş, həmin vaxt onun gözləri qaralmış, sol əli ilə başını tutmuşdur. Bu vaxt Müşviq baltanın tiyəsinin küt hissəsi ilə onun sol qolundan da xəsarət yetirmişdir. O, həmin vaxt özünü itirmiş, təxminən 1 dəqiqə sonra başından qan açılmış, yalnız bundan sonra o görə bilmişdir. Daha sonra ayağa qalxmış və yıxıldığı zaman yerə düşmüş telefonun batareyasını götürüb telefona quraşdırmış, telefonu işlək vəziyyətə gətirmişdir. Dərhal 11 saylı X6 Mərkəzinin 2 saylı meşəbəyliyin meşəbəyisi Cavidan Baxışlıya, daha sonra isə Yardımlı RPŞ-nın rəis müavini Vüqar Bəhmənova zəng etmiş və baş vermiş hadisə barədə onlara məlumat vermiş, daha sonra evə getmişdir. Arvadı Şahid3 onun xəsarət aldığını görmüş və qışqırmağa başlamışdır. O isə arvadına sakit olmağını, qorxmamağını bildirmiş, daha sonra özünə məxsus olan Niva markalı, **-BX-*** nömrəli dövlət qeydiyyat nişanlı minik avtomobili vasitəsilə Yardımlı RPŞ-ya getmişdir. O, şöbəyə çatanda Müşviqin də orada olduğunu görmüşdür. 17 iyul 2025-ci il tarixdə Müşfiq Şükürlünün atası Şahid2 ona bildirmişdir ki, 09 iyul tarixində o, 4A saylı meşə dolayına daxil olaraq qurumuş vələs ağacını mühərrikli mişar vasitəsilə kəsmiş, Müşfiq də səhəri gün həmin kəsilmiş ağacı balta vasitəsilə hissələrə bölərək ulağa yükləyib evə daşıyırmış. 09 iyul tarixində o, meşəbəyi Cavidan Baxışlıdan bir günlük icazə alaraq Lənkəran şəhərinə əmisi Elşad Cəbiyevin arvadı Qönçə Cəbiyevin yas mərasiminə getmişdir, bununla əlaqədar o, meşə ərazisində olmamışdır. Ona görə də Şahid2 meşə ərazisinə daxil olaraq qurumuş vələs ağacının kəsilməsinin şahidi olmayıb. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər arasında ədavət və düşmənçilik olmayıb, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs 4A saylı meşə dolayının ərazisinə qanunsuz olaraq daxil olub odun daşıyan zaman ona öz iradını bildirmiş, Müşviq onun iradlarından hiddətlənərək əlində olan baltanın küt hissəsi ilə onun baş və sol qol nahiyələrindən xəsarət yetirmiş, o, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmiş, əvvəllər Təqsirləndirilən şəxs və onun atası Şahid2 meşə ərazisinə daxil olmasını görməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 34 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sol təpə nahiyyəsinin və sol saidin yuxarı 1/3-nin bayır hissəsinin əzilmiş yarası, sol dirsək oynağı nahiyyəsinin və burnun sol yan hissəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan əşyalar bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 10 iyul 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. xx.xx.2025-il il tarixli raportdan görünür ki, Yardımlı RMX-dan xx.xx.2025-ci il tarixdə saat 14:43-də Yardımlı RPŞ-nə 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs «başın təpə nahiyyəsində çapılmış, parçalanmış yara, sol saidin proksimal hissəsində əzilmiş, parçalanmış yara» diaqnozu ilə xəstəxanaya daxil olması barədə telefon məlumatı daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/832 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı baltadır, soyuq silah hesab edilmir və sonradan hansısa bir dəyişiklik edilməmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64(altmış dörd) manat təşkil edir. xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, baxış keçirilən ərazi 4A saylı meşə dolayısıdır. Hadisənin baş verdiyi yerə baxış keçirilən zaman Zərərçəkmiş şəxs xəsarət aldığını göstərdiyi yerdən 2 metr məsafədə kəsilmiş vəziyyətdə olan və kötüyü yerində qalmış bir ədəd vələs ağacı aşkar edilmişdir. Ağac kötüyünün diametri 52 sm-dir, quru haldadır və orta hissəsi boşdur. Ağac kötüyünün təxminən 2 metr yaxınlığında doğranmış quru odun parçaları mövcuddur. Meşələrin İnkişafı Xidmətinin 11 saylı X6 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-14-27- 05/2-093/2025 saylı məktubdan görünür ki, meşə sahəsindən vətəndaşlara qış yanacağı ilə təmin olunmaları üçün meşə buraxılışı orderi əsasında quru odunların verilməsi mümkündür. Yardımlı rayonu, Honuba kənd sakini Təqsirləndirilən şəxs meşə buraxılışı orderi və icazə sənədi verilməmişdir. Meşə buraxılışı orderi və ya icazə sənədi olmadan meşə sahəsindən quru odunların vətəndaşlar tərəfindən toplanması qeyri-mümkündür. 11 saylı X6 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 007545 nömrəli aktdan və həcm qiymət cədvəlindən görünür ki, vələs cinsindən 52 sm diametrli 01 ədəd kök üstə quru ağacı qanunsuz kəsib cərimə qiyməti ilə birlikdə dövlət meşə fonduna 18,36 manat məbləğində ziyan vurulmuşdur. xx.xx.2025-ci ildə Elektron prokurorluq informasiya sistemindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən əldə olunan məhkumluq haqqında arayışdan görünür ki, xx.xx.1999-cu il tarixində Yardımlı rayonu, Honuba kəndində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Yardımlı Rayon Mərkəzi Xəstəxanası X10inin 29 iyul 2025-ci il tarixli,18-1-81/2- 262/2025 nömrəli məktubundan görünür ki, Yardımlı rayonu Honuba kənd sakini Təqsirləndirilən şəxs xəstəxananın narkoloji, psixo-nevroloji, onkoloji kabinetlərində qeydiyyatda dayanmır, «Şəkərli diabet 1 tip, insulindən asılı forma» diaqnozu ilə Yardımlı RMX-da dispanser qeydiyyatında dayanır. Lənkəran şəhər Psixatriya Xəstəxanasının 30 iyul 2025-ci il tarixli,794 nömrəli məktubundan görünür ki. Yardımlı rayonu Honuba kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1999-cu il təvəllüdlü Şükürlü X3 şəhər Psixatriya Xəstəxanasında qeydiyyatda deyil. Respublika Psixiatriya Xəstəxanası X10inin xx.xx.2025-ci il tarixli, 3-28-29/2- 7401/2025 nömrəli məktubunda görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Yardımlı rayonu Honuba kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanası X10də müalicədə olmamışdır. Masallı Rayon Mərkəzi Xəstəxanası X10inin xx.xx.2025-ci il tarixli, 18-1-60/2- 1549/2025 saylı məktubundan görünür ki. Yardımlı rayonu Honuba kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:00-da «Masallı rayon mərkəzi xəstəxanası» X10inin TTTY şöbəsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 hesabına 19 (on doqquz) manat ödəniş edilmişdir. «Əşyanın maddi sübut hesab edilməsi haqqında» xx.xx.2025-cü il tarixli qərardan görünür ki, bir ədəd balta maddi sübut hesab edilmiş və saxlanılması üçün Yardımlı Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Yardımlı rayon İcra Hakimiyyəti başçısının Honuba İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 121 nömrəli arayışdan görünür ki, Şükürlü X4 rayonu Honuba kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs barışmışdır.

2.2. ƏSASLANDİRİCİ HİSSƏ:

2.2.1 əməlin tövsifi ilə bağlı:

Məhkəmə, məhkəmə istintaqında cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 315-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-nin 315-ci maddəsinə görə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin «Qeyd» hissəsində nəzərdə tutulmuş «vəzifəli şəxs» anlayışının şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında «hakimiyyət nümayəndələri» anlayışının açıqlanmasında qeyd etmişdir ki, hakimiyyət nümayəndələri dedikdə qanunverici, icra və məhkəmə hakimiyyətini həyata keçirən şəxslər, həmçinin qanunla müəyyən edilmiş qaydada onların tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi, habelə fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan şəxslər başa düşülür. Belə funksiyaları deputatlar, hökümətin üzvləri, məhkəmələrin hakimləri, qanunların icrasına nəzarəti həyata keçirən, ictimai qaydanı qoruyan, cinayətkarlıqla mübarizəni həyata keçirən, yanğın, epidemiya əleyhinə və digər təhlükəsizliyi təmin edən orqanların (polis, təhlükəsizlik xidməti, gömrük xidməti, dövlət meşə nəzarəti və s.) işçiləri, nazirliklərin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının rəhbərləri, onların müavinləri, struktur bölmələrinin rəhbərləri və digərləri həyata keçirirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 01.08. 2023-cü il tarixli, 288/ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşə gözətçisinin vəzifə təlimatı”nda; ona tapşırılmış (həvalə olunmuş) dolayda meşələrin, tarixi və təbiət abidələrinin, karbonların (meşəçi evlərinin), tikili və qurğuların, mərz nişanlarının, kvartal dirəklərinin və s qorunub mühafizə olunmasını yerinə yetirir; meşədən istifadəyə dair hüquqi sənədləri yoxlayır (Dolayda meşə məhsullarının buraxılış orderini, ot çalınması, ov edilməsini, meşə fondu torpaqlarının istifadəyə və icarəyə məsini və digər normativ qaydaların yerinə yetirilməsini) və nəzarət edir, bu sahədə baş verə biləcək qanun pozuntularının qarşısını alır; meşə qanunvericiliyini pozanların qanunsuz yolla əldə etdikləri meşə məhsullarına görə qanunamüvafiq tədbir görülməsi üçün onları meşədə və ya meşədən çıxan yolda saxlayır, əgər meşə qanunvericiliyini pozan şəxsi, meşə məhsulunu istifadə olunacaq yerə qədər təqib edirsə, məhsulun həmin yerdə başını bağlayır (sekvestr edir); dolayın ərazisində meşələrin qorunub mühafizə olunmasına bilavasitə məsuliyyət daşıyır; xidməti ərazisi daxilində (dolay) meşə mühafizə və nəzarət tədbirlərini lazımi şəkildə və ya müddətdə təşkil etmədiyindən təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində meşə qanunvericiliyin pozulması halları ilə bağlı müvafiq qanunvericiliklə məsuliyyət daşıyır... onun vəzifə öhdıliklərinə daxildir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində meşə məhsullarının buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 11 saylı X6 Mərkəzinin 2 saylı meşəbəyliyinin 4A saylı meşə dolayının ərazisinə icazəsiz daxil olaraq qanunsuz olaraq kəsilmiş vələs cinsinə məxsus ağacın odunlarını yığarkən həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən, yəni ona tapşırılmış (həvalə olunmuş) dolayda oduncağın buraxılışı zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi, meşə məhsullarının buraxılışı orderi olmadan məhsul buraxılışına icazə verilməməsi, qırma sahəsinə qeydə alınmış ağaclardan kənar ağacların kəsilməsinə və götürülməsinə icazə verilməməsi vəzifəsini həyata keçirən və hakimiyyət nümayəndəsi hesab olunan 4A saylı meşə dolayının meşə gözətçisi Zərərçəkmiş şəxs icrası vətəndaşlar üçün məcburi olan qanuni tələblərinə məhəl qoymayaraq əlindəki soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı baltanın tiyəsinin küt hissəsi ilə sonuncuya qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs başın sol təpə nahiyyəsi, sol saidin yuxarı 1/3-nin bayır hissəsinin əzilmiş yarası, sol dirsək oynağı nahiyyəsinin və burnun sol yan hissəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirməsi, bununla da hakimiyyət nümayəndəsinə xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etməklə müqavimət göstərməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, onun əməli CM-nin 315-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 315-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır.

2.2.2. təqsirləndirilən şəxslərə təyin ediləcək cəza ilə bağlı:

CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, törətdiyi əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, gənc olmasına baxmayaraq insulin tələbli ağır şəkərli diabet xəstəsi olmasını və ilk dəfə cinayət törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. CM-nin 315-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi CM-nin 315-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, eyni zamanda zərərçəkmiş şəxsin də ona cəza təyin edilməməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Məhz buna görə də, məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs CM-nin 315-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Məhkəmə onu da qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı yaşadığı Yardımlı rayonu Honuba kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək, Yardımlı rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır.

2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı

Maddi sübut-Yardımlı rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 1(bir) ədəd balta sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, 64 (altmış dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddia yoxdur.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.

2. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.

3. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; 3.1- yaşadığı Yardımlı rayonu Honuba kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; 3.2. - Yardımlı rayonu ərazi hüdudlarını tərk etməmək; 3.3 - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3.4 - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; 3.5-cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq;

4. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun.

5. Maddi sübut-Yardımlı rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 1(bir) ədəd balta sahibi Təqsirləndirilən şəxs qaytarılsın.

6. Ekspertiza dədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.

7. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

8. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar