Məhkəmə qərarları › İş №1(039)-11/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-11/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-11/2023 25.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs, mülki iddiaçı Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X3 nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-də anbardar vəzifəsində işləyən, Yevlax şəhəri, M.Hüseynzadə küçəsi, ev 62-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 25 noyabr 2016-cı il tarixli, 09/-1164 saylı əmrlə Yevlax rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən təyin edilməklə 2017-ci ilin aprel ayınadək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Yevlax Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 16 şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən Yevlax rayon Məşğulluq mərkəzinə ayrılmış 78,150 (yetmiş səkkiz min bir yüz əlli) manat məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən X4 2017-ci ilin fevral ayında istintaqla müəyyən edilməyən şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərməkdən ibarət şəxsi niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 29,682 (iyirmi doqquz min altı yüz səksən iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Yevlax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 48,468 (qırx səkkiz min dörd yüz altmış səkkiz) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Yevlax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin fevral ayında istintaqla müəyyən edilməyən şəraitdə Yevlax rayon Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslərlə özü arasında bağlanaraq göndərdiyi 13 fevral tarixli, 02 saylı və 20 fevral 2017-ci il tarixli, 03 saylı müqavilələri, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədlərin Fuad Mehdizadənin yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya 24 noyabr 2016-cı il tarixli 36 nömrəli əmrlə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri X1, Şahid4 və Şahid12 Telman oğlu tərəfindən Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən Yevlax rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC, "xxxx" MMC-nin həmin kotirovka sorğularının qalibləri olmaları barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğuları keçirmədən, yuxarıda adları qeyd edilən hüquqi şəxslərin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan 2017-ci ilin mart ayında tərtib olunmuş ödəniş tapşırıqları əsasında "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ65AMRA******************** nömrəli hesabına 48,468 manat və "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ79AMRA******************** nömrəli hesabına 29,682 manat, ümumilikdə iki hüquqi şəxsin hesabına cəmi 78,150 (yetmiş səkkiz min yüz əlli) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən 5 nəfər şəxsə 23,954 manat məbləğində maddi aktivlərin tam verilməsini təmin etməsinə baxmayaraq 11 nəfərə nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən qeyd edilən hüquqi şəxslərin adından heç bir səlahiyyəti olmadığı halda Şahid16, Şahid15 2017-ci ilin mart ayı ərzində Bərdə rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan və Yevlax rayonunda istintaqla müəyyən edilməyən fərdi satıcılardan aldığı mal-qaranı, yemləri, Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzindən aldığı dərzi fəaliyyəti ilə məşğul olmaq üçün lazım olan ləvazimatları, quşçuluq təsərrüfatı ilə məşğul olmaq üçün avadanlıqları, Mingəçevir şəhəri ərazisində istintaqla müəyyən edilməyən mağazadan alınmış makaron istehsalı üçün istifadə olunan avadanlığı Yevlax rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid1 3,500 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5,050 manat dəyərində maddi aktivlər verilməsi, Şahid2 qızına 3,756 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4,980 manat dəyərində maddi aktivlər verilməsi, X5 3,600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4,952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 3,050 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4,952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid7 3,450 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4,700 manat dəyərində maddi aktivlər verilməsi, Şahid8 3,600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4,952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid10 3,600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4,952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid11 3,450 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4,802 manat dəyərində maddi aktivlər verilməsi, Şahid13 3,600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4,952 manat dəyərində maddi aktivlər verilməsi, X9 3,600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4,952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid9 3,600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4,952 manat dəyərində maddi aktivlər verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Yevlax rayon Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 04 aprel 2018-ci il tarixli aktların Yevlax rayon Məşğulluq Mərkəzinin əməkdaşı X17 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən X4 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 11 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 78,150 (yetmiş səkkiz min bir yüz əlli) manat məbləğində vəsaitdən faktiki olaraq 62,760 (altmış iki min yeddi yüz altmış) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 15,390 (on beş min üç yüz doxsan) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, 25 noyabr 2016-cı il tarixdə DSMF Yevlax rayon şöbəsinin sektor müdiri vəzifəsindən Dövlət Məşğulluq Xidmətinin Yevlax rayon X10 və iş axtaran vətəndaşların Sosial müdafiəsi sektorunun müdiri vəzifəsinə keçirilmişdir. Bundan bir gün sonra, Yevlax rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinin icrası ona həvalə edilmiş, 2017-ci ilin aprel ayına kimi həmin vəzifəni icra etmişdir. Yevlax rayon Məşğulluq Mərkəzinin bank hesabı "xxxx" ASC-nin Yevlax rayon filialında, baş mühasibi isə Şahid6 olmuşdur. 2016-cı ildə aprel ayından etibarən Baş İdarənin əmrinə əsasən Yevlax rayon Məşğulluq Mərkəzində qeydiyyatda olan işsiz vətəndaşları özünəməşğulluq proqramına cəlb etmək üçün onlarla təlim kursları keçilməyə başlanmışdır. Təlim kursları 3 ay davam etmişdir. Təlim kurslarını keçən şəxslər - 16 nəfər şəxs biznes planlarını təqdim etmişlər və Bakı şəhərində imtahan vermişlər. İmtahanı müvəffəqiyyətlə vermiş şəxslərə biznes planlarının inkişaf etdirilməsi üçün maddi aktivlərin verilməsi qərara alınmış, 16 şəxsə maddi aktivlərin verilməsi nəzərdə tutulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti tərəfindən Yevlax rayonu üzrə özünəməşğulluğun təmin edilməsi ilə bağlı aktivlərin alınması haqqında kotirovka sorğusu keçirilmiş, əslində kotirovka sorğusu Yevlax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilməli olsa da, Mərkəzin əməkdaşları təcrübəsiz olduqlarına görə faktiki olaraq kotirovka sorğusu Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilmişdir. Özləri tərəfindən kotirovka sorğusu keçirilsə də protokolda X8 əməkdaşlarının adları var və kotirovka sorğuları keçirilməsinə dair ona taksi ilə hazır sənədlər göndərir, tapşırıq verdi ki, həmin sənədləri özü imzalasın, sənədlərdə adları olan Mərkəzin əməkdaşları Şahid12, Şahid4 və Rəhilə Ələkbərovaya təqdim etsin, imzalandıqdan sonra Mərkəzin möhürü ilə möhürləyib özünə qaytarsın. Fuad Mehdizadə həmçinin demişdir ki, bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinin göstərişidir. Bundan sonra Fuad Mehdizadə ona tanımadığı və hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə dekabr ayında sənəd toplusu göndərmişdir. Həmin sənədlərdə Yevlax rayon Məşğulluq Mərkəzində işaxtaran şəxslərə paylanması üçün aktivlərin alınması ilə bağlı guya kotirovka sorğularının keçirilməsi və həmin kotirovka sorğuların "xxxx" MMC və "xxxx" MMC adlı şirkətin qalib gəldiyi qeyd olunmuş, sənədlər kotirovka sorğusunun nəticəsinə dair yekun protokollar, şirkətlərlə bağlanmış müqavilələr, əmrlər, yazışmalar və hazırda xatırlamadığı digər sənədlərdən ibarət olmuşdur. O, həm özü satınalan təşkilatın rəhbəri kimi protokolu imzalayıb möhürləmiş, həm də protokolda adı göstərilən Şahid12, Şahid4 və Rəhilə Ələkbərovaya sənədləri təqdim edərək imzalamaq barədə göstərişin Fuad Mehdizadədən gəldiyi barədə məlumat vermişdir. Həmin əməkdaşlar özləri həmin sənədləri könüllü qaydada imzalamışlar. Digər sənədləri də imzaladıqdan sonra hazırda xatırlamadığı taksi sürücüsü ilə həmin sənədləri Fuad Mehdizadəyə göndərmişdir. Bu barədə də Fuad Mehdizadəyə telefonla məlumat vermişdir. Digər əməkdaşlar göndərilən sənədləri imzalasalar da, faktiki olaraq adı sənədlərdə iştirakçı və qalib kimi göstərilən heç bir müəssisəni və nümayəndələrini tanımamışlar, yəni Yevlax rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirilməmiş, kotirovka sorğusu faktiki olaraq Dövlət Məşğulluq Xidmətinin özü tərəfindən keçirilmiş. Həmin sənədləri Baş idarədən göndərilmiş sənədlər kimi imzalamışlar. Bundan sonra 2017-ci ilin mart ayında Baş idarənin əməkdaşı Fuad Mehdizadənin göstərişi ilə kotirovkaların nəticələrinə dair guya bağlanmış müqavilələrin icra edilməsi üçün kassa xərclərinin sifarişi cədvəllərini və ödəniş tapşırıqlarını baş mühasib Şahid6lə bərabər imzayaraq "xxxx" MMC-nin bank hesabına 48,468 manat və "xxxx" MMC-nin hesabına 29,862 manat köçürülməsini təmin etmişdir. Bundan bir müddət sonra Fuad Mehdizadə bildirmişdir ki, bir nəfər şəxs Yevlax rayonuna gələrək aktivləri iş axtaran şəxslərə paylayacaqdır. Həmin şəxsin adını xatırlamır, lakin həmin şəxs bir neçə gün sonra yanında tanımadığı bir nəfər şəxslə birlikdə Yevlax rayonuna gəlmiş və birlikdə Bərdə rayon bazarına, habelə Yevlax rayonunda fərdi satıcıların evlərinə gedərək vətəndaşlara verilməli olan mal-qaranı alıb paylamışdır. Aktivlərin istifadəyə verilməsində Mərkəzin əməkdaşı Elgün Əsədov da iştirak etsə də, heç bir məsələyə qarışmamışdır. Özünü şirkətin nümayəndəsi kimi təqdim edən şəxs özü heyvanları satıcılara pul verərək almış və vətəndaşlara paylamışdır. Sadaladığı kotirovka sorğularına dair sənədləri imzalamağı və möhürləməyi, müqavilə bağlamağı, təşkilatın hesablarına pul köçürməyi üçün ona pul yaxud digər maddi nemət verilməmiş, buna görə vəzifəsi artırılmamış, yaxud digər hər hansı üstünlük və ya imtiyaz verilməmiş, o, həmin sənədlərin rəsmiləşdirilməsini rəhbərliyin göstərişi və pilot layihə olduğunu nəzərə alaraq həyata keçirmişdir. Yevlax rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alıması ilə bağlı "xxxx" MMC və "xxxx" MMC-nin qalib elan olunduğu kotirovka sorğusunun nəticələrinə dair yekun protokollar həmin şirkətlərlə bağlanmış müqavilələr, 03 mart 2017-ci il tarixli ödəniş tapşırıqlarında adının qarsısında olan imzalar özünə məxsusdur, lakin qaimə fakturalarda imzası yoxdur, həmin qaimə fakturalarda ancaq malları təhvil verən şirkətlərin nümayəndələrinin imzaları var. Həmin sahədə təcrübəsi olmadığından israfa yol vermişdir. Ona verilmiş ittiham üzrə qeyd edilən 15,390 manat məbləğlə razıdır, dəymiş ziyan, habelə qanunvericiliklə nəzərdə tutulmuş ziyan onun tərəfindən ödənilmişdir. Əməlindən peşmandır, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs, mülki iddiaçı Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X3 nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş qanunsuz hərəkətlər nəticəsində X6 15,390 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilmişdir, ondan hər hansı başqa tələbləri yoxdur. Mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs barədə qanunvericiliyin tələblərinə uyğun qərar çıxarılmasını xahiş etmişdir. Şahid1 bildirmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Yevlax rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüşdür. Bununla əlaqədar onu Mərkəzə dəvət edərək təlimə cəlb etmişlər. Biznes planı makaron istehsalı əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin martaprel ayında ona zəng olmuş, ona verilməsi nəzərdə tutulan 1 ədəd makaron hazırlayan avadanlığı almaq üçün Mingəçevir şəhərinə dəvət edilmişdir. Bir neçə gün sonra həmin şəxslə Mingəçevir şəhərində görüşmüşlər, oradan həmin şəxs hazırda xatırlamadığı mağazadan 3,500 manat verərək 1 ədəd makaron istehsalı üçün avadanlığı alıb ona vermişdir. Avadanlığın daşınma xərclərini özü qarşılamış, aktivlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və avadanlığı paylayan şəxslərdən biri ilə onun arasında imzalanmışdır. Bir müddət sonra avadanlıqdan istifadə edə bilmədiyinə görə Dövlət Məşğulluq Xidmətinin Yevlax rayon Məşğulluq Mərkəzinə qaytarmışdır. Şahid3 bildirmişdir ki, X11 qardaşıdır, hazırda Zəngilan rayonunda işləyir. Əlövsət işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Yevlax rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüşdür. 2017-ci ilin mart-aprel ayında hazırda xatırlamadığı şəxs Əlövsətə verilməli olan aktivləri tapmağı tapşırmış, o da Əlövsətlə birlikdə hazırda xatırlamadığı Yevlax rayonunda yaşayan şəxslərdən birinin həyətində aktivləri tapdıqdan sonra həmin şəxsə məlumat vermişlər. Həmin şəxs Yevlaxa gələrək Əliövsətə verilməsi nəzərdə tutulan 1 baş yanı balalı inəyi 1,700 manata, 1 baş boğaz inəyi 1,200 manata və 1 baş düyəni 700 manata alaraq Əliövsətə təhvil vermişdir. Ümumilikdə aktivlərin alınmasına 3600 manat xərc çəkilmişdir. Aktivlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və heyvanları paylayan şəxslərdən biri ilə Əliövsət arasında imzalanmışdır. Şahid5 bildirmişdir ki, 2016-cı ildə iş axtaran şəxs kimi Yevlax rayon Məşğulluq Mərkəzində qeydiyyata düşmüşdür. Bir müddət sonra onu Mərkəzə dəvət edərək təlimə cəlb etmişlər. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart-aprel ayında bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, ona verilməsi nəzərdə tutulan 1 baş yanı balalı inəyi, 1 baş boğaz inəyi və 1 baş düyəni almaq üçün Bərdə mal bazarına dəvət etmişdir. Bir neçə gün sonra həmin şəxslə Bərdə rayonunda mal bazarında görüşmüş, oradan həmin şəxs 1 baş yanı balalı inəyə görə 1,350 manat, 1 baş boğaz inəyə görə 1,100 manat və 1 baş düyəyə görə 600 manat məbləğində pulu satıcıya verərək ümumilikdə 3,050 manat xərc çəkərək həmin mal-qaranı alıb ona vermişdir. Aktivlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və heyanları paylayan şəxslərdən biri ilə onun arasında imzalanmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Yevlax rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək faktiki verilmiş aktivlərdən istifadə etməklə işlədiyini yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktları özü imzalamış, lakin orada aktivlərin qiymətləri olmamışdır. Verilmiş heyvanlar ucuz və xəstə heyvanlar olduğunan bir müddət sonra tələf olmuşlar və heyvandarlıq fəaliyyətini davam etdirə bilməmişdir. Şahid6 bildirmişdir ki, 21 noyabr 2016-cı ildən etibarən Yevlax rayon Məşğulluq Mərkəzində baş mühasib işləmiş, 2020-ci ilin avqust ayında struktur dəyişikliyi ilə əlaqədar 20 saylı Ərazi Məşğulluq filialının baş mühasibi vəzifəsinə keçirilmişdir. 2017-ci ilin fevral ayında X8 direktoru vəzifəsini icra edən Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq Dövlət Məşğulluq Xidmətindən kurator Fuad Mehdizadə tərəfindən ona guya Yevlax rayonu Məşğulluq Mərkəzi üzrə kotirovka sorğusunun keçirilməsinə dair hazır sənədlər verildiyini, Fuad Mehdizadə tərəfindən ona həmin sənədləri Mərkəzin əməkdaşlarına imzalatdırmağın tapşırıldığını, sonuncunun ona həmin tapşırığın rəhbərlikdən gəldiyini dediyini bildirmişdir. Həmin sənədlərin içində 2017-ci ildə Yevlax rayonu üzrə kotirovka sorğularının keçirilməsi, komissiya üzvlərinin Mərkəzin əməkdaşlarının olması, kotirovka sorğusunda guya "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin qalib gəlməsinə dair protokollar, həmin şirkətlərlə bağlanmış müqavilələr, qaiməfaktura və digər sənədlər olmuşdur. Əslində isə ümumiyyətlə 2017-ci ildə Yevlax rayon Məşğulluq Mərkəzi üzrə hər hansı kotirovka sorğusu keçirilməmişdir. Təqsirləndirilən şəxs verilmiş hazır kotirovka sorğusuna dair sənədlər onun özü, habelə protokol komissiya sədri və komissiya üzvləri kimi adları qeyd edilmiş Rəhilə Ələkbərova, Şahid4, Şahid12 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs göstərişi əsasında sənədlərin içərisində kotirovkaların nəticələrinə dair guya bağlanmış müqavilələrin icra edilməsi üçün kassa xərclərinin sifarişi cədvəllərini və ödəniş tapşırıqlarını Təqsirləndirilən şəxs ilə bərabər imzayaraq "xxxx" MMC-nin bank hesabına 48,468 manat və "xxxx" MMC-nin hesabına 29,862 manat köçürülməsini təmin etmişdir. Maliyyə İdarəsinə köçürmələri aparmaları kotirovka keçirilməsinə dair sənədləri təqdim etsə də kotirovka keçirilib-keçirilməməsi barədə heç nə deməmiş, bu barədə ondan heç nə soruşulmamışdır. Qaimələrdə guya Yevlax rayon Məşğulluq Mərkəzinə aktivlərin təhvil verilməsi qeyd olunsa da, Mərkəzə hər hansı aktiv təhvil verilməmişdir. Sənədlərin imzalanması və müqavilələrin icraya yönəldilməsi üçün hər hansı məbləğdə pul almamış, Təqsirləndirilən şəxs inandığı üçün müqavilələri icraya yönəltmişdir. Təqsirləndirilən şəxs ona sənədlərin imzalanması və pul vəsaitlərinin köçürülməsi barədə tapşırığın Dövlət Məşğulluq Xidmətindən gəldiyini dediyinə görə sənədləri imzalayıb pul vəsaitlərinin "xxxx" MMC-nin və "xxxx" MMC-nin hesabına hesabına köçürülməsini təmin etmiş, əgər etməsəydi arzuolunmaz işçi hesab edilərdi və vəzifəsindən azad olunardı. Ödəniş tapşırığında və kassa xərclərinin sifarişi cədvəllərində adının qarşısında olan və ya ona istinad olunan imzaların hamısı özü tərəfindən icra edilmişdir. Şahid7 bildirmişdir ki, 2016-cı ildə iş axtaran şəxs kimi Yevlax rayon Məşğulluq Mərkəzində qeydiyyata düşmüşdür. 2017-ci ilin mart-aprel ayında bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, lakin adını deməmiş, ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O, həmin şəxsə hind quşu və yem verilməli olduğunu öyrəndikdən sonra həmin aktivləri istəməmiş və əvəzinə ona mal-qara verilməsini xahiş etmiş, həmin şəxs onunla razılaşmışdır. O da, özünə verilməsi nəzərdə tutulan 1 baş yanı balalı inəyi və 1 baş düyəni yaşadığı kənddə Əmir adlı şəxsin təsərrüfatında tapdıqdan sonra ona zəng edən şəxsə məlumat vermişdir. Bir neçə gün sonra həmin şəxs Yevlax rayonuna gələrək 1 baş yanı balalı inəyə görə 2,000 manat, 1 baş boğaz inəyə görə 1,200 manat məbləğində pulu satıcıya verərək həmin malqaranı alıb ona vermişdir. Eyni zamanda həmin şəxs yonca almağı üçün əlavə olaraq ona 250 manat pul vermişdir. Ümumilikdə aktivlərin alınmasına 3,450 manat xərc çəkilmişdir. Aktivlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və heyanları paylayan şəxslərdən biri ilə onun arasında imzalanmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Yevlax rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək faktiki verilmiş aktivlərdən istifadə etməklə işlədiyini yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktları imzalasa da orada aktivlərina adları və qiymətləri yazılmamışdır. Şahid8 bildirmişdir ki, 2016-cı ildə iş axtaran şəxs kimi Yevlax rayon Məşğulluq Mərkəzində qeydiyyata düşmüşdür. 2017-ci ilin mart-aprel ayında ə bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, lakin adını deməmiş, ona verilməsi nəzərdə tutulan 1 baş yanı balalı inəyi, 1 baş boğaz inəyi və 1 baş düyəni almaq üçün Bərdə mal bazarına dəvət etmişdir. Bir neçə gün sonra həmin şəxslə Bərdə rayonunda mal bazarında görüşmüşlər, oradan həmin şəxs 1 baş yanı balalı inəyə görə 1,700 manat, 1 baş boğaz inəyə görə 1,200 manat və 1 baş düyəyə görə 700 manat məbləğində pulu satıcıya verərək ümumilikdə 3,600 manat xərc çəkərək həmin malqaranı alıb ona təhvil vermişdir. Heyvanların daşınma xərclərini özü qarşılamışdır. Akitvlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və heyvanları paylayan şəxslərdən biri ilə onun arasında imzalanmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Yevlax rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək faktiki verilmiş aktivlərdən istifadə etməklə işlədiyini yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktları özü imzalamış, lakin orada aktivlərin qiymətləri olmamışdır. Şahid10 bildirmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Yevlax rayon Məşğulluq Mərkəzində qeydiyyata düşmüşdür. 2017-ci ilin mart-aprel ayında bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, ona verilməsi nəzərdə tutulan 1 baş yanı balalı inəyi, 1 baş boğaz inəyi və 1 baş düyəni almaq üçün Bərdə mal bazarına dəvət etmişdir. Bir neçə gün sonra həmin şəxslə Bərdə rayonunda mal bazarında görüşmüşlər, oradan həmin şəxs 1 baş yanı balalı inəyə görə 1,700 manat, 1 baş boğaz inəyə görə 1,200 manat və 1 baş düyəyə görə 700 manat məbləğində pulu satıcıya verərək ümumilikdə 3,600 manat xərc çəkərək həmin mal-qaranı alıb ona təhvil vermişdir. Heyvanların daşınma xərclərini özü qarşılamışdır. Akitvlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və heyvanları paylayan şəxslərdən biri ilə onun arasında imzalanmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Yevlax rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək faktiki verilmiş aktivlərdən istifadə etməklə işlədiyini yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktları özü imzalamış, lakin orada aktivlərin qiymətləri olmamışdır. Şahid13 bildirmişdir ki, işsiz olduğundan 2016-cı ildə iş axtaran şəxs kimi Yevlax rayon Məşğulluq Mərkəzində qeydiyyata düşmüşdür. 2017-ci ilin mart-aprel ayında bir şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş, lakin adını deməmiş, ona verilməsi nəzərdə tutulan 1 baş yanı balalı inəyi, 1 baş boğaz inəyi və 1 baş düyəni almaq üçün Bərdə mal bazarına dəvət etmişdir. Bir neçə gün sonra həmin şəxslə Bərdə rayonunda mal bazarında görüşmüşlər, oradan həmin şəxs 1 baş yanı balalı inəyə görə 1,700 manat, 1 baş boğaz inəyə görə 1,200 manat və 1 baş düyəyə görə 700 manat məbləğində pulu satıcıya verərək ümumilikdə 3,600 manat xərc çəkərək həmin mal-qaranı alıb ona təhvil vermişdir. Akitvlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və heyvanları paylayan şəxslərdən biri ilə onun arasında imzalanmışdır. 2018-ci ilin aprel ayında isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları ilə Yevlax rayon Məşğulluq Mərkəzinin əməkdaşları evinə gələrək faktiki verilmiş aktivlərdən istifadə etməklə işlədiyini yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktları özü imzalamış, lakin orada aktivlərin qiymətləri olmamışdır. Şahid15 bildirmişdir ki, mal-qara alqı satqısı ilə məşğul olur. 2017-ci ilin may-iyul aylarında qəzetdə və internet saytında görmüşdür ki, Lənkəran, İmişli, Şəki, Balakən, Ağdaş, Mingəçevir, Sumqayıt, Qax, Oğuz, Zərdab, Kürdəmir, Zaqatala, Yevlax, Bərdə, Ağdam, Biləsuvar, Füzuli, Xocavənd, Neftçala, Cəbrayıl, Şirvan, Ucar, Abşeron, Binəqədi, Suraxanı, Nərimanov, Sabunçu, Xətai və respublikanın digər rayon və şəhər Məşğulluq Mərkəzi üzrə işaxtaran şəxslərə aktivlərin alışı ilə bağlı tender və kotirovka sorğusu keçirilir. Anlamışdır ki, həmin Məşğulluq mərkəzləri vətəndaşlara verilməsi üçün mal qara və digər ləvazimatlar, avadanlıqlar almaq istəyir və buna görə də tender və kotirovka keçirir. Bundan sonra həmin tenderlərdə və kotirovkalarda iştirak etmək qərarına gəlmiş, lakin tender və kotirovkada iştirak etmək üçün müəyyən tələblər olduğuna görə tender və kotirovkada iştirak etmək üçün Rəşad adlı dostu vasitəsilə tanış olduğu, fiziki şəxs kimi vergi ödəyicisi olan, habelə "xxxx" adlı şirkətin direktoru olmaqla Saatlı rayonunda malqara ferması olan Seyidrəsul Abbasova təklif etmişdir ki, qeyd etdiyi rayonlar üzrə Məşğulluq mərkəzi tərəfindən keçirilən kotirovka sorğularında və tenderlərdə fiziki şəxs kimi onun adından və Seyidrəsulun direktoru olduğu "xxxx" MMC-nin adından iştirak etsinlər, əldə olunan qazancı yarı bölsünlər. Seyidrəsul təklifi ilə razılaşmışdır. Eyni qaydada müxtəlif şəxslər vasitəsilə tanış olduğu X12, X14, X7 və X2 direktorları olduğu hüquqi şəxslər olan müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “Sabit” kəndli fermer təsərrüfatının, habelə hazırda direktorlarını xatırlamadığı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC şirkətlərinin adından tender və kotirovkada iştirak etmək qərarına gəlmiş, Seyidrəsulun və həmin şirkətlərin direktorlarının adından kotirovkada və tenderdə iştirak etmək üçün ərizələr almış, bank rekvizitlərini almış, təklif olunan qiymətlərini paketə qoyub həmin sənədləri Məşğulluq mərkəzlərinə təqdim etmişdir. Eyni zamanda direktorların və Seyidrəsulun adından etibarnamələr alaraq tender və kotirovkalar keçirilən Məşğulluq mərkəzlərinə təqdim etmişdir. Təklifləri verdikdən sonra həmin Mərkəzlərdə kotirovka sorğuları və tenderlər keçirilmiş, lakin kotirovkanın və tenderlərin Məşğulluq Mərkəzlərinin hansı otaqlarında keçirilməsini xatırlamır. Hər tender və kotirovkada onun təmsil etdiyi şirkətlərdən başqa digər iki şirkət də iştirak etmiş, lakin konkret kimlərin iştirak etməsini xatırlamır, konkret olaraq Məşğulluq mərkəzinin hansı əməkdaşlarının komissiyada iştirak etmələrini xatırlamır. O, bir çox rayonda qeyd etdiyi şirkətlərin adından iştirak etdiyi tender və kotirovka sorğularının qalibi olmuşdur. Şirkətlərə və Seyidrəsul Abasovun hesabına köçürülmüş pulu direktorlar özləri yaxud direktorların etibarnamə verdikləri şəxslər bankdan çıxarıb, vergilər və sair xərclər çıxmaqla qalanını aktivləri almaq üçün ona vermişlər. Əldə etdiyi gəlirdən şirkət rəhbərlərinə hər hansı məbləğdə pul verməmişdir. Onu da qeyd edir ki, şirkət rəhbərləri və Seyidrəsul ümumiyyətlə tender və kotirovka sorğusu prosesi ilə maraqlanmamışlar, onlar ancaq bununla bağlı onun tərtib etdiyi sənədləri imzalamışlar, həmin şirkətləri faktiki olaraq o, özü təmsil etmişdir. Tender və kotirovkalarda qalib gəlib şirkətlərlə müqavilələr bağlandıqdan sonra o, müqaviləyə uyğun olaraq vətəndaşları hər aktiv paylanmalı olan rayonun özündə yaxud həmin rayonda iri mal bazarı olmadıqda qonşu rayonda yerləşən mal bazarına aparıb orada istədikləri heyvanı alıb vermiş, habelə heyvandarlıqla əlaqədar olmayan aktivləri Bakı şəhərində müxtəlif mağazalardan, habelə “Sədərək” Ticarət Mərkəzindən alıb paylamış, hər aktivi verəndə bununla bağlı akt tərtib etmiş, aktları bəzən özü, bəzən də onunla bərabər ona aktivlərin paylanmasında və daşınmasında iştirak edən qardaşı Şamxal Mirzəyev, tanışları Şahid16 və Samir Hüseynov imzalamışlar, aktivləri alarkən isə pulunu özü vermişdir. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Dövlət Məşğulluq Xidmətinin yerli strukturları tərəfindən elan edilmiş tender və kotirovkalarda iştirak etmək üçün sadalanan şirkətlərin rəhbərlərindən etibarnamələr aldığını bildirsə də, həmin etibarnamələri notariat kontorlarında qeydə aldıra bilməmiş, hazırda həmin etibarnamələrin yerini bilmədiyi üçün təqdim edə bilmir. Dövlət Məşğulluq Xidmətinin hər hansı bir əməkdaşını tanımır, onun həmin əməliyyatlarda iştirak etməsi üçün heç kim heç kimdən heç nə xahiş etməmişdir. Bundan əlavə əldə etdiyi qazancından heç kimə pul verməmişdir. İşaxtaran şəxslərə vermək üçün aldığı aktivlərin qiyməti tender və kotirovka sorğularında təqdim etdiyi qiymətlərdən aşağı olmuşdur. Aldığı aktivlərin real bazar qiymətləri ilə faktiki olaraq alınmış qiymətləri arasında fərqləri onunla izah edir ki, o, faktiki olaraq bazar qiymətlərini müəyyən edib bu qiymətləri təklif etmişdir. Həmin qiymətlərin içərisində tender və kotirovkada iştirak edən hüquqi və fiziki şəxslərin qazancı, vergiləri və sair xərcləri hesablanmışdır. 2017-ci ildə Zaqatala, Yevlax, Bərdə, Ağdam, Biləsuvar, Füzuli, Xocavənd, Neftçala, Cəbrayıl, Şirvan, Ucar, Abşeron, Binəqədi, Suraxanı, Nərimanov, Sabunçu, Xətai rayonları üzrə özünü məşğulluq proqramı çərçivəsində vətəndaşlara aktivlərin verilməsi bağlı aktlar aktivləri paylayan və aktı imzalayan şəxslər tərəfindən tərtib edilmiş, həmin aktlarda adının qarşısında olan imzaların hamısı özü tərəfindən icra edilmiş və imzası olan aktlar onun tərəfindən tərtib edilmiş, aktivlərin vətəndaşların mülkiyyətinə verilməsi barədə aktlar isə onlar tərəfindən tərtib edilməmiş, həmin proseslərdə iştirak etməmişdir. Şahid16 bildirmişdir ki, təqribən 2012-ci ildən iri və xırda buynuzlu heyvan satışı ilə məşğul olur. Şahid15 2017-ci ildən tanıyır, İmişli mal bazarında tanış olmuşlar. Ondan bir neçə dəfə iri və xırda buynuzlu heyvan almış, sonra tanış olmuşlar, ona təklif etmişdir ki, mal-heyvan alınıb əhaliyə paylanmasında kömək etsin. O da, Şahlarla razılaşıb müxtəlif rayonlarda yaşayan şəxslər üçün mal-heyvan alınıb paylanması və birkalanmasında köməklik etmiş, yəni tender və kotirovka sorğuları ilə bağlı əhaliyə verilən mal-qaranın alınıb paylanmasına Şahlar Mizəyev tərəfindən cəlb edilmişdir. Onlar Şahid15 tərəfindən verilmiş siyahıda olan şəxsləri mal bazarına çağırmışlar, istəklərinə uyğun olaraq bazarda iri buynuzlu yaxud xırda buynuzlu heyvan alıb vermişlər. Həmin heyvanlar bazarda birkalanmış, bundan sonra aktın arxa tərəfinə birkaları qeyd etmişlər, şəxslərə imzaladıb foto və video şəklini çəkməklə təhvil vermişlər. Tərtib etdikləri aktlarda heyvanların və ya verilən digər maddi aktivlərin qiymətləri yazılmamışdır. Maddi aktivləri qəbul etmiş şəxslərin hər biri aktı özü imzalamaqla maddi aktivi təhvil almışlar. Bazarda kimin üçün hansı sayda hansı növ və təqribən hansı qiymətə heyvan almağı Şahid15 demişdir. Onun üçün kimə hansı sayda və neçəyə alınması önəmli olmamış, əsas ona fikir vermişdir ki, kimə heyvan alınıb verilsə narazı qalmasın. Şahlar bilmişdir ki, o, mal-heyvanı və qiymətini yaxşı bilir, ona görə şəxslərin gedib bəyənib seçdiyi heyvanların qiymətini danışıb almağı da ona tapşırmışdır. Əsasən ətlik, südlük iri və xırda buynuzlu heyvanlar almışlar. Məsələn yanı balalı bir qoyunun qiyməti 180-220 manat arası dəyişmiş, bir quzunun qiyməti 110- 130 manat, bir yanı balalı inəyin qiyməti 1,200-1,400 manat olmuşdur. Qiymətlərin hamısını hazırda tam xatırlaya bilmir. Sonradan həmin heyvanların qiymətinin neçəyə rəsmiləşdirildiyini bilmir. Hər bir şəxsə heyvanla yanaşı ot ya da yem alıb vermişlər. Onun kömək etmək səbəbi odur ki, əvvəllər ondan da mal-heyvan almışlar, çünki o, özü də bazarda alver etmiş, bundan başqa bəzi hallarda 50-100 manat da pul vermişlər. Malheyvandan başqa digər sahələrdə biznes qurmaq istəyən şəxslərə maddi aktivlərin alınmasında da iştirak etmiş, həmin aktivləri Bakı şəhərində müxtəlif mağazalarda, habelə əsasən “Sədərək” Ticarət Mərkəzindən almışdır. Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında aktlar Şahlar tərəfindən doldurulmuş, bəzilərini o, bəzilərini isə Şahid15 imzalamış, aktda maddi məsuliyyətə qəbul edən qrafasında mütləq qaydada aktivləri verdikləri şəxslər imza etmiş, həmçinin Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları da akta imza etmişlər. Qeyd edir ki, aktivlərin pulunu hər bir halda Şahid15 vermiş, onun işi aktivləri uyğun qiymətə tapmaq, vətəndaşa təhvil vermək yaxud daşınmaqla çatdırılmasını təmin etmək, bəzən aktları tərtib etmək olmuşdur. Yevlax rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 16 nəfər şəxsə özünüməşğulluq proqramı çərçivəsində 2017-ci ildə verilmiş maddi aktivlər ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair 22 iyul 2022-ci il tarixli rəydə qeyd olunur ki, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlarda Yevlax rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 16 nəfərin adına 2017-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 78,150.0 manat dəyərində maddi aktivlərin verilməsi rəsmiləşdirilmişdir. İstintaq tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X15 verilmiş maddi aktivlər üzrə 1,550.0 manat, Şahid2 qızına verilmiş maddi aktivlər üzrə 1,224.0 manat, X5 verilmiş maddi aktivlər üzrə 1,352.0 manat, Şahid5 verilmiş maddi aktivlər üzrə 1,902.0 manat, Şahid7 verilmiş maddi aktivlər üzrə 1,250.0 manat, Şahid8 verilmiş maddi aktivlər üzrə 1,352.0 manat, Şahid9 verilmiş maddi aktivlər üzrə 1,352.0 manat, Şahid10 verilmiş maddi aktivlər üzrə 1,352.0 manat, Şahid11 verilmiş maddi aktivlər üzrə 1,352.0 manat, Şahid13 verilmiş maddi aktivlər üzrə 1,352.0 manat, X9 verilmiş maddi aktivlər üzrə 1,352.0 manat olmaqla, cəmi 15,390.0 manat fərq müəyyən edilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd edilən saxtakarlıq hallarına yol verilmiş, mal və avadanlıqların qiymətinin müəyyən edilməsi, ən sərfəli təklifin seçilməsi ilə əlaqədar Qanunun 36-cı maddəsinin tələbləri pozulmuş, həmin Qanunun 38-ci maddəsinə əsasən tender və təkliflər sorğusunda iştirak edən müəssisələr barədə məlumatlar, 6-cı maddəsinin tələblərinə əsasən malgöndərənlərin ixtisas göstəriciləri təhlil edilməmiş, onlar formal olaraq satınalmaya cəlb edilmiş, təkliflər araşdırılmamış, Qanunun 36.5-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən qeyd edilən hallarda təklif kənarlaşdırılmalı olduğu halda, hərəkətsizlik edilərək heç bir tədbir görülməmişdir. Yevlax rayon Məşğulluq Mərkəzinin direktor vəzifəsini icra edən Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin (VÖEN **********) arasında imzalanmış 20 fevral 2017-ci il tarixli müqavilədə və "xxxx" MMC-nin (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 142205 nömrəli qaimə-fakturada 48,468.0 manat dəyərində maddi aktivlərin alınması barədə rəsmiləşdirmə aparılmışdır. (cild 1, səh. 58-59, 62) Yevlax rayon Məşğulluq Mərkəzinin direktor vəzifəsini icra edən Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin (VÖEN **********) arasında imzalanmış 13 fevral 2017-ci il tarixli müqavilədə və "xxxx" MMC-nin (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 374502 və 374503 nömrəli qaimə-fakturalarda cəmi 29682,0 manat dəyərində maddi aktivlərin alınması barədə rəsmiləşdirmə aparılmışdır.( cild 1, səh. 56-57, 63-64) Əmək kitabçasının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 25 noyabr 2016-cı il tarixli, 09/-1164 saylı əmrlə Yevlax rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən təyin edilməklə 2017-ci ilin aprel ayınadək həmin vəzifədə işləmişdir. ( cild 1, səh. 198-199) Yekun protokoldan müəyyən olunur ki, 48,468 manat məbləğində maddi aktivlərin alınması üzrə guya Yevlax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur.(cild 1, səh. 54-55) Yekun protokoldan müəyyən olunur ki, 29,682 manat məbləğində maddi aktivlərin alınması üzrə guya Yevlax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur.( cild 1, səh. 52-53) 13 fevral 2017-cı il tarixli 02 saylı müqavilədən müəyyən edilir ki, həmin tarixdə Yevlax rayon Məşğulluq Mərkəzi direktoru vəzifəsini icra edən Təqsirləndirilən şəxs şəxsində hüquqi şəxs "xxxx" MMC ilə cəmi 29,682 manat məbləğində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. (cild 1, səh. 56-57) 20 fevral 2017-cı il tarixli 03 saylı müqavilədən müəyyən edilir ki, həmin tarixdə Yevlax rayon Məşğulluq Mərkəzi direktoru vəzifəsini icra edən Təqsirləndirilən şəxs şəxsində hüquqi şəxs "xxxx" MMC ilə cəmi 48,468 manat məbləğində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. (cild 1, səh. 58-59) 2017-ci ilin mart ayında tərtib olunmuş ödəniş tapşırıqları əsasında "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ65AMRA******************** nömrəli hesabına 48,468 manat və "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ79AMRA******************** nömrəli hesabına 29,682 manat, ümumilikdə iki hüquqi şəxsin hesabına cəmi 78,150 manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edilmişdir. (cild 1, cəhv 60) Beləliklə, özünün etirafı, şahidlərin ifadələri və müvafiq rəylərlə təsdiq olunur ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Lakin, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4 maddələri ilə yanaşı həmin Məcəllənin 308.1-ci maddəsi ilə də ittiham sürülsə də, ittiham aktından və məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, onun əməli qulluq mövqeyindn istifadə etməklə hissəsində Cinayət Məcəlləsinin 179.2.3 maddəsi ilə tam olaraq əhatə olunur. Bu səbəbdən ona qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 308.1 maddəsi xaric edilməlidir. Təqdim edilmiş qəbzlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən maddi ziyan olaraq hesablanmış 15,390 manat, habelə həmin ziyanın iyirmi beş faizini təşkil edən 3,852 manat dövlət büdcəsinə ödənilmişdir. Cinayət Məcəlləsi: Maddə 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Zərər çəkmiş şəxslə barışmaq hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda zərər çəkmiş hüquqi şəxs olmaqla dövlət orqanıdır, bu səbəbdən həmin orqanın hər hansı səlahiyyətli vəzifəli şəxsinin subyektiv fikiri əsasında barışıq barədə ərizəsi formal əhəmiyyət daşımaqla mahiyyəti dəyişmir. Belə ki, hüquqi şəxs, dövlət orqanı olan zərər çəkmiş şəxsin vətəndaşla barışmaması dövlətin humanistlik prinsiplərinə ziddir. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı halda zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən vurulmuş maddi ziyanın ödənilməsindən başqa hər hansı digər tələbi yoxdur. Təqsirləndirilən şəxs vurulmuş zərəri ödəməsini, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Mülki iddia tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əməli nəticəsində vurulmuş maddi ziyan dövlət vəsaiti olmaqla artıq dövlət büdcəsinə ödənildiyindən mülki iddianın təmin edilməsinə zərurət yoxdur. Maddi sübut kimi tanınmış sənədlərin surətlərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 48 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam olaraq ödədiyindən, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Mülki iddia təmin edilməsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar