Məhkəmə qərarları › İş №1(039)-109/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-109/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-109/2024 10.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-ci ildə Yevlax şəhəri Neftkəməri küçəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri Neftkəməri küçəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədilə odlu silah hesab edilən 1 (bir) ədəd «908315» №-li zavod üsulü ilə hazırlanmış konstruktiv dəyişikliklərə məruz qalmamış, 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahını istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək əlində olan sintetik torbada saxlayaraq gəzdirməklə Yevlax şəhəri Neftkəməri küçəsinə yaşadığı evə daşımış, 28 fevral 2024-cü il tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri Neftkəməri küçəsində şəhər istiqamətində hərəkətdə olarkən qanunsuz olaraq odlu silahı satış məqsədilə gəzdirməkdə və daşımaqda şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində onun əlində olan sintetik torbada həmin odlu silah hesab edilən 1 (bir) ədəd «908315» №-li zavod üsulü ilə hazırlanmış, 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahı aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax şəhəri Neftkəməri küçəsi ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Qeyd olunan cinayət hadisəsi ilə tutulmamışdan bir həftə əvvəl keçmiş yun zavodunun yaxınlığa dəmir axtarmaq məqsədi ilə getdiyini və həmin ərazidə zibillikdən sintetik torbanı tapdığını, torbanın ağır olması, içərisinə baxanda 1 ədəd AK-74 avtomatın olduğunu görmüşdür. Silahı və evə aparıb gizlətmişdir. 28 fevral 2024-cü il tarixdə yaşadığı evdən çıxıb Neftkəməri küçəsi ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edərək Yevlax RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və ona odlu silahın qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə dəvət etmişdirlər. Yevlax RPŞ-də müdafiəçinin və tərcüməçinin iştirakları ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və ondan, əlindəki sintetik torbanın içərisində saxladığı 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı, komplekt hissəsi(darağı) olmayan yivli odlu avtomatik döyüş silahı aşkar olunaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixdə Yevlax RPŞ-də onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı, komplekt hissəsi(darağı) olmayan yivli odlu avtomatik döyüş silahı ona məxsusdur. O, yivli odlu avtomatik döyüş təxminən bir həftə əvvəl Yevlax rayonu keçmiş Yun zavodunun yaxınlığa dəmir axtarmaq məqsədi ilə getdiyini və həmin ərazidə zibillikdən sintetik torbanı tapdığını və satmaq üçün özü ilə götürmüşdür. xx.xx.2024-cü ildə dəmir yığma yerinə satmaq məqsədi ilə evdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, polis baş leytenantı Şahid2 ilə həmin günü polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Neftkəməri küçəsinə getmişdirlər. Onlar Neftkəməri küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışdırlar.Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində yivli odlu silah saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi olduqlarını bildirmiş və onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib videoçəkilişlə, müdafiəçinin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sintetik torbanın içərisində saxladığı 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı, komplekt hissəsi(darağı) olmayan yivli odlu avtomatik döyüş silahını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə iclasında iştirak edə bilməyən və ifadəsi elan olunmuş Şahid2 Şahid1 eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə həmin tarixdə polisin nəzarəti altına verilməsi haqqında qətimkan tədbiri seçilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 29 fevral 2024-cü il tarixli 17/214 saylı rəyindən görünür ki; -Tədqiqata təqdim edilmiş silah «908315» №-li zavod üsulü ilə hazırlanmış, 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahıdır və konstruktiv dəyişikliklərə məruz qalmamışdır. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş «sualın istifadəyə, atəşə yararlı olub-olmaması müəyyən edilsin.» sualını cavablandırmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-3/444 nömrəli əlavə ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş «908315» №-li zavod üsulü ilə hazırlanmış, 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahı, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlıdır. Azərbaycan Respublikası Müdafiyə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika idarəsinin xx.xx.2024-cü il tarixli 3-25/2-15/1309/2024 saylı məktubundan görünür ki, Müdafiyə Nazirliyinin elektron uçot sistemində 5,45 mm kalibrli “908315” №-li “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli avtomat qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-6279/2024 saylı məktubundan görünür ki, 5,45 mm kalibrli “908315” №-li “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri “Güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixiatrik Ekspertiza X5 Ambulator şöbəsinin 02 may 2024-cü il tarixli 289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “İsterik tipli şəxsiyyət” pozuntusu xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya hərəkətlərini idarə etmək imkanında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya hərəkətlərini idarə etmək imkanındadır, həmçinin o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və anlaqlığı istisna etməyən psixi pozuntusu olmasını CM-59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, İş üzər maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməli, və Yevlax rayon polis şöbəsində saxlanılan 908315 nömrəli zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı, AK 74 markalı yivli odlu avtomatik döyüş silahı hökm qanuni qüvvəyə mündikdən sonra, müsadirə edilməklə Azərbaycan Respublikası DİN-nə təhvil verilməli., ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzər maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilsin və Yevlax rayon polis şöbəsində saxlanılan 908315 nömrəli zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı, AK 74 markalı yivli odlu avtomatik döyüş silahı hökm qanuni qüvvəyə mündikdən sonra, müsadirə edilməklə Azərbaycan Respublikası DİN-nə təhvil verilsin. İş üzrə 94 (doxsan dörd) manat 60 (altmış) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi və tərcüməçiyə 12 (on iki) saata görə ödəniləcək haqq Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və 72 (yetmiş iki) manat tərcüməçi X3 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar