Məhkəmə qərarları › İş №1(038)-3/2023

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-3/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-3/2023 16.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə. 01 avqust 1976-cı ildə Yardımlı rayonu, Tilə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fəhlə işləyən, Yardımlı rayonu, Tilə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10 aprel 2003-cü il təvəllüdlü Sevər Ağazadənin, 04 oktyabr 2005-ci il Samir Ağazadənin, 24 mart 2009-cu il təvəllüdlü Gülay Ağazadənin və 28 aprel 2010-cu il təvəllüdlü Polad Ağazadənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa 60,00 manat olmaqla, ümumilikdə 240,00 manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs qıznının xeyrinə tutulmasına dair Cəlilabad Rayon Məhkəməsinin 01 may 2015-ci il tarixli, 2(073)-843/2015 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yardımlı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 iyun 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 06 may 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 22 iyun 2022-ci il tarixədək Zərərçəkmiş şəxs 19980,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham edildiyi cinayət əməlinə görə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2001-ci ildə fktiki ailə qurmuş, rəsmi nikah 18 noyabr 2010-cu ildə bağlanmışdır. Birgə nikahdan 10 aprel 2003-cü il tarixdə Sevər Ağazadə, 04 oktyabr 20005-ci il tarixdə Samir Ağazadə, 24 mart 2009-cu il tarixdə Gülay Ağazadə 28 aprel 2010-cu il tarixdə Polad Ağazadə adında uşaqları doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 01 may 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 60,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən onun ünvanına bildiriş göndərilmiş və qətnamə üzrə aliment borcundan təqribən 50 manat ödəniş etmişdir. Qalıq aliment borclarını vaxtı-vaxtında ödəyə bilmədiyinə görə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar vermiş və Yardımlı Rayon Məhkəməsinin qərarı ilə 3 dəfə inzibati qaydada həbs olunmuşdur. 5 il Zərərçəkmiş şəxs və uşaqları ilə birlikdə Cəlilabad rayonu Əçcələr kəndində birlikdə yaşamışdır. 2020-ci ilin dekabr ayında Sevincin qardaşları onu evdən çıxartmışlar və hazırki vaxta qədər onun daimi yaşayış yeri yoxdur. Böyük qızı Zülfiyyə Ağazadənin nişanına 1500 manat pul xərcləmişdir. Zərərçəkmiş şəxs 5 il ərzində ondan aliment tələb etməmişdir. Yaranmış aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur. Hazırda iş axtarır və iş tapan kimi aliment borcunu ödəyəcəkdir. Göstərdiklərini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 23 fevral 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 01 may 2015-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 10 aprel 2003-cü il təvəllüdlü Sevər Ağazadənin, 04 oktyabr 20005-ci il təvəllüdlü Samir Ağazadənin, 24 mart 2009-cu il təvəllüdlü Gülay Ağazadənin və 28 aprel 2010-cu il təvəllüdlü Polad Ağazadənin yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 60,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment alınınaraq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs 5 il bir yerdə yaşamaları barədə yalan danışır, o, arada uşaqları görmək üçün Cəlilabad rayonu Ətçələr kəndinə gəlmiş, lakin aliment öhdəliyini 7 ildən artıq müddətdə yerinə yetirməmişdir. Təqsirləndirilən şəxs fərdi qaydada işləyir və qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir və uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyü üçün onların maddi tələbatları da xeyli artmışdır. Təkbaşına onların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Yardımlı Rayon Məhkəməsinin qərarı ilə üç dəfə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan 19980,00 manat aliment borcunu tam tələb edir. Göstərdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza növünün tətbiq edlməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yardımlı rayon icra və probasiya şöbəsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin 01 may 2015-ci il tarixli, 2(075)-843\2015 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Yardımlı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Yardımlı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 iyun 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Təqsirləndirilən şəxs icra müddətində aliment borcundan ödəniş etməmişdir. Yardımlı Rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli, 8(0380)-65/2015 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək Zərərçəkmiş şəxs 19980,00 manat aliment borcunu ödəmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Cinayət işinin materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 01 may 2015-ci il tarixli, 2(075)-843\2015 nömrəli icra vərəqsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2003-cü ildə doğulmuş X2, 04 oktyabr 20005-ci ildə doğulmuş X3, 24 mart 2009-cu ildə doğulmuş X4 və 28 aprel 2010-cu ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 60,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment alınınaraq Zərərçəkmiş şəxs verilməlidir. Cinayət işinin materiallarında olan xəbərdarlıqlardan görünür ki, Cəlilabad rayon Məhkəməsinin 01 may 2015-ci il tarixli, 2(075)-843\2015 nömrəli icra vərəqsinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs ünvanına dəfələrlə xəbərdarlıq məktubları göndərilmişdir. Cinayət işinin materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 3(038)-64\2015 nömrəli, 19 sentyabr 2016-cı il tarixli, 3(038)-54\2016 nömrəli və 08 iyun 2021-ci il tarixli, 3(038)-101\2021 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində müvafiq olaraq 3 gün, 15 gün və 10 gün müddətə inzibati həbs növündə tənbeh tədbirləri tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan Yardımlı rayon Honuba Bələdiyyəsinin 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 0,038 ha torpaq sahəsi qeydiyyata alınsa da, həmin torpaq sahəsindən istifadə olunmur. Cinayət işinin materiallarında olan X1 14 saylı ərazi Məşğulluq Filialının 20 sentyabr 2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs filiala müraciət etməmiş və “Məşğulluq”altsistemində işsiz, (işaxtaran) kimi qeydiyyata alınmamışdır. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Ağayev X6 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 09 dekabr 2022-ci il tarixdə saat 15:20 tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 05 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Honuba İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 306.1.-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında qətnaməni maddi imkansızlığı ilə əlaqədar icra edə bilməməsi barədə ifadəsinə münasibətdə qeyd edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və həmin ifadə işin halları ilə təkzib olunduğu üçün, məhkəmə onun ifadəsini sübut kimi rədd edir. Belə ki, Təqsirləndirilən şəxs yeddi ilə yaxın müddət ərzində azyaşlı uşaqlarının saxlanılması üçün təyin edilmiş alimenti ödəyə bilməməsinin səbəbini maddi imkanının və rəsmi iş yerinin olmaması kimi əsaslandırmağa çalışsa da, o, mütəmadi fərdi əməklə məşqul olmuş və gəlir əldə etmiş, əldə etdiyi gəlirdən aliment borcuna ödəməkdə maraqlı olmamışdır. İcra sənədini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs məhkəmə tərəfindən təyin edilmiş inzibati tənbehlər yetərli olmamış, icra məmuru tərəfindən görülmüş tədbirlər isə nəticə verməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi subut və məhkəmə xərci yoxdur. İş üzrə 19980,00(on doqquz min doqquz yüz səksən)manat maddi ziyanın ödənilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq saxlanıldığı müddətə görə 02 (iki) gün azadlıqdan məhrum etmə müddətinin bir gününə hesablanmaqla, üzərində 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu, məhkuma (Təqsirləndirilən şəxs) hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar