Məhkəmə qərarları › İş №1(039)-111/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-111/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-111/2025 05.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 1376/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 7(5-166)-1/2026 saylı qərarına əsasən «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.12-ci bəndi tətbiq edilməklə, şərti olaraq tətbiq edilmiş 10 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, Ağdam rayonu Keştazlı kəndində qeydiyyatda olmaqla, Yevlax şəhəri 32-ci məhəllə ev 6 mənzil 34-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan tiryəki xeyli miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükümdə 0,836 qram xeyli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 23 may 2025-ci il tarixdə saat 13:57-də Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri 32-ci məhəllədə qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada həmin gün saat 13:57-dən 14:04-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində onun əynindəki şalvarın sağ yan cibindən həmin 0,836 qram xeyli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 2025-ci ilin may ayında Yevlax şəhər 3 saylı orta məktəbin yaxınlığında Rüfət adlı şəxsdən özü istifadə etməsi üçün narkotik vasitə olan heroin almış, həmin heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün mülki geyimdə olan polis əməkdaşları onu saxlamış və üzərinə baxış keçirilən zaman həmin narkotik vasitə olan heroin ondan aşkar edilərək götürülmüşdür. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində yetkinlik yaşına çatmayan uşaqları vardır. Ağdam rayonundan məcburi köçkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin daşınması, saxlanması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun tərkibinə o, Şahid3 və Şahid1 daxil edilmişdir. Həmin şəxsin Ağdam rayonunda qeydiyyatda olduğunu, müvəqqəti olaraq məcburi köçkün kimi Yevlax şəhəri 32-ci məhəllədə yaşadığı müəyyən edilmiş və əməliyyat qurupunun digər üzvləri ilə birlikdə Tahirin yaşadığı Yevlax şəhəri 32-ci məhəlləyə getmişlər. Tahirin Yevlax şəhəri 32-ci məhəllədə hərəkətdə olduğunu görərək, ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və onun hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Tahirin geyindiyi şalvarın sağ yan cibindən bir ədəd narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Tahir narkotik vasitə olan heroini Rüfət adlı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş həmin kütlə Təqsirləndirilən şəxsla birlikdə Yevlax RPŞ-nin təhqiqat bölməsinə təqdim edilmişdir. Məhkəmə iclası zamanı ifadələri tədqiq edilməklə elan edilmiş Şahid1 və Şahid3 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadələr vermişdirlər. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X9 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/378 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş…» sözləri, imzalar və adlar yazılmış 01 ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,836 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (heroinin təmiz çəkisi 0,836 qr., tədqiqata sərf edildi 0,050 qr., qalıq 0,786 qr.). İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 10 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəəkilməmiş 10 ay 16 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın 08 ay 06 gününü çəkmiş, 02 ay 10 günü isə çəkilməmiş olaraq qalmışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 7(5-166)-1/2026 saylı qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, CMnin 68.1.1-1, 66.5 və 69.3-cü maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1376/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.12-ci bəndi tətbiq edilmiş və o, şərti olaraq tətbiq edilmiş 10 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 891 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli Yevlax Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Yevlax şəhər Bölməsinin 034 nömrəli, xx.xx.2026-cı il tarixli arayışından görünür ki, Ağdam rayonundan olan məcburi köçkün Təqsirləndirilən şəxs Yevlax şəhəri Yeni qəsəbə 6/34 ünvanında müvəqqəti məskunlaşmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, məcburi köçkün olması onun cəzasını yüngülləşdirən hallar, cinayətin residivi isə cəzasını ağırlaşdıran haldır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.6-cı bəndində 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər nəzərdə tutulmuşdur. 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində yetkinlik yaşına çatmayan uşaqları olduğundan və Ağdam rayonundan məcburi köçkün olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.6 və 1.16-cı bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini müəyyən edir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.6 və 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,786 qram narkotik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 71,94 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmalı və Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmaldır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə vəkil tərəfindən göstərilmiş hüquqi yardımı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 11 iş saatına görə 121 (yüz iyirmi bir) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.6, 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,786 qram narkotik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 121 (yüz iyirmi bir) manat haqq dövlət büdcəsindən ödənilsin (CPM-nin 193.2-ci maddə). Qərardan elan edildiyi vaxtdan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar