Məhkəmə qərarları › İş №1(038)-9/2023

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-9/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-9/2023 18.05.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2001-ci ildə Yardımlı rayonu Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İV kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Yardımlı şəhəri, M.Ə.Sabir küçəsi, ev 8-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonunda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 04 fevral 2023-cü il tarixdə saat 23 radələrində X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə plastik materialdan hazırlanmış qapıdan qanunsuz daxil olmuş, həmin evdən 1 ədədi 850(səkkiz yüz əlli) manat olmaqla 5100(beş min bir yüz) manat dəyərində 6(altı) ədəd hər biri 10 qram çəkidə 585 əyarlı qızıllar, 1 ədədi 425(dörd yüz iyirmi beş) manat olmaqla 850(səkkiz yüz əlli) manat dəyərində 2(iki) ədəd hər biri 5 qram çəkidə 585 əyarlı qızıllar, 1 ədədi 637,50(altı yüz otuz yeddi manat əlli qəpik) manat olmaqla 2550(iki min beş yüz əlli) manat dəyərində 4(dörd) ədəd hər biri 7,5 qram çəkidə 583 əyarlı qızıllar, 1275(bir min iki yüz yetmiş beş) manat dəyərində 1(bir) ədəd 15 qram çəkidə 583 əyarlı qızıl boyunbağı, 1700(bir min yeddi yüz) manat dəyərində 1(bir) ədəd 20 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, 1105(bir min yüz beş) manat dəyərində 1(bir) ədəd 8 qram çəkidə 585 əyarlı qızıl üzük və 1(bir) cüt 5 qram çəkidə 585 əyarlı dəst halında qızıl sırğa, 680(altı yüz səksən) manat dəyərində 1(bir) ədəd 8 qram çəkidə 585 əyarlı qızıl üzük, 425(dörd yüz iyirmi beş) manat dəyərində 1(bir) cüt 5 qram çəkidə 583 əyarlı qızıl sırğa, 1275(bir min iki yüz yetmiş beş) manat dəyərində 1(bir) ədəd 15 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, 1 ədədi 340(üç yüz qırx) manat olmaqla 680(altı yüz səksən) manat dəyərində 2(iki) ədəd hər biri 4 qram çəkidə 583 əyarlı uşaq bilərzikləri, 850(səkkiz yüz əlli) manat dəyərində 1(bir) ədəd 10 qram çəkidə 585 əyarlı qızıl üzük, 12(on iki) manat dəyərində 1(bir) ədəd 7,19 qram çəkidə metalı mis-sink əsaslı ərintidən hazırlanmış üzük, 788(yeddi yüz səksən səkkiz) manat dəyərində 1(bir) ədəd 7,77 qram çəkidə qara rəngli və ağ şəffaf qaşları olan deformasiya uğramış 585 əyarlı qızıl üzük, 518(beş yüz on səkkiz) manat dəyərində 1(bir) ədəd 6,09 qram çəkidə 583 əyarlı qızıl üzük, 478(dörd yüz yetmiş səkkiz) manat dəyərində 1(bir) ədəd 5,63 qram çəkidə 1 ədəd qırmızı rəngli qaşı olan 583 əyarlı qızıl üzük, 304(üç yüz dörd) manat dəyərində 1(bir) ədəd 3,58 qram çəkidə 583 əyarlı qızıl üzük, 176(bir yüz yetmiş altı) manat dəyərində 1(bir) ədəd 1,60 qram çəkidə üzərində kürə formalı elementləri olan 750 əyarlı qızıl üzük, 303(üç yüz üç) manat dəyərində 1(bir) ədəd 3,57 qram çəkidə üzəri naxışlı 583 əyarlı qızıl üzük, 631(altı yüz otuz bir) manat dəyərində 1(bir) ədəd 7,43 qram çəkidə üzərində 1 ədəd yaşıl qaşı və ağ şəffaf qaşları olan 583 əyarlı qızıl sırğa cütü-üzük dəsti, 145(bir yüz qırx beş) manat dəyərində 1(bir) ədəd 1,71 qram çəkidə üzərində naxışları olan 585 əyarlı qızıl sırğa cütü və 350(üç yüz əlli) manat pulu gizli yolla talayaraq zərərçəkmiş şəxs Sabir İsmayılova ümumilikdə xeyli miqdarda yəni, 20195 (iyirmi min yüz doxsan beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham edildiyi cinayət əməlinə görə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasındə təhsil alır və Bakı şəhəri Xətai rayonu ərazisində kirayədə yaşayır. 04 fevral 2023-cü il tarixdə atasının əmisi oğlu X3 toy mərasimində iştirak etmək üçün Yardımlı şəhərinə gəlmişdir. Həmin tarixdə saat 21 radələrinə qədər toyda iştirak etmiş və spirtli içki qəbul etmişdir. Toy başa çatdıqdan sonra Şahid görmüşdür. Sərxoş olduğuna görə oğurluq etmək qərarına gəlmiş və Şahid qonşusu X4 məxsus evə oğurluq etmək üçün girməyi təklif etmişdir. Lakin Sadiq onunla razılaşmamışdır. Sonra Sadiqə orada gözləməsini, yaşadığı evə gedib gələcəyini bildirmişdir. Evdə təxminən 30-40 dəqiqə qalmışdır və evdən bir cüt qara rəngli əlcək götürüb körpünün yanına qayıtmışdır. Həmin vaxt artıq Sadiqin orada olmadığını görmüşdür. Bundan sonra əlcəyi əlinə geyinmiş və Sabir İsmayılovun yaşadığı evin hasarına yaxınlaşmışdır. Həmin vaxt hasardan atlanaraq su çəni olan hissədən evin həyətyani sahəsinə daxil olmuş və evin ön hissəsində olan plastik qapının tam bağlanmadığını görmüş, giriş qapısının kənarında olan dəmirin üstünə çıxaraq qapını itələmiş, qapı açılmış və evə daxil olmuşdur. Bundan sonra evin orta otağına getmiş, həmin otaqda olan şkafları axtarmağa başlamışdır.Otaqda olan taxtın kənarındakı şkafa baxdıqda orada olan dəmir vedrənin içərisində sellofan torbanın olduğunu görmüşdür. Həmin sellofan torbanın içərisində 6-7 ədəd əski parçası olmuşdur. O, əskilərin içərisinə baxdıqda onların içərisində qızıl-zinət əşyalarının olduğunu görmüş, buna görə də içərisində qızıl-zinət əşyaları olan üç ədəd əskini götürərək əynində olan gödəkçənin cibinə qoymuşdur. Bundan sonra evə daxil olduğu qapıdan həyətə tullanmış, evin həyətinə daxil olduğu hissədəki hasardan tullanaraq evin həyətyani sahəsini tərk etmişdir. Yaşadığı evə gəlmiş, evdə olan eynək qabını götürmüş, həmin əskilərin arasında olan qızılları eynək qabına yığmışdır. Bundan sonra həmin əski parçalarını və əlcəklərini yaşadığı evin yaxınlığında olan çaya atmışdır. Sabir İsmayılova məxsus evdən oğurladığı qızılları yaşadığı evin birinci mərtəbəsində olan açılıb-bağlanan stolun arasına qoymuş, sonra yatmışdır. 06 fevral 2023-cü il tarixdə saat 09-10 radələrində taksi ilə Bakı şəhərinə getmiş, qızıllar isə yaşadığı evdə stolun arasında qalmışdır. Oğurladıqdan sonra gizlətdiyi qızılların yerini istintaqa demiş, həmin qızıllar götürülmüşdür. Səhfini başa düşüb, əməlindən peşman olmuşdur. Məhkəmədən cəza təyini zamanı gənc olmasını, ilk dəfə cinayət törətməsini və zərər çəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini, onun sağlığında özü ilə barışmasını nəzərə alaraq ona yangül cəza verilməsini xahiş etdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə ifadəsi elan olmuş mərhum zərərçəkmiş şəxs X1 ifadəsindən görünür ki, Ukrayna Respublikasında yaşayan oğlu Müşviq Bakı şəhərinə gəldiyi üçün 03 yanvar 2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə birlikdə oğlu Müşviqlə görüşmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gedən zaman yaşadıqları evin giriş qapılarını və pəncərələri bağlamışlar. Evdə olmadıqları müddətdə qardaşı arvadı X2 yaşadıqları evin həyətyani sahəsinə nəzarət etməyi xahiş etmişlər. 09 fevral 2023-cü il tarixdə yaşadıqları evə qayıtmaq istəmişlər. Buna görə də qardaşı arvadı Təranə Məmmədova ilə əlaqə saxlayaraq evin su krantlarını açmasını və istilik sistemini qoşmasını xahiş etmişlər. Yardımlı rayonuna gələrkən Təranə Məmmədova onlarla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq evdəki əşyaların dağınıq olduğunu və çox güman evə oğru girdiyini bildirmişdir. Bundan bir-neçə saat sonra Yardımlı şəhərinə yaşadıqları evə gəlmişlər. Evə baxan zaman evin giriş qapısının sol hissəsində yerləşən plastik materialdan hazırlanmış qapının açıq olduğunu görmüşdür. Bundan sonra evə baxmış, evin iki otağında olan əşyaların tamamilə dağıdıldığını görmüşdür. Evin orta otağına qoyduqları qızıl-zinət əşyalarının yerində olub-olmaması ilə maraqlanmış, həmin otaqda olan şkafın içərisinə baxdıqda sellofan torbalarda qoyduqları qızılzinət əşyalarının olmadığını görmüşdür. Həmin sellofan torbalarda 6 ədəd 10 qramlıq qızıllar, 2 ədəd 5 qramlıq qızıl, 4 ədəd 7,5 qramlıq qızıllar(imperial), 1 ədəd qızıl boyunbağı(nargilə), 1 ədəd qızıl boyunbağı(hilgilə), 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğa dəst halında, 2 ədəd qaşsız qızıl üzük, 1 ədəd qırımızı rəngli qaşı olan qızıl üzük, 1 ədəd brilliant qaşlı qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd üzərində bir ədəd yaşıl rəngli balaca qaşı olan üzük, 1 ədəd üzərində ağ rəngli balaca qaşları olan qızıl üzük, 2 ədəd qızıl uşaq bilərzikləri, 1 ədəd yaşıl rəngli qaşı olan qızıl üzük və 1 ədəd qara rəngli qaşı olan qızıl üzük olmuşdur. Həmçinin şkafla üzbəüz olan yorğan döşəklərin arasında olan 350 manat pul da orada olmamışdır. Bundan sonra həmin əşyaların oğurlanmasından əmin olmuş və bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Baxış və götürmə keçirilməsi haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 14 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Yardımlı şəhəri, M.Ə.Sabir küçəsi, ev 8-də yerləşən fərdi yaşayış evinin dəhlizində yerləşən stolun alt hissəsindən zərərçəkmiş şəxs X4 məxsus 7 ədəd üzük, 1 ədəd sırğa cütü-üzük dəsti və 1 ədəd sırğa cütü aşkar edilərək götürülmüşdür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2023-cü il tarixli 6/1128-9/1450 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların metalı, əyarı, çəkisi, üzərində olan qaşların təbiəti və digər göstəriciləri ayrı-ayrılıqda tədqiqi hissədə göstərilmişdir. Aparılmış fizikikimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim olunmuş məmulatların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3355 manat müəyyən edilir. Tədqiqata təqdim edilməsi mümkün olmayan məmulatların 04 fevral 2023-cü il tarixə orta nəzəri qiymətləri ümumilikdə təxminən 16490 manat müəyyən edilir. Ayrı-ayrılıqda qiymətlər tədqiqi hissədə göstərilmişdir. “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X10 21 fevral 2023-cü il tarixli 2-49 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Ekspert xərclərinə dair 28 fevral 2023-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etmişdir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyi və onun əməli düzgün tövsif edildiyi üçün ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs oğlunun törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3. və 177.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Yardımlı şəhər inzibati Ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 17 mart 2023-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Yardımlı Rayon Qeydiyyat Şöbəsinin 10 aprel 2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş arayışdan görünür ki, zərərçəkmiş şəxs X5 02 aprel 2023-cü il tarixdə beyindaxili qansızma, hipertenziyadan ölmüşdür. 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ölmüş zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır. Zərərçəkmiş şəxs X1 hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir və Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, gənc olmasını, əməlindən səmimi peşman olmalarını və ilk dəfə cinayət əməlini törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 58.3-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, əməllərində cəzanı ağırlaşdıran hal olmadığını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, tələbə olmasını təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək məhkəmə hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasını təyin edib, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilməsini və sınaq müddəti müəyyən edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsində göstərilir ki, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Təqsirləndirilən şəxs üzərində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, kütləvi və digə tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş və təhsil yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin edilmiş sınaq müddətinin başlanğıcı məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş təqsirləndirilən şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumların yaşayış yeri üzrə icra məmurları həyata keçirməlidir. İş materiallarından görünür ki, Yardımlı Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarın ilə ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 16 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1,158.2.2 və 158.2.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığına olduğu müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilmlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dutaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 150 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş 20195 (iyirmi min yüz doxsan beş) manat maddi ziyan ibtidai istintaq zamanı tamamilə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış 7 ədəd üzük, 1 ədəd sırğa cütü-üzük dəsti, 1 ədəd sırğa cütü saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı və 2 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdən həbsdə və ev dustaqlığında saxlandığı 03 ay 04 gün müddət azadlıqdan məhrum etmə müddətinin bir gününə hesablanmaqla, üzərində 01 (bir) il, 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası 01(bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, kütləvi və digə tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş və təhsil yerini dəyişməmək vəzifələri qoyulsun. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ ev dutaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut kimi tanınmış 7 ədəd üzük, 1 ədəd sırğa cütü-üzük dəsti, 1 ədəd sırğa cütü saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilməsiğ nəzərə alınsın və 2 (iki) ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar