Məhkəmə qərarları › İş №1(039)-10/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-10/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-10/2023 19.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, 3-cü dərəcəli əlililyi olan, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi 27 may 2022-ci il tarixdə saat 21:00 radələrində Yevlax rayonu, Havarlı kəndində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə aparılmış, üzərində həmin gün saat 21:50-dən saat 22:15-dək olan müddətdə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarının sol yan cibində, 1 ədəd kibrit qutusunda və 11 ədəd salfet kağızına bükülmüş bükülüdə ayrı-ayrlıqda təmiz çəkiləri 4.81 qram, 0.49 qram, 0.36 qram, 0.81 qram, 0.51 qram, 0.81 qram, 0.75 qram, 0.55 qram, 0.45 qram, 0.84 qram, 0.82 qram, 1.10 qram olmaqla içərisində istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 12.34 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 24 may 2022-ci il tarixdə saat 14:00 radələrində Yevlax rayonu Havarlı kəndində “donba beli” adlanan ərazidə olarkən 1 ədəd sellofan torbanı görmüş və sellofan torbanın içərisində bir şeylər olduğunu gördüyündən torbanı götürərək baxmışdır. O, torbanın içərisinə baxan zaman torbada 14 ədəd salfet kağızına bükülmüş bükülü və 1 ədəd kibrit qutusu olduğunu görmüşdür. O, kibrit qutusunu və salfet kağızdakı bükümün içərisinə baxdıqda həmin kibrit qutusunda və salfetlərin içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. O, özü narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğundan həmin kibrit qutusunda və salfet kağızına bükülmüş bükümlərdə qurudulmuş marixuana olduğunu dərha baş düşmüşdür. Buna görə də salfet bükümlərdə olan qurudulmuş marixuanadan bir bükümünü dərhal orada siqaret giləsinin içərisinə dolduraraq istifadə etmiş, yəni çəkmişdir. O narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq yaşadığı evə aparmaqdan qorxduğu üçün həmin narkotik vasitələri tapdığı şəkildə, yəni sellofan torbada həmin ərazidən bir qədər kənarda kolluğun içərisində gizlətmiş və oradan getmişdir. O, 25 may 2022-ci il tarixdə saat 20:00 radələrində həmin yerə qayıdaraq içərisində narkotik vasitə-qurudulmuş marixuana olan torbanı gizlətdiyi yerdən götürmüş və torbanın içərisindəki salfet kağızına bükülmüş bükülüdəki qurudulmuş marixuanadan bir bükülünü götürərək orada istifadə etmişdir və içərisində narkotik vasitə-qurudulmuş marixuana olan torbanı yenidən həmin yerdə gizlətmişdir. Bundan sonra yenidən 26 may 2022-ci il tarixdə saat 20:00 radələrində həmin yerə qayıdaraq içərisində narkotik vasitə-qurudulmuş marixuana olan torbanı gizlətdiyi yerdən götürmüş və torbanın içərisindəki salfet kağızına bükülmüş bükülüdəki qurudulmuş marixuanadan bir bükülünü götürərək orada istifadə etmişdir və içərisində narkotik vasitəqurudulmuş marixuana olan torbanı yenidən həmin yerdə gizlətmişdir. O, 27 may 2022-ci il tarixdə narkotik vasitəni gizlətdiyi yerdən götürərək öz evinə aparmaq üçün saat 20:00 radələrində narkotik vasitəni gizlətdiyi yerə, yəni Havarlı kənd ərazisində “donba beli” adlanan yerə getmişdir. O, içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı gizlətdiyi yerdən götürmüş və sellafon torbanın içərisində olan 11 ədəd salfet kağızına bükülmüş bükülüdə və 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı götürərək öz evinə aparmaq üçün cibinə qoymuşdur, sellofan torbanı isə tullamışdır. Bundan sonra o, öz evinə doğru hərəkətə başlamışdır. Yaşadığı Yevlax rayonu Havarlı kənd ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişdirlər. Yevlax rayon polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkətləri aparıldı. Şəxsi axtarış və götürmə zamanı onun şalvarının cibində olan on bir ədəd salfet bükümdə və bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin bükülülər və kibrit qutusunun içərisində olan narkotik vasitələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul deyildir. O, heç kimsəyə narkotik vasitə satmamış, hədiyyə etməmiş, hər hansısa maraq müqabilində heç kimsəyə narkotik vasitə verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələri satmaq niyyəti olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələri tapdığı üçün salfet bükümlərin üzərində sıra saylarının yazılma səbəbini bilməmişdir. O, narkotik vasitə-qurudulmuş marixuananı tapan zaman narkotik vasitələr sellofan torbanın içərisində salfet kağızılara bükülmüş formada və bir ədəd kibrit qutusunun içərisində olmuşdur. O, narkotik vasitə-qurudulmuş marixuananı tapan zaman salfet kağızlarının üzərində sıra sayları yazılı vəziyyətdə olmuşdur. Lakin o, sıra saylarının yazılma səbəbini bilməmişdir. O, narkotik vasitəqurudulmuş marixuana tapması barədə heç kimsəyə heç bir məlumat verməmişdir. O, narkotik vasitə-qurudulmuş marixuananı tapan zaman və istifadə edərkən də yanımda heç kimsə olmamışdır. O, narkotik vasitə-qurudulmuş marixuanadan tək istifadə etmişdir. İlkin olaraq üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitəni 1 ay qabaq tapdığını deyərək məsuliyyətini azaldacağını düşündüyündən bu cür izahat vermişdir. Ancaq əslində o, narkotik vasitə-qurudulmuş marixuananı 24 may 2022-ci il tarixində tapmışdır. O, narkotik vasitə-qurudulmuş marixuananı tapan zaman üzərində gəzdirərək evə aparmaqdan qorxduğu üçün narkotik vasitəni kolluq ərazidə gizlətmiş və həmin gizlətdiyi yerdən götürərək istifadə etmişdir. Lakin 2 gün müddətində həmin əraziyə gedərək narkotik vasitədən istifadə etdikdən sonra onu heç kimsənin saxlamayacağını və narkotik vasitənin kolluq ərazidə məhv ola biləcəyini fikirləşdiyindən 27 may 2022-ci il tarixdə narkotik vasitəni sellofan torbadan çıxardaraq cibinə qoymuş və yaşadığı evə doğru hərəkət etmişdir. Ancaq bir qədər sonra polis əməkdaşları onu saxlamışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitədən başqa evində və ya başqa bir yerdə saxladığı narkotik vasitə yoxdur. Narkotik tərkibli çətənə kollarının əkilib-becərilməsi ilə məşğul olmamışdır. Onun əkib-becərdiyi narkotik tərkibli çətənə kolları yoxdur. O, göstərilən faktdan başqa cinayət törətməmişdir. O, 3-cü dərəcəli gözdən əlildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 3 saylı X6 filialından 3-cü dərəcəli əlil kimi 120 manat sosial müavinət alır. Bununla bağlı almış olduğu arayışı istintaqa təqdim etmişdir. Onun öhdəliyindən üç övladı var. Övladlarından xx.xx.2008-ci il təvəllüdlü X2 14 yaşı tamam olmamışdır. Digər övladı xx.xx.2004-cü il təvəllüdlü qızı Abduyeva Samirə Calal qızının isə sağlamlıq imkanı məhduddur Abduyeva Samirə Calal qızı sağlamlıq imkanı məhdud olduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 3 saylı X6 filialı tərəfindən 200 manat sosial müavinət və 80 manat Prezident təqaüdü verilir. Özünün 3-cü dərəcəli gözdən əlil olmasını və öhdəliyində sağlamlıq imkanı məhdud olan 18 yaşına çatmayan övladının olmasını yüngülləşdirici hal kimi qiymətləndirilməsini xahiş etmişdir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 27 may 2022-ci il tarixdə polis şöbəsində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Yevlax rayonu Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Yevlax rayonu Havarlı kənd ərazisindədir və onun üstündə narkotik vasitə olan qurudulmuş marixuana var. O, bu barədə rəhbərliyə məlumat vermiş və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri X3 ilə birlikdə təxminən saat 21:00 radələrində Yevlax rayonu Havarlı kəndinə çatmışdır. Təqsirləndirilən şəxs Yevlax rayonu Havarlı kənd ərazisində görmüş və ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Təqsirləndirilən şəxs onunla polis şöbəsinə getməsini bildirmiş o, da etiraz etməyib onunla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədədi kibrit qutusunda və 11 (on bir) ədəd salfet kağızına bükülmüş bükümlərdə cəmi 12,34 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. İlkin dindirmə zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu həmin marixuanaları yaşadığı Yevlax rayonu Havarlı kənd ərazisindən, “donba beli” adlanan ərazidən tapdığını, uzun müddətdir ki, narkotik vasitə olan marixuana istifadəçisi olduğunu, narkotik vasitə olan qurudulmuş marixuananı üstündə gəzdirməkdə məqsədinin istifadə etmək olduğunu bildirmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri satmaq niyyətinin olmadığını, tapmış olduğu narkotik vasitələrdən tək istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İştirakçılardan irad və təklif daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyü polis nəfəri X3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.18-19); şəxsi axtarış və götürmə haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədədi kibrit qutusunda və 11 (on bir) ədəd salfet kağızına bükülmüş bükülünün içərisindən narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 26-33); məhkəmə kimyəvi ekspertizasının 28 may 2022-ci il tarixli, 17/440 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs 1 ədəd kibrit qutusu və 11 (on bir) ədəd salfet kağız bükülüdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri-4,81 qr, 0,49 qr, 0,36 qr, 0,81 qr, 0,55 qr, 0,81 qr, 0,75 qr, 0,55 qr, 0,45 qr, 0,84 qr, 0,82 qr və 1,10 qr ümumi təmiz çəkisi 12,34 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,24 qram, ( hər ob 0.02 qr) qalıq 12,10 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər. 40-42); Yevlax Rayon Məhkəməsinin 28 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığının əvvəli 27 may 2022-ci il tarixdən hesablanmışdır. (iş vər. 76-78); maddi sübut kimi tanınma haqqında 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 12,10 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər.153-160); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.( iş vər.89); Yevlax Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ( iş vər.117-119); məhkəmə narkoloji ekspertizasının 06 iyul 2022-ci il tarixli, 946 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.122); 3 saylı X6 filialı tərəfindən 13 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüququ şəxsin 3 saylı X6 filialından 3-cü dərəcəli əlil kimi 120 manat sosial müavinət alır. (iş vər.145); Yevlax RMX-nın şöbəsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 1982-ci il Təqsirləndirilən şəxs həqiqətən də Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin vərəm xəstəxanasında xx.xx.2022-ci il tarixdən ağ ciyərin solda fibroz ocaqlı vərəmi diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş ev dustaqlığı qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuananın qalığı məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 may 2022-ci il tarixdən hesablansın. Barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 12,34 qram çəkidə narkotik vasitə olan-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar