Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-111/2022 21.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində yeddi azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 04 mart 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Neft Kəməri küçəsi, 11 saylı evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib, saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda 0,230 qram narkotik vasitə-heroini 02 mart 2022-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində 10 manat pul verərək X3 alaraq əldə edib üzərində saxlamış, 02 mart 2022-ci il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə, Yevlax şəhəri, C.Kərimov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin günü saat 19:15-dən saat 19:30-dək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 mart 2022-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində 10 manat pul verərək X3 alaraq əldə edib üzərində saxladığı 0,230 qram miqdarında narkotik vasitə-heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2019-cu ildən bəri narkotik vasitə-heroin istifadə edir. 02 mart 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq saxlamış və özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. Həmin günü, yəni 02 mart 2022-ci il tarixdə saat 19:15-dən saat 19:30-dək olan müddət ərzində Yevlax RPŞ-də vəkili Müdafiəçi iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd kağıza bükülmüş və büküm ilə birlikdə ümumi çəkisi 0,30 qram olan narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-heroin özünə məxsus olmuşdur. Narkotik vasitə-heroin istifadəçisidir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə- heroini istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitə-heroini 02 mart 2022-ci il tarixdə saat 18 radələrində polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan X3 yaşadığı evin qarşısında ona 10 manat pul verərək almışdır. Rəşidə bir ədəd 10 manatlıq pul əskinazı vermişdir. Rəşid Dəvrişovun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Rəşid Dəvrişov 10 manat pul qarşılığında ona bir ədəd kağız bükümdə olan narkotik vasitə-heroin satmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını, himayəsində yeddi azyaşlı uşağının olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin CAB-ın əməliyyat müvvəkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 02 mart 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 02 mart 2022-ci il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X4 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin günü saat 19 radələrində polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri, C.Kərimov küçəsinə getmişdir. Onlar C.Kərimov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar və Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməməsini xahiş etmişdir. Surxayın xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Vüsal Hüseynova təhvil vermişlər. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Vüsal Hüseynov xidməti iş otağında onun, Şahid2 və vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞnin KTQ-nin baş inispektoru X6 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. Vüsal Hüseynov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü kağız bükümü, bir ədəd alışqanı, 1 ədəd gün eynəyini, əynindəki qara rəngli gödəkçəsinin iç sol cibindən 1 ədəd darağı, 7 manat pulu, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən qol saatını təqdim etmişdir. Bundan sonra Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya və predment aşkar edilməmişdir. 01 ədəd kağız bükümdən başqa aşkar edilmiş digər əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Vüsal Hüseynov Təqsirləndirilən şəxs həmin büküldə nə olmasını soruşduqda sonuncu həmin bükülünün içərisində narkotik vasitə-heroin olduğunu bildirmişdir. Vüsal Hüseynov həmin bükülünü açmış və həmin bükülünün içərisinə baxdıqda içərisində narkotik vasitə-heroinə bənzər kütlə olması aşkar edilmişdir. Həmin kütlə bükülü olduğu kağızla birlikdə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisi 0,30 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdığı Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan Rəşid adlı şəxsdən 10 manata almış olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə-heroini istifadə etmək üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş X5 üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan heroini əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2022-ci il tarixli 17/203 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,230 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroinin təmiz çəkisi-0,230 qram, tədqiqata sərf edildi 0,50 qram, qalıq 0,180 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 514 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifdə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü Asif, 2015-ci il təvəllüdlü Vasif, 2016-cı il təvəllüdlü Sevinc, 2017-ci il təvəllüdlü Şərif, 2018-ci il təvəllüdlü Sevil, 2019-cu il təvəllüdlü Aysel və 2020-ci il təvəllüdlü Hacı adlı yeddi azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 mart 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,230 qram əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadəsi, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, himayəsində yeddi azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 mart 2022-ci il tarixdən 04 mart 2022ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,180 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax şhəri, ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Neft Kəmri küçəsi, nömrəsiz evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 mart 2022-ci il tarixdən 04 mart 2022ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Neft Kəməri küçəsi nömrəsiz evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,180 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-111/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-111/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver