Məhkəmə qərarları › İş №1(039)-105/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-105/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-105/2022 07.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1998-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 1(039)-156/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 iyun 2020-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 26 fevral 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 224-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,426 qram narkotik vasitə olan heroini əldə etməklə əynindəki şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, 24 fevral 2022-ci il tarixdə saat 17:30 radələrində Yevlax RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami prospektində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, Yevlax rayon polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı təmiz çəkisi 0,426 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində Yevlax şəhəri, Nizami prospektində piyada gəzərkən yolun kənarından 1 ədəd sellofan bükülü görüb götürmüşdür. Bükülüyə baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görüb özü istifadə etmək üçün əynindəki şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 17:30 radələrində Yevlax şəhəri, Nizami prospektində olarkən Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Zaur Bərxudarovu özünə vəkil seçmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, içərisində narkotik vasitə olan bir ədəd sellofan bükülünü əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. O, sellofan bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini həmin gün səhər saatlarında Yevlax şəhəri, Nizami prospektində yolun kənarından tapdığını və özü istifadə etmək üçün saxladığını demişdir. Həmin sellofan torbada olan heroin sellofan torba ilə birlikdə elektiron tərəzidə çəkmiş və çəkisi 0,49 qram olmuşdur. Əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 24 fevral 2022ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Adəmin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Adəmin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin gün saat 17:30 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə Yevlax şəhəri, Nizami prospektində olarkən Adəmi görərək ona yaxınlaşmışlar. Adəmə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu və saxlanılaraq üzərinə baxış keçirilməsi olduğunu izah etmişdir. Adəm üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Şahid2la birlikdə Adəmi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X4yə təhvil vermişlər. X2 tərtib etdiyi sənədlər əsasında Adəmi şübhəli şəxs qismində tutmuşdur. Adəm Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Xidməti iş otağında Mirzalı Əhmədzadə onun, Şahid2 və Zaur Bərxudarovun iştirakı ilə Adəmin üzərində şəxsi axtarış aparmışdır. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Adəm əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardaraq təqdim etmiş və həmin sellofan bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yevlax şəhəri, Nizami prospektində yolun kənarından tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. X4 sellofan bükülünü açmış, o, sellofan bükülüdə heroinə bənzər kütlənin olduğunu görmüşdür. Həmin kütlə sellofan bükülü ilə birlikdə elektiron tərəzidə çəkmiş və çəkisi 0,49 qram olmuşdur. Adəmin üzərindən aşkar edilmiş heroini hər hansı bir şəxsdən alması, narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan heroini əynindəki şalvarın sağ yan cibindən çıxardıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2022-ci il tarixli 17/187 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə” sözlər və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,426 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,426 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,376 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli 569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 1(039)-156/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 iyun 2020-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 26 fevral 2022-ci il tarixli 4(039)-42/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bununla da müəyyən olunur ki, ona təyin edilmiş əvvəlki cəzanın islah təsiri yetərli olmamış, cəzanın məqsədinə nail olunmamamışdır. Onun məhkumluğu ödənilmədən, təyin olunmuş cəzanı belə çəkmədən yenidən cinayət törətməsi, onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bü baxımdan qanunverici onun barəsində daha sərt cəza tətbiq olunmasını nəzərdə tutur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Yevlax rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 1(039)-156/2019cu il tarixli, hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 iyun 2020-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs eyni növ cinayət əməlini törətdikdən sonra müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyilənmiş, yəni hazırkı cinayət əməlini törətmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 24 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0,376 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 24 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,376 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar