Məhkəmə qərarları › İş №1(038)-3/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-3/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-3/2024 08.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1995-ci ildə Yardımlı rayonu Honuba Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Honuba Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Yardımlı rayonu Honuba Şıxlar kəndi ərazisində yerləşən “Şıxlı kolat” adlanan sahədə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş narazılıq zamanı istintaqa məlum olmayan bərk küt əşya ilə həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs başın ənsə və sağ bazu nahiyələrinin qançırları, sağ qulaq seyvanının əzilməsi ilə müşayiət olunan ətrafı qızartılı və şişkinlik halında olan əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində şəxsi təsərrüfatında olan xırda buynuzlu heyvanları rayonun Honuba Şıxlar kəndi ərazisində yerləşən “Şıxlı kolat” adlanan yerdə otararkən həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21214” markalı avtomobil ilə həmin əraziyə gəlmiş və avtomobildən düşüb ona qoyunları həmin ərazidən çıxarmasını bıldirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onu nalayiq söyüşlərlə təhqir etmişdir. O, Farizdən söyüşlərini dayandırmasını tələb etsədə, hərəkətlərini davam etdirdiyinə görə əsəbləşib əlindəki ağaç parçası ilə Zərərçəkmiş şəxs bir-neçə zərbə vurmuşdur. Hazırda törətdiyi əməlindən peşman olmuş, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və himayəsində bir azyaşlı uşağı vardır. Ona görə də, göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,Yardımlı rayonu Honuba Şıxlar kəndində yaşayır və həmkəndlisi X1 rayonun Honuba Şıxlar kəndi ərazisində yerləşən pay torpaq sahəsini payız aylarında müvəqqəti istifadə etmək üçün ona vermişdir. Lakin həmkəndlisi Təqsirləndirilən şəxs şəxsi təsərrüfatında olan xırda buynuzlu heyvanları mütəmadi Səmid Cəfərovun ona verdiyi torpaq sahəsində otarır. O, da Təqsirləndirilən şəxs dəfələrlə heyvanları həmin ərazidə otarmamasını bildirmişdir. 03 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində idarə etdiyi “Vaz 21214” maraklı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə gedərkən Təqsirləndirilən şəxs yenə də heyvanları həmin ərazidə otarmasını görmüşdür. O, idarə etdiyi avtomobil ilə həmin əraziyə getmiş və Təqsirləndirilən şəxs öz iradlarını bildirmişdir. Təqsirləndirilən şəxs heyvanları həmin ərazidən aparmayacağını bildirdikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki ağac parçası ilə onun baş və sağ qol nahiyələrinə üç-dörd zərbə vurmuşdur. O, həmin zərbələrdən xəsarətlər almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşıdır, onunla barışmışdır və onu bağışlamışdır. Ona görədə Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmaması nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəməyədək istintaq zamanı dindirilmiş və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, Yardımlı rayonu Honuba kənd tam orta məktəbində müəllim işləyir. 03 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində yaşadığı evdə olmuşdur. Həmin gün axşam saatlarında rayonun Honuba Şıxlar kəndinə qaynı Zərərçəkmiş şəxs yaşadığı evə qonaq getmişdir. Həmin vaxt Farizin baş və qol nahiyələrində xəsarətlər olmuşdur. O, Farzidən nə baş verdiyini soruşmuş, Fariz həmin tarixdə saat 16:30 radələrində rayonun Honuba Şıxlar kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs ağac parçası ilə ona zərbələr vurduğunu bildirmişdir. Həmin gün axşam saatlarında yaşadığı evə qayıtmışdır. Məhkəmə-tibbi ekspertizanın 04 noyabr 2023-cü il tarixli, 69 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- başın ənsə və sağ bazu nahiyələrinin qançırları; sağ qulaq seyvanının əzilməsi ilə müşayiət olunan ətrafı qızartılı və şişkinlik halında olan əzilmiş yarası bərk küt əşyanın/əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi 07 noyabr 2023-cü il tarixli tələbnamədən və 25 iyul 2023-cü il tarixli qərarın surətindən surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi olan məhkəməyədək sadələşdirilmiş icraata 25 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Yardımlı Rayon İHB-nın Porsova İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2022-ci il tarixdə doğulmuş Leyla adlı bir azyaşı uşağı vardır və Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də islah işi növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar,həmçinin maddi sübut , mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar